General-leytenant Rövşən Əkbərovun həbsindən sonra onun “məslək yoldaşı”, MN-in sabiq qərargah rəisi Nəcməddin Sadıkovun da qandallanacağı proqnozlaşdırılırdı. Amma hələ də baş qərargahın sabiq rəisi azadlıqdadır. 44 günlük Vətən müharibəsinin qızğın çağında Rövşən Əkbərovla Nəcməddin Sadıkovun vəzifələrindən uzaqlaşdırılması da təsadüfi deyildi.
Əvvəldən də bilinirdi ki, hər iki general Rusiya ilə gizli-aşkar əlaqələrə malikdir. Vəzifələrindən Azərbaycan üçün olduqca önəmli bir dönəmdə qovulmalarında bu məqamın xüsusi yer aldığı da istisna edilmirdi. Nəhayətdə Rövşən Əkbərov həbs olundu. Artıq həbsinin 1-ci ayı yekunlaşıb. Yaxın 3 ay ərzində də o, istintaq altında olacaq. Vəzifəcə ondan daha yuxarı pillədə dayanmış, illərlə Azərbaycan Ordusunda baş verən neqativlərdə adı hallanan Nəcməddin Sadıkov isə hələ də azadlıqdadır. Aydındır ki, dövlətin əlində Nəcməddin Sadıkovu bir ömür həbsdə saxlayacaq dosye var. Bununla belə, Sadıkovun immuniteti davam edir. Baş Qərargah rəisi müharibə dönəmində vəzifəsindən kənarlaşdırılsa da, rəsmən elan olunmayıb. Nəcməddin Sadıkov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. İddialar var ki, Rövşən Əkbərovla başlayan proses davam edəcək və burada əsas hədəfin sabiq Baş Qərargah rəhbəri Nəcməddin Sadıkov olacağı da istisna olunmur.
Hüquqşünas Natiq Ələsgərov Musavat.com-a açıqlamasında Azərbaycan Ordusunda Rövşən Əkbərov kimi əli qana batan yüksək rütbəlilərin çox olduğunu bildirib:
“Nəcməddin Sadıkov və onun kimilər vaxtında həbs edilsəydi, Azərbaycan torpaqları 30 il işğal altında qalmazdı. Təsəvvür edin ki, bu adamlar ola-ola, hər bir addımımız düşmənin əlinin içində ola-ola, biz qalib gəldik. Biz bunu bacardıq. Bu gün Nəcməddin Sadıkov azadlıqdadır və öz işini görür. Bu adamlar Azərbaycan Ordusunu içindən dağıdanlar, ”yeyənlərdir". Nəcməddin Sadıkov və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır".
Hüquqşünas deyir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücünü düşmənə göstərib, amma Sadıkovun ordumuza yerləşdirdiyi kadrlar bu gün də iş başındadır:
“Bu adamlar olmasaydı, Azərbaycan Ordusu illər öncə torpaqlarımızı düşməndən təmizləyərdi, gedib Zəngəzurda oturardı. Bu gün ordunu korrupsiyalaşmış “sadıkovçu"lardan təmizləmək lazımdır. Azərbaycan Ordusunda olan “5-ci kolon” tam olaraq təsbit olunmaqla uzaqlaşdırılmalı, hər biri istintaqa cəlb edilməklə ən ağır cəzaya çatdırılmalıdır. Bu adamların əli minlərlə əsgərimizin qanına batıb. Əlbəttə ki, Sadıkovun da barəsində dosye var, ilk imkandaca həmin dosye ittiham aktına çevriləcək".
Oxu24.com
ŞƏRHLƏR