Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51942
az

70 yaşlı Məzahir Pənahov yola salınır - MSK yenidən formalaşacaq

20:1402 Aprel, 2021
2028
ÖZƏL BÖLÜM
  • A

Parlamentdə təmsil olunan müxalifət partiyaları seçki komissiyalarına iddialıdırlar
Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin parlamentin yaz sessiyasında formalaşdırılacağı proqnoz edilsə də, bu, hələ gerçəkləşməyib. Amma Seçki Məcəlləsinə görə, MSK-nın tərkibi yeni seçilmiş Milli Məclisin tərkibinə uyğun olaraq formalaşdırılmalıdır. MSK-nın üzvləri Milli Məclis tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə.

Bəzi iddialara görə, iki gün əvvəl 70 yaşının tamam olması münasibətilə ölkə Prezidenti tərəfindən “Şərəf” ordeni verilən MSK sədri Məzahir Pənahov vəzifəsindən gedəcək. Yeni MSK-ya onun namizədliyi verilməyəcək .

Lakin Mərkəzi Seçki Komissiyasının yenidən formalaşacağı, məsələnin Milli Məclisin gündəliyinə nə zaman çıxarılacağı barədə rəsmi məlumat yoxdur. 

MSK-nın yenidən formalaşması niyə gecikir? Məzahir Pənahovun ən azı yaş həddinə görə sədrlikdən getməsi gözləniləndirmi?

Sabir Rüstəmxanlı — Vikipediya

Sabir Rüstəmxanlı 

Milli Məclisdə YAP-dan sonra ən çox sayda (3 deputat) mandatla təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, VHP seçki komissiyalarının təşkilində nəzərə alınmalıdır, deputatlarının sayına görə başqalarına nisbətən onun yeri fərqli olmalıdır: “Qanunvericilik də bunu deyir. Hazırda bizim MSK-da 1 nəfər nümayəndəmiz var. Bəzi dairə seçki komissiyalarında da Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçiləri mövcuddur. DSK-larda katib olanları da var. Amma təəssüf ki, bəzən bəzi rayonların icra başçıları, ya başqa vəzifəli adamlar özlərinin istəyinə uyğun olan şəkildə, özlərinə uyğun olan adamları, özlərinə uyğun bildikləri partiyaların təmsilçilərini irəli çəkməyə çalışırlar. Ona görə də bu məsələdə hüquqi tənzimləmə aparmaq son dərəcə çətindir. Amma təbii ki, bu dəfə biz həmişə olduğu kimi öz hüquqlarımızı müdafiə eləməyə çalışacağıq. Çalışacağıq ki, VHP həm MSK-da təmsil olunsun, həm də MSK sədrinin müavinlərindən biri VHP-nin nümayəndəsi olsun. Dairə seçki komissiyalarının katibləri səviyyəsində də nümayəndələrimizin olmasına çalışacağıq. Həmçinin məntəqə seçki komissiyalarında təmsilçiliyimizin kifayətə qədər olmasına çalışacağıq”.

S.Rüstəmxanlının sözlərinə görə, MSK-nın yenidən formalaşmasının hələ də reallaşmaması pandemiyanın bir sıra reqlamentləri pozması ilə əlaqədardır: “Parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının yenidən formalaşması məsələsinə baxılmalıydı, belə söhbət gedirdi. Bir yandan pandemiya başlandı, sonra isə ölkənin, xalqın taleyi üçün əhəmiyyətli olan hadisələr baş verdi. Ona görə də seçki komissiyalarının tərkibinin müəyyənləşməsi bir növ arxa planda qaldı. Buna da təbii baxmaq lazım idi. Seçki komissiyaları məsələsinə baxmaq üçün vaxt tapılacaq və məsələ həllini tapacaq”.

Deputat qeyd etdi ki, MSK sədrinin kim olacağı barədə nə isə demək çətindir: “Çünki bu, mənim səlahiyyətim daxilində olan məsələ deyil. MSK sədrinin kim olması ölkə başçısının səlahiyyətindədir. Başqa sahələrdə gəncləşmə gedir, yeni kadrlar gəlir. Ola bilsin, MSK-ya da başqa adamlar gəlsin. Amma Məzahir Pənahov da öz xidmətini göstərib. Seçkilərdə onun işini hərə bir cür qiymətləndirir. Mənim parlamentdə yerlər qazanmış bir partiyanın rəhbəri kimi o proseslədən narazılıq eləməyə, belə demək mümkündürsə, haqqım yoxdur. Amma bütün o seçki məsələsini, MSK-dakı işini bir yana qoyuram, Məzahir Pənahov yaxşı alimdir, yaxşı insandır. Hamımız siyasətə gələndən sonra bizim öz peşəmizlə qazandığmız nüfuza, camaat arasında hörmətə müəyyən mənada siyasi hadisələr kölgə salır. Mən Məzahir Pənahova bir ziyalı, yaxşı insan kimi baxıram və ona bu baxımdan hörmətim var”.

Razi Nurullayev “Azəriqaz”la bağlı şikayətlərdən yazdı: “Qərara gəldik ki,  15 nəfərlə danışaq...”

Razi Nurullayev

Parlamentdə 1 mandatla təmsil olunan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirdi ki, MSK-nın yenidən foralaşdırılmasının nədən gecikdiyi barədə onda dəqiq məlumat yoxdur: “Milli Məclisə seçkilərdən sonra seçki komissiyaları da yenidən formalaşdırıılmalı idi. Yəqin ki, hələ bu məsələnin həllini tapmamasının səbəbləri var və o səbəblər mənə məlum deyil. Bizim Mərkəzi Seçki Komissiyasında təmsil olunmaq iddiamız var. Təbii ki, bunun üçün müraciət ediləcək. Nəticəsinin nə olacağını isə deyə bilmərəm. Amma bizim təbii ki, MSK-da, DSK-larda və məntəqə seçki komissiyalarında təmsil olunmaq iddiamız var. Bu hüququmuzdan istifadə etmək niyyətindəyik. O ki, qaldı Məzahir Pənahovun yenidən MSK sədri olub-olmayacağına, bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Bu məsələ ilə bağlı məlumatım yoxdur. Bunu aidiyyəti instansiyalar daha yaxşı bilir”.

Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik"

Natiq Cəfərli

Milli Məclisdə 1 mandatla təmsil olunan REAL Partiyasının icra katibi Natiq Cəfərli də bildirdi ki, seçki komissiyalarının yenidən formalaşdırılmasının yubanması pandemiyadan irəli gələn müəyyən problemlərlə və ötənilki müharibə ilə əlaqədardır: “Bizdə olan məlumat budur. Bizdə olan digər məlumata görə, artıq aprel ayında MSK-nın və digər seçki komissiyalarının formalaşdırılması prosesinə start veriləcək. Həm MSK, həm də DSK-ların formalaşması baş tutmalıdır.

Biz təbii ki, qanunvericiliyin verdiyi imkanlara görə, MSK-da və aşağı seçki komissiyalarında təmsilçliyə iddialıyıq. MSK üzvlüyünə partiyamız tərəfindən namizəd irəli sürüləcək. Qanunvericiliyə görə, təxminən 37 DSK-da hər birinə 1 nəfər olmaqla üzv təyin etmək hüququmuz var. Bu hüquqdan da istifadə edəcəyik. Namizədlərimizin müəyyənləşdirilməsi işi yekunlaşmaq üzrədir. Məntəqə seçki komissiyalarında da təmsil olunmaq üçün qanunun bizə verdiyi bütün hüquqlardan istifadə edəcəyik".

N.Cəfərli hesab edir ki, yeni MSK-da Məzahir Pənahovun olmayacağı istisna deyil: “Məzahir Pənahov həm yaşına, həm uzunmüddətli fəaliyyətinə görə artıq MSK-dan kənarda qalması ehtimalı var. Təbii ki, bu barədə qərarı biz vermirik”.

Qeyd edək ki, Məzahir Pənahov 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. 21 ildir MSK-ya sədrlik eləyən Məzahir Pənahov bu müddət ərzində 3 referendum (2002, 2009, 2016), 4 prezident (2003, 2008, 2013, 2018), 5 parlament (2000, 2005, 2010, 2015, 2020) və 4 bələdiyyə (2004, 2009, 2014, 2019) seçkisi keçirib.

M.Pənahovdan öncə MSK-nın sədri Cəfər Vəliyev olub.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Hamamda meyiti tapılan qadın kimdir?