Torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən Müharibəsində 2855 əsgər və zabitimiz qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəldi. Onlar torpaqlarımızı mənfur düşmən tapdağından azad edərək, bizim dinc yaşamımızı təmin etdilər. Xalqımız yaşadıqca, şəhidlər də unudulmayacaq.
Oxu24.com saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir. Bu dəfə haqqında danışacağımız şəhid Şahbuz rayonunun Nursu kəndindən olan Niyamin Xaliq oğlu Niftalızadədir. Geridə qoyduğumuz 15 yanvar 2021-ci il tarixində Niyaminin 24 yaşı tamam oldu. Bu yazı onun doğum gününə həsr edilib…
Şəhidimiz haqqında onun bibisi oğlu Murtuz Həşimov danışıb...
- Murtuz bəy, mümkündü dayınız oğlu haqqında bizə məlumat verin...
- İkinci Qarabağ Müharibəsi dövründə qəhrəmanlıq göstərərək şəhid olan əsgərlərimizdən biri də Niyamin Xaliq oğlu Niftalızadədir. O, 1997-ci il yanvarın 15-i Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olub. Uşaqlığının qısa bir müddəti - 2000-ci ilə qədərki dövrü doğma Nursu kəndində keçib. Daha sonra ailədə işlə bağlı yaranan problemə görə Bakıya köçüblər. 2003-2012-ci illərdə Bakı şəhəri Xətai rayonu 191 saylı tam orta məktəbdə 9 illik təhsil alıb, 2012-2015-ci illərdə 15 saylı Bakı peşə liseyinde aşpaz peşəsinə yiyələnib. 2015-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasındakı N saylı hərbi hissədə xidmət edib. Niyamin mənfur düşmənlərlə sərhəd bölgəsində xidmət etmişdi. O, uşaqlıq illərindən vətənə bağlı idi. Hərbi xidmətdə olarkən döyüş zamanı göstərdiyi mərdliyə və hərbi hissə qarşısında qoyulan tapşırıqları layiqincə yerinə yetirdiyinə görə dəfələrlə komandirləri tərəfindən müxtəlif mükafatlarla təltif edilmişdi.
Hərbi xidmət dövründə Tovuz hadisələrində şəhid olmuş polkovnik İlqar Mirzəyevin əsgəri olub.
Polkovnik İlqar Mirzəyevin Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı şəhid olması Niyaminə çox böyük mənəvi bir zərbə oldu. Komandirinin qisasını almaq məqsədi ilə 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ müharibəsində könüllü olaraq döyüşə qatılmışdı.
Bunu ailəsi o şəhid olduqdan sonra bildirib. İlqar Mirzəyev şəhid olan zaman Niyamin bacısına söyləmişdi ki, “İlqar Mirzəyev vaxtı ilə bizim komandirimiz olub və onun ölümü mənə çox pis təsir edir”. Ona görə də həmin vaxt iyul hadisələrində Niyamin könüllü olaraq Səfərbəylik Xidmətinə müraciət edib. Niyaminin səfərbəyliyə müraciət etməsi barədə bizim heç birimizin xəbəri olmayıb.
2020-ci ilin sentyabrın 21-də cəbhə bölgəsinə göndərilib. Bir neçə gün təlimlər keçdikdən sonra sentyabrın 27-də döyüşlərə qatılıb.
- Niyamin hansı bölgələrdə döyüşüb?
- Niyaminin döyüş yolu Füzuli rayonundan başlayıb. Daha sonra Cəbrayıl istiqamətində davam etdirib. Cəbrayıl istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Cəbrayıl istiqamətindəki döyüşlərdə oktyabrın ayının 7-si mənfur düşmənin 2 tankını məhv edib və 20-dək hərbçimizin həyatını xilas edib. Amma özü şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 8-i bizə Niyamınin şəhid olması haqqında məlumat verilib.
- Sonuncu dəfə dayınız oğlu ilə nə zaman görüşmüşdünüz?
- Bizim Niyaminlə görüşümüz sentyabr ayının ortalarına təsadüf edir. Biz görüşdüyümüz zaman keçmiş xatirələri xatırlayıb danışdıq. Onunla çox yaxın idik. O mənim sirdaşım idi. Valideynlərindən sonra Niyamin mənim sözlərimi dinləyirdi.
- Onu cəbhəyə necə yola salmışdınız?
- Mənə xəbər verdilər ki, Niyamin cəbhəyə gedir. Həmin xəbəri eşidən kimi onunla telefon əlaqəsi saxladım. Niyamin mənə təlimə getdiyini dedi. Döyüşə getdiyini söyləmədi. O könüllü gedirdi. Çox güman ki, hara getdiyini, nəyə görə getdiyini bilirdi. Sadəcə, ailəsi olaraq bizə deyib narahat etmək istəmirdi. Mən ona dedim ki, qorxma özünü qoru. O, mənə belə cavab verdi: “Naxçıvanda hərbi qulluq zamanı düşmənlə qarşı-qarşıya olmuşam, mən onlardan qorxmuram, qoy məndən qorxsunlar”.
- Niyamingil ailədə neçə övladdılar?
- Ailədə iki uşaq olublar. Niyamin evin kiçiyidir. Ondan böyük bacısı var. Ailəsinə, qohumu-əqrəbasına, dostuna, tanışına yaxın, imkansızlara əl tutan biri idi. Yaşının az olmağına baxmayaraq, çox böyük ürəyi var idi. Onun itkisi nəinki mənə, tanıyan hər kəsə ağır zərbə oldu. Ata və anası hələ də şokdadırlar. Övlad itkisini qəbullana bilmirlər. İçi bizim ailəmiz qarışıq hamımız şokdayıq. İnana bilmirik... Şəhid olmağını qəbullanmaq çox çətindir.
- Sözsüz ki, ölüm xəbərini eşitmək çox ağır idi...
- Oktyabrın 8-i xəbər verdilər. Öncə atası bildi. Atasına xəbər veriblər ki, Niyamin yaralanıb. Lakin atası həmin dəqiqə başa düşüb ki, yaralanmayıb. Yaralansaydı, özü də zəng edib deyə bilərdi. O anı, həmin günü sözlə ifadə edə bilmirəm.
- Niyamin cəbhədə olduğu zaman ailəsi ilə mütəmadi olaraq əlaqə saxlaya bilirdi?
- Ailəsi ilə mütəmadi olaraq əlaqə saxlayırdı. Bircə dəfə mənimlə də əlaqə saxladı. Nursu kəndində bir əmisi qalırdı. O, əmisinə bağlı bir idi. Əmisi ilə danışanda ona demişdi ki, “əmi, bizi apardılar, məndən narahat olma. Sən evdəkilərə xəbər edərsən”.
- Niyaminin Qarabağdan gəlişini necə gözləyirdiniz?
- Niyaminin nəinki şəhid olacağı, heç onun müharibə görəcəyi ağlıma gəlməzdi. Çünki mən özüm ondan böyüyəm. Mən müharibə görməmişdim. Təsəvvür etmirdim ki, bizim ölkəmizdə belə bir hadisə yenidən baş verə bilər… Onun gəlişini çox fərqli düşünürdük…
- Murtuz bəy, Niyaminin ən böyük arzusu nə idi?
- Niyaminin arzuları çox idi. O arzularının çiçəkləndiyi bir vaxtda dünyadan köçdü. Niyaminin ən böyük arzusu sevdiyi insanla ailə həyatı qurmaq idi. Ailəsi də bilirdi. Qızı istəməyə getməyə hazırlaşırdılar. Niyamin özünə nə qədər güvənən insan olsa da, qapalı idi. Elə söhbətləri ailəsinə çox danışmırdı. Qız tərəfinin də bu barədə məlumatı var idi ki, yaxın zamanda belə bir xeyir iş olacaq. Heyf ki, qismət olmadı.
- Onun azad etdiyi torpaqlara nə zamansa getmək istəyərdiniz?
Təbii ki, getmək istəyərdim. Lakin getmək nə qədər asan olsa da, bir o qədər də ağırdı. İtki vermişəm. Özüm qədər ağır bir canı o torpağa tapşırmışam. Mən öz nöqteyi-nəzərimdən deyə bilərəm ki, o insan mənə başqa cür yaxın idi. Qohumluqdan əvvəl biz sirdaş idik. Mən sirdaşımı, doğmamı, əzizimi itirdim. Çox çətindir..
- 10 Noyabr tarixində Qələbə xəbərini eşidəndə hansı hisləri keçirdiniz?
- Mənəvi dəstək üçün həmin vaxt hamımız bir yerdə idik. Mən özüm də onlarda qalırdım. Gecə saat 2-də qonşum mənə zəng edib, belə bir xəbər olduğunu bildirdi. İnana bilmədim. Çünki Niyaminin şəhid olduğu gündən o qədər də vaxt keçməmişdi. İnsanın ağlına gəlməzdi ki, 44 gün içərisində bu xəbəri eşidə bilər. Həmin an elə bil ki, dondum. O xəbəri aldığım an səsim çıxmadı. Cavab belə verə bilmədim. Atası bunu bilirmiş, mən deyəndə üzümə baxıb, ağladı. Dedi ki, mən bilirdim. Daha sonra digər qohum-əqrəbaya zəng edib, dedik. Eşidənlər gecə ilə gəldilər. Bu xəbəri qarşılamaq nə qədər sevindirici olsa da, bir o qədər də kədərli idi. Kaş o da bu xəbəri eşidərdi…
Vətən sağ olsun. Çox ağır və qəbul edilməyən bir vəziyyətdir. ..
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Niyamin Xaliq oğlu Niftalızadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. (Modern.az)
Oxu24.com
ŞƏRHLƏR