Ermənistanın Baş Naziri Nikol Paşinyan növbəti dəfə çətin vəziyyətlə üzləşib. Belə ki, BBC-nin "Hard Talk" proqramına müsahibə verən Paşinyan ona ünvanlanan suallara cavab verə bilməyib.
Oxu24.com -un məlumatına görə, Baş nazirlə müsahibəni aparan jurnalist Stiven Sakur ona Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğal etməsi, Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribat və mülki şəxsin qətlə yetirilməsi ilə bağlı suallar ünvanlayıb.
Aparıcının kəskin sualları qarşısında Ermənistanın baş naziri rabitəsiz nitqi ilə işğala haqq qazandırmağa çalışsa da, bu mümkün olmayıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən verilişin aparıcısı Stiven Sakur ona irad bildirərək qeyd edib ki, niyə ötən ilin avqustunda siz Dağlıq Qarabağa, Xankəndinə gedərək çıxışınızda "Artsax Ermənistandır. Nöqtə", daha sonra isə "birləşmə"yə dair millətçi şüarlar səsləndirdiniz. Bu, Azərbaycana qarşı açıq təxribat idi. Paşinyan isə aparıcının bu sualına cavab verməkdə çətinlik çəkib.
Stiven Sakur həmçinin BMT Baş Assambleyası tərəfindən 4 qətnamənin qəbul olunduğunu Ermənistanın baş nazirinin diqqətinə çatdırıb. Bu qətnamələrə görə, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş bütün Azərbaycan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılması tələb olunur.
“Beynəlxalq hüquqa görə, sizin qoşunlarınız işğalçı qoşunlardır. Siz isə oraya gedib deyirsiniz ki, bu ərazi sizindir. Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz" - deyə Stiven Sakur bildirib.
Bundan sonra Paşinyan yenə qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb. Bununla da Paşinyanın konfliktin tarixi ilə bağlı bilgilərinin belə yetərsizliyi üzə çıxıb.
"Hard Talk" verilişinin aparıcısı daha sonra Ermənistan Baş nazirinin hakimiyyətə gəldiyi vaxt sülhə nail olacağına dair verdiyi sözü necə yerinə yetirməsi ilə maraqlanıb:
"Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentarları bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmı?"
Bu suala cavab tapmayan Paşinyan, sadəcə, yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib.
Stiven Sakur Paşinyana xatırladıb ki, hakimiyyətə hüquq müdafiəçisi kimi jurnalist karyerasından gəlib və hətta bir müddət siyasi məhbus kimi həbsxanada da olub:
“Siz hakimiyyətə jurnalist, insan haqları müdafiəçisi karyerası ilə gəlmisiniz. Hətta bir müddət siyasi dustaq olaraq həbsdə olmusunuz. Bəs həqiqətən də sələflərinizdən fərqli olduğunuzu göstərmək istəsək, siz keçmişdə, xüsusilə 1980-ci illərin sonları və 1990-cı illərin əvvəllərində Ermənistan qüvvələrinin əsas insan haqları pozuntuları, Dağlıq Qarabağ daxilində müharibə cinayətləri törətdiklərini etiraf etməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər həmin cinayətləri kataloqlaşdırıblar. Siz onlardan üzr istəməyə, etiraf etməyə hazırsınızmı?". Paşinyan suala cavab vermək əvəzinə Sumqayıt hadisələrindən danışmağa başlayıb.
"Mən Azərbaycandan danışmıram, sizdən danışıram. Bunun sadə cavabı var: hə, ya yox" sualını təkrar ünvanlayan aparıcı daha konkret cavab almağa çalışsa da, onun bu cəhdi də baş tutmayıb. "Belə görürəm ki, üzr istəməyə hazır deyilsiniz", - deyə Paşinyanı ifşa edib.
Oxu24.com
ŞƏRHLƏR