Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7895
az

Jan Klod Van Dam, Pyer Rişar kimi tanınmışların ziyarət etdiyi qəbir: Mir Mövsüm ağanın həyatı haqqında BİLMƏDİKLƏRİMİZ +VİDEO

10:4113 Dekabr, 2018
18046
MÜSAHİBƏ
  • A
 ​​​​Sizə elə bir insandan danışacağam ki, o, fenomen idi. Təkcə adi vətəndaşlar deyil, tədqiqatçılar, elm adamları belə artıq bu faktı təsdiqləyiblər. Bu insanlar dindən, mövhumatdan uzaq olsalar da, Mir Mövsüm ağa adı çəkilən kimi “o fərqlidir, o digərlərinə bənzəməz” deyirlər. Bəs nə idi Mir Mövsüm ağanın fərqi? Niyə onun ölümü 1950-ci ildə ümumxalq kədərinə, yüz minlərin iştirak etdiyi izdihama səbəb olmuşdu? Axı, bu fiziki qüsuru olan, özü də sağlam olmayan bir insan başqalarına necə yardım edə bilirdi? Nə idi bu nəhayətsiz sevginin səbəbi? Bunu bilmək istəyirsizsə, diqqətinizi bir yerə cəm edin, başlayaq.

Mir Mövsüm ağa İçərişəhərdə, Firdovsi 3 ünvanında, yaşıl qapılı, kiçik həyətli evdə yaşayıb. İnanmıram, elə bir azərbaycanlı olsun ki, bu evi tanımasın, bura ayaq basmasın. Baxmayaraq ki, ağa artıq 60 ildir ki, həyatda yoxdur. Bir gün, bir saat, bir dəqiqə belə onun bu evi, eyni zamanda, Şüvəlandakı ziyarətgahı boş qalmır. İndi artıq o özü gələnləri qarşılamır, heç kimin başına əlini çəkə bilmir, amma insanlar bu gün də dəstə-dəstə bura axışaraq, yenə də nicat tapacaqlarına, şəfa tapacaqlarına çox ümid bəsləyirlər.

Mövsümovlar ailəsini çoxları əsl içərişəhərli bilsələr də, əslində onlar İçərişəhərə XIX əsrin sonlarında köçüblər. Məlum ev də sonradan tikilib. Bu ərazidə torpaq alması ilə bağlı Ağanın atası Seyid Hüseynağa Bakının general–qubernatoruna məktub yazır və burada ev tikməyə rəsmi icazə istəyir.
Kişik qardaşı Mir Kazım ağanın qızı və bu gün İçərişəhərdəki bu ocağın sahibi Qönçə xanım isə Ağanın anasının Xurşudbanu Natəvanla məktublaşdığını, onların bir-birilərinə şeir yazdığını bildirir. Böyük və dünyasını orta yaşlarında dəyişən qardaşı Seyid Hüseyn ağa isə dinşünas alim, filosof olub.

Mir Mövsüm ağa 1883-cü ildə Seyid Mir Talib Ağanın evində dünyaya gəlib. Bəzən çoxları onu daha da müqəddəsləşdirmək üçün sümüksüz doğulduğunu iddia etsə də, ailəsi bu haqda tamamilə başqa gerçəkləri söyləyir. Qönçə xanım deyir ki, “o, normal uşaq kimi dünyaya gəlib. Anası Xədicə xanım bir həftədən sonra bələyi açır ki, uşağı çimizdirsin, görür ki, bələk qan içindədir, o vaxt həkim olmadığı üçün axund çağırırlar. O baxır deyir ki, “Allaha pənah, bu uşaq qalar, ya qalmaz”. Çoxlu qan itirdiyinə görə uşağın bir tərəfi iflic olur. Danışığı da qüsurlu olur. O, sümüksüz deyildi, uşaq iflici olduğundan sümüyündə kalsium azlığı olub, qamətini şax saxlaya bilmirdi, arıq bədənli idi, çox da siqaret çəkərdi, onun çəkmələrini qonşuları yəhudi Maryaş tikirdi. Bunlar olduqca yumşaq qara, uzunboğaz çəkmələr idi və par-parıldayan bu çəkmələr həmişə ayağında olardı. O, bu yəhudini çox istəyirdi. Düzdür, onlar bir-birinin dilini bilmirdi, amma bir-birilərinə böyük hörmətləri vardı. Ağanın özü də Ətağa sözünü sevməzdi, biz də həmişə deyirik ki, ona belə müraciət etməyin. 40 yaşına qədər az da olsa gəzə bilib, otura bilib, sonra heç kalsium azlığından onu da edə bilməyib. O, məşhur şəklinin rəssam tərəfindən çəkildiyini güman edirlər, amma yalandır, bunlar fotoşəkildir. Bu yalan bizə lazım deyil. Mən 1954-cü ildə doğulmuşam, Ağa 1950-ci ildə rəhmətə gedib. O şəklin ayaqüstə olan variantı da bizdə var. Bu şəkillər bizim evdən çıxıb. O tam şikəst deyildi, ağlı özündə idi. Danışanda başa düşmək olurdu nə deyir. Hətta xoşu gəlməyən adam olanda hirslənərdi ki, mənə yaxın qoymayın. Qardaşları, bacıları xəbər verirdi ki, bu adam səndən pənah istəməyə gəlib, bir günah işlədib, ona kömək ol, onda sakitləşib, o adamı qəbul edər, əlini başına çəkərdi”.

Bəlkə çoxları bilmir. Amma Mirmövsüm Ağanın əslində 3 adı olub. Bunlar Seyidəli, Böyükağa və Mirmöhsüm Ağadır. Qönçə xanımın dediyinə görə, Mirmövsüm Ağa babasının adıdır ki, ocaq onun adına bağlı olduğundan çox vaxt Ağanı da bu cür adlandırardılar. Seyidəli öz adıdır, evdə böyük olduğu üçün adı çəkilməyib, ona Böyükağa deyiblər. Məsələn, mənim atam kiçik olduğu üçün Balacağa deyiblər. Amma and içəndə Ətağa Cəddi deyirlər. Bu andın bir vaxt çox böyük qüdrəti olub. Onlar ailədə 3 bacı, 3 qardaş olublar. Zeynəb xanım (ata-ana, böyük qardaşı kimi o da Kərbalada dəfn olunub, digər adı Böyükxanımdır), Fatmanisə xanım (Buzovnada dəfn olunub), Səkinə Qönçə xanım (Ağanın ömürboyu qulluğunda duran bu kiçik bacısı Balacaxanım onun yanında dəfn olunub). Böyük qardaşı Seyidhüseyn Ağa Kərbalada dəfn olunub, özü Seyidəli, ondan sonra kiçik qardaşı Balacaağa adlandırılan, Qönçə xanımın atası Mirkazım ağadır ki, o da Ağanın yanında dəfn olunub.

Ağanın çox sevimli qardaşı nəvəsi Rüfət müəllim deyir ki, 1918-ci ilin erməni-müsəlman davası zamanı Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov “mənim babamın evində yığışıblar ki, vəziyyət pisdir, sən bizim şəhərin ən ağır seyidisən, səni qorumalıyıq”. Və bu ailəyə paraxod verilir, onlar Ənzəliyə yola salınır. Amma 1 il güclə qalırlar, sonra birdəfəlik vətənə dönürlər.

Bu nəslin ağsaqqalı Ağanın kiçik bacısı Zeynəbxanımın həyat yoldaşı olmuş o vaxtın Şeyxül İslamı olan Molla Ağa Əlizadə idi. Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə onun oğludur. Daha doğrusu, Mir Mövsüm Ağanın bacısı oğludur.

Mirmövsüm ağaya inam daha çox müharibə vaxtı artdı. İnsanların inamının qırıldığı, gedənlərin bir daha geriyə dönmədiyi, aclıqdan xəstəliklərin artdığı bir vaxtda hamı ona ilahi varlıq kimi baxırdı.

Ağanın nəfəsinin əsl nəticəsini görənlər bu gün də yaşayır ki, mən onlarla da görüşdüm. Vaxtilə onların qonşusu olmuş İzzət xanım Məmmədovanı tapdım. O dedi ki, “1947-ci il dekabrın 15-də anam xəstələndi, qulağı arxasında xərçəng tapdılar. Ağanın Çimnaz xanım adlı aşbazı vardı. Kiçik olduğumdan mənə ürəyi ağrıdı. Biz İçərişəhərdə Ağa ilə qonşu idik. Çimnaz xala mənə dedi ki, gəl səni bir gün içəri salım, Ağanın əlini yu, apar ver suyunu ana içsin, bəlkə köməyi oldu, elə də elədim. Anam buna görə düz bir il yaşaya bildi”.

Ağanın möcüzələrinin şahidlərindən biri olan Bəhram müəllimin də yaşı 80-i ötüb. O günləri o, belə xatırlayır. “Bir tələbə yoldaşımla ağanın ziyarətinə gəldik. Ağa yaman xəstə idi və yaşlanmışdı, oğlan Ağanın ziyarətinə gələndə ondan qorxdu, cəld otaqdan çıxdı, onun bu hərəkəti Ağanın xoşuna gəlmədi. Mən isə gedib ətəyindən öpdüm, bir neçə gün keçəndən sonra o oğlanın avtoqəzada həlak olduğunu eşitdim”.

Qardaşı nəvəsi Rüfət Mahmudov isə bildirir ki, “maliyyə naziri ona vergi kəsmişdi. Hətta müharibə vaxtı Ağa əsgərlərə çox kömək edirdi. Onun adından bir tank da bağışlamışdılar ki, bu tank müharibədə Ağanın adından vuruşsun. Vergi əməkdaşları da evin əşyalarını da yazmağa gəldilər, əşyaları qeydə alıb maşına doldurdular, sürücülər dedi ki, biz bu maşını sürə bilmərik. Biz gecə-gündüz övladımızı ona əmanət edirik, indi onun əşyalarını daşımarıq. Bakıda heç bir sürücü bu maşını sürməyə razı olmadı. Axırda məcbur olub əşyaları geri boşaltdılar.Ağanın əvvəl ateist olan, daha sonra Ağa sayəsində dinə-imana gələn tədqiqatçısı Georgiy Zapletin deyir ki, Azərbaycanın MK-nın keçmiş baş katibi Qasım İsmayılov iclasda Ağadan danışır ki, “biz cəhalətə qanad vermişik filan”. Qasım İsmayılovun səsi iclasda qəfildən tutulur. Anlayır ki, iş nə yerdədir, birtəhər başa salır ki, məni Ağanın yanına aparın. Bu vaxt bacısı Səkinə xanım Ağaya bozbaş yedirirmiş. Hadisəni Ağaya danışanda o gülümsünür, bacısına nəsə deyir. Xanım deyir ki “Ağa istəyir ki, siz bu bozbaşdan bir-iki qaşıq yeyəsiniz. O da yeyir və yarım saatdan sonra səsi açılır”. Bunu mənə SSRİ-nin Xalq artisti Mikayıl Abdullayev öz şərəfi üzərinə and içib danışıb ki, danışdığı bu hekayəni gözləri ilə görüb, yalan deyil.

Jurnalist Bəhram İbrahimov isə deyir ki, “Yaşım 80-i ötüb. Ağa cavanlığımda mənim başımı çox sığallayıb, hələ indiyə qədər bir dəfə də olsun başım ağrımayıb, jurnalist olmuşam, başımın məhsulu, yazdığım kitablar, məqalələrlə çörəyimi qazanmışam və bu günə qədər başımdan gələn məhsuldan cəza filan almamışam. İndiyədək o müqəddəs əli öz başımda hiss eləmişəm. Hər çətin işimdə də Ağanın cəddini çağırıram”.

Müharibə vaxtı ölkədə heç kim qara çörək tapmayanda Ağanın həyətində ağ təndir çörəyi yapılardı. Bütün İçərişəhər o zamanlar bu çörəklə dolanıb.

Rejissor və Ağanın yaxın qohumu olan Oqtay Mirqasımov deyir ki, “bu insanı hətta dünyada tanıyırdılar. Mənim Rüfət qardaşım Rusiyada Nüvə Fizikası İnstitutunda çalışırdı. Oraya bir şərqşünas gəlib, qapalı mühazirə oxuyurdu. O öz çıxışı zamanı seyidlər nəslinin kim olduğundan danışıb, heç bilmirdi ki, auditoriyada oturan mənim qardaşım da o nəsildəndir. Qardaşım tənəffüsdə yaxınlaşıb o nəslin nümayəndəsi olduğunu deyir. Alim təsdiq edir ki, Mir Mövsümzadə Böyükağanı tanıyır, o, çox görkəmli insandır, bir alim kimi o, bizə çox maraqlıdır”. Oqtay müəllim bildirir ki, mənə bu elmi baxış xoşdur. Amma buna xürafat, ovsunçuluq kimi yanaşma düz deyil, bu məsələni ucuzlaşdırır.

Qönçə xanım deyir ki, Amerikanın eks-səfiri Enn Dersi bizim ailəni həmişə tədbirlərinə çağırırdı, qonaq edirdi. “O, dindar ailədən olduğunu demişdi. Bakıya gələndə biz onun ilk ziyarət etdiyi ailələrdənik. Ona Ağanın şəklini verdik, öpüb bağrına basdı və gedənə qədər bu şəkil onun otağında qaldı. Bütün Amerika səfirləri bizdə olub. Corc Buşun ikinci müavini də bizdə olub, zənci idi. Dedi Ağa haqda eşitmişəm. Amerikada da Ağanı yaxşı tanıyırlar. Yoldaşım ona dedi ki, sən Ağadan mətləb istə, görərsən olacaq, onda bir daha əmin olacaqsan ki, bu necə möcüzəli Ağadır. Biz bu sözü dedik və yadımızdan çıxdı. O getdi, bir həftədən sonra bizə səfirlikdən zəng vurdular. Heç demə, bura gələndə onun vacib sənədlərlə dolu olan çantası itib. Biz “mətləb istə” deyəndə o ürəyində tutub ki, “Amerikaya gedənə qədər çamadanları tapılsın”. Vaşinqtona çatanda ona zəng vurublar ki, çamadan tapılıb. O da zəng vurdu ki, ocağa təşəkkürümü bildirin. Mən bir daha inandım o ocağa”.

Mirmövsüm ağaya daha çox bacısı Səkinə, Qönçə xanım qulluq edib. Bu xanım heç vaxt ailə qurmamışdı, ömrünün sonuna kimi də bakirə qalıb, qardaşına qulluq edib. O, körpə ikən evlərinə bir axund gəlib deyib ki, “bu nə gözəl qızdır, elə bil gül qönçəsidir. Adı Səkinə xanımdır sənəddə, amma el arasında ona bu sözdən sonra Qönçə xanım deyiblər. Ağanın bütün yemək-içmək məsələlərinə o baxıb, gigiyenasına isə 2 kişi baxıb. Qönçə xanım öləndə çox əzab çəkib. Ağanı evdən aparıblar ki, bilməsin bunu. Yay idi deyə ailə Şüvəlanda bağda olub. Rüfət müəllim deyir ki, “onunla məni həyətdə otuzdurmuşdular ki, biz eşitməyək. Arvadlar ah-vayla ağlayanda bildik ki, Qönçəxanım rəhmətə gedib. Ağa da ağlayıb başını qoydu çiynimə ki, qədeş, bacımız rəhmətə getdi. Səkinə xanım rəhmətə gedəndən sonra Səlməxanım adlı bir yad qadın gətirdilər, o baxdı”.

2 ildən sonra isə Ağa özü dünyadan köçdü. Bu ölüm 1950-ci ildə Bakıda görünməmiş yas mərasiminə, izdihama səbəb olmuşdu.

Ağa çox sakit şəkildə rəhmətə gedib. 20 gün yorğan-döşəkdə olub. Səhər tezdən ölüb, axşam şay içib, səhər oyanmayıb, görüblər ki, buz kimidir, rəhmətə gedib. Ölüm kağızında da yazıblar ki, ürək xəstəliyindən dünyasını dəyişib. Yaşlaşandan sonra xəstəliyi ürəyini tamam zəiflətmişdi. 67 yaşında dünyasını dəyişdi.

Çox şiddətli soyuq olub həmin gün. Amma heç bir nəqliyyatsız filansız, buz kimi havada, bəlkə 100 mindən çox adam o vaxtkı Pavilla zavodunun yanından İçərişəhərə qədər Ağa ilə görüşmək üçün növbəyə düzülüb. Qonşuları olmuş İzzət xanım deyir ki, “uşaq da olsaq, bilirdik ki, o tabutdakı ölüdür, amma qorxmurduq, tabutun başına fırlanıb, öpüb bayıra çıxırdıq. Bütün rayonlardan gələnlər ehsan kimi düyüsünü, qoyununu kəsib gətirirdi. 40 pilləkəndən evlərinə qədər camaat növbəyə dayanmışdı. Düyünün həliminin suyu üçün küçədə arx düzəltmişdilər. 40 gün camaat bütün rayonlardan o evə ziyarətə gəldilər. Bütün Bakının kişilərinin çiyni növbə ilə bu tabuta dəyib. 2 dəqiqədən bir adamlar dəyişirdi. İçərişəhərdən Şüvəlana qədər insanlar tabutu piyada, çiyinlərində apardılar”.

Mirmövsüm Ağa fikir versəniz sərdabədə dəfn olunub. O kəslər sərdabədə dəfn olunur ki, onlar torpağa əmanət olaraq veriliblər. Seyid olduğu üçün o, Kərbalada dəfn olunmalıdır əslində. Buna görə də əmanət qəbirdədir. Amma ailəsinin bu məzarı dəyişdirmək düşüncəsi hələ ki, yoxdur.

Şüvəlanda dəfn olunmağının səbəbi isə ailə bağlarının burada yerləşməsi olub. Camaat Sovet vaxtı o məzarı ziyarət edə bilmirdi. Hətta məktəb işçilərini növbə ilə qəbrin üstə gözətçi qoyurdular ki, bir ziyalı, müəllim gəlməsi ilə bağlı yazıb bu barədə yuxarılara məlumat versinlər. Bu gözətçilərdən biri də o vaxt Mərdəkanda məktəb direktoru olan Fərhad Zeynalov olmuşdu. Xüsusən məhərrəmlikdə adamlar qəbiristanlığa axışırdı. “İnanın ki, camaatın qabağını almaq olmurdu. Mən üzümü o yana çevirirdim ki, görməyim. Onlara gəlməyin deyə bilmirdik”.

1950-92-ci illərdə bu məzar baxımsız qalıb. 1992-ci ildə isə 3 şüvəlanlı Nizam Əliyev, Hacı Tahir və Hacı Şəmsi bir yerə yığışaraq köhnə yaşıl qəbri belə gözəl qəbir halına gətirmək üçün birləşirlər. Ailə də onlara rəsmi icazə verib. Ziyarətgahın bugünkü rəhbəri Hacı Nizamdır və o, çox insanlara kömək edir. İçərişəhərdəki evlərdə də insanlara yardım olunur.

Bu möhtəşəm qəbri hətta Pyer Rişar və Jan Klod Van Dam kimi dünya ulduzları da ziyarət edib.

Heydər Əliyevin də bu məzara xüsusi diqqəti olub. O. sağlığında burada 4 dəfə olub. Son ziyarətində isə o, hələ 1944-cü ildə sağ ikən problemi olduğu üçün Ağanı ziyarət etdiyini bildirib. Və qeyd edib ki, “O sistem qalsaydı inanmazdı ki, bu insanın məzarı dinin məbədi olacaq”.

Elə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da bu ziyarətgahda dəfələrlə olublar.

Tədqiqatçı Georgiy Zapletin bu gün ziyarətgahda saxlanan Mir Mövsüm Ağa xalçası ilə bağlı maraqlı bir əhvalat danışır. Xalçaçı Kamil Əliyev yaşlanarkən son xalçasını anasına həsr edir. Bildirir ki, bu onun son xalçası olacaq və o, daha heç nə hörməyəcək. Və bir gün yatıb yuxusunda qeybdən bir səs eşidir ki, “yadındadır, sən müharibəyə gedəndə, Mir Mövsüm Ağa sənin başına əl çəkdi, o qan-qada yuvasında sənə heç nə olmadı, amma sən onu unutdun, bu illər ərzində bir dəfə də onun üçün xalça hörmədin”. Kamil müəllim yuxudan titrəyərək oyanır. 1 milyon 200 min düyünlük, 20 rəngin qarışdırıldığı möhtəşəm bir xalça hörür. Və bu həqiqətən onun öz əli ilə hazırladığı son işi olur. Barmaqlarına çatanda Lətif müəllim vəfat edir, işi onun böyük oğlu Cavanşir və digər tələbələri bitirir. Həmin bu xalça indi ziyarətgahdadır. Xalçanı 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ziyarətgaha təhvil verib.

Qeyd edim ki, yığılan ianələrin hesabına bu ziyarətgah ən müasir standartlar əsasında inşa olunub. Ziyarətgahda bütün gün fasiləsiz olaraq Quran oxunur. Burada yasin oxutdurma və digər dini xidmətlər pulsuzdur. Mir Möhsün ağanın məzarı yaşıl mərmərlə götürülüb. Üzərindəki məhəccər təmiz gümüşdəndir, bura 75 kilo gümüş sərf olunub, qızılı hissələr isə qızıl suyuna çəkilib, buna da 4 kilo qızıl sərf olunub. Müxtəlif əllərin təmasına gigiyenik tədbir üçün bu qədər bahalı metal sərf olunub. Divarlardakı bütün şüşələr xrustaldır. Döşəmə qızdırıcılar vaitəsilə isidilir. Ziyarətgahın sədri Hacı Nizam zəvvarların rahatlığını təmin etmək üçün hər bir şərait yaradıb. Qadın və kişilərin məzarı ayrı ziyarət etməsi üçün ziyarətgah 2 mərtəbəyə ayrılıb. Aşağı qadınlar, yuxarı kişilər üçün nəzərdə tutulub. Məzarın ətrafındakı güllər tamamilə təbiidir. Sutka ərzində qəbrin yanına qoyulan buxur ətir saçaraq gün ərzində ziyarətgahı xoş qoxuya bürüyür. İkinci mərtəbədə isə müasir standartlara cavab verən, gözəl ornamentlərlə işlənmiş məscid inşa edilib. Burada istifadə olunan divar bəzəkləri, çilçıraqlar Misirdən gətirilib.

Mir Mövsüm Ağa Ziyarətgahının ən məşhur hissələrindən biri də qurbangahdır. Burada insanlar nəinki öz qurbanlarını, təmiz, halal şəkildə kəsdirir, eyni zamanda, paylayırlar. Uzaqdan gələn zəvvarlar üçün isə pulsuz yemək və yataq yerləri verilir. Ziyarətgah polis işçiləri tərəfindən qorunur.

Qeyd edim ki, bura gələn nəzirlər təkcə təmir və işçilərin əməkhaqqına sərf olunmur. Hacı Nizam Əliyev xüsusi olaraq, ziyarətgaha müraciət edən əlsiz-ayaqsızlara, imkansız şəxslərə yardım olunduğunu, əlillərə, korlar cəmiyyətinə, mədəniyyət işçilərinə, sağlamlığını itirmiş şəxslərin xaricdə müalicə olunmasına, ümumiyyətlə, hər kəsə maddi yardımlar edildiyini və hər bir müraciətin sənədləşdiyini bildirir. Burada müxtəlif ünvanlı, müxtəlif problemli insanların öz xətləri ilə yazılmış müraciətlərini görmək olar. Ziyarətgah ildə 12 min manat dövlət vergisi də ödəyir. Eyni zamanda, bütün dini bayramlarda, mövlud günlərində ziyarətgahda böyük ehsan süfrələri verilir.

Bu yaxınlarda isə Hacı Nizam pulsuz qan bankı kimi möhtəşəm bir layihənin üzərində işləyir ki, bu da olduqca savab əməldir.

Qeyd edim ki, bu araşdırma 17 noyabr - Mir Mövsüm Ağanın ölümünün 64-cü ildönümü münasibətilə yazılıb.

Hərə bir ümid, bir istəklə bu ocağa üz tutur. Biz yazımızla cəhalətə qanad vermək fikrində deyilik. Məqsədimiz onu sevən milyonları Ağa ilə daha yaxından tanış etmək idi. Hər şeyin doğrusunu və kamilini isə yalnız Allah bilir.

İradə İsaq

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qapını döyən canavarlar, Telliyə vurulan üç güllə, dağlar qoynundakı sirli ev
Jan Klod Van Dam, Pyer Rişar kimi tanınmışların ziyarət etdiyi qəbir: Mir Mövsüm ağanın həyatı haqqında BİLMƏDİKLƏRİMİZ +VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ