Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişikliyə əsasən, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr tətbiq olunacaq. Ancaq hələ də bir qrup insan tibbi maskadan istifadənin vacibliyini qəbul edə bilmir və ya qəbul etmək istəmir. Bunu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qoruyucu maskalarla bağlı açıqlamaları ilə əlaqələndirirlər. Çünki ÜST rəsmiləri dəfələrlə bəyan ediblər ki, qoruyucu maskaları yalnız xəstə insanlar taxmalıdır, sağlam insanın maska taxması onu virusdan qorumur.
Hətta ÜST-ün icraçı direktoru Maykl Rayan qısa müddət öncə maska ilə bağlı xəbərdarlıq belə edib: “Maskalar ilk növbədə, yalnız yoluxmuş insanlar və ya koronavirus ilə əlaqəli tibbi heyət tərəfindən istifadə olunmalıdır. Maskaların yanlış geyinilməsi, hətta insana zərər verə bilər. Əhalinin maskaları kütləvi şəkildə istifadə etməsinin hər hansı bir potensial üstünlüklərinin olduğuna dair konkret sübutlar yoxdur. Əslində, maskanın düzgün istifadə edilməməsi və ya yanlış taxılması zamanı əks-təsir haqqında bəzi sübutlar var”.
Həmçinin ÜST-nin yoluxucu xəstəliklər üzrə epidemioloqu doktor Mariya Van Kerkxov, “Biz cəmiyyətə maskalardan istifadə etməyi məsləhət görmürük. Əgər siz özünüz xəstələnməmisinizsə maska taxmağa ehtiyac yoxdur. Tibbi maskalar evdə olan yoluxmuş insanlara, həmçinin onlara qulluq edən şəxslərə verilməlidir”, – deyə bildirib.
Professor Adil Qeybulla KONKRET.az-a açıqlamasında hələ də müzakirələrə səbəb olan qoruyucu maska məsələsi barədə fikirlərini bölüşüb: “Karantin qaydaları vaxtı vətəndaşlarımız xeyli pozuntulara yol verdilər, sms-lə icazə alaraq bir-birinə qonaq getdilər, ziyafətlər təşkil etdilər, qayda-qanuna, qadağalara əməl etmədilər. Bunlar da xeyli yoluxmalara səbəb oldu və bu gün həmin yoluxmalar üzə çıxır. İndiki məqamda, əvvəla sosial məsafə gözlənilməlidir və maska taxılmalıdır. Həmçinin əllərin dezinfeksiya olunması məsələsi də aktual olaraq qalmalıdır. Əvvəlcə maska məsələsinə müxtəlif yanaşma var idi. İndiki dönəmdə isə bəzi şəxslərin xəstə olduğu əvvəlcədən bilmir, ancaq yoxlanıldığı zaman koronavirus testi müsbət çıxır. Ona görə də indiki məqamda maska taxmaq mütləqdir, maska, ən azı, xəstə insanın burun aerozolunun bayıra tökülməsinin qarşısını alır”.
A.Qeybulla bəzi şəxslərin hələ də koronavirusun mövcudluğuna inanmadığına görə maska taxmaqdan imtina etməsinə də münasibət bildirib:
“Kiminsə virusa hələ də inamı yoxdursa və ya ağıl səviyyəsi buna imkan vermirsə, bu, digərlərinin günahı deyil. Bu gün cəmiyyətin idarə olunması ayrı-ayrı şəxslərin inam hissinin olub-olmamasına hesablana bilməz. İnam hissi yoxdursa, bu, onun şəxsi işidir, amma ümumi qaydalara mütləq əməl etməlidir. İnamı olmayan insanın məsuliyyətsizliyindən minlərlə adam həyatını itirə bilər. Bu gün şəhərin mərkəzində heç kim maska taxmır, situasiyanı iqnor edir. Bu da çox təhlükəlidir, gündəlik artmanın səviyyəsi daha yüksək həddə çatsa, artıq insanlar arasında küçədə yıxılıb dünyasını dəyişənlər də ola bilər. Bu vəziyyətə getməmək üçün mütləq qaydalara əməl etmək lazımdır”.
“Hazrkı şərait o deməkdir ki, indiyə qədər gördüyümüz işlərin hamısı heç nədir. Çünki karantin qaydaları yumşaldılarkən təkcə maska qadağası yox, karantin davranışları da müəyyən edilməliydi. Operativ qərargahın yanlışlığı da ondan ibarət oldu ki, karantin şərtlərini yumşaltmaqdan qabaq mütləq həm insanların davranışları, həm də ticarət, ictimai-iaşə obyektlərinin fəaliyyəti ilə bağlı davranış qaydaları müəyyən olunmadı. Məsələn, binada neçə nəfər olmalıdır, aralarında məsafə nə qədər olmalıdır, giriş və çıxışda dezinfeksiyaedici məhlullar olmalıdır və s. Həmin tədbirləri qərargah indi həyata keçirməyə başlayıb, düzdür, gec ayılıblar, amma yenə də vacibdir”, – deyə professor vurğulayıb.
Xatırladaq ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Oxu24.com
ŞƏRHLƏR