Hazırda Ramazan ayını yaşayırıq. İslamda musiqinin haram olub-olmaması bu ayda daha çox müzakirə edilir. Ramazan ayı boyunca bir çox oruc tutanlar musiqidən uzaq dururlar. Hətta paytaxtın bəzi restoranlarında canlı musiqi bir aylıq dayandırılıb.
Mövzu ilə əlaqədar ilahiyyatçı, "Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli musavat.com-a açıqlama verib:
"Musiqi mövzusuna dinimizdə müxtəlif baxışlar var. Əsas məşhur nəzəriyyə belədir ki, insanları günaha, sövq edən, fitnə-fəsada istiqamətləndirən, bayağı, insanı təhrik edən musiqi növləri haram hesab olunur. Məzmunu, mahiyyəti İslamı dəyərlərlə ziddiyyət təşkil etməyən, insaniyyətə, insanlığa çağıran, ali dəyərlərə dəvət edən musiqilər halal hesab edilir. İstər Ramazan, istər digər aylarda insan onu təbii halından çıxaran musiqi dinləməkdən çəkinməlidir. Müqəddəs Ramazan ayında digər aylarda olduğu kimi şəriət hökmləri dəyişməz olaraq qalır”.
İlahiyyatçının sözlərinə görə, musiqi ilə bağlı Ramazan ayı üçün ayrıca hökm yoxdur:
"Digər aylarda halal olanlar Ramazan ayında da halal, digər aylardan haram olanlar ramazan ayında da haramdır - yemək-içmək müəyyən saatlarda istisna olmaqla. Ramazan ayının hökmləri digər ayların hökmləri ilə heç bir cəhətdən fərqlənmir. Musiqini dinimiz birmənalı olaraq qadağan etmir. Musiqinin halal və haram növləri var. Musiqinin halal növüdürsə, Ramazan ayında da verilə bilər. Sadəcə olaraq insanlar yanlış məlumatlanır, yanlış düşünürlər və musiqini Ramazan ayında özlərinə haram qəbul edirlər. Yaxşı olardı, bu məsələ insanların öz istəyinə buraxılardı. Elə musiqi var, bir insana pis təsir göstərir, digərinə yaxşı. Bir insan hesab edir ki, bu, fitnə-fəsada, əxlaqsızlığa rəvac verən musiqidir. Digəri belə hesab etmir. Ümumən günaha, əxlaqsızlığa təşviq edən, bayağı, şit musiqinin dinlənməsi məqsədəuyğun deyil”. Oxu24.com
ŞƏRHLƏR