Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
05 Oktyabr 2026, 22:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
54
06.10.2026, 10:35
XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz dağıdıcı qüvvəyə çevrildiyini göstərən faktlarla zəngindir. Ötən yüz ilin ilk yarısında Avropanı bürüyən siyasi cərəyanlar yalnız hakimiyyət uğrunda mübarizə aparmırdılar, eyni zamanda çoxlu millətlərin, fərqli dövlətlərin və dünyanın necə qurulmalı olduğuna dair bir-biri ilə ziddiyyət təşkil edən modellər irəli sürürdülər. Nasizmin irqi üstünlüyü və “həyat məkanı” ideyası başqa xalqların torpaqlarına sahib olmağa siyasi və ideoloji bəraət qazandırırdı, sovetlərin dünyaya yaymağa çalışdığı qırmızı ideologiya isə sinfi mübarizəni və fasiləsiz inqilabları dövlətlərin baş vəzifəsi elan edirdi.
Bunu Oxu24.com-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib.
Sovetlər Birliyinin çöküşü ilə müstəqilliyinə qovuşan respublikalar içərisində ən ağır böhrana — ərazilərinin itirilməsi və natamam suverenliyə nəhayət, 2020-ci ildə son qoyduqdan, keçmiş imperiyaların planlarını iflasa uğratdıqdan və Ermənistanı məhz silahlı savaşda məğlub etdikdən sonra Azərbaycanın gələcək milli ideologiyası qazandığı Zəfəri qoruyan, ordu gücü ilə öz təhlükəsizliyini təmin edən, qonşularının suverenliyini tanıyan və sülhü ixrac edən strateji hədəflərin qurulması ilə müəyyənləşəcək.
Naxçıvandan Şuşaya: dövlətçilik proqramının tamamlanan mərhələsi
2 oktyabr 2026-cı il tarixində hakim Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yarandığı mürəkkəb dövrdən sonra keçən və milli dövlətçiliyin taleyində müstəsna rol oynayan otuz illik tarixlə bərabər, həm də xalqımızın son iki əsrdə imperiyaların arasında mövcudluq mübarizəsinin yekunu, yerləşdiyi regionun siyasi xəritəsinin xarici paytaxtlardan müəyyənləşdirilməsi gerçəkliyinin dəyişdirilməsi və məğlub milli kimlik üzərində dövlət quruculuğu siyasətinin sonunu özündə əks etdirir, qalib partiyanın timsalında gələcəyin yeni ideoloji təməllərini yaratmaq məqsədlərinə xidmət edirdi.

İstinad olunan tarixi dönüş anları - 1992-ci və 2023-cü illərin Azərbaycanını yanaşı qoymaq mümkün olmasa da, bir fakt inkaredilməzdir - kardinal dəyişikliklər yalnız zamanla ölçülmür. Sovet imperiyasının rəhbərlərindən biri olan Heydər Əliyevin Moskvadan Bakıya, daha sonra ucqar bir respublikaya dönüşü Naxçıvandan Şuşa Zəfərinə aparan yola çevrildi.
Hamıya məlumdur ki, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində meydana çıxan siyasi qüvvələr müxtəlif ideoloji platformalar malik olsalar da işğalın yaratdığı tarixi reallığın içərisində formalaşırdılar. İndi isə yeni dövr başlanıb. 2020-ci ilin Qələbəsi bütöv bir mərhələni sonlandırdığı üçün Qarabağın Azərbaycan siyasətindəki yeri də dəyişməlidir. Qalib dövlətçiliyin siyasi ideoloji kursu məğlubiyyət dövrünün mirasını inkar etmədən, lakin yeni Vətən quruculuğunun uğur hekayələri üzərində inşa edilməlidir.
Ermənistanla münasibətlər millətimizin həyatında bir nömrəli məsələ olmaqdan çıxaraq, yalnız sərhəd, təhlükəsizlik, kommunikasiyalar və dövlətlərarası münasibətlər səviyyəsində əhəmiyyət daşıya bilər. Əks halda, erməni amili azərbaycanlı milli kimliyinin nüvə mərkəzində qaldıqca, keçmiş faciələrin təsiri xüsusilə də şiə dini kimliyə malik və itkiləri müqəddəsləşdirməyə meyilli bir cəmiyyətin qalibiyyət gündəliyi üzərində hökmranlığını saxlayacaq. Əgər gələcək Azərbaycan vətəndaşı özünü daim “erməniyə qarşı” olmaqla müəyyənləşdirəcəksə, döyüş meydanında qazandığı hərbi uğuru şüurunda dəyişdirməmiş olacaq. Qalib dövlətin ideoloji üstünlüyü qarşı tərəfin mövcudluğuna ehtiyac duymadan özünə böyük məqsədlər müəyyənləşdirə bilməsindədir. Yeni milli məqsədlər daha güclü, savadlı və ədalətli ölkə qurmaqdan ibarət olmalıdır.
Azərbaycan birincidir: heç kimin əyaləti olmayan dövlət
Qələbənin müəllifliyi ətrafında aparılan kampaniya ilk gündən informasiya məkanında xarici qüvvələrin ən böyük informativ diversiyası sayıla bilərdi. Müharibənin birinci atəşindən erməni tərəfi ekzistensial təhlükə amilini ortaya ataraq, ABŞ, Fransa və Rusiyanın hərbi qüvvələrinin regiona gəlişinə zəmin hazırlamağa çalışırdı.
Daha sonra dövriyyəyə Britaniyanın kəşfiyyat rəhbərliyinin ölkəmizə gizli yardımı, döyüş taktikası və hücum əməliyyatlarının xəritəsini verməsinə dair əsassız versiyalar atıldı. Halbuki BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə Parisin apardığı sanksiya təşəbbüsünün uğursuzluqla nəticələnməsində rəsmi Londonun vetosu mühüm rol oynamışdı. Bellingcat və digər casus platformalarının müharibəyə internasional xarakter vermək üçün Yaxın Şərqdən gətirilən muzdlular xəbəri Rusiya və digər dövlətlərin məxfi xidmət orqanlarının da rəsmi mövqelərində müəyyən müddət özünə yer qazandı.
Lakin Reuters, The Guardian və Le Monde qəzetlərinin beynəlxalq ictimai fikrə çıxarmağa çalışdıqları terror qruplarının əli ilə aparılan savaş təbliğatı Qarabağda işləmədi. İnformasiya müharibəsi baxımından belə xəbərlərin məqsədi aydın idi: Azərbaycan Ordusunun uzun illər ərzində yaradılan hərbi potensialını və döyüş meydanındakı uğurlarını ikinci plana keçirmək, nəticələri ölkənin öz hərbi imkanlarından daha çox xarici qüvvələrin adına yazmaq və lokal müharibəni daha geniş beynəlxalq qarşıdurmaların tərkib hissəsi kimi göstərərək savaşın gedişinə müdaxilə planlarına xidmət edirdi.
Əksinə, qardaş Türkiyənin ilk gündən mənəvi və siyasi yardımını prezident Rəcəb Tayyib Ərdoğanın ən yüksək səviyyədə nümayiş etdirməsi, türk xalqı və mediasının misilsiz həmrəyliyi millətimizin iradi gücünü daha da artıraraq, apardığı haqq davasına qətiyyət və yenilməzlik qazandırırdı. F-16 qırıcı təyyarələri və digər hərbi ehtiyat tədbirləri döyüş meydanının radiusunu böyütmək planlarına qarşı hərbi strateq Əliyevin qurduğu ən güclü sipər idi.
Lakin əməliyyat zonasında canını fəda edən və erməni hərbi qüvvələrini otuz illik möhkəmləndiyi səngərlərdən çıxaran, onları dağlıq və mürəkkəb relyef üstünlüyündən məhrum edən qəhrəman Azərbaycan ordusu oldu. İkinci Qarabağ müharibəsində Bayraktar TB2 zərbə PUA-larının, Harop, SkyStriker və Orbiter-1K kimi kamikadze sistemlərinin, müxtəlif kəşfiyyat PUA-larının və LORA operativ-taktiki raket kompleksinin genişmiqyaslı tətbiqi məhz Ali Baş Komandan İlham Əliyevin hərbi taktiki qərarı idi, çünki yeni əsrin silahına çevrilən dronlar əvvəlki illərdə istər İraq, istərsə də Suriya döyüşlərində heç vaxt bizim torpaqlardakı qədər kütləvi və əsas ağırlığı üzərində daşımamışdı.
Digər tərəfdən, Türkiyə amilinin öz miqyası və çəkisindən daha artıq vurğulanması dövlətimizin apardığı psixoloji müharibənin tərkib hissəsi, xalqımızın qədirbilənliyi, məğlubiyyət dövrünün kompleksləri və qardaşlıq amilini daha yüksək göstərərək düşmənə qarşı mənəvi-siyasi təsir niyyətinə bağlı idi.
Ona görə də müttəfiqliklə himayədarlıq arasında sərhədin dəqiq qoyulmasına ehtiyac var. Doğrudur, indi hesabların çəkilməsi yalnız regionu ələ keçirmək üçün iki dövləti ayırmaq istəyənlərin planlarına daha çox yarayır. Hər halda ölkəmizlə bağlı aparılan diskussiyaların təşəbbüskarı olmasaq da, cavabı deyildiyi kimi verilməlidir. Onsuz da Şərq dünyasının və Türk-İslam coğrafiyasının iki böyük gücünün Çaldıran düzündə qarşı-qarşıya gətirilməsi tariximizin ağrılı səhifəsi olaraq qalır.
Təkcə Moskva, Brüssel, Paris və ya ABŞ konqresmenləri deyil, həm də qardaş ölkədə ultra radikal dinçi platformaların, solçu və daşnak qüvvələrin hədəfinə məhz Azərbaycanın çıxarılması səbəbsiz deyil. Çünki məğlub Azərbaycan çoxlarının məqsədlərinə uyğun gəlirdi. İndi dövlətimiz yeni geosiyasi reallıq yaradıb. Azərbaycanın Qələbəsi 1990-cı illərin qüvvələr nisbətini dəyişdirib, Minsk üçlüyünün inhisarını iflasa uğradıb və Türkiyəni Cənubi Qafqazda mühüm statusa yiyələndirib, ermənilərin Ankaraya qarşı tarixi iddialarına ən azı rəsmi səviyyədə son qoyub, soyuq müharibədən sonra geosiyasi əhəmiyyəti dəyişən ölkəni neft-qaz və enerji siyasəti ilə ən yüksək səviyyəyə qaldırıb.
O üzdən aparılan sistemli kampaniya uğur qazana bilmir, əksinə, Türkiyədə İlham Əliyevə Qarabağ Fatehi, Şuşanı, Xankəndini azad edən Ali Baş Komandan kimi dərin ehtiram bəsləyirlər.
Dövlətlərimizin strateji müttəfiq olması, onlarla hüquqi saziş və müqavilənin imzalanması bir ölkənin yerinə illərlə iqtisadi resurs toplamağı əvəzləmir, beynəlxalq təşkilatlarda onun yerinə siyasi döyüşləri daimi aparmır, ordunu müəyyən standartlara gətirməkdə yardım göstərsə də onun əvəzindən bütün əməliyyatları özü icra etmir, ən sonda əsgər və zabitin yerinə döyüşmür.
Azərbaycanın Qələbəsini yalnız geosiyasi şəraitə, qonşu və uzaq paytaxtların razılığı amilinə bağlamaq, dövlətimizin misilsiz iradəsi, hərbi gücü, xalqımızın qətiyyəti və yenilməzliyini kiçiltməyə çalışmaq düşmən qüvvələrin apardığı kampaniyaya daha uyğundur. Regionu daim diqqətdə saxlayan mərkəzlərə yaxşı məlumdur ki, döyüş meydanında Ermənistanla təkbətək qalmaq üçün İrəvanı hərbi müttəfiqlərindən məhrum etməyə on illər sərf olundu. Nəhayət, Nikol Paşinyanın meydan inqilabı ilə hakimiyyətə gəlməsi və ölkə başçısının dediyi kimi, xalqımızın heysiyyətinə toxunan addımlar atması, qırmızı xətləri keçməsi hərbi toqquşmanı qaçılmaz etdi. Ali Baş Komandanın “Qələbəni təkbaşına qazandıq və hər patronun haqqını ödədik” mesajının da məqsədi heç bir xarici mənəvi-siyasi dəstəyi inkar etmədən, lakin Zəfərin müəllifinin Azərbaycan dövləti və ordusu olduğu faktını dünyaya nümayiş etdirməkdir. Eyni zamanda, qalibiyyətin nəticələri bütün türk dünyasının, islam aləminin və ədalət tərəfdarı olan dünya insanlarınındır.
Əks halda, Yaxın Şərqdə uzun on illərdir davam edən müharibələrə kənar dövlətlərin hərbi gücü ilə son qoyulardı. Fələstin ordusunun əvəzindən heç bir qüvvə İsraillə vuruşa bilmir. İlham Əliyevin müharibə strategiyası Moskva və Tehranı həm də Türkiyə və digər müttəfiqləri amili ilə neytrallaşdırmasında oldu, üçüncü dövlətlərin müharibəyə daxil olmasının qarşısı güclü siyasi və diplomatik qalxanla kəsildi. Lakin silahlı döyüşü ordumuz apardı. Əksinə, indinin özündə də daşnak-respublikaçı partiyalar və şovinist dairələrin təbliğatı “azərbaycanlıların əvəzinə türklər döyüşüb” tezisi üzərində qurulub, revanşist qüvvələri gələcəkdə ayağa qaldırmağa xidmət edən saxta ideoloji miflər yaradılır.
Prezident İlham Əliyevin çıxışının əks-sədası göstərdi ki, onun Azərbaycanın Qələbəsinin müəllifliyi, müstəqil qərarvermə iradəsi və daxili işlərinə müdaxilənin qəbuledilməzliyi barədə fikirləri hədəfə dəyib. “Türkiyə olmasaydı Qarabağ azad edilə bilməzdi”, “Bayraktar dronları, hərbi təlimi və siyasi dəstəyi Qələbəni təmin etdi” kimi yanaşmalar müttəfiqin rolunun inkarı, Azərbaycan-İsrail münasibətləri və Qəzza məsələsi ilə birləşdirilərək sifarişli aksiyalar üzrə ixtisaslaşan Özgür-derçilərin muzdlu etirazına səbəb oldu.
Halbuki Əliyevin ideoloji manifesti Türkiyə dövləti üçün də “yol xəritəsi” ola bilər. Çünki dini zehniyyət, islam təəssübkeşliyi milli mənsubiyyət və türk xalqlarının birliyinə qarşı çevrilməməlidir, Azərbaycan cəmiyyətinin əksəriyyəti, Türkiyədə olduğu kimi onun mütləq çoxluğunu təşkil edən dünyəvi hissəsi üçün “Müsəlman qardaşları”na bənzər qüvvələrin hakimiyyətə gəlməsi yolverilməz sayılır. Nə Misirdə, nə digər ərəb millətçiliyinin dominantlıq təşkil etdiyi digər ölkələrdə türkçülüyə yüksək rəğbət göstərilmədiyi sosioloji sorğularda davamlı olaraq, təsdiqlənir. Dini baxışlarını ölkəmizə üsul-idarə şəklində yeritməyə çalışan qüvvələr regionu radikal inanclı qrupların terrorçuluq poliqonu kimi görürlər.
Azərbaycan İslam birliyini Hərbi və Xilafət birliyi kimi görmür, yalnız mənəvi-mədəni bağların, tarixi irsin və ənənələrin qorunub saxlanmasına çalışır. Biz müsəlman ölkəsiyik, lakin islam dövləti deyilik. Bayrağımızın rəngi üç sütun üzərində qurulan milli dövlət deməkdir. Biri digərini üstələyəndə təməllər sarsılır, cəmiyyətdə balans pozulur. Gülən dərsxanələrinin nəticəsi 15 iyul çevriliş cəhdi və terror təşkilatının təhsil bazasıdır.
Azərbaycanın dünyəvi və milli modeli, hətta türkçü xarakteri qardaş ölkədə xilafət və islam liderliyi uğrunda mübarizə aparan kəsimin mövqeyi ilə toqquşur. Ölkəmizin Qələbədən sonra qazandığı yeni geosiyasi status, “Orta güc” kimi qəbul edilməsi xalqımızı Səfəvilərin varisi kimi görən qüvvələri narahat edir.
Təqdirəlayiq haldır ki, məhz qardaş ölkənin aydınları Azərbaycanın müstəqil və suveren dövlət olduğunu, öz milli kimliyini, tarixini və dövlət maraqlarını qorumasının Türkiyə əleyhinə mövqe kimi qəbul edilməsinin yolverilməzliyini vurğulayır. Şuşanı azad edən qəhrəman xüsusi təyinatlı qüvvələrdir, Qələbənin müəllifliyinə kənardan cəhd etmək hərbi əməliyyatların hər yerində legioner, yaxud türk əsgəri görən erməni ordusu və hakimiyyətinin mövqeyini gücləndirməyə xidmət edir.
Azərbaycan dövlətinə, onun dünyəvi quruluşuna, ölkə başçısına hücum edən və xalqımızın qalibiyyətinə zərbə vuran qüvvələr “türk” ola bilməzlər. İlham Əliyev Türk dünyasını nəinki birləşdirən, o cümlədən, TDT-ni qlobal arenada güc mərkəzinə çevirməyə çalışan, Qəbələ zirvəsində irəli sürdüyü hərbi təlimləri ilk dəfə üç dövlətlə məhz Azərbaycanda-azad torpaqlarda keçirən, gələcək təhlükələrə birlikdə qarşı çıxmağın nümunəsini göstərən liderdir.
Heç bir xarici dəstək - İsrail, Belarus, Rusiya, Türkiyə silahlarını yüksək ödənişlə alan və tətbiq edən ordumuzun Zəfəri üzərində siyasi sahiblik iddiasına və ya Bakının daxili-xarici siyasətinə mənəvi nəzarət hüququna çevrilə bilməz. Türk dünyasına mənsubluq, müsəlman Şərqi ilə tarixi-mədəni bağlar, Rusiya ilə keçmiş müharibələr və Avropa ilə siyasi, iqtisadi-texnoloji əlaqələr Azərbaycanın idarəçiliyini xarici paytaxtlardan hər hansı birinə təhvil verməyə əsla səbəb yaratmır. Çünki bizim dünyaya baxdığımız siyasi mərkəz nə Moskva, nə Tehran, nə Brüssel, nə də başqa paytaxtlardır. O mərkəz Bakıdır. Biz Azərbaycanıq!
Ölkə rəhbərinin dediyi kimi, ideoloji diversiyalar və yad narrativlər müasir kommunikasiya erasında sərhəd tanımır. Fiziki coğrafiyamız genişləndiyi kimi düşüncə məkanımızın da üfüqlərini kiçik saxlaya, yaxud 26 sentyabra qədərki dövrün təfəkkürü, diskursu ilə yaşaya bilmərik. Yeni əsrin suverenliyi yalnız torpağa sahiblənməklə bitmir və dövlətin həmin ərazilərdə hakimiyyəti ilə başa çatmır, xalqın yaşadığı hadisələri düzgün hekayələndirməsi, xarici təsirlərə daha az düşməsi, informasiya asılılığını azaltması və milli gündəliyini özünün formalaşdırması ilə müəyyən olunur.
Azərbaycan əhalisi eyni vaxtda türkdilli, rusdilli, farsdilli və ingilisdilli informasiya məkanında yaşayır və çoxdillilik ölkə üçün böyük üstünlükdür, lakin təhlükə başqa dillərdə yaradılan ideoloji məhsulların yalnız istehlakçısına çevriləndə başlayır. Ölkə başçısının irəli sürdüyü məfkurə suverenliyinin mahiyyəti isə daha dərindir. Prezident deyir-nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır, böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır? İranın "Səhər" kanalı, Avropada yaradılan terror mediası eyni məqsədlərə xidmət edir.
Dövlət xarici informasiya məkanına çıxmaq üçün qlobal media ilə yaxından əməkdaşlıq edir, lakin ən əsası insanlarımızın obyektiv və hərtərəfli məlumata əlçatanlığı üçün informasiya savadlılığını təmin edən məktəbləri, media və intellektual mühiti yaratmaqdır. Şuşa yüksəlişini sülh dövrünün məmur və vətəndaş məsuliyyətində möhkəmləndirməyə ehtiyac var.
Yeni dövrün siyasi institutları: ideyanı dövlət keyfiyyətinə çevirmək
Qarabağdan sonra ideoloji vakuum həm də qalibiyyətin yaratdığı inamdan doğur, düşmən obrazının yoxluğundan qaynaqlanır. Zəfərin davamlı olması onun yalnız yubiley, abidə və xatirə siyasətində yaşaması kimi ölkə rəhbərinin dediyi şablon tədbirlərlə qalıcılıq qazanmır, daha çox uğurlu məktəbi, xalqa hesabatlı dövlət idarəçiliyini və əhalinin sosial rifahını tələb edir. Əgər Qələbə dövlətin bütün sahələrində “qarşıya qoyulan böyük məqsədə çatmaq mümkündür” düşüncəsini yarada bilirsə, o zaman 44 günlük müqəddəs müharibənin ideoloji ruhu və enerjisi onilliklərlə yaşaya bilər.
Prezidentin hakim siyasi qüvvəyə ötürməyə çalışdığı mesajın da mahiyyətində məhz həmin qalibiyyəti quruculuq proqramına çevirmək ideyası dayanırdı. İlham Əliyev 1990-cı illərdə Qarabağ dalğasında meydana çıxan siyasi təşkilatların məramnamə vəzifələrini həyata keçirərək yeni dövrün Zəfər ideologiyasını ilk növbədə, qalib partiyaya hazırlamağı tapşırır. Halbuki o dövrün partiya və hərəkatlarının bir çoxu işğalın səbəbkarları sırasında heç vaxt tarixi məsuliyyətdən kənarda qala bilməzlər. Lakin qalibiyyət iqtidar və ya müxalifliyindən, mərkəzçi və liberal ideologiyaya mənsubluğundan asılı olmayaraq, bütöv xalqındır. Ona görə də digər millətlər kimi əfsanələrə, yaxud ikinci dünya müharibəsinin nəticələrini geosiyasi maraqları üçün istismara ehtiyacımız yoxdur. Yeni milli ideologiya yalnız bir siyasi qüvvənin irəli sürəcəyi ənənəvi marksist təlimi olmayacaq, müharibədəki kimi fərqli düşünən milyonlarla insanı işğala qarşı və ortaq dövlətçilik ideyası ətrafında səfərbər edən strateji sənəd olmalıdır.
İlham Əliyev son bir əsrlik tarixdə Qafqazda bütün xalqların gələcəyini müəyyənləşdirmək statusu və missiyasına sahib tək liderdir. Ona qədərki dövrdə müxtəlif sovet rəhbərləri eyni rola cəhdlər göstəriblər. Lakin son yüz ildə bir çox tarixi şəxsiyyətlər Bakı-Tbilisi-İrəvan arasında daimi sülhün inşasına nail ola bilməyiblər. İndi ədalətli Qələbəni təmin edən siyasi bir lider regionda uzun on illər aparılan separatçılığa və ərazi işğallarına son qoyaraq, yeni dövrün də sülh sərkərdəsinə çevrilir.
Avropadan liberal demokratiya adı altında ölkəmizə yeridilən üsul-idarə ixracı, parlament qərarları və mediada aparılan hibrid hücumlar hər zaman pislənilib. Eynilə, ərəb dünyasından gələn dini atributların siyasi islama çevrilib dövlət quruluşumuzu təhdid etməsi, İranın şiə kimliyi üzərindən klerikal modeli, Vilayəti-Fəqihin sərhədsiz fətvaları, “ruskiy mir”in arealına daxil etməyə çalışdığı keçmiş sovet kimliyi ideyası və nəhayət, aşırı millətçiliyin inhisarı vasitəsilə azərbaycanlı kimliyinin assimilyasiyaya uğradılması cəhdləri də eyni dərəcədə prezidentin ideoloji manifestinin hədəfinə çevrildi. Mesajlar o qədər güclü oldu ki, milyonlarla insanın rəğbətini qazanaraq, milli iradənin formalaşmasına 44 günlük müharibədəki müraciətlər qədər təsir etdi. Hətta belə təsəvvür yarandı ki, Vətən savaşının altıncı ildönümü günlərində ölkə başçısı hər günü qalibiyyət olan yaxın tarixin ruhunu canlı tutan və onu yeni dövrə daşıyan bir dalğada danışır.
İki əsrə yaxın tariximizin böyük hissəsində taleyimizi yalnız xarici paytaxtlar müəyyən edib, erməni amili milli dövlətçiliyimizi sarsıdan silah olub. İndi imperiya varisləri belə İrəvanı ənənəvi rolda saxlaya bilmir, Bakının daxili və xarici siyasətində hökmran mövqelərinin itirildiyini dərk edirlər. Zəfərin ən böyük ideoloji gücü məhz tarixin gedişini dəyişdirməsidir. Qalib liderin çağırışının da mahiyyətində məhz yeni milli kimlik quruculuğunun düzgün təməllər üzərində inşası dayanır.
Əliyevin hakim tribunadan dünyaya səslənişi Qələbəni qorumağa xidmət edən ideoloji manifestdir. İndi əsas vəzifə bütün siyasi partiyaları yeni dövrə daşıyaraq, onları ideoloji savaşın ön cəbhəsində xarici hücumlara qarşı səfərbərliklə yanaşı, həm də yeni dövrün strateji hədəflərinə yönəltməkdir. Unutmaq olmaz ki, müasir kommunikasiya erasında zəka dronları hərbi uçuş aparatlarından daha böyük gücə malikdir.
Zəfər milli ideologiyası Azərbaycanın dünyada yeni siyasi pasportudur.
Zahid Oruc, Milli Məclisin Komitə sədri
11:14 / 06 Oktyabr 2026
1
11:03 / 06 Oktyabr 2026
31
11:01 / 06 Oktyabr 2026
28
10:55 / 06 Oktyabr 2026
36
10:46 / 06 Oktyabr 2026
134
10:32 / 06 Oktyabr 2026
41
10:26 / 06 Oktyabr 2026
59
10:19 / 06 Oktyabr 2026
75
10:17 / 06 Oktyabr 2026
95
10:11 / 06 Oktyabr 2026
487
09:37 / 06 Oktyabr 2026
70
09:36 / 06 Oktyabr 2026
106
09:22 / 06 Oktyabr 2026
102
09:19 / 06 Oktyabr 2026
74
09:18 / 06 Oktyabr 2026
62
09:16 / 06 Oktyabr 2026
55
23:49 / 05 Oktyabr 2026
357
23:42 / 05 Oktyabr 2026
175
23:42 / 05 Oktyabr 2026
171
23:32 / 05 Oktyabr 2026
137
23:22 / 05 Oktyabr 2026
197
22:49 / 05 Oktyabr 2026
139
22:33 / 05 Oktyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.