Qaynar xətt:

(+99450) 247 90 86

Qərib məzarlar

Qərib məzarlar

MARAQLI

40

01.09.2026, 09:39

Moskva vaxtı ilə saat 21:40. 26 sentyabr 1960-cı il. Şeremetyevo hava limanının uçuş-enmə zolağından 11 kilometr məsafədə Vyanadan Moskvaya uçan “Austrian Airlines” şirkətinin 901 saylı reysi qəzaya uğrayır.

Rəsmi sənədlərdə təyyarə qəzasının səbəbi əlverişsiz hava şəraiti göstərilir.

Qəza nəticəsində təyyarədəki ekipaj üzvləri də daxil olmaqla 37 nəfərdən 31-i həlak olur.

Həlak olanlardan biri də SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı, əslən bakılı olan türkoloq alim Mustafa Kərimov idi.

Maraqlıdır ki, Mustafa Kərimovun qardaşı, kosmik tədqiqatlar üzrə əvəzsiz mütəxəssis, general-leytenant Kərim Kərimov xatirələrində qardaşının ölümündə özünü günahlandırmışdır. Belə ki, Türkiyədə ezamiyyətdə olan kiçik qardaşının təkidlə Moskvaya gəlməsini istəmiş, nəticədə Mustafa Ankaradan Vyanaya uçan reyslə Avstriyaya gəlmişdir. Daha sonra Moskvaya uçan təyyarənin eniş zolağının bir addımlığında qəzaya uğraması ilə məlum faciə baş vermişdir.

Qəza haqqında mövcud sənədlərdə hava şəraiti “müqəssir” bilinsə də, həmin gün üçün arxivlərdə qorunan meteoroloji məlumatlar tamam başqa mənzərə yaradır.

Şeremetyevo yaxınlığı. 26 sentyabr. Saat 21:40. Buludların aşağı həddi 180 metr hündürlükdə. Görünüş məsafəsi 6 kilometr. Küləyin istiqaməti 90 dərəcə, yəni şərqdən qərbə, sürəti saniyədə 7 metr. Temperatur müsbət 10 dərəcə. Meteoroloji xidmət əvvəlcədən dispetçerlərə hava haqqında məlumatı dəqiqə-dəqiqə ötürmüşdü. Təyyarədə hər hansı nasazlığın olması da eniş anına yaxın qeydə alınmamışdı.

Anbaan uçuş heyəti aeroportun dispetçerləri ilə əlaqə saxlayırdı. Lakin təyyarə 20 metr yüksəklikdə olarkən anidən idarəetmə çətinləşmiş, təyyarə enmə zolağının kənarındakı küknar ağaclarına toxunaraq yerə çırpılmışdı.

Göründüyü kimi, qəzanın səbəblərini tədqiq edən komissiyanın gəldiyi yekun qənaət özündə müəyyən müəmmalar doğurur. Uçuş əməliyyatlarına az-çox bələd olan mütəxəssislər həmin qəza anında hava şəraitinin heç də deyildiyi kimi əlverişsiz olmadığını açıq-aydın təsdiq edə bilərlər. Düzdür, eniş üçün havanın vəziyyəti ideal deyildi. Amma qəza baş verəcək dərəcədə də əlverişsiz sayılmazdı.

Yəqin ki, Sovetlər Birliyinin mövcudluğu boyu öz bətnində gizlətdiyi çoxsaylı sirlərdən biri kimi, bu müəmmanın da bütün təfərrüatı ilə açılması heç vaxt mümkün olmayacaq.

Həmin uğursuz reysin bəxtsiz sərnişinlərindən biri olan Mustafa Kərimov 14 fevral 1923-cü ildə Bakıda anadan olmuşdur. Onun atası Abbasəli Kərimov əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. Mustafa Kərimovun babası Hacı Əsədulla Hacı Əhməd oğlu Əhmədov isə Cümhuriyyət parlamentinin deputatı, Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər mühüm rol oynamış xadim idi.

Mustafa Kərimov Bakıda orta məktəbi 1940-cı ildə bitirmişdir. Maraqlı faktlardan biri də odur ki, həmin illərdə hələ yeddiillik ümumi icbari təhsilə tam keçid olmadığı halda, Mustafa həmin dövr üçün eksperimental layihə olan 10 illik təhsili başa vurmuşdur.

İkinci Dünya müharibəsinin tərkib hissəsi olan sovet-alman savaşı başlayarkən Mustafanın 18 yaşı vardı. Ordu sıralarına çağırılan gənc azərbaycanlının döyüş yolu Şimali Qafqazdan başlamışdır. Müharibə 1945-ci ilin mayında başa çatanda Mustafa Kərimov leytenant hərbi rütbəsində idi.

Praqada döyüş yoldaşları ilə qələbəni qeyd edən zabit ordudan tərxis edildikdən sonra Lomonosov adına Moskva Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur.

Tələbəlik illərində Mustafa hədsiz həvəslə oxuyur, öyrənir, elmi axtarışlara can atırdı. Artıq universitetin son kursunda oxuyarkən onun bir sıra elmi məqalələri nüfuzlu şərqşünasların diqqətini cəlb etmişdi.

İstedadlı gənc qısa müddətdə çalışdığı Şərqşünaslıq İnstitutunda dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə elmi dərəcə alır. O, eyni zamanda SSRİ Xarici İşlər Nazirliyində də çalışırdı.

Onun müasir dövr Türkiyəsinin ictimai-siyasi həyatı haqqında apardığı elmi araşdırmalar yüksək qiymətləndirilməklə yanaşı, bəzən müəyyən qısqanclıqlarla da qarşılaşırdı.

Mustafa Kərimovun elmi məqalələri ilə yanaşı, ədəbi-bədii əsərləri də orijinallığı ilə seçilirdi. Türk bədii nəsrindən rus dilinə etdiyi tərcümələr isə Moskvanın ədəbi mühiti üçün əsl sensasiyaya çevrilirdi.

50-ci illərin əvvəllərində, Sovet-Türkiyə siyasi anlaşılmazlıqları fonunda, həmin dövr Türkiyəsini tədqiq etmək olduqca çətin idi. Məhz Mustafa Kərimovun Türkiyəyə ezamiyyətə getmək arzusu da bu səbəbdən uzun müddət gerçəkləşmirdi.

Nəhayət, 1960-cı ilin fevralında SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə tərcüməçi qismində illərdir can atdığı Türkiyəyə getmək arzusu gerçəkləşir. Azərbaycanlı alim qısa müddətli olsa da, İzmirə getməyə nail olur.

Çox təəssüf ki, onun Moskvaya dönüşü məlum faciə ilə sonuclanır.

Ömrünü 37 yaşında başa vuran istedadlı alim, sovet türkologiyasının cığırdaşlarından olan əvəzsiz mütəxəssis, ümidverici ədəbi əsərləri ilə seçilən nasir, türk bədii nəsrinin rus dilinə tərcüməçilərindən biri — Mustafa Abbasəli oğlu Kərimovun qərib məzarı Moskvanın Vaqankovo qəbiristanlığının 43-cü sahəsindədir.

Yəqin ki onun qərib məzarı bir ovuc ata-baba yurdu Sarıtorpaq torpağı üçün, bir də Bakı küləklərinin uğultusunun həsrətindədir.

Mənbə: Mustafa Kərimov səhifəsi