Qaynar xətt:

(+99450) 247 90 86

Çiy sarımsaq həqiqətən faydalıdırmı? – Mütəxəssis cavabladı  

Çiy sarımsaq həqiqətən faydalıdırmı? – Mütəxəssis cavabladı  

MARAQLI

45

04.08.2026, 15:00

Sarımsağın sağlamlığa faydaları ilə bağlı illərdir müxtəlif fikirlər səsləndirilir. Xüsusilə onun xolesterini aşağı saldığı, ürək-damar xəstəliklərindən qoruduğu, immuniteti gücləndirdiyi və müxtəlif xəstəliklərə qarşı təsirli olduğu barədə cəmiyyətdə geniş yayılmış inanclar mövcuddur. Bəs bu iddiaların elmi əsası varmı?

Mövzu ilə bağlı Oxu24.com-a danışan dermatoloq-androloq Vüqar Məmmədov bildirib ki, sarımsağın təsiri ilə bağlı ən çox yol verilən səhvlərdən biri onun bütöv halda udulmasının faydalı hesab edilməsidir.

Həkimin sözlərinə görə, bütöv şəkildə udulan sarımsaq orqanizmdə gözlənilən bioloji təsiri göstərmir. Bunun səbəbi isə sarımsağın əsas aktiv maddəsi olan allisinin yalnız müəyyən şəraitdə yaranmasıdır.

“Sarımsağın faydalı hesab edilən əsas maddəsi allisindir. Bu maddə sarımsaq bütöv halda olduğu zaman mövcud olmur. Allisin yalnız sarımsaq doğrandıqda, əzildikdə və ya sıxıldıqda fermentativ reaksiya nəticəsində əmələ gəlir. Buna görə də sarımsağı bütöv şəkildə udmaqla həmin maddəni əldə etmək mümkün deyil”, – deyə Vüqar Məmmədov bildirib.

Mütəxəssis qeyd edib ki, sarımsaq doğrandıqdan və ya əzildikdən sonra təxminən 5 dəqiqə gözləmək lazımdır. Bu müddətdə fermentativ proses baş verir və allisin formalaşır. Məhz bundan sonra sarımsağın bəzi bioloji təsirləri ortaya çıxır.

Həkimin sözlərinə görə, allisinin müəyyən antibakterial və antimikrob xüsusiyyətləri olsa da, cəmiyyətdə yayılan bir çox iddialar elmi baxımdan təsdiqlənməyib.

“İnsanlar düşünür ki, sarımsaq xolesterini aşağı salır, damarları təmizləyir və ürək xəstəliklərini müalicə edir. Bu doğru yanaşma deyil. Bu günə qədər xolesterinin effektiv şəkildə aşağı salınmasında elmi cəhətdən sübut olunmuş vasitələr xolesterin əleyhinə dərman preparatlarıdır. Sarımsağın bu baxımdan təsiri klinik olaraq təsdiqlənməyib və onu dərman əvəzi kimi qəbul etmək düzgün deyil”, – deyə həkim vurğulayıb.

Vüqar Məmmədov bildirib ki, sarımsağın əsas təsirlərindən biri tərkibində olan kükürdlü birləşmələr hesabına azot oksidi sisteminə müəyyən təsir göstərməsi və damarların qismən genişlənməsinə kömək etməsidir.

“Bu səbəbdən sarımsaq bəzi hallarda çuğundurla birlikdə istifadə olunur. Çuğundur da azot oksidinin yaranmasını dəstəkləyən məhsullardan biridir. Hər iki məhsul birlikdə qəbul edildikdə damarların genişlənməsinə müəyyən təsir göstərə bilər. Məhz buna görə insanlar arasında bunun müxtəlif təsirləri barədə fikirlər formalaşıb. Lakin bu, heç bir halda tibbi preparatların əvəzi hesab edilə bilməz”, – deyə o bildirib.

Həkim əlavə edib ki, bazarda satılan bəzi sarımsaq kapsulları da məhz əvvəlcədən əzilmiş və emal olunmuş sarımsaq ekstraktı əsasında hazırlanır. Bu preparatlarda aktiv maddənin qorunmasına çalışılır. Bununla belə, onların istifadəsi də yalnız həkim məsləhəti ilə aparılmalıdır.

Vüqar Məmmədovun sözlərinə görə, sarımsağın müəyyən hallarda mikroorqanizmlərə qarşı köməkçi təsiri ola bilsə də, onun bütün xəstəlikləri sağaltması, damarları təmizləməsi, xolesterini normallaşdırması və ya ciddi ürək-damar problemlərini aradan qaldırması barədə deyilənlər elmi faktlarla təsdiqlənmir.

Mütəxəssis vətəndaşlara sağlamlıqla bağlı qərarlarını sosial şəbəkələrdə yayılan məsləhətlərə deyil, elmi sübutlara əsaslandırmağı tövsiyə edib.

“Sarımsaq faydalı qida məhsulu ola bilər. Lakin onu möcüzəvi müalicə vasitəsi kimi təqdim etmək doğru deyil. Xüsusilə xolesterin yüksəkliyi, ürək-damar xəstəlikləri və digər ciddi sağlamlıq problemlərində yalnız xalq təbabətinə güvənmək təhlükəli nəticələrə səbəb ola bilər. Belə hallarda mütləq həkim müayinəsindən keçmək və sübut olunmuş müalicə üsullarına üstünlük vermək lazımdır”, – deyə dermatoloq-androloq Vüqar Məmmədov bildirib.