Şirvan şəhərində xuliqanlıqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Əlikram Xurşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com Teleqraf.com-a istinadən xəbər verir ki, Əlikram Xurşidov 22 noyabr 2017-ci il tarixdə, saat 18 radələrində Sahib Məmmədova (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) məxsus Şirvan şəhəri, Nəsrəddin Tusi küçəsindəki evinə gəlib.
İntim münasibətdə olarkən tutuldu
O, Sahib Məmmədovun faktiki olaraq ər-arvad münasibətlərində olduğu Səma Əliyeva ilə intim münasibətdə olub. Bu zaman Sahib Əlikram Xurşidovu ər-arvad münasibətində olduğu Səma ilə intim əlaqədə olarkən tutub.
Bu zaman Əlikram Xurşidov özünü əsaslı səbəblər olmadan haqlı tərəf kimi göstərib, Sahib Məmmədovla əlbəyaxa olub.
Sahib və Əlikram əlbəyaxa olduqları vəziyyədə evdən çıxıblar və küçə darvazasına doğru hərəkət ediblər. Orada onların səslərinə kənar şəxslər yığışıb.
Həmin vaxt Əlikram uca səslə Sahib və Səmanın ünvanlarına nalayiq ifadələr işlədib. O, mübahisə vaxtı fiziki zor tətbiq edərək Sahibə xəsarətlər yetirib.
Polisə müqavimət
Daha sonra Əlikram Səmanın çağırışı ilə hadisə yerinə gələn Şirvan şəhər polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkilli vəzifəsində işləyən Elçin Talıbov, post patrul xidməti bölüyünün polis nəfərləri Yunis Abışov və Yasər Məlikova müqavimət göstərib. O, nalayiq söyüşlərlə polis əməkdaşlarını təhqir edib, daşla onlara xəsarət yetirəcəyi ilə hədələyib.
Daha sonra Əlikram əlində olan daşı Elçin Talıbova tərəf ataraq, ona xəsarət yetirib. Onu zərərsizləşdirmək istəyən polis nəfəri Yasər Məlikova fiziki zor tətbiq edib.
İki maddəli cinayət işi
İstintaq orqanı tərəfindən Əlikram Xurşidovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olun xuliqanlıq hərəkətləri törətmək) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.
"Əl işimi bəyəndiyini söylədi"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əlikram Xurşidov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, usta kimi fəaliyyət göstərib və ailəsinə çörək pulu qazanıb: "Hadisə baş verməmişdən təxminən 1 ay qabaq mobil telefonuma bir nəfər tanımadığım şəxs zəng etdi. Həmin şəxs ümumi tanışlarımız vasitəsilə mənim əl işimi görüb, bəyəndiyini və Şirvan şəhəri "Kənd evləri" massivində yerləşən evində məni usta kimi görmək istədiyini bildirdi. Əlimdə işlərim çox olduğundan əvvəlcə onun təklifinə razılşamadım. Daha sonra isə həmin şəxs mənə təkidlə bildirdi ki, işim xoşuna gəlir, ona görə evini mənim təmir etməyimi xahiş etdi. Mən də onunla razılaşdım. Həmin telefon danışığından təxminən 15 gün sonra onunla razılaşdım, evində işləməyə başladım. Onun evində işləməyimin qarşılığında mənə 350 manat verməli idi. Hər gün həmin evə gedib, orada özümə aid olan işləri gördüm. İş gördüyüm vaxt evdə yaşayış olmayıb. Gördüyüm işin müqabilində mənə cəmi hissə-hissə 250 manat pul verildi".
"Aydın oldu ki, evin qapısı arxadan bağlıdır"
Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 22-də saat 10 radələrində avtobusla evdən çıxıb və "Kənd evlərin"də yerləşən Məscidin yanına gəlib: "Evində işlədiyim Sahibin həyat yoldaşı kimi tanıdığım Səma taksi ilə məscidin qarşısından gələrək məni götürdü. Oradan ikimiz işlədiyim evə getdik. Evdə iş paltarlarımı geyindim, sonra işimi görməyə başladım. Səma isə evdə ev işləri ilə məşğul oldu. Saat 14.30-da Səma ilə günorta yeməyimizi yedik. Sonra yenidən işimə davam etməyə başladım. Axşam tərəfi artıq hava qaralmışdı, ayaqyoluna getdim. Orada olarkən bir də eşitdim ki, evin dəmir qapısı döyülür. Səma qapıya tərəf getdi, "kimdir" deyə qışqırdı. Bu vaxt mənə aydın oldu ki, evin qapısı arxadan bağlıdır".
"Səma bədənimə çırmaq atdı"
Əlikram Xurşidov qeyd edib ki, bu zaman Səma qapını açıb, Sahib isə qışqıra-qışqıra içəriyə girərək birbaşa tualetə tərəf onun yanına gəlib: "Sahib mənə "sən burda nə işlə məşğulsan, mənə xəyanət etmisən", deyərək çiynimə əlini atdı. Sonra "yığış buradan rədd ol, mənə sən lazım deyilsən" deyə qışqırdı. Ona dedim ki, qoy iş paltarımı dəyişim, sonra isə sənin evindən gedim. Sahib məni darıtışdırmağa başladı. Bu zaman masanın yanına yaxınlaşdım ki, iş paltarımı dəyişim. Bunun üçün əynimdə olan iş şalvarımı çıxartdım, elə istəyirdim ki, iş köynəyimi də çıxardım, Sahib məni dartaraq evin həyətinə çıxardı. Dartışa-dartışa evdən həyətə çıxdıq. Həyətə çıxdıqdan sonra evin qapısı bağlandı. Evin həyətində olarkən Səma da orada idi. Sahib həm mənimlə, həm də Səma ilə mübahisə etdi. Sahibə "ağlını başına topla, nəyə görə mənə qarşı belə hərəkətlər edirsən, burada heç bir şey baş verməyib" dedim. Amma Sahib əllərimdən tutdu və əynimdəki köynəyi dartaraq əynimdən çıxardı. Bu zaman Səma bədənimə çırmaq atdı".
"Heç kimi söyməmişəm"
Əlikram Xurşidov bildirib ki, həmin vaxt tanımadığı iki nəfər şəxs, sonradan adlarını bildiyi Svetlana və Elvin baş verən münaqişəni sakitləşdirmək istəyiblər: "Təxminən 15 dəqiqə mübahisəmiz davam etdi. Bu zaman həyətə 3 nəfər polis əməkdaşı gəldi. Onlardan ikisi polis geyimində, biri isə mülki geyimdə idi. Polis əməkdaşları dərhal qollarımdan tutdular. Mülki geyimdə olan şəxs bildirdi ki, sən mənim ayağımı əzdin, polis formasında olan serjant isə dedi ki, sən mənim paqonumu dartdın. Orada elə bir vəziyyət yarandı ki, mübahisənin baş vermə mexanizmini dərk edə bilmədim. Sonra polis əməkdaşları məni polis maşınına mindirdilər və Şirvan şəhər polis şöbəsinə gətirdilər. Polis şöbəsində olarkən mənə aydın oldu ki, barəmdə şikayət olunub. Hadisə vaxtı heç kəsi vurmamışam, söyməmişəm və müqavimət göstərməmişəm".
Cəza
Şirvan şəhər Məhkəməsinin hökmü ilə Əlikram Xurşidov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əlikram Xurşidov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Əlikram Xurşidovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamran Əkbərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əlikram Xurşidovun cəzası 4 il 6 aya endirilib. Oxu24.com
ŞƏRHLƏR