Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5917
az

Körpə övladını öpüb,özünü 9-cu mərtəbədən atdı - SUMQAYITDA QAN DONDURAN İNTİHAR +FOTOLAR

17:1908 Oktyabr, 2018
2789
KRİMİNAL
  • A
 
... Səhər o başdan yuxusundan hövlanak oyanmışdı Mirabdulla. 3 ilə yaxın idi ki, başına gələn qəfil qəzüvü-qədər ucbatından həbsə atılmışdı. İki il idi ki, həbsxana divarları onu sıxırdı. Ancaq hamı kimi o da ümidlə yaşayırdı. Bilirdi ki, 28 yaşlı gözünün ağı-qarası olan oğlu Mirsəfər onu bu qəfil tördətdiyi avtomobil qəzasındakı hadisənin sarsıntılarından və sıxıntılarından qurtaracaq. Çünki uşaq atası zindana düşən gündən mücadilədə idi. Haralar, kimlərə ağız açmışdı, hamı söz verirdi, ancaq işıq ucu göstərən yox idi.

Bax bu gün də səhər o başdan dəli kimi yuxudan oyanan Mirabdulla yuxusunda görmüşdü ki, oğlu asfaltın ortasındakı bir çamurlu bataqlıqda batır, zarıyıb-qışqıraraq atasını köməyə çağırır. Əlini uzadır ki, atası onu çıxarsın, kişi əlindəki ağac parçasını oğluna uzatsa da, kömək edə bilmir, Mirsəfər bataqlıqda batıb, qeyb olur...

Yuxunun təsirindən günortaya qədər o baş-bu başa var gəl etdi, sonra evinə zəng etmək üçün icazə aldı. Həyat yoldaşı Ənibəs dedi ki, lap yaxşıdır Mirsəfər, yatır. Körpəsi də qığ-bığ edir daha. Sonra Ənibəs də qapını açarlayıb çıxıb Sumqayıtdakı günəmuzd işlədiyi Mərasim evinə tələsdi. Gəlini Səbinə də səhər tezdən uşağı götürüb atasıgilə getmişdi. Axşama hamısı bir yerə yığışıb, Səbinənin doğum gününü qeyd edəcəkdilər.

23 sentyabrda, axşam saat 17:00 radələrində işini yekunlaşdıran Ənibəs Sumqayıtdan Bakıya getmək üçün olan dayanacağa gəldi. Buradan Xırdalana minik avtomobili ilə gedirdi. Çünki, böyük tutumlu avtobuslara minəndə, yolun üstündəki barıları aşa bilmirdi. Cavan-uşaq hamısı qaçıb, boş dayanan yol maşınlarına mindikcə, Ənibəsin ürəyi sıxılırdı. Daxilində bir təlatüm var idi. Nə qədər tələssə də, cavanlar ona maşına minməyə imkan vermirdilər. Düz 40 dəqiqədən sonra axır ki, bir yol maşınına otura bildi. Nəfəsi tıncıxırdı. 15 dəqiqəlik yol elə bil ki, ona uzun görünürdü, heç qurtarmaq bilmirdi. Adətən Sumqayıtdan Xırdalana balaca maşınla 15 dəqiqəyə çatardı. Sürücü də bir mahnı qoşmuşdu maqnitafonda: “Ay ana bağışla, bağışla məni, yamanca incitdim, incitdim səni...”.

Mahnının sözlərini dinlədikcə Ənibəsin gözlərinin yaşı selə dönmüşdü. Fikirləşdi ki, yəqin iki ay bundan əvvəl avtoqəza nəticəsində rəhmətə gedən qaynının kədəridir onu ağladan...

Gəlib mənzilinə çatdı. Yaşadıqları binanın yanından keçəndə baxdı ki, yaman qələbəlikdir. Polis maşını onların eyvanlarının altını dövrəyə almışdı. Xeyli adam toplaşmışdı. Dayananlardan kimsə dedi ki, bir uşaq yıxılıb ölüb. Ənibəs “Anan ölsün ay bala, görəsən hansı bədbəxt ananın balasıdır?”- deyib, sonra “Allah rəhmət eləsin” sözünün də əlavə etdi. Və qaçaraq bloka girdi. Liftin düyməsini basıb 9-cu mərtəbəyə qalxdı. Baxdı ki, oğlunun ayaqqabıları dəhlizdə yoxdur. Bir dəfə “Mirsəfər”- deyib çağırsa da, səsinə səs verən olmadı. Sonra, nədənsə pəncərəyə tərəf qaçdı, başını çölə çıxaranda, yerdə gözünə bir qaraltı dəydi. Zənn etsə də inanmadı. Yenə “Bala, Mirsəfər, bu sən olmayasan?”- deyib qışqıra-qışqıra liftdən çıxıb, evin arxasına keçdi. Bu onun balası idi, bu onun Mirsəfəri, Mirisi idi. Üzü üstə yerə düşüb qalmışdı. Haray çəkdi, nalə çəkdi, qıyya vurdu...

 

Özünü oğlunun üstünə atdı. Sonra da qanlar içərisində olan balasını qucağına aldı. Ətrafdakılara yalvardı: mənə deyin, mənim balama nə oldu, axı mən onu evdə yatmış qoyub çıxmışdım... Can balaaaaaa, cannnnn Mirsəfər, ayıl anan başına dönsün, səsimə səs verən balam, mənə bir söz de...”


Ananın harayı aləmə yayılmışdı. Bilmədi nə qədər vaxt keçdi. Bir də baxdı ki, gəlini də, gəlinin atası da başının üstündədir. Ənibəs bacı 28 yaşlı oğlunu uşaqlıqda olduğu kimi qucağına alıb qaldırdı, oğlu quş kimi yüngül idi. Dedilər ki, maşına qoyub təcili xəstəxanaya aparmaq lazımdır.

Ətrafda hər kəs məəttəl qalmışdı. Arıq bir qadın, özündən hündür boylu oğlunu qolları arasına alıb, haray çəkə -çəkə maşına mindirirdi... maşının içərisində Mirinin başını sinəsinə sıxdı, doyunca öpdü ki, bəlkə nəfəsi yerinə gələ. Miridə həyat əlaməti yox idi. Ancaq ki, gözəl üzündən bir işıq axırdı... Bumbuz bədəni isinmirdi. Axı üşüyəndə, donanada o qədər isitmişdi ki, Mirini, o qədər bəlalardan hifz etmişdi balasını, elə bilirdi ki, xəstəxanada həkimlər onu həyata qaytaracaqlar...


... Həmin sentyabrın 23-dən 24-nə keçən gecə, saat 00:03 radələrində bacımın oğlunun facebook hesabında gözəl Mirsəfərin şəklini gördüm, yazmışdı ki, “Allah sənə rəhmət eləsin, Miri”. Elə bildim ki, yenə bir-biri ilə zarafat edirlər. Bacım oğluna acıqlandım ki, niyə belə yazırsan, yazıq deyil?! Cavab verdi ki, xala, Mirsəfər ölüb. ..


O gecəninin səhərini dirigözlü açdım. Mirsəfər bizim ailə üçün sıradan bir adam deyildi. Qızım, bacım oğlu Nicat və Mirsəfər Sumqayıtdakı 1 saylı İsmət Qayıbov adına məktəbin birinci sinfinin rus bölməsinə birlikdə getmişdilər. Və elə o gündən də dostluqları başlamışdı. Mirsəfərin anası oğlu üçün hər şey edirdi. Bizim uşaqlar müxtəlif kurslara, dərnəklərə getməsələr də, Mirinin anası onu əlavə musiqi dərnəyinə, idman dərslərinə aparırdı. Mirsəfər də heç nəyə etiraz etməzdi. Mirsəfərlə Nicatı bir-birinə bənzədən cəhətləri hər zaman gülərüz olmaları idi. Bir də ki, dərslərini yaxşı oxuyurdular.

2007-ci ildə xoş bir xəbər oldu. Bacımın oğlu Nicat Dövlət İdarəçilik Akademiyasına 520 balla, Mirsəfər Əliyev isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə 575 balla qəbul olmuşdular. Hər ikisi rus bölməsində oxuyacaqdılar.


Eşitmişdim ki, Ənibəsgil, Miri universitetə qəbul olduğu üçün 7 qurban kəsmişdilər.
2007-ci ildə biz Qazaxıstanın Astana şəhərində yaşayırdıq. ANS-in gecə xəbərlərinə baxaırdıq. Birdən kriminal xəbərlərdə cavan və gözəl bir uşağın cinayət törətdiyini göstərdilər. Diqqətlə baxanda, gördüm ki, bu bizim Mirsəfərdir. Mirsəfər cibindəki suvenir bıçaqla kimisə zədələyibmiş...

Biz çox sarsıldıq. O gündən sonra Mirsəəfər haqqında hər zaman xoşagəlməyən xəbərlər eşitdik, narahat olduq. Anası Ənibəs və atası Mirabdulla iki evlərini satıb vəkilə, hakimə xərcləmişdilər ki, uşaqlarının günahı olmadığını sübuta yetirsinlər. Əslində isə, həqiqətən də Mirsəfər bu hadisəni özünü qorumaq üçün etmişdi. Belə ki, yeni tanış olduğu tələbələrdən kimsə ona universitetin hüquq fakultəsinin dekanının bacısı oğlu, onların qrup yoldaşı olan qızlardan birinə sataşdığını və çox təhqiramiz bir söz söylədiyini deyir. Qrup uşaqları yığışıb bu məsələni həll etmək istəyirlər. Məsələni çözməyə gedəndə isə, Mirsəfərdən də özləri ilə getməyni xahiş edirlər. Mirsəfər də qrup yoldaşlarından kənarda qalmaq istəmir və digər qrupun uşaqları ilə söhbəti həll etməyə gedirlər. Ara qarışır, dava başlanır. Və Mirsəfər bir də baxıb görürü ki, onunla davaya gələn uşaqlar qaçıb aradan çıxıblar və ya dekanın bacısı oğluna görə davadan çəkiliblər, çünki, dekanın bacısı oğlu deyib ki, bu davada iştirak edənləri universitetdən qovduracaq və universitetdəki bütün qızlara o nə istəsə deyə bilər. Bu sözü eşidəndə Mirsəfər onlara cavab qaytarır və söhbət böyüyür, bu dəfə dekanın bacısı oğlu meydanda tək qalan Mirsəfərə hədyan söyüşlər söyür və ona hücum edir. Həmin davada kimdənsə aldığı suvenir bıçaqla onlara qorxu gəlmək istəyir. Sözün əsil mənasında, ətrafında onunla davaya gələn kurs yoldaşlarından kimsəni görməyəndə həyəcanlanıb, affekt keçirən Mirsəfər əlindəki bıçağı ona zərbə endirən dekanın bacısı oğluna vurur. Oğlan balaca bir zədə alır. Zədə kəsici hissəsi 4 sm-dən az olan suvenir bıçaqla yetirilir... Onu döyən, ona zərbə endirən, onu söyən dekanın bacısı oğlu isə, çox uğurla, dayısının hesabına universiteti bitirir.


O balaca suvenir bıçaq, Mirsəfərin cavan taleyini qaranlıqlara qərq edir. 6 aylıq mücadilədən sonra, ana və ata öz övladlarını dəmir barmaqlıqlar arxasından xilas edə bilirlər. Və onun barəsində açılan cinayət işinin qərəzlə yazıldığını sübuta yetirə bilirlər. Mirsəfəri isə universitetə bərpa edə bilmirlər. Çünki məhkəmələr, vəkillər və hakimlər ailəni müflisləşdirmişdilər.
Mirsəfər özü xilas yolu tapır. Anasından xeyir dua alaraq, Sankt Peterburqa gedib, buradakı xalası oğlanları ilə biznes qurur və həm də bu şəhərdəki ali məktəblərin birinə qəbul olub, yenidən hüquq fakultəsində təhsil alır.
Qazandığı pul ilə ata-anasına, bircə bacısı Çiçəyə kömək edir, bir də ki, özünün yaşayışını təmin edir. Bir neçə ildən sonra dönüb Vətənə qayıtdı. Əl-ələ verib atasına bir ucuz maşın aldılar ki, sərnişin daşımaqla, ailənin böyük problemlərini həll etsinlər.

Ənibəs də lap cavanlığında olduğu kimi yenə gecələri yatmayıb, səhərə kimi şirniyyat bişirirb, mağazalara verirdi ki, ailəsini ehtiyacdan qurtarsın. Bir sözlə, evdə ata, ana, qardaş... hamısı əl-ələ verib çalışırdılar... Fikirləri mənzil sahibi olmaq idi...

Elə bu arada, evin bircə qızına elçi gəldi. Yükün çoxunun altına yenə də, Mirsəfər keçdi. Bacısına layiqli bir toy edib, cehiz verib, gəlin köçürdü. Yenə ev qurmaq haqqında fikirləşirdilər. Və günlərin bir günü, yağışlı bir axşamda atası hövlanak evə gəlib dedi ki, indicə, Sumqayıtın girəcəyində, o qaranlıq işıq yanmayan yolda bir adamı vurdu... Qanundan başı çıxan Mirsəfər atasına demişdi ki, “Papa, bəs niyə evə gəldin, vurduğun adamı qoyub qaçmısan? Bu işin bədəli ağır olur...”. Atası demişdi ki, ay oğul bir tərəfdən yağış, bir tərəfdən də həmin yerdə küçə lampalarının olmaması ... vallah kim idisə, yerində ləngərləyirdi, özü gəlib girdi maşının altına. Bilmirsiniz, şəhər belə adamlarla doludur, gəlib pul qazanmaq üçün məcbur maşının altına girirlər...



... Mirabdullanın qəfil maşın qəzasında vurduğu adam, Sumqayıtda BOMJ kimi yaşayırmış. Məhkəmə tibb eksperti də rəy verir ki, özünü maşının altına atan adam sərxoş imiş... Həmin yolda isə o vaxt təmir getdiyindən işıqlar da yanmırdı...
Ancaq, qanundan kənara qaçmaq olmazdı. Kişinin qəfil qəza nəticəsində vurub öldürdüyü, və ya özünü onun maşının altına atan BOMJ-un məhkəməyə qədər heç bir yaxını olmur, sonra istintaq axtarıb onun bir qohumunu tapır. Ənibəs bacı gedib bu qohumunu tanımayıb, onun ölüsünə sahiblənmək istəyən adama yalvarır ki, ərindən şikayətçi olmasın, o da pulunu alıb deyir ki, şikayət etməyəcək. Sonra nə baş verirsə, BOMJ-un təzə sahibi özünü naza qoyur və BOMJa sahib çıxır... Və Mirabdulla da beləcə həbsə gedir...

O gündən etibarən Mirsəfər qəfəsdə quş kimi çırpınırdı. Bircə fikri var idi, dünyalar qədər istədiyi atasını zindandan qurtarmaq. Çünki özü 6 ay həbsdə yatmışdı, azadlıqdan məhrum olmağın nə olduğunu gözəl anlayırdı...

Mirsəfər 1990-cı il iyul yının 21-də dünyaya gəlmişdi. Bu il iyul ayının 26-da əmisi rəhmətə gedən gün isə, onun öz oğlu Səid dünyaya gəldi. Mirsəfər özü cavan ikən dünyadan köçən dayısının adını daşıyırdı. Anası qardaşının xatirinə oğluna bu adı vermişdi. Miriyə bir dəfə Sankt-Peterburqda bir qaraçı fal açaraq, ovcuna baxıb demişdi ki, adını dəyiş, bu ad sənə bədlik gətirir. O gündən sonra, nə zaman adını dəyişmək üçün evdən çıxmışdısa, başına nəsə hadisə gəlmişdi. Axırda özünə təsəlli üçün sosial şəbəkələrdə adını Səid yazmışdı. Buna baxmayaraq, biz hamımız ona “Miri”, ya da ki, “Mirsəfər” deyə müraciət edirdik.

Oğlu doğulan gün isə, heç bu sevinci yaşaya bilməmişdi, anasına qoşulub, ağır avtoqəza nəticəsində dünyasını dəyişən əmisini basdırmağa getmişdi...
Oradan qayıtdıqdan sonra oğlunu və gəlinini xəstəxanadan çıxarmışdı, oğluna ad yazdırmışdı: “SƏİD”.


Mirsəfər Əliyevi onu tanıyanların hamısı sevirdi, o təmiz qəlbi, tərbiyəsi, böyük-kiçik yanındakı davranışı ilə hər kəsin məhəbbətini qazanmışdı. 28 yaşı olsa da 80 yaşlı kişilərin çəkdiyi qədər əzab və yük çəkmişdi. Yaşından çox böyük olan gözəl balamızı tez itirdik. Bizi yamanca yarı arzulu qoydu.

 

Onun yas məclisinə gedəndə həyat yoldaşı Səbinənin baldızı Çiçəyə dediyi söz ürəyimi param-parça elədi:

“Çiçək, nə olar mamaya de ki, bu gecə yatsın, bəlkə Mirini o yuxuda görəcək? Mənim yuxuma gəlmir. Mamaya nəsə desə, sən mənə də deyərsən...”.
Bir neçə gündən sonra isə, sosial şəbəkədə Mirinin şəklinin altında gəlinin bu yazısını oxudum: “Mənim əzizim, səninçün elə darıxıram ki...həyat necə haqsız davranır”

Bu ülvi bir sevginin son mesajı idi...


Ötən cümə axşamı, Mirini yad eləmək üçün axşamçağı Ənibəsin qızı Çiçəyin evinə getdik. Qara çərçivədən gözəl, nur üzlü Mirsəfər baxırdı... Onun daim qəmli olan gözləri bu şəkilə də yansımışdı... O şəklə baxmaq üçün ürək lazım idi...
O gecə Ənibəs ağladı, biz ağladıq...

Bir azca toxdadıqdan sonra, telefonunda çəkdiyi qısa bir videonu göstərdi. Xırdalandakı təzə təmir olunmuş boş otağında, Miri təzə doğulmuş, qırxı yenicə çıxmış oğlunu qolları üstünə alıb, bu 20 saniyəlik videoda o balaca körpə gözlərini dirəyib atasının üzünə diqqətlə baxır... Elə bil ki, son dəfə atasını gözlərinə, yaddaşına köçürmək istəyir...

Ənibəs bacını kiritmək mümkün deyil. Ancaq onun dediklərini, xahişini, yalvarışını, mən mətbuat vasitəsi ilə Ədliyyə Nazirliyinə, hörmətli Fikrət Məmmədova çatdırıram.

“Hörmətli cənab nazir! Mən iki övladım üçün odlara girən bir ana olmuşam. Gecələr yatmayıb, rahat yuxu görmədim. Onları cəmiyyətimizə layiq bir insan olmaq üçün böyüdüb, tərbiyə elədim. İndi həyatda ümidim, dayağm olan yeganə oğlumu itirdim. Bu həyatın mənim üçün artıq mənası qalmayıb. Lakin balamın balası böyüyür. İki aylıqdır indi. Özüm onkoloji xəstəyəm. Həyat yoldaşım Mirabdulla Əliyev də, təsadüfən ehtiyatsızlıqdan yol qəzası törədib. Əlbəttə, bir insanı həyatdan məhrum etmək ağır günahdır. Mənim həyat yoldaşım bu hadisəni bilərəkdən törətməyib. Mirsəfər ona telefon açanda “Oğul, səsinə qurban olum” deyirdi. Mən türmədə görüş alıb, ərimin yanına getdim. Nəvəsini ilk dəfə qucağına verdim. Mirsəfəri soruşanda dedim ki, o daha yoxdur!!! Siz özünüz də atasınız, yəqin ki, oğul atasının həmin sözü eşidərkən hansı dəhşətli hisslər keçirməsini yaxşı anlayarsınız. Və nə qədər ağır olsa da, mən Mirsəfərin atasına o xəbəri verdim...İndi türmədə psixoloqlar, həkimlər Mirabdullaya nəzarət edirlər. İnsan kimi ondan qayğılarını əsirgəmirlər. Axı mənim həyat yoldaşım cinayətkar deyil, ehtiyatsızlıqdan qəza törədib. Noyabrın 2-də Mirsəfərimin 40 mərasimidir. Sizdən acizanə surətdə xahiş edirəm ki, onun oğlunun yas yerində iştirak etməsinə icazə verəsiniz. Artıq mənim gücüm qalmayıb. Mən heç Mirsəfərin yadigarını da qucağıma götürməyə gücüm yoxdur. Gəlinim də, mən də, atası da Mirsəfərin hesabına dolanırdıq. İndi bizim çörək gətirənimiz də yoxdur. Sizdən ikinci bir xahişim də odur ki, Azərbaycanın humanist qanunları çərçivəsində, Siz humanistlik göstərib, ərimin cəzasının çəkilməmiş hissəsindən azad edib, evə göndərin. Bəlkə o evdə olarsa, gəlinim və nəvəmə kömək edər. Biz köməksiz və kimsəsiz qalmışıq! Lakin mən dövlətimizə, prezidentimizə və qanunlarımıza inanıram. İnanıram ki, mənim bu böyük və həlli çətin olan problemimin həll olunmasında mənə və körpə balama, cavan gəlinimə bir ata qayğısı, böyük qayğısı göstərib, bizi nəzərdə saxlayacaqsınız. Tanrı Sizi gözlənilməyən qəzalardan hifz etsin!”

Ancaq Ənibəs bacının o harayını, o göz yaşlarını və ölmüş oğlunu qolları arasında aparmağını heç zaman unutmayacağam... Mirsəfər mənim heç zaman unuda bilmədiklərimdəndir... Məkanın cənnət olsun cənnət qoxulu bala, sən bu dünyada cəhənnəmlər gördün. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ