Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
561
az

Yeni ailə quran gəlinin HAMAMDA BAŞINA GƏTİRİLƏN DƏHŞƏT - Şabranda ŞOK

11:1513 Aprel, 2018
4126
KRİMİNAL
  • A
Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismar İdarəsinin Şabran rayonu üzrə təbii qazın qəbulu və satış xidmətinin xidmət rəisi vəzifəsində işləyən İradə Banluyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, İradə Banluyeva Şabran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində xidmət rəisi işlədiyi müddət ərzində təhlükəsizlik qaydalarına nəzarət etməyib.

O, 4 avqust 2015-ci il tarixli əmrlə Şabran rayonu, Dəvəçi kəndindəki mənzillərə texniki baxışın keçirilməsi vəzifəsi həvalə olunmuş xidmətin çilingəri Fərhad Əliyevin xəstəliklə bağlı 25 may 2015-ci il tarixdən 07 dekabr 2015-ci il tarixədək olan dövrdə əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbindən öz əmək funksiyalarını yerinə yetirməyərək işə çıxmamasına baxmayaraq, hərəkətsizlik edərək onun digər çilingərlə əvəzlənməsi üçün heç bir tədbir görməyib.

Bu səbəbdən Fərhad Əliyevin xidməti fəaliyyət dairəsinə daxil olan mənzillərə, o cümlədən Dəvəçi kənd sakini Şahzaman Yaqubovanın mənzilinə texniki baxış keçirilməyib və abonent tərəfindən Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.4.1 və 3.4.7-ci bəndlərinin tələblərinə zidd olaraq, hamam otağında özbaşına axar suqızdırıcısının quraşdırılması və təhlükəli şəraitdə suqızdırıcısının istismarına yol verildiyi vaxtında aşkar edilərək qarşısının alınması təmin edilməyib.

Nəticədə ehtiyatsızlıqdan 22 dekabr 2015-ci il tarixdə, saat 14 radələrində Bənzər Yaqubova yaşadığı Şabran rayonu, Dəvəçi kəndində yerləşən evin vanna otağında yuyunarkən axarlı suqızdırıcısından əmələ gələn dəm qazından zəhərlənərək ölüb.

“Mənzilə texniki baxış keçirilib”

İradə Banluyevaya Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən İradə Banluyeva ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2007-ci ildən Şabran Qaz İstismar Sahəsində müxtəlif vəzifələrdə, 19 dekabr 2014-cü il tarixdən isə Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi Xaçmaz Regional qaz istismar İdarəsinin Şabran rayonu üzrə təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyir: “Xidməti vəzifəmi bu idarənin 29 dekabr 2014-cü il tarixli “Təbii qazın qəbulu və satışı xidmətinin rəisinin vəzifə təlimatı”na uyğun olaraq həyata keçirmişəm. Şabran rayonu, Dəvəçi kəndində yaşayan Şahzaman Yaqubova ilə 30 noyabr 2011-ci ildə Şabran Qaz İstismarı Sahəsi tərəfindən qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanıb. Həmin mənzilə sonuncu dəfə 6 aprel 2015-ci il tarixdə çilingər İsmayıl Mehtiyev tərəfindən texniki baxış keçirilib, abonentin iştirakı ilə “daxili qaz avadanlığına texniki baxış və profilaktiki xidmət işlərinin keçirilməsi haqqında” bir nüsxədən ibarət akt tərtib edilib. Lakin aktın surəti abonentə təqdim edilməyib”.

“Mənzillər nəzarətsiz qalıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 4-də Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyində keçirilmiş müşavirənin qərarına uyğun olaraq xidmət sahələri üzrə mühəndis və çilingərlərdən ibarət 3 qrup yaradılıb: “1-ci qrupa hər hesabat ayının ilk iş günündən son iş gününədək olan müddətdə sayğac göstəricilərinin çıxarılması, 2-ci qrupa yalnız abonentlərlə təbii qazın alqı-satqısı barədə müqavilələrin bağlanması və mənzillərə, qazişlədici avadanlıqlara texniki baxışın keçirilməsi, 3-cü qrupa isə borcu olan abonentlərin qaz təminatlarının dayandırılması vəzifəsi həvalə edilib. Həmin protokola uyğun olaraq Şabran rayonu üzrə rəis müavini Axunbala Həmidov tərəfindən çilingərlər arasında vəzifə bölgüsü aparılıb. Bu barədə Xaçmaz Regional qaz istismar İdarəsi tərəfindən təsdiq olunmuş 4 avqust 2015-ci il tarixli əmrə əsasən Fərhad Əliyevin xidməti vəzifəsi təbii qazın alqı-satqısı barədə müqavilələrin bağlanması və mənzillərə, qaz işlədici avadanlıqlara texniki baxışın keçirilməsi həvalə edilib, 2-ci qrupa aid olmuş Şabran rayonu, Dəvəçi kəndidə Fərhad Əliyevin xidməti ərazisinə daxil olub”.

İradə Banluyeva qeyd edib ki, Fərhad Əliyev ağır xəstəliyi ilə əlaqədar olaraq 25 may 2015-ci il tarixdən 07 dekabr 2015-ci il tarixədək bülletendə olub: “Bundan sonra isə əmək məzuniyyətinə çıxıb, göstərilən müddət ərzində Fərhad Əliyevin hər hansı bir çilingərlə rəsmi qaydada əvəzlənməsi aparılmayıb. Nəticədə həmin ərazi nəzarətsiz qalaraq həmin mənzillərdə olan mənzildaxili qaz avadanlıqlarına və qaz cihazlarına texniki baxış keçirilməyib”.

“Şahzamanın mənzilinə texniki baxış keçirilməyib”

İradə Banluyevanın sözlərinə görə, Xaçmaz Regional qaz istismar İdarəsi üzrə verilmiş müvafiq əmrlə Fəqan Qaflanov 9 oktyabr 2015-ci il tarixdə həmin xidmətin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə 1 aylıq sınaq müddəti ilə işə qəbul edilib: “Sınaq müddəti 9 noyabr 2015-ci il tarixdə bitdikdən sonra Xaçmaz Regional qaz istismar İdarəsinin Şabran rayonu üzrə rəis müavini Axunbala Həmidovun yazılı göstərişi ilə həmin ilin dekabr ayından Fəqan Qaflanova rayonun Dəvəçi kəndi ərazisində yaşayan abonentlərlə təbii qazın alqı-satqısı barədə müqavilələrin bağlanması və mənzillərə, qazişlədici avadanlıqlara texniki baxışın keçirilməsi vəzifəsi həvalə olunub. Fərhad Əliyevin xidməti ərazilərinə daxil olan mənzillərdən hər hansı birinə texniki baxış keçirilmədiyindən və işə yeni başladığından Fəqan Qaflanov Dəvəçi kəndi ərazisində öz mülahizəsinə uyğun olaraq bəzi mənzillərə texniki baxış keçirib. Ancaq Şahzaman Yaqubovanın mənzilinə texniki baxış keçirməyib”.

“İdarə məlumatsız olub”

Təqsirləndirilən qeyd edib ki, 5 yanvar 2016-cı il tarixdən Xaçmaz Regional qaz istismar İdarəsi üzrə verilmiş əmrə əsasən Fəqan Qaflanovun həmin ərazi üzrə çilingər vəzifəsində çalışması rəsmiləşdirilib. Onun sözlərinə görə, dekabrın 22-də Şabran rayonu, Dəvəçi kəndində yerləşən, həmin kənd sakini Şahzaman Yaqubovaya məxsus mənzilin vanna otağında dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə Xaçmaz Regional qaz istismar İdarəsinin Şabran rayonu üzrə şöbəsinə məlumat daxil olub: “Məlumat əsasında müəssisənin xatırlamadığım əməkdaşları ilə birlikdə həmin ünvana getdik. Orada olan çilingər İsmayıl Mehtiyevin bildirdiyinə görə, mənzil sahibləri tərəfindən vanna otağının yeri və su qızdırıcısı dəyişdirilib. Vanna otağının yerinin dəyişdirilməsindən, oraya qaz xətlərinin çəkilməsindən və həmin su qızdırıcısının quraşdırılmasından idarə məlumatsız olub. Abonent tərəfindən idarəyə bu barədə yazılı və ya şifahi məlumat verilməyib. Sonradan məlum olub ki, abonentin gəlini Bənzər Yaqubova vanna otağında yuyunarkən özünü pis hiss etdiyindən ağır vəziyyətdə Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və həmin xəstəxanada ölüb. Abonent Şahzaman Yaqubovanın yaşadığı əraziyə baxış keçirilməsi vəzifəsi olan çilingərlərə nəzarət edən qrup rəhbərinin və abonentin özünün də məsuliyyəti olduğu üçün özümü bu işdə təqsirli hesab etmirəm”.

“Nəzarət etməmişəm”

Təqsirləndirilən şəxs əlavə olaraq göstərib ki, onun Fərhad Əliyevin işə çıxmaması haqqında məlumatı olub, lakin onun həmin dövrdə xəstə olmasına görə digər çilingərlə əvəz edilməsi barədə baş idarəyə rəsmi məlumat verməyib: “Abonent Şahzaman Yaqubovanın yaşadığı ərazi Xaçmaz Regional qaz istismar İdarəsi tərəfindən təsdiq olunmuş 4 avqust 2015-ci il tarixli əmrə əsasən çilingər Əsli Mahmudovaya həvalə edilib. 2015-ci ilin oktyabr-noyabr aylarında işçilərin ərazi bölgüsünə dair qrafikə əsasən çilingər Fərhad Əliyevə abonent Şahzaman Yaqubovanın yaşadığı ərazinin ona həvalə olması barədə sonradan məlumatı olub. Qrafiklərin tərtibi vəzifə təlimatına əsasən mənə həvalə olunsa da, həmin ərəfədə yaxın qohumumun vəfatı ilə əlaqədar qeyri-rəsmi olaraq bir neçə gün işə çıxmamışam. Odur ki, qrafiklərin tərtibatınada nəzarət etməmişəm”.

“Hamamda havalandırma olmayıb”

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Ramid Yaqubov ifadəsində göstərib ki, mərhum Bənzər Yaqubova onun həyat yoldaşı olub: “Biz 2009-cu ildə ailə qurub Şabran rayonu, Dəvəçi kəndində yaşamışıq. Valideynlərimdən eşitdiyimə görə, yaşadığımız evi 1984-1985-ci illərdə almışıq və 1998-ci ildə əsaslı təmir etdirmişik. Anam Şahzaman Yaqubovanın mülkiyyətçisi olduğu həmin ev iki otaq, bir eyvan, mətbəx, hamam və ayaqyolundan ibarət olub. Evi aldığımız vaxtdan oraya qaz xətti çəkilib, vanna otağı evin giriş darvazasından təxminən 3 metr solda yerləşib. Orada samovar tipli su qızdırıcısı quraşdırılıb”.

Ramid Yaqubov qeyd edib ki, 2015-ci ilin aprel ayının sonları, may ayının əvvəllərində həmkəndlisi Yalçın Məcidov onların xahişi ilə vanna otağında təmir-bərpa işləri aparmaqla onun sahəsini kiçildib, qaz xətlərinə heç bir konstruktiv dəyişiklik etmədən ona təxminən 4-5 metr uzunluğunda əlavə qaz borusu birləşdirib, axımlı su qızdırıcısı quraşdırıb: “Lakin görülmüş işlər barədə Şabran rayon Qaz istismar İdarəsinə hər hansı yazılı və ya şifahi məlumat verməmişik. Vanna otağına plastik materialdan olan qapı-pəncərə qoymuşuq. Həmin vaxtdan hadisə baş verən günədək, həmçinin hadisə baş verən gün vanna otağının qapısının aşağı hissəsində havalandırma yeri, yaxud bu məqsədlə havalandırma deşikləri olmayıb”.

“Şikayətim yoxdur”

Ramid Yaqubov bildirib ki, 22 dekabr 2015-ci ildə, saat 15-də işdə olarkən həmkəndlisi Azay adlı şəxs onun mobil telefonuna zəng edib: “Ayaz arvadım Bənzərin hamamda yuyunarkən halsızlaşdığından xəstəxanaya aparıldığını xəbər verdi. İşdən icazə alaraq evə gəldim. Mənə məlum oldu ki, saat 14.30-da Bənzər azyaşlı uşaqlarımla birlikdə evdə tək olarkən uşaqlara televizora baxmağı tapşırıb, özü yuyunmağa gedib. Bu zaman dəm qazından zəhərlənərək ölüb. Həmin gün saat 19-da meyiti xəstəxanadan götürərək evə qayıtdıqda vanna otağının qapısının aşağı hissəsində səliqəsiz şəkildə havalandırma deşiklərinin açıldığını gördük. Ancaq həmin deşiklərin kim tərəfindən və hansı alətlə açılmasından xəbərsiz olmuşuq. Təqsirləndirilən şəxs İradə Banluyevadan heç bir şikayətim yoxdur”.

Şabran rayon Məhkəməsinin hökmü ilə İradə Banluyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib.

Hökmdən narazı qalan İradə Banluyeva apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Nəbiyevin icraatında araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, İradə Banluyevanın apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu