Qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Bayram Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com xəbər verir ki, Bayram Məmmədov Gəncə şəhərində həmyerlisi Sadiq Babayevi bıçaqlayaraq öldürməyə cəhd edib.
İddiaya görə, Bayram Sadiq Babayevin bacısına sataşıb və bu səbəbdən onların arasında yaranan mübahisə qanlı sonluqla nəticələnib.
Sevgi münasibətlərinin pozulması
2015-ci ilin yanvar ayında Bayram Sadiqin bacısı Sahibə ilə tanış olub, onunla münasibətləri yaranıb.
Amma bir neçə ay keçəndən sonra Bayramla Sahibənin münasibətləri pozulub. Buna görə Bayram Sahibəni nalayiq sözlərlə təhqir edib.
Bunu eşidən Sahibənin qardaşı Sadiq Bayrama bir neçə dəfə xəbərdarlıq edib.
Buna baxmayaraq Bayram Sahibədən əl çəkməyib və qadının işlədiyi mağazanın qarşısına gələrək insanların gözü qarşısında onu təhqir edib. Bu, tərəflər arasında münasibətləri daha da gərginləşdirib.
Bayram 2016-ci ilin mayın 10-da, saat 20 radələrində Gəncə şəhəri, Nizami prospektində “Zabitlər evi”nin yaxınlığında yerləşən çayxanaya gedərkən təsadüfən Sadiqlə rastlaşıb.
Bu zaman Sadiq Bayramdan bacısından əl çəkməsini tələb edib. Orada onların arasında mübahisə baş verib. Sadiq ətrafda insanların olduğunu görüb və mübahisəni “Xan sarayı” adlanan şadlıq sarayının yanında davam etdirmək qərarına gəlib.
Arxadan vurulan zərbə
Şadlıq sarayı istiqamətinə gedərkən Sadiq Bayramı təhqir edib və arxadan qəfil Bayramın başına yumuruq vurub.
Bu zaman Bayram üzərində gəzdirdiyi ov bıçağı ilə Sadiqə zərbələr endirib. Sadiq müqavimət göstərdiyindən sağ qala bilib. Eyni zamanda hadisə yerinə gələn Gəncə polisi Xaliqi xəstəxanaya vaxtında çatdırdığından onun həyatını xilas etmək mümkün olub.
Daha sonra keçirilən əməliyyat nəticəsində bayram Məmmədov həbs olunub.
İstintaq orqanı tərəfindən Bayram Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
“Bacısı barədə nalayiq sözlər işlətdiyimi soruşdu”
Təqsirləndirilən şəxs qismində ifadə verən Bayram Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Sahibəni narahat etdiyi üçün valideynləri ondan Kəpəz rayon Polis İdarəsinə şikayət ediblər: “Əməlimdə cinayət tərkibi olmadığı üçün işin icraatına xitam verildi. Həmin şikayət əsasında polis idarəsində araşdırma apararaq barəmdə inzibati qaydada cərimə cəzası təyin edildi.
Lakin, aradan təxminən 10 ay keçəndən sonra, yəni 10 may 2016-cı il tarixdə, saat təxminən 19.30 radələrində “Zabitlər evi”nin sol tərəfində olarkən Sadiq məni yanına çağırdı. Sadiq nəyə görə onun bacısı barədə camaat arasında nalayiq sözlər işlətdiyimi soruşdu. Həmin vaxt aramızda mübahisə yarandı.
Sadiqə kənar bir yerə gedərək söhbəti davam etdirməyi təklif etdi. Daha sonra Sadiq guya mənim onun ailəsinə söyməyimdən əsəbiləşdi, arxadan başımdan vurdu. Sadiqin məni vurmasından əsəbiləşərək bıçaqla ona bir neçə zərbə vurmuşam”.
“Mənə dəymiş ziyanını ödənilməsini istəyirəm”
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Sadiq Babayev bildirib ki, Bayram onun bacısı haqqında xoşagəlməz ifadələr işlədib: “Bu səbəbdən onunla mübahisə etmişəm. Bayramın yetirdiyi xəsarətlər nəticəsində hazırda müalicə olunuram, böyrəyimin birini itirmişəm. Bununla bağlı xeyli maddi ziyana düşmüşəm. Bayram tərəfindən mənə vurulmuş ziyanla bağlı heç bir kömək olunmayıb. Bayrama hansı cəzanın verilməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxıram. Lakin mənə dəymiş ziyanını ödənilməsini istəyirəm”.
9 il 6 ay cəza
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bayram Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Bayram Məmmədov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Onun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Bayram Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.
Bu qərardan narazı qalan Bayram Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırma aparılıb.
şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bir neçə gün öncə verilən qərara görə, Bayram Məmmədovun kasasiya şikayəti təmin olunmayıb. Oxu24.com
ŞƏRHLƏR