Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürüb, digərinə xəsarət yetirməkdə təqsirləndirilən Hikmət Fərəcovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Oxu24.com “report”a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası fevralın 8-nə təyin edilib.
Qeyd edək ki, cinayət hadisələri ötən ilin iyul ayında baş verib.
Belə ki, iyulun 30-da saat 10.00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyiti aşkar olunub.
İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlı olması müəyyənləşib.
Həmçinin, elə həmin gün paytaxtın Səbail rayonu Z.Əliyeva küçəsində Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Əli Rəcəbzadəyə yaşadığı mənzildə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu Nəvai kənd sakini Hikmət Fərəcov saxlanılıb.
Polis Bölməsində dindirilmə zamanı Hikmət Fərəcov iyulun 30-na keçən gecə Hacıqabul rayonu ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib. Hacıqabul rayonunda hadisəni törədəndən sonra o, qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib. Bakı şəhərində isə o, sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqla orada həmin şəxsə də xəsarətlər yetirib.
H.Fərəcov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunur.
Oxu24.com
ŞƏRHLƏR