Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu döyərək ona ağır xəsarət yetirməkdə ittiham olunan Sumqayıt şəhər sakini, 35 yaşlı Maarif Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com-un xəbərinə görə, hadisə ötən il dekabrın 27-də Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində baş verib. Axşam saatlarında həyat yoldaşının iki uşağı ilə birgə hamam otağından qəzəbli şəkildə çıxdığını görən M.Nəcəfov nə baş verdiyini soruşub, qadın heç nə deməyib. Qonşu mənzildən kiminsə hamamın şaxtasının pəncərəsindən baxdığını görən M.Nəcəfov əsəbi halda dəhlizə çıxıb. İkinci mərtəbədə yaşayan Rüfət Əhmədzadəni çağırıb, hamamın pəncərəsindən baxmasına iradını bildirib, onu döyüb.
Törətdiyi cinayət əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
“Azəriqaz” İstehsalat Birliyində mühəndis işləyən Maarif Nəcəfov ifadəsində iki ilə yaxındır ki, həyat yoldaşı və iki azyaşlı övladları ilə Masazırda yaşadığını, hadisə baş verən gün arvadı uşaqları yumaq üçün hamama keçdiyini, üç-dörd dəqiqə sonra isə əsəbi halda çıxdığını, üzünün ifadəsinin, rənginin dəyişdiyini göstərib: ”Nə olduğunu soruşdum, heç nə deməyib, otağa keçdi. Özüm çimmək üçün hamama girdim. İşığı yandırmamış şaxtadan hamama işıq düşdüyünü gördüm. Qonşuluqda yaşayan Rüfət Əhmədovun hamamdakı şaxtanın pəncərəsindən baxdığını gördüm. Həyat yoldaşımın da elə buna görə əsəbləşdiyini, uşaqları hamamdan yarımçıq çıxartdığını başa düşdüm”. Oxu24.com
ŞƏRHLƏR