Qaynar xətt:

(+99450) 247 90 86

İşçiyə “öz ərizənlə işdən çıx” demək qanunidirmi? – Vəkildən AÇIQLAMA  

İşçiyə “öz ərizənlə işdən çıx” demək qanunidirmi? – Vəkildən AÇIQLAMA  

HÜQUQ

25

28.09.2026, 21:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İş münasibətlərində bəzən işçinin əmək müqaviləsinə xitam verilməsi üçün ondan “öz xahişimlə işdən çıxıram” məzmununda ərizə yazması tələb olunur. Xüsusilə işəgötürənin işçidən əmək münasibətlərini davam etdirmək istəmədiyi, lakin bunu qanunvericilikdə nəzərdə tutulan əsaslarla rəsmiləşdirmək əvəzinə işçidən ərizə almağa çalışdığı hallarda belə vəziyyət yarana bilər. İşçi isə iş yerini itirmək qorxusu və ya başqa çıxış yolunun olmadığını düşünərək həmin ərizəni yazmağa məcbur ola bilər.

Bəs işəgötürən işçinin işdən çıxmaq istəyi olmadığı halda ondan ərizə yazmasını tələb edə bilərmi?

Vəkil Azər İbrahimov Oxu24.com-a açıqlamasında bildirib ki, işçinin iradəsinə zidd olaraq əmək münasibətlərinə xitam verməyə məcbur edilməsi yolverilməzdir.

Onun sözlərinə görə, burada əsas məsələ işçinin həqiqi iradəsinin olub-olmamasıdır. Əgər işçi öz istəyi ilə işdən ayrılmaq qərarına gəlməyib, əksinə, işəgötürənin təzyiqi, hədə-qorxusu və ya digər məcburetmə üsulu nəticəsində ərizə yazıbsa, sadəcə sənəddə “öz xahişimlə” ifadəsinin qeyd olunması vəziyyətə avtomatik olaraq hüquqi don geyindirmir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verə bilər. Bunun üçün işçinin iradəsini əks etdirən yazılı ərizə verməsi nəzərdə tutulur. Eyni maddənin 7-ci hissəsində isə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək və ya hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə məcbur edilməsi qadağan edilir.

Vəkil Azər İbrahimov bildirib ki, buna görə də işəgötürənin işçiyə “ərizə yaz, işdən çıx” deməsi ilə işçinin öz iradəsi ilə əmək müqaviləsinə xitam verməsi eyni hüquqi məna daşımır.

“Bəzi hallarda işçiyə təzyiq göstərilərək onun öz ərizəsi ilə işdən çıxması üçün ərizə yazdırılır. İşçi başqa çıxış yolunun olmadığını düşünür. Bəs işəgötürən işçinin işdən çıxmaq istəyi olmadıqda ona ‘ərizəni yaz, işdən çıx’ deyə bilərmi? Xeyr. Burada ən vacib məqam odur ki, işəgötürənin işçinin iradəsinə zidd olaraq əmək müqaviləsinə xitam verməyə məcbur etməsi qanunda qadağandır. Kağız üzərində sadəcə ‘öz xahişimlə’ yazılması da o demək deyil ki, məsələ gələcəkdə işçinin xeyrinə həll oluna bilməz”, – deyə vəkil bildirib.

Mütəxəssisin sözlərinə görə, işçi belə vəziyyətlə qarşılaşdıqda tələsik qərar verməməlidir. Əgər şəxs həqiqətən işdən ayrılmaq istəmirsə, lakin ona müxtəlif formalarda təzyiq göstərilərək ərizə yazması tələb olunursa, mümkün qədər həmin təzyiqi təsdiq edən sübutların qorunması vacibdir.Burada yazışmalar, elektron məktublar, işəgötürənin göndərdiyi mesajlar, səsli və digər qanuni yolla əldə edilmiş materiallar, şahid ifadələri, işçinin işdən çıxmaq istəmədiyini göstərən müraciətlər və digər sənədlər əhəmiyyət daşıya bilər. Lakin hər bir sübutun hüquqi qiyməti konkret işin hallarından asılıdır və onun məhkəmədə necə əldə edilməsi və təqdim olunması da ayrıca əhəmiyyət daşıyır.

“Əgər sizə təzyiq göstərilirsə, işdən çıxma barədə ərizəni yazmağa tələsməyin. Sizə göstərilən təzyiqi təsdiq edən sənədləri, yazışmaları və digər sübutları toplamağa çalışın. Lakin ərizəni artıq yazmısınız və əmək müqaviləsinə xitam verilibsə, xitamın əsaslarını və rəsmiləşdirilmə qaydasını yoxlatdıraraq məhkəməyə müraciət edə bilərsiniz. İşin konkret hallarından asılı olaraq öz xeyrinizə hüquqi nəticələr əldə etmək mümkündür”, – deyə Azər İbrahimov qeyd edib.

Əmək qanunvericiliyində işçinin öz təşəbbüsü ilə işdən çıxması ilə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi fərqli hüquqi əsaslara malikdir. Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyənləşdirilib, 69-cu maddə isə işçinin təşəbbüsü ilə xitamı tənzimləyir. İşəgötürənin təşəbbüsü ilə xitamın əsasları isə 70-ci maddədə ayrıca sadalanır.Bu fərq praktiki baxımdan da mühüm əhəmiyyət daşıyır. Çünki işəgötürən işçinin fəaliyyətindən narazıdırsa və onunla əmək münasibətlərinə xitam vermək istəyirsə, bunu qanunvericilikdə nəzərdə tutulan əsaslardan biri və müvafiq prosedur çərçivəsində həyata keçirməlidir. İşəgötürənin öz üzərinə düşən hüquqi prosedurları yerinə yetirmək əvəzinə işçini ərizə yazmağa məcbur etməsi qanunda nəzərdə tutulan xitam qaydalarının pozulmasına səbəb ola bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, işəgötürən müəyyən hallarda xitamın zəruriliyini əsaslandırmalıdır.Digər tərəfdən, işçinin həqiqətən öz istəyi ilə işdən çıxması tamamilə fərqli vəziyyətdir. İşçi əmək münasibətlərinə xitam vermək qərarını sərbəst şəkildə qəbul edir və qanunda nəzərdə tutulan qaydada işəgötürəni yazılı formada xəbərdar edir. Əmək Məcəlləsinin 69-cu maddəsinə görə, ümumi qayda olaraq işçi əmək müqaviləsinə xitam vermək istəyini işəgötürənə bir təqvim ayı əvvəl bildirməlidir. Qanunda müəyyən edilən xüsusi hallarda isə daha qısa müddətdə, o cümlədən ərizədə göstərilən gündə xitam imkanları mövcuddur.

Mütəxəssislər bildirirlər ki, işçi ərizə yazarkən onun məzmununa da diqqət etməlidir. Şəxs işdən çıxmaq istəmədiyi halda ona ərizə yazdırılırsa, sonradan həmin sənədin hansı şəraitdə yazıldığının araşdırılması mühüm ola bilər. Bu səbəbdən işçinin “mən onsuz da heç nə edə bilmərəm” düşüncəsi ilə hüquqlarından imtina etməsi düzgün yanaşma deyil.Əgər əmək müqaviləsinə xitam artıq rəsmiləşdirilibsə, işçi xitamın hansı maddə və hansı əsasla həyata keçirildiyini öyrənməlidir. İşəgötürənin əmri, xitamın əsası, ərizənin məzmunu, xitam tarixi, son haqq-hesab və digər sənədlər araşdırılmalıdır. Əmək qanunvericiliyinin tələblərinin pozulduğu qənaətinə gəlinərsə, işçi hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müraciət edə bilər.Əmək Məcəlləsinin 300-cü maddəsi işəgötürənin əmək müqaviləsinə xitam verilməsi əsaslarını və ya müəyyən edilmiş proseduru pozduğu hallarda hüquqi nəticələri nəzərdə tutur. Belə hallarda əmək mübahisəsini həll edən məhkəmə işin faktiki hallarını araşdıraraq işçinin vəzifəsinə bərpası və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi barədə qərar qəbul edə bilər. Qanunda müəyyən hallarda işçiyə dəymiş zərərin ödənilməsi məsələsinin də nəzərdə tutulması mümkündür.2026-cı ilin əvvəlində Dövlət Əmək Müfəttişliyi Xidmətinin araşdırmaları zamanı da əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş halların müəyyən edildiyi açıqlanıb. Nazirliyin məlumatına görə, həmin araşdırmalar nəticəsində 8 işçinin əvvəlki işlərinə bərpası təmin edilib. Bu da əmək münasibətlərinə xitam verilməsinin qanuni əsas və prosedurla həyata keçirilməsinin əhəmiyyətini göstərir.

Azər İbrahimov qeyd edib ki, işçi hüquqlarının pozulduğunu düşünürsə, məsələni yalnız işdən çıxarıldıqdan sonra deyil, təzyiqin göstərildiyi ilk mərhələdə də hüquqi baxımdan qiymətləndirməlidir. Çünki əmək münasibətləri ilə bağlı sənədlərin, yazışmaların və digər sübutların vaxtında qorunması sonrakı hüquqi proses baxımından əhəmiyyətli ola bilər.

Beləliklə, işəgötürənin işçiyə “öz ərizənlə çıx” deməsi ilə işçinin həqiqətən öz iradəsi ilə işdən çıxması arasında ciddi fərq var. İşçi əmək münasibətlərinə son qoymaq istəmədiyi halda təzyiq altında ərizə yazmağa məcbur edilirsə, bu hal qanunvericilik baxımından mübahisələndirilə bilər. Buna görə də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlər imzalanarkən işçi öz hüquqlarını bilməli, təzyiq olduğunu düşünürsə, mümkün sübutları qoruyub saxlamalı və zərurət yarandıqda hüquqi yardım almalıdır.

Turan Etibaroğlu