Qaynar xətt:

(+99450) 247 90 86

Vətəndaşın xəbəri olmadan adına VÖEN və şirkət açılarsa nə etməli? – Hüquqşünasdan XƏBƏRDARLIQ  

Vətəndaşın xəbəri olmadan adına VÖEN və şirkət açılarsa nə etməli? – Hüquqşünasdan XƏBƏRDARLIQ  

HÜQUQ

49

26.08.2026, 12:09

Vətəndaşların xəbəri və razılığı olmadan onların şəxsiyyət məlumatlarından istifadə edilərək adlarına fərdi sahibkarlıq (VÖEN) və ya hüquqi şəxs (MMC) qeydiyyata alınması hallarına rast gəlinir. Bu cür qanunsuz əməliyyatlar nəticəsində zərərçəkən şəxslər gözlənilmədən böyük vergi borcları, təqdim edilməmiş bəyannamələr, icra sənədləri və bank kreditləri ilə üz-üzə qalırlar. Bir çox hallarda vətəndaşlar adlarına yazılan borcları avtomatik olaraq öz öhdəlikləri hesab edərək təşvişə düşür və yanlış addımlar atırlar. Lakin hüquqi baxımdan şəxsin iradəsi, razılığı və faktiki imzası olmadan onun adına hər hansı maliyyə öhdəliyinin rəsmiləşdirilməsi ciddi qanun pozuntusu sayılır. Azərbaycan qanunvericiliyi bu cür hallarda vətəndaşlara öz hüquqlarını həm inzibati, həm də məhkəmə qaydasında effektiv müdafiə etmək imkanı verir. Mövcud risklərin qarşısını almaq üçün vətəndaşların ilkin mərhələdə doğru hüquqi strategiya seçməsi və operativ tədbirlər görməsi müstəsna əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında hüquqşünas Ellada Bayramova bildirib ki, şəxsin adının sənəddə göstərilməsi avtomatik olaraq onun həmin əməliyyatın real iştirakçısı və borclusu olması demək deyil:

“Vətəndaşın heç bir ərizə vermədiyi, təsis sənədlərini imzalamadığı, elektron imza ilə təsdiq etmədiyi və heç kimə etibarnamə vermədiyi halda onun təsisçi və ya qanuni təmsilçi kimi göstərilməsi normal hüquqi qeydiyyat prosesi sayıla bilməz. Belə vəziyyət şəxsiyyət vəsiqəsi məlumatlarının qanunsuz əldə edilməsi, saxta sənədlərin və ya imzaların hazırlanması, elektron imza vasitələrindən qanunsuz istifadə olunması nəticəsində yaranır”.

O qeyd edib ki, bu əməllər faktlardan asılı olaraq mülki, inzibati və ya cinayət məsuliyyəti yaradır. Əgər digər şəxsin adından istifadə edilməklə əmlak və ya əmlak hüququ əldə edilibsə, bu, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq tərkibi yaradır. Rəsmi sənədlərin, ştampların, möhürlərin saxtalaşdırılması və ya saxta sənədlərdən istifadə edilməsi halında isə Cinayət Məcəlləsinin 320-ci maddəsi tətbiq olunur.

'Fərdi məlumatlar haqqında' Qanunun 8.1-ci maddəsinə əsasən, fərdi məlumatların toplanılması və işlənilməsi üçün şəxsin razılığının alındığını sübut etmək vəzifəsi məlumatların mülkiyyətçisinin və ya operatorunun üzərinə düşür. Vətəndaş razılığı olmadan məlumatlarından istifadə edildikdə dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edə bilər.

Şirkət borcu və ya VÖEN üzrə öhdəlik kimin üzərinə düşür?

Hüquqşünasın sözlərinə görə, burada fərdi sahibkarla hüquqi şəxsi (MMC) kəskin ayırmaq lazımdır:

“Mülki Məcəllənin 52.1, 52.2 və 87.1-ci maddələrinə əsasən, hüquqi şəxs ayrıca hüquq subyektidir, öz öhdəlikləri üzrə öz əmlakı ilə cavabdehdir və MMC iştirakçıları cəmiyyətin öhdəliklərinə görə şəxsi əmlakları ilə məsuliyyət daşımırlar. Deməli, vətəndaşın xəbəri olmadan adına MMC yaradılıbsa, həmin MMC-nin borcu avtomatik olaraq vətəndaşın şəxsi borcu sayıla bilməz.

Əgər şəxsin adına fərdi sahibkar kimi VÖEN açılıbsa, sistemdə vergi borcu onun adına görünə bilər. Lakin bu, şəxsin könüllü razılıq verdiyini sübut etmir. Saxta sənəd və ya elektron imza ilə aparılmış qeydiyyat mübahisələndirilməli və vergi orqanının müvafiq qərarlarından Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində yuxarı vergi orqanına və ya məhkəməyə şikayət edilməlidir”.

Ellada Bayramova vurğulayıb ki, ən riskli hallardan biri vətəndaşın adına qanunsuz şirkət və ya VÖEN açıldıqdan sonra bank hesabı açılması və kredit götürülməsidir. Vətəndaş kredit müqaviləsini imzalamayıbsa və vəsaiti əldə etməyibsə, bankdan kredit ərizəsi, müqavilə, imza nümunələri, elektron identifikasiya məlumatları və vəsaitin köçürüldüyü hesablar tələb olunmalıdır. Saxtalaşdırma əlamətləri olduqda məsələ dərhal hüquq-mühafizə orqanlarına təqdim edilməlidir.

Vətəndaş öz adından qanunsuz istifadə edildiyini aşkar etdikdə hansı addımları atmalıdır?

Hüquqşünas Ellada Bayramova belə vəziyyətlə qarşılaşan vətəndaşlara mərhələli müdafiə planını təqdim edib:

1.Vəziyyəti dəqiqləşdirin: Adınıza VÖEN, fərdi sahibkarlıq, MMC təsisçiliyi, qanuni təmsilçilik, vergi borcu və ya bank hesablarının olub-olmadığını tam müəyyən edin.

2.Qeydiyyat sənədlərini tələb edin: Ərizə, nizamnamə, təsisçi qərarı, imza nümunələri və elektron təsdiq məlumatlarını əldə edin.

3.Vergi orqanına dərhal yazılı müraciət edin: Qeydiyyat barədə iradənizin olmadığını, sənədləri imzalamadığınızı bildirin və qanunsuz qeydiyyatın ləğvini, borcların silinməsini tələb edin.

4.Hüquq-mühafizə orqanlarına müraciət edin: Adınızdan qanunsuz istifadə, saxtakarlıq və dələduzluq faktı ilə bağlı polisə və ya prokurorluğa ərizə təqdim edin.

5.İmza və elektron izlərin ekspertizasını keçirin: Sənədlərdəki imzanın sizə aid olmadığını ekspertiza vasitəsilə sübuta yetirin.

6.Kreditorlara və banklara bildiriş göndərin: Banklara müqavilənin sizin iradəniz xaricində rəsmiləşdirildiyini yazılı şəkildə bildirin.

7.Məhkəməyə müraciət edin: İnzibati və ya mülki məhkəmə qaydasında qeydiyyatın etibarsız sayılmasını, vergi və kredit öhdəliklərinin ləğvini tələb edin.

8.Dəymiş zərərin ödənilməsini tələb edin: Pozuntu nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edin.

Ellada Bayramova əlavə edib ki, belə hallarda atılacaq ən böyük səhv yaranmış borcu dərhal ödəməkdir. Borcun ödənilməsi faktiki olaraq həmin öhdəliyin və qanunsuz qeydiyyatın vətəndaş tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilər. Əvvəlcə borcun hüquqi əsası araşdırılmalı, yalnız bundan sonra hüquqi müdafiə mexanizmləri işə salınmalıdır.

Çimnaz Telmanqızı