Qaynar xətt:

(+99450) 247 90 86

Murovdağda yaralanan QAZİ: "Təhsilini aldığım hərbi bilikləri real döyüşdə tətbiq etdim" - MÜSAHİBƏ

Murovdağda yaralanan QAZİ: \"Təhsilini aldığım hərbi bilikləri real döyüşdə tətbiq etdim\" - MÜSAHİBƏ

HƏRBİ

73

13.10.2026, 20:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

44 günlük Vətən müharibəsi Azərbaycanın müasir hərb tarixinə şanlı zəfər səhifəsi kimi həkk olundu. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda aparılan döyüşlər rəşadətli Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərimizin yüksək vətənpərvərlik ruhunu bütün dünyaya nümayiş etdirdi. Döyüşlərin ilk saatlarından etibarən cəbhənin müxtəlif istiqamətlərində irəliləyən ordumuz düşmənin illərlə qurduğu müdafiə xətlərini yararaq mühüm strateji yüksəklikləri nəzarətə götürdü. Xüsusilə Murovdağ silsiləsi və Kəlbəcər istiqamətində gedən amansız döyüşlər mürəkkəb relyef şəraitində cəsur döyüşçülərimizin göstərdiyi misilsiz igidliklərlə yadda qaldı. Müharibənin hər bir günü ön cəbhədə xidmət edən hərbi qulluqçularımızın qəhrəmanlıq dastanına çevrildi. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin və hər bir anı təhlükə ilə dolu olan döyüşlərdən keçən qazilərimizin xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Hər bir qazinin döyüş yolu gənc nəsil üçün əsl vətənpərvərlik və mərdlik məktəbidir.

Oxu24.com İkinci Qarabağ müharibəsi iştirakçısı, Kəlbəcər-Murovdağ istiqamətində gedən amansız döyüşlərdə yaralanmış qazi Qurbanəli İsmayılov ilə müsahibəni təqdim edir:

– Sentyabrın 27-si səhər saatlarında ordumuzun əks-hücum əmri veriləndə o anı necə qarşıladınız? Hərbi təhsil görmüş bir döyüşçü kimi ilk psixoloji reaksiyanız necə oldu?

– Müharibənin başladığı ilk gün mənim üçün sözlə ifadə edilməsi çətin və qəribə olan bir durumla yadda qaldı. Həmin an bir-birinə zidd bir çox duyğular – sevinc, həyəcan, böyük bir maraq və eyni zamanda təbii bir qorxu hissi iç-içə keçmişdi. İçimdəki sevinc hissinin qaynağı o idi ki, uzun illər boyu xalqımıza qarşı ədalətsizliklər edən, torpaqlarımızı zəbt edən mənfur düşməndən intiqam almaq, bu müqəddəs qisas yürüşündə pay sahibi olmaq fürsəti yaranmışdı. Həyəcan və marağımın səbəbi isə hərbi sahədə illərlə aldığım nəzəri təhsili, öyrəndiyim taktiki bilikləri ilk dəfə real döyüş meydanında, tətbiq edəcəyim idi. Amma real döyüş şəraitinin nə gətirəcəyini, qarşıda məni və döyüş yoldaşlarımı nələrin gözlədiyini bilmirdim. 

– Cəbhə bölgəsində keçirdiyiniz günlər, xüsusilə döyüş yoldaşlarınızla birlikdə yaşadığınız ən çətin və yaddaqalan anlar hansılar oldu?

– Mənim cəbhə xəttindəki aktiv döyüş yolum zaman baxımından qısa oldu – 2020-ci il sentyabrın 27-dən 29-dək davam etdi. Lakin bu üç günün hər dəqiqəsi böyük gərginlik və qəhrəmanlıq sınağı idi.

Sentyabrın 27-si döyüşlər başlayan kimi mən və iki döyüş yoldaşım mürəkkəb şəraitdə düşmənin mühasirəsinə düşdük.

Həmin an yanımda olan cəsur insanlardan biri sonradan zirvəyə ucalan Şəhid Baş leytenant Qənbər Qənbərli, digəri isə hazırda sağ olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ) Zamiq Qarayev idi.

Biz üçümüz tamamilə düşmən nəzarətində olan kənar ərazidə qalmışdıq. Çiyin-çiyinə verərək dərhal müdafiə mövqeyi tutduq və düşmənə qarşı müqavimət göstərməyə başladıq.

Həyata keçirdiyimiz çevik taktiki gedişlər sayəsində düşmənin bir neçə canlı qüvvəsini və bir ədəd hərbi avtomobilini zərərsizləşdirməyi bacardıq.

Sentyabrın 28-də isə düşmən arxasında irəliləyən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) cəsur hərbi qulluqçuları ilə qarşılaşaraq onlara qoşulduq.

– Müharibədə tam olaraq hansı istiqamətdə döyüşdünüz və yaralanmağınız necə baş verdi?

– Mən bilavasitə strateji baxımdan çox ağır və mürəkkəb relyefə malik olan Kəlbəcər-Murovdağ istiqamətində döyüş tapşırıqlarını yerinə yetirirdim.

Sentyabrın 28-dən 29-na keçən gecə komandanlıqdan gələn xüsusi əmrə əsasən, öz ana mövqələrimizə doğru geri hərəkət etməyə başladıq.

Sentyabrın 29-u səhər saatlarında hərəkətdə olarkən düşmən artilleriyası yerləşdiyimiz ərazini intensiv atəşə tutdu. Mərmilərin partlaması nəticəsində ağır yaralandım.

Xoşbəxtlikdən, həmin ərazidə olan XTQ-nin operativ heyəti dərhal müdaxilə edərək məni atəş xəttindən təxliyyə etdi. Ağır xəsarətlərim olduğu üçün noyabr ayının 8-dək ev şəraitində mütəmadi müalicə almağım üçün icazə verildi.

Hərbi hospitalda və evdə davam edən uzunmüddətli müalicə kurslarından sonra sağlamlıq vəziyyətimə görə ordu sıralarından təxris olunaraq ehtiyyata buraxıldım. İndi də bəzi bərpaedici müalicələrim davam etməkdədir.

– Göstərdiyiniz xidmətlərə və şücaətə görə hansı dövlət təltifləri və medallarla mükafatlandırılmısınız?

– Vətən qarşısındakı hərbi borcumu şərəflə yerinə yetirdiyimə görə dövlətimiz tərəfindən "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Vətən müharibəsi iştirakçısı" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişəm. Bu medallar mənim üçün müqəddəs Vətən torpağı uğrunda tökülən qanın və göstərilən fədakarlığın şərəf nişanəsidir.

Qurbanəli İsmayılov kimi minlərlə cəsur oğullarımızın göstərdiyi misilsiz fədakarlıq, döyüş meydanındakı əzmkarlıq və sarsılmaz iradə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin bünövrəsini təşkil etdi. Onların şərəfli döyüş yolları, mühasirə halqasını yararaq göstərdikləri şücaətlər gələcək nəsillər üçün qürur və ilham mənbəyidir. 

Torpaqlarımızı azadlığa qovuşduran müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyir, canını Vətən yolunda sipər edən, sağlamlığını itirən qazilərimizə möhkəm cansağlığı arzulayırıq! Vətən sizə minnatdardır! 

Çimnaz Telmanqızı