Müdafiə Nazirliyi məlumat yaydı
27 Sentyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
52
28.09.2026, 12:13
Azərbaycanın müasir tarixinə şanlı Zəfər səhifəsi kimi həkk olunan 44 günlük Vətən müharibəsi xalqımızın milli qürurunu, əyilməz iradəsini və sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi.
Otuz ilə yaxın bir müddətdə qəlbimizdə torpaq həsrəti, millətin bir an belə sönməyən qisas və ədalət hissiyyatı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həmin gün möhtəşəm Zəfər yürüşünə çevrildi.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhə boyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq rəşadətli Azərbaycan ordusu “Dəmir Yumruq” əməliyyatına start verdi. Bu, sadəcə növbəti hərbi toqquşma deyil, əsrlərlə yaddaşlarda yaşayacaq hərbi zəfərin, Vətən namusunun və tarixi ədalətin bərpası savaşı idi. Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi hər bir azərbaycanlının taleyində və yaddaşında silinməz izlər buraxaraq adını qızıl hərflərlə tarixə yazdı. Həmin günlərdə 50 milyonluq azərbaycanlı tək bir ürək kimi döyündü, arxa cəbhə ilə ön cəbhə sarsılmaz bir zəncirə dönərək düşmənə layiqli cavab verdi. Cəbhədə döyüşən igidlərimiz sıldırım qayaları, keçilməz istehkamları fəth edərək Vətən torpağının hər bir qarışını canı və qanı bahasına azadlığa qovuşdurdu. Bu müqəddəs müharibədə 3 minə yaxın qəhrəman atalarımız, qardaşlarımız, oğullarımız şəhadət şərbətini içdi, minlərlə igidimiz qorxusuz şücaəti ilə qazi adını qazandı. Şəhidlərimizin və qazilərimizin göstərdiyi misilsiz igidlik gələcək nəsillərə əbədi vətənpərvərlik və mənlik dərsi oldu. Bu gün biz qalib dövlətin, başıuca və müzəffər xalqın nümayəndələri kimi yaşayırıqsa, bu tarixi səadəti bizə bəxş edən həmin qəhrəmanlara borcluyuq. Vətən savaşında dastan yazan hər bir əsgərin keçdiyi döyüş yolu, yaşadığı həyəcan və dediyi hər bir kəlmə bizim üçün unudulmaz bir salnamədir.
Hər zaman müqəddəs şəhidlərimizin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə və bütün döyüş iştirakçılarına minnətdarlığımızı bildiririk.
Oxu24.com informasiya portalı olaraq, Zəfər tariximizin canlı şahidlərini dinləmək və onların qəhrəmanlıq hekayələrini oxucularımıza çatdırmaq bizim mənəvi borcumuzdur.
Oxucularımızı İkinci Qarabağ müharibəsinin cəbhələrindən keçmiş cəsur bir döyüşçünün xatirələri ilə tanış edirik. Müsahibimiz – müharibənin ilk günlərindən Murov dağından başlayan, Füzulidən keçərək Laçın dəhlizinədək şərəfli döyüş yolu qət edən Heydər Həsrət oğlu Fərəcovdur. O, cəbhənin ön xəttində gərgin döyüş sınaqlarından keçən, hər bir çətinliyi və bir qurtum suyu səngər yoldaşları ilə bərabər bölüşərək Son Zəfər gününədək mərdliklə vuruşan Vətən övladlarındandır.
Heydər Fərəcov bizimlə söhbətində ilk top səsini eşitdiyi anı, səngər qardaşlığını və qələbə müjdəsinin verildiyi o unudulmaz səhəri bütün səmimiyyəti ilə danışıb. Onun xatirələri 44 günlük Zəfərin arxasında duran böyük ruhu və sarsılmaz əsgər iradəsini bir daha aydın şəkildə gözlər önünə sərir. Həmin təsirli və tarixi müsahibəni oxucularımızın diqqətinə təqdim edirik:
– Müharibənin başladığı günü necə xatırlayırsınız? Döyüşə necə qoşuldunuz və ilk reaksiyanız necə oldu?
– Sentyabrın 26-sı bizim üçün tamamilə adi hərbi xidmət günlərindən biri kimi başlamışdı. Hər kəs öz gündəlik işi ilə məşğul idi; kimi silahını silib təmizləyir, kimi hərbi formasındakı söküyü tikir, qaydaya salırdı. Günortaya yaxın, saat 12:00 ilə 1:00 arası birdən hərbi hissədə təcili həyəcan siqnalı verildi və hamımızı sıraya düzdülər. Hərbi hissə komandirimiz sıranın qarşısına keçərək müharibənin başladığını elan etdi. O, bizi bu tarixi an münasibətilə təbrik edərək bildirdi ki, uzun illərdir gözlədiyimiz o şanlı gün artıq gəlib çatıb. Vurğuladı ki, Vətən qarşısındakı müqəddəs borcumuzu, üstümüzə düşən şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməli olduğumuz gün məhz bu gündür. Həmin günün həyəcanı içində biz hərbi avtomobillərə əyləşərək Murov dağı istiqamətinə – Goranboy rayonunun Quzluq kəndinə tərəf yola düşdük.
Düzünü desəm, ilk günlərdə qarşıda bizi nələrin gözlədiyini, həqiqətən də böyük bir müharibənin mərkəzinə atıldığımızı psixoloji olaraq tam dərk edə bilmirdim. Bizi silahlar, döyüş mərmiləri, zirehli jiletlər və kaskalarla tam təmin edib cəbhə zonasında yerləşdirdilər. İlk dəfə sentyabrın 27-si səhər saat 6 radələrində qulaqları batıran o dəhşətli top səslərini eşitməyə başladıq. Məhz həmin an anladıq ki, artıq həlledici müharibə başlayıb. Müharibənin ilk günlərində biz bir qədər arxa mövqelərdə yerləşdirilmişdik. Lakin çox keçmədən yuxarıdan – birbaşa qızğın döyüşlərin getdiyi ön xətdən yaralı əsgərlərimizin, qana bələnmiş şəhidlərimizin gətirildiyini öz gözlərimlə görəndə vəziyyətin ciddiliyini hiss etdim. Həmin an anladım ki, biz artıq adi bir təlimdə və ya xidmətdə deyilik, real bir savaşın tən ortasındayıq.
– Döyüş bölgəsində keçirdiyiniz günlərdən, xüsusilə də döyüş yoldaşlarınızla bağlı yaddaşınızda qalan hansı hadisələr var? Onlarla yaşadığınız ən yaddaqalan an nə olub?
– Müharibə başladıqdan bir neçə gün sonra bizim yerləşdiyimiz istiqaməti dəyişdilər və bizi Füzuli cəbhəsinə keçirdilər. Biz birbaşa Füzulidən döyüşə daxil olduq. Hərbi yolumuz Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində gərgin döyüşlərlə davam etdi. Döyüşün ilk dəqiqələrində, ilk atışmalarda içimizdə təbii bir həyəcan, gərginlik var idi. Amma günlər keçdikcə insan hər cür çətinliyə öyrəşir. Bir də görürsən ki, o dəhşətli müharibə mühiti sənə artıq adi bir gün kimi gəlməyə başlayır. Sanki hər gün normal işə gedib-gəlirsənmiş kimi, müharibənin də o dəhşətli ab-havasına – fasiləsiz atışmalara, avtomat səslərinə, gurultulu top atəşlərinə, başımızın üstündən keçən mərmilərdən yayınmağa vərdiş edirsən.
Döyüş bölgəsində yaddaşıma həkk olunan xatirələr həddindən artıq çoxdur. Ağrılı, pis xatirələri təzələyib danışmaq istəmirəm, amma bir şeyi xüsusi vurğulamalıyam ki, müharibə başlayandan sonra əsgərlər, döyüş yoldaşları arasındakı birlik, səmimiyyət və qardaşlıq hissi birə-beş, birə-on artdı. Müharibənin o amansız şəraitində insan artıq yalnız özünü düşünmür, öz canından çox yanındakı döyüş yoldaşının təhlükəsizliyini, onun vəziyyətini düşünür. Biz ön xəttin ən irəli istiqamətlərində hərəkət etdiyimiz üçün zaman-zaman təminatla, su və qida ilə bağlı ciddi çətinliklərimiz olurdu. Elə anlar olurdu ki, ən kritik vəziyyətdə əlimizdə olan cəmi bir butulka suyu 30 nəfər döyüşçü arasında bölüşdürməli olurduq. Hər birimiz həmin butulkanın kiçik plastik qapağına tökülən bir qurtum suyu içirdik. O bir qapaq su bizim üçün dünyalara bərabər idi və günlərlə bizi ayaqda saxlayırdı. Yeməyimizi, bir tikə çörəyimizi belə bir-birimizlə son qırıntısınadək bölüşürdük. Təəssüf ki, itkilərimiz də oldu; bizimlə çiyin-çiyinə döyüşən, eyni çörəyi kəsdiyimiz 15-ə yaxın döyüş yoldaşımız şəhadət şərbətini içərək gözlərimiz önündə şəhid oldu.
Müharibə dövründə həyatım boyunca unuda bilməyəcəyim ən dəhşətli və möcüzəvi an isə Qubadlı istiqamətində yaşandı. Biz cəbhənin ön xəttində, dağın təpəsində səngərlər qazıb mövqelənmişdik. Mənim yatdığım, sığındığım səngər düz erməni mövqeləri ilə üzbəüz istiqamətə baxırdı. Hamımız bir-birimizdən təxminən 10 metr məsafədə özümüz üçün səngərlər qazmışdıq. Bir dəfə səhər saatlarında komandirimiz bizi çağırdı və bildirdi ki, arxa tərəfdən, təminat bölüyündən aşağıya gedib katyollarda(böyük hərbi qazan) bişirilmiş isti yeməyi yuxarı – səngərlərə gətirmək lazımdır. Soruşdu ki, aşağı getməyə kim könüllü olmaq istəyir? Həmin səhər içimdə qəribə bir hiss doğuldu və özüm də bilmədən “Mən getmək istəyirəm” dedim. Yanıma bir döyüş yoldaşımı da götürüb iki nəfər aşağıya – təminat bölüyünün yanına yemək gətirməyə endik. Biz tam onların yanına çatan kimi düşmən qəfil ağır artilleriyadan, toplar və minamyotlardan bizi şiddətli atəşə tutdu. Hər tərəfə mərmilər yağdı... Yarım saatdan bir saata qədər torpağın üstündə, uzanmış vəziyyətdə başımızı qaldırmadan gözləmək məcburiyyətində qaldıq. Bizim artilleriyanın cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulduqdan sonra ayağa qalxdıq, yemək qazanlarını götürüb geriyə – dağın başındakı öz mövqelərimizə qayıtdıq. Səngərimə yaxınlaşanda gözlərimə inanmadım: düz mənim yatdığım, az əvvəl içindən çıxdığım səngərin tən ortasına minamyot mərmisi düşmüşdü. Səngərim yerlə-yeksan olmuşdu, tamamilə dağılıb yox olmuşdu. Həmin an bütün bədənimdən soyuq tər axdı. Anladım ki, əgər həmin səhər komandirə könüllü olaraq aşağı gedib yemək gətirmək istədiyimi bildirməsəydim, indi həmin səngərin içində sağ qalmazdım. Bu, sözün əsl mənasında Allahın məni qoruması, açıq bir möcüzə idi.
– Nə qədər müddət döyüşdə iştirak etdiniz? Hansı bölgələrdə idiniz?
– Mən müharibəyə elə ilk günlərdən qoşuldum və son gününədək ön xətdə vuruşdum. Noyabrın 10-da müharibənin bitməsi barədə bəyanat imzalandıqdan sonra biz Laçın istiqamətində, üzü Laçın koridoruna tərəf olan ən irəli mövqelərdə qaldıq. Hərbi tapşırığa əsasən, həmin strateji postlarda mövqeləndik. Müharibə rəsmən bitsə də, biz əlavə 20 gün də həmin çətin şəraitdə, postlarda keşik çəkdik. Yalnız dekabr ayında təhvil-təslim işləri başa çatdıqdan sonra sağ-salamat öz daimi hərbi hissəmizə qayıda bildik.
– Müharibənin son gününü və qələbə xəbərini necə xatırlayırsınız?
– Açığı, müharibənin həmin gün bitəcəyini heç birimiz gözləmirdik və bunu hiss etmirdik. Biz elə düşünürdük ki, döyüşlər hələ aylarla, uzun müddət davam edəcək. Həmin gecə də hər zamankı kimi postda dayanıb yatdıq. Səhər oyananda gördük ki, hərbi hissə komandiri bütün bölüyə təcili düzülüş əmri verdi. Həmin düzülüşdə komandir qarşımızda çıxış edərək bizə o möhtəşəm şad xəbəri elan etdi: Müharibə rəsmən bitdi! Düşmən diz çökərək kapitulyasiya aktını imzaladı və hərbi əməliyyatlar dayandırıldı! Həmin an biz Laçının kəndlərindən birində idik, bölüklər növbələşdiyi üçün istirahətə düşmüşdük. O an yaşadığımız sevinci, qüruru sözlə ifadə etmək mümkünsüzdür. Bir-birimizə sarıldıq, göz yaşları içində Qələbəni, torpaqlarımızın azad olunmasını və Böyük Zəfərimizi böyük təntənə ilə qeyd etdik.
– Vətən müharibəsində göstərdiyiniz şücaət və xidmətlərə görə dövlətimiz tərəfindən hansı medallarla təltif olunmusunuz?
– Vətən qarşısındakı xidmətlərimə və göstərdiyim şücaətə görə dövlətimiz tərəfindən 3 medal və 1 döş nişanı ilə təltif olunmuşam. “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və “Vətən müharibəsi iştirakçısı” döş nişanı ilə təltif edilmişəm. Bu medallar mənim üçün ömrümün ən şərəfli və müqəddəs xatirəsidir.
– Son olaraq, Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirən bir döyüşçü kimi, gənclərimizə və oxucularımıza nə demək istərdiniz?
– Biz səngərdə Vətən qarşısındakı borcumuzu verməyə çalışdıq, döyüş yoldaşlarımız – şəhidlərimiz isə bu yolda ən uca zirvəyə ucaldılar. Bu Zəfər onların qanı və canı hesabına yazıldı. Gənclərimizdən və oxucularımızdan istəyim odur ki, Vətənimizi hər şeydən çox sevsinlər, bu Zəfərin necə böyük fədakarlıqlar, qanlar və canlar hesabına qazanıldığını bir an belə unutmasınlar. Vətən bizi birləşdirən, ucaldan müqəddəs bir ocaqdır. Təki Vətənimiz var olsun, torpaqlarımız hər zaman əmin-amanlıq içində yaşasın və üçrəngli bayrağımız zirvələrdə daima dalğalansın!
Biz də Oxu24.com kollektivi olaraq mənəvi borcumuzu yerinə yetirərək Heydər Fərəcova və onun simasında Vətən torpaqlarının azadlığı uğrunda canından keçən, qan tökən bütün qəhrəmanlarımıza dərin minnətdarlığımızı bildiririk. Müqəddəs şəhidlərimizin əziz xatirəsi qarşısında bir daha dərin ehtiramla baş əyir, qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq. Zəfərimiz əbədi, dövlətimiz sarsılmaz olsun!
Müsahibəni apardı: Çimnaz Telmanqızı
12:22 / 28 Sentyabr 2026
13
12:18 / 28 Sentyabr 2026
27
12:00 / 28 Sentyabr 2026
38
11:54 / 28 Sentyabr 2026
51
11:40 / 28 Sentyabr 2026
46
11:31 / 28 Sentyabr 2026
120
11:27 / 28 Sentyabr 2026
130
11:23 / 28 Sentyabr 2026
52
11:20 / 28 Sentyabr 2026
144
11:15 / 28 Sentyabr 2026
54
11:13 / 28 Sentyabr 2026
48
11:00 / 28 Sentyabr 2026
58
11:00 / 28 Sentyabr 2026
54
10:57 / 28 Sentyabr 2026
62
10:55 / 28 Sentyabr 2026
48
10:37 / 28 Sentyabr 2026
58
10:34 / 28 Sentyabr 2026
361
10:32 / 28 Sentyabr 2026
104
10:28 / 28 Sentyabr 2026
51
10:19 / 28 Sentyabr 2026
56
10:14 / 28 Sentyabr 2026
60
10:12 / 28 Sentyabr 2026
64
09:59 / 28 Sentyabr 2026
321
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.