Ermənistanda insan haqları müdafiəçiləri 2018-ci il ərzində orduda qeyri-döyüş itkilərinin artdığını bildirir və ictimaiyyətdən "gizlədilmiş" itkiləri açıqlayır.
Oxu24.com "Kavkaskiy uzel"ə istinadən xəbər verir ki, hüquq müdafiəçiləri Artur Sakunts və Janna Aleksanyan ordudakı qeyri-döyüş itkilərinin artmasını komandanlığın cəzasızlığında, texniki və tibbi xidmətlərin pis hazırlığında görür.
Eyni zamanda hüquq müdafiəçiləri qeyd edirlər ki, son vaxtlar təmas xəttində gərginlik azalıb və nəticədə döyüş itkiləri də qeydə alınmır.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına görə 2018-ci ilin 9 ayı ərzində Ermənistan ordusunda və Dağlıq Qarabağdakı işğalçı qüvvələrin sıralarında 44 itki qeydə alınıb.Bunlardan 19-u Ermənistan Müdafiə Nazirliyinin hissələrinin payına düşüb, 21-i isə Dalıq Qarabağ "ordusunda" baş verib. Qalan 4 hərbçinin barəsində məlumatlar konkretləşdirilmir.
Habelə hüquq müdafiə təşkilatının hesabatına əsasən cəmi 34 halda hərbçilərin ölümü barədə informasiyalar KİV-lərdə dərc edilib və ya rəsmi mənbələr tərəfindən açıqlanıb. Qalan hallarda hərbçi ölümləri ictimaiyyətdən gizli qalıb.
Digər hüquq müdafiəçisi Janna Aleksanyan isə deyir ki, "məxməri inqilabdan" sonra Müdafiə Nazirliyində ancaq nazir dəyişib, orduda real dəyişikliklər isə hələ görünmür.
Onun sözlərinə görə, qeyri-döyüş itkilərinin əsas səbəbi komandan heyətinin cəzasızlığıdır. "Məsələn, elə hərbi hissə var ki, 3-4 belə itki qeydə alınıb, amma komandiri hansısa məsuliyyətə cəlb olunmayıb. Qətllərlə bağlı hallarda ancaq günahkar cəzalandırılır, komandan heyəti isə cəzasız qalır"-Aleksanyan deyib.
Oxu24.com
ŞƏRHLƏR