İran Trampı bu 2 ölkənin yardımı ilə məğlub etdi
09 Aprel 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
587
09.04.2026, 10:41
Son günlər Yaxın Şərqdə gərginliyin artması və regional münaqişə riskinin pik həddə çatması fonunda Pakistanın rəsmi bəyanatı beynəlxalq gündəmin mərkəzinə çevrilib. Rəsmi İslamabad hər hansı bir eskalasiya halında Səudiyyə Ərəbistanının yanında yer alacağını və onu hərbi yolla müdafiə edəcəyini bəyan edib. Bu addım sadəcə iki ölkə arasındakı müttəfiqlik deyil, həm də İslam dünyasındakı güc balansının və enerji bazarlarının gələcəyi baxımından strateji əhəmiyyət kəsb edir. Xüsusilə ABŞ, İran və İsrail üçbucağında baş verən hərbi toqquşmalar fonunda Pakistanın bu qətiyyətli mövqeyi "Şərqin hərbi çətiri" kimi qiymətləndirilir.
Oxu24.com xəbər portalı olaraq, bu mürəkkəb geosiyasi vəziyyəti və Pakistanın "vasitəçilik şücaətini" təhlil etmək üçün politoloqların şərhlərini öyrəndik.
Elşad Mirbəşiroğlu: "Pakistan Strateji Öhdəliklərinə Sadiq Olduğunu Bir Daha Sübut Etdi"
Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə Pakistanla Səudiyyə Ərəbistanı arasında artıq uzun müddətdir davam edən sırf müdafiə sahəsində əməkdaşlıq, öhdəlikləri mövcuddur:
“Belə ki, Səudiyyə Ərəbistanı ilə Pakistan arasında strateji müdafiə razılaşması mövcuddur. Yəni, bunu təxminən NATO nizamnaməsinin 5-ci maddəsi ilə müqayisə etmək olar.
Tərəflərdən hər hansı birinə hücum edilərsə və yaxud hər hansı biri silahlı qarşıdurma tərəfinə çevrilərsə, o zaman digər tərəf onu müdafiə etmək öhdəliyinə malikdir. Əslində bu razılaşmada tərəflərin mütləq şəkildə bir-birlərini hərbi cəhətdən dəstəkləməsini şərtləndirəcək müddəalar mübahisələndirilə bilər. Amma Pakistanın bu bəyanatı, hesab edirəm ki, hər şeydən öncə onu göstərir ki, bu ölkə strateji münasibətlərinə, öhdəliklərinə sadiqdir. Həqiqətən də, Pakistan etibarlı tərəfdaşdır. Elə bunu Azərbaycan da hər zaman müşahidə edib və iki ölkə arasındakı qarşılıqlı qardaşlıq münasibətləri hər zaman aydın müşahidə olunub.
Səudiyyə Ərəbistanı və Pakistan arasındakı strateji müdafiə haqqında razılaşmaya gəldikdə isə, Pakistan məhz o razılaşmaya sadiq qaldığını növbəti dəfə xatırladıb. Amma həqiqətən də burada sual nədən ibarətdir? Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatları tərəfindən münaqişəyə qoşulardımı və yaxud qoşulma ehtimalı varmı bundan sonra? Düşünürəm ki, Səudiyyə Ərəbistanı birbaşa İranla hərbi qarşıdurma vəziyyətinə gəlməyəcəkdi. Və İran tərəfdən Səudiyyə Ərəbistanının ərazisinə də, Amerika Birləşmiş Ştatlarının mövqelərinə zərbələr endirildi.
Səudiyyə Ərəbistanı çox aydın, gözəl dərk edir ki, bu, Səudiyyə Ərəbistanına qarşı yönəlmiş hücumlar deyil. Bu, sadəcə olaraq Səudiyyə Ərəbistanı ərazisindəki Amerika Birləşmiş Ştatlarının bazalarına və yaxud mövqelərinə yönəlmiş hücumlardır. Ona görə birbaşa qarşıdurma vəziyyətinə gəlməyəcəkdi. Əgər Pakistan bütün hallarda, hər hansı bir formada silahlı qarşıdurmaya cəlb olunmuş olsaydı, sözsüz ki, bu, Amerika Birləşmiş Ştatlarını çox məmnun edərdi.
BMT-nin isə baş verənlərlə bağlı mövqeyi, bir qayda olaraq, sakitləşdirici mövqedir. Yəni ki, ciddi bir təsir gücünə malik deyil. Ona görə də hesab edirəm ki, indiki baş verən proseslər fonunda BMT-nin sərgiləyəcəyi mövqe təsirli amil rolunda çıxış etməyəcəkdi.
O ki qaldı enerji bazarlarına, bunun təsiri məsələsinə, ümumiyyətlə, ABŞ-nin İrana hücum etməsi bütövlükdə regionda enerji bazarlarına öz ciddi təzyiqlərini göstərdi. Bildiyimiz kimi, neftin qiyməti 110-120 dollara qədər yüksəldi. Bu da enerji daşıyıcılarından asılı olan ölkələrin iqtisadiyyatlarına ciddi təzyiqlər yaratdı. Ayrıca olaraq, İran tərəfindən Hörmüz boğazının bağlanması da daha çox neft və enerji bazarlarına, eyni zamanda digər istehlak bazarlarına da ciddi təsir göstərdi. Çünki, dünya enerji bazarlarına çıxarılan neftin təxminən 20%-nə qədəri Hörmüz boğazından keçir. Eləcə də digər istehlak məhsulları da bu boğaz vasitəsilə daşınır. Bu da ümumilikdə iqtisadi vəziyyətə, sosial-iqtisadi duruma öz mənfi təsirlərini göstərdi. Və Səudiyyə Ərəbistanının müharibəyə qoşulacağı təqdirdə, güman etsək ki, Pakistanın da Səudiyyəni dəstəkləməsi bütövlükdə, əlbəttə ki, bu ağır vəziyyəti daha da ağırlaşdırdı”.
Həmçinin oxuyun
Daha sonra politoloq Tofiq Abbasov mövzu ilə bağlı diplomatik pərdəarxası məqamları şərh edib:
"Pakistan Diplomatiyası Böyük Uğur Əldə Edərək Tərəfləri Masa Arxasına Çəkdi"
Politoloq Tofiq Abbasov isə bildirir ki, Pakistan diplomatiyası çox böyük uğur əldə etdi:
“Rəsmi İslamabad göstərdi ki, o, həqiqətən də tarixin işıqlı tərəfindədir və Şahbaz Şərif baş nazir kimi böyük şücaət göstərdi. Yəni, təkidlə həm Trampa təsirini göstərdi, həm də İran tərəfinə təsirini göstərdi və bildirdi ki, bunlar gərək atəşi dayandırsınlar və masa arxasında otursunlar.
İndi bu danışıqlar, Pakistanın vasitəçiliyi ilə keçiriləcek, hətta İslamabadda keçiriləcək. İndi bəlli deyil, hələ birbaşa təmaslar olacaq, yoxsa vasitəçilərin iştirakı ilə - fərqi yoxdur. Əsas odur ki, bu iki həftədə müharibə iştirakçıları çalışacaq ki, İslamabad bax bu prosesdə əməli nəticə təqdim eləsin.
Əsas hücumların qarşısı alınmalıdır. Təbii ki, BMT-nin də burada səsi çıxdı, Antonio Quterreş birmənalı şəkildə atəşkəs rejimini dəstəklədi. Digər tərəfdən də, Amerika və İsrail tora düşüblər. Onlar İrana hücum edərək qanunları ciddi şəkildə pozublar və həm də bu dolayısı ilə Avropa ölkələrinə bir dəstəkdir ki, onlar bildirdilər: “Bu bizim müharibə deyil, biz bu müharibədə iştirak etməyəcəyik”.
Yəni burada, demək olar ki, Amerika ilə İsrail sözün əsl mənasında təkləndilər. Və Amerika Birləşmiş Ştatlarının körfəz ölkələrinin, ərəb ölkələrinin maraqlarını İsrailə qurban verməsi də özünəməxsus əcaib bir təcrübədir. Onu ərəblər özləri də başa düşdülər və gördülər ki, onların cibindən Amerika Birləşmiş Ştatları vəsaitlər də xərcləyərək heç də onların təhlükəsizliyini yox, İsrailin təhlükəsizliyini və onun maraqlarının qulluğunda dayanıb.
Ona görə də hesab edirəm ki, bu proseslərdə yalnız və yalnız səlis diplomatiya öz səsini qaldırmalıdır, sözünü deməlidir ki, bir də belə dəhşətlər baş verməsin. Digər tərəfdən isə, enerji bazarlarında, əlbəttə ki, biz gördük Tramp çox tez-tez tvitlər yazırdı sosial şəbəkələrdə, hesablarında. Və bəlli olduğuna görə, onun ailə üzvləri o kotirovkaların, yəni məzənnələrin qalxıb-enməsində özləri böyük imkanlar əldə eləyirdilər: oğlanları, onun yaxın əlaqədə olduğu adamlar, sonra qohum-əqrəbəsi və s. Elə Tramp özü də o pullardan qazanırdı.
Yəni bu heç də yaxşı bir hal deyil və eləcə də təqdir olunmur. Çünki, evdə oturub tvit yazdığı halda, onun ətrafında kim olur? Ailə üzvləri olur. Və onlar öz səhmlərinin taleyini bilərək o hərraclarda iştirak edirlər və elə oğlu – ən kiçik oğlu müharibə öncəsi bu hərraclardan 30 milyard pul əldə edib.
Bunlar hamısı nəzərə alınır. Amma indi, atəşkəs rejimi elan olunduqdan dərhal sonra neftin qiyməti düşdü. Və təbii ki, bu enmələr səhmlərin də qiymətinə təsir göstərir. Səhmlər ola bilsin ki, bir qədər qalxsınlar. Amma hər halda, əsas amil kimi burada sabitliyin çökməsidir, təhlükəsizliyin qorunmasıdır ki, birincisi Fars körfəzindən, Hörmüz boğazından gediş-gəliş artıq bərpa olunsun, digər tərəfdən ölkələr öz ehtiyaclarını ödəsinlər. Çünki, elə məmləkətlər var ki, birincisi yanacaq-enerji baxımından artıq defisitdədirlər, digərləri kənd təsərrüfatı sektoru, xüsusilə bu gübrələrin çatışmazlığı ilə artıq həyəcan təbili çalırlar. Və onlar da çalışırlar ki, bax bu proseslər tezliklə dayansın, müəyyənlik bərqərar olsun və köhnə qaydalar yenidən işlək vəziyyətə gəlsin.
Yəni söhbət ondan gedir ki, istehlakdır, sonra istehsaldır, sonra mübadilədir – bunlar axsamasın. Və mən belə başa düşürəm ki, bu proseslərin hamısında indi sağlam ruh, sonra çox şəffaf yanaşmalar öz rolunu oynamalıdır. Və Amerika Birləşmiş Ştatlarının diplomatiyası gərək bu proseslərdə bir qədər məsuliyyətli olsun və üçüncü dövlətlərin fitvasına gedərək dünya nizamını ciddi şəkildə pozmasın.
İndi Donald Tramp nə qədər deyəcək ki, “Mən artıq qalibəm”. Ona yalnız və yalnız alqış yağdırmaq lazımdır ki, sevinsin. Yəni biz görürük, o bütün proseslərə, necə deyərlər, eşitmə qabiliyyəti ilə yanaşır. Kim ki bunu tərifləyir, sanki ruhən canlanır, çox yaxşı hisslər keçirir, yaşayır, emosional cəhətdən bir qədər yüksək bir səviyyəyə qalxır. Yəni əgər belə bir zəifliyi varsa, ona yalnız və yalnız əl çalmaq lazımdır, alqışlamaq lazımdır”,-deyə politoloq fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
12:00 / 09 Aprel 2026
8
11:50 / 09 Aprel 2026
25
11:48 / 09 Aprel 2026
32
11:20 / 09 Aprel 2026
37
11:16 / 09 Aprel 2026
58
11:05 / 09 Aprel 2026
48
10:59 / 09 Aprel 2026
679
10:49 / 09 Aprel 2026
67
10:38 / 09 Aprel 2026
53
10:32 / 09 Aprel 2026
98
10:30 / 09 Aprel 2026
81
10:28 / 09 Aprel 2026
57
10:26 / 09 Aprel 2026
62
10:07 / 09 Aprel 2026
1894
10:05 / 09 Aprel 2026
62
10:02 / 09 Aprel 2026
75
09:20 / 09 Aprel 2026
78
09:19 / 09 Aprel 2026
71
00:52 / 09 Aprel 2026
330
00:25 / 09 Aprel 2026
305
23:55 / 08 Aprel 2026
270
23:50 / 08 Aprel 2026
473
23:43 / 08 Aprel 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.