Qaynar xətt:

(+99450) 247 90 86

Bank kartlarına qoyulan məhdudiyyətlə bağlı MÜHÜM DETALLAR  

Bank kartlarına qoyulan məhdudiyyətlə bağlı MÜHÜM DETALLAR  

CƏMİYYƏT

44

25.09.2026, 22:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünən Azərbaycanda bəzi bankların eyni kateqoriyaya aid bank kartlarının bir müştəriyə birdən çox satışının məhdudlaşdırıldığı elan edildi. Daha sonra Azərbaycan Banklar Assosiasiyası məsələyə aydınlıq gətirdi və bildirdi ki, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.

Məsələni Oxu24.com -a şərh edən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, kartların sayına, mədaxil əməliyyatlarına və müxtəlif istifadə imkanlarına ardıcıl məhdudiyyətlər gətirilir.

Onun fikrincə, bu prosesin kiçik sahibkarların kartdan-karta ödəniş qəbul etməsinə də ciddi təsiri ola bilər:

“Bu gün çoxlu sayda kiçik sahibkar, fərdi xidmət göstərən şəxs və mikro biznes gündəlik fəaliyyətini kartdan-karta ödənişlərlə həyata keçirir. Onlar üçün hər yeni limit əlavə xərc, əlavə prosedur və əlavə izahat deməkdir. Böyük şirkət üçün bu, texniki məsələ ola bilər, amma gündəlik müştəridən ödəniş alan kiçik sahibkar üçün birbaşa biznes məsələsidir. Bu edilən məhdudiyyətlərin səbəbi məhz bu halların qarşısının alınmasıdır.

Biz Azərbaycanda həmişə nəticələrin üzərində baş sındırırıq, səbəblərin üzərində yox. Sahibkar axı niyə vergidən yayınmağa cəhd edir? Niyə dövriyyəsini tam göstərmək istəmir? Bu davranışa haqq qazandırmaq olmaz, amma onun iqtisadi səbəblərini araşdırmadan problemi həll etmək də mümkün deyil.

Azərbaycanda nə etsən də, məhsul və xidmətin istehsal maya dəyəri yüksək başa gəlir. Sahibkar xammal, enerji, logistika, icarə, əməkhaqqı, bank xidmətləri və digər xərclərlə üzləşir. Eyni zamanda satış qiymətini istədiyi qədər artırmaq imkanına malik deyil. Alıcının ödəmə qabiliyyəti və bazardakı rəqabət qiymətə ciddi sərhəd qoyur. Nəticədə xərclər artır, qiyməti artırmaq imkanları məhdud qalır, qazanc marjası isə sıxılır”.

Ekspertin sözlərinə görə, bu proses bir-birini tamamlayan səbəblər zənciri yaradır:

“Maya dəyəri yüksəldikcə sahibkarın qazanc marjası azalır. Qazanc azaldıqca leqal fəaliyyətin yaratdığı vergi və digər xərclər daha ağır hiss olunur. Bu da bəzi sahibkarlarda dövriyyənin bir hissəsini gizlətmək və ya nağd hesablaşmaya üstünlük vermək meyli yarada bilər. Nəticədə kölgə iqtisadiyyatı genişlənir, dövlət nəzarəti sərtləşdirir, nəzarət mexanizmləri artdıqca isə sahibkarın üzərinə əlavə inzibati yük düşür. Beləliklə, sistem problemin səbəbini aradan qaldırmaq əvəzinə nəticə ilə mübarizə aparan qapalı dövrəyə çevrilir.

Ən təhlükəli məqam bu dövrənin özünü təkrar etməsidir. Nəzarət sərtləşdikcə leqal fəaliyyət sahibkar üçün daha baha və mürəkkəb olursa, problemin iqtisadi səbəbi aradan qalxmır. Sadəcə davranış forması dəyişir.

Kartdan-karta əməliyyatların məhdudlaşdırılması da bu baxımdan qiymətləndirilməlidir. Kiçik sahibkar üçün kart çox vaxt müştəridən ödəniş qəbul etdiyi ən əlçatan vasitədir. Bu kanala əlavə məhdudiyyət qoyulduqda onun qarşısında daha çox prosedur, əlavə bank xərcləri və ya alternativ hesablaşma üsulları yaranır”.

A.İbrahimov hesab edir ki, əgər məqsəd kölgə iqtisadiyyatını azaltmaqdırsa, sahibkarı nağda və qeyri-rəsmi hesablaşmalara yaxınlaşdıran səbəblər aradan qaldırılmalıdır: “Sahibkara daha çox nəzarət etməkdən əvvəl onun niyə kifayət qədər qazanc əldə edə bilmədiyini araşdırmaq lazımdır. Qazanc əldə edə bilməyən sahibkara daha çox nəzarət etmək onun qazancını artırmır.

Bunun üçün istehsal və xidmət xərcləri, maliyyələşmə imkanları, bank komissiyaları, icarə, logistika və digər biznes xərcləri ilə yanaşı, vergi yükünün sahibkarın real mənfəətinə təsiri də qiymətləndirilməlidir. Sahibkar leqal işləməklə normal qazanc əldə edə bilirsə, şəffaf fəaliyyət göstərmək üçün onun iqtisadi motivasiyası da güclənir.

Yox əgər biz yalnız nəticə ilə mübarizə aparacağıqsa, sabah kartdan-karta əməliyyatını məhdudlaşdıracağıq, bir gün sonra başqa ödəniş kanalına limit qoyacağıq, daha sonra başqa mexanizm tapacağıq. Çətin olan iş elə iqtisadi mühit yaratmaqdır ki, sahibkar vergidən yayınmağa ehtiyac duymasın, leqal işləsin, qazansın və qazancından vergi ödəməkdə maraqlı olsun”.

Digər iqtisadçı ekspert Eldəniz Əmirov isə hesab edir ki, hər müştəriyə yalnız bir bank kartı veriləcək xəbəri doğru deyil. O bildirib ki, ümumiyyətlə, belə bir məhdudiyyət də düzgün olmazdı.

587804“Əslində real məsələ başqa cürdür. Yeni yanaşmaya əsasən, hər bankın hər bir kart məhsulu üzrə bir müştəriyə manatla 1 kart, hər bir xarici valyutada isə 1 kart verilməsi baza qayda kimi müəyyən edilir. Yəni bu, bir şəxsin həmin bankda yalnız bir kartının ola biləcəyi demək deyil. Bankın müxtəlif kart məhsulları varsa, müştəri onların hər biri üzrə ayrıca kart əldə edə bilər.

Əməkhaqqı, pensiya və digər sosial ödəniş kartları, eləcə də sahibkarlıq və depozit hesablarına bağlı kartlar bu yanaşmadan istisnadır”.

Ekspert vurğulayıb ki, bundan başqa, bu limit də mütləq deyil: “Müştərinin əlavə karta ehtiyacı əsaslandırıldıqda və bank əməliyyatlarda risk görmədikdə əlavə kartın verilməsi mümkündür. Yəni söhbət bank kartlarının sayının ümumi şəkildə məhdudlaşdırılmasından deyil, eyni kart məhsulu üzrə kartların sayına risk əsaslı yanaşmanın tətbiqindən gedir.

Məsələn, bir müştərinin eyni bankda manatla debet kartı, kredit kartı, dollarla debet kartı, əməkhaqqı kartı, depozit hesabına bağlı kartı və digər fərqli kart məhsulları ola bilər. Başqa sözlə, qaydalara uyğun olaraq bir müştərinin eyni bankda hətta 6-7 və ya daha çox kartının olması mümkündür.

Üstəlik, ölkədəki 20-yə yaxın bankdan oxşar kart məhsullarını əldə etmək imkanını nəzərə alsaq, nəzəri olaraq bir şəxsin hətta 100-dək bank kartının olması da mümkündür”.