Qaynar xətt:

(+99450) 247 90 86

NAKAM ŞAİR MUSA QUBADLI  -  İlham Qəhrəmanın yazısı

NAKAM ŞAİR MUSA QUBADLI  -  İlham Qəhrəmanın yazısı

CƏMİYYƏT

32

25.09.2026, 11:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İlham Qəhrəman yazır:

Demək, dostlar, mənə həsr etdiyi portreti götürmək üçün Sumqayıta rəssam Fazil Abaszadənin emalatxanasına getmişdim. Söhbət əsnasında Fazil bəy mənə əldə cildlənmiş bir kitab göstərdi. Məlum oldu ki, kitabda nakam şair Musa Qubadlının 78 şeiri toplanıb. Musa Qubadlı (Musa Balaş oğlu Məmmədov) 1952-ci ildə Xıdırlıda anadan olub, 1972-ci ildə əsgər kimi xidmət etdiyi Ukraynanın Pervomayski şəhərində bədbəxt hadisə zamanı – göldə batan  iki qızı xilas edərkən – dünyasını dəyişib. Körpəlikdən yetim qalan Musanı Cılfır kəndində yaşayan ana nənəsi saxlayıb. Həmin kəndin 8 illik məktəbini bitirən gənc Musa 1968-ci ildə Naxçıvan Dövlət Pedaqoji texnikumuna daxil olub. 1971-ci ildən Xıdırlıya qayıdıb kənd məktəbində müəllim işləyib. Nakam şairin çox coşqun təbi olub, fikirlərini obrazlı ifadələrlə misralara köçürüb. Şeirlərində Qubadlının əsrarəngiz gözəlliklərini və tarixi şəxsiyyətlərini ayrıca bir məhəbbətlə vəsf edib. Yadımdadır Eldar Baxış rəhmətlik Musa Qubadlıdan yeri gəldikcə söz salardı. Fazil bəy dedi ki, əllə düzəldilən bu kitabdakı şeirləri çap etmək istəyirlər. Məsləhət belə oldu ki, mən kitabda sonradan Ələsgər Həsənli tərəfindən aparılan redaktəni (əl yazısı) komüterdə bərpa edim. Bu işi dolayısıyla həm də redaktə hesab etmək olar.

Çox sevinirəm ki, gənc yaşında dünyadan köçən şairin irsindən toplanan şeirlərin yaxın gələcəkdə kitab halında işıq üzü görməsində mənim də zəhmətim olacaq. Təəssüflə qeyd edim ki, internet resurslarında axtarış zamanı Musa Qubadlı haqqında heç bir məlumat çıxmadı. Fazil müəllim şairin bacısınının həyatda olduğunu dedi. Yəqin bacısı bizə onun şəklini göndərər. Şeirlərin bir çoxunun altında yazıldığı məkan və çap olunan mətbu orqanlar qeyd edilib. Qeydlərdə rast gəlinən məkan adları aşağıdakılardır: Naxçıvan “Avanqard” qəzeti, Naxçıvan (ən çox), Biçənək, Ukrayna SSR, Pervomayski, Qubadlı, Xıdırlı, Batabat. 

Burdan üzümü Musa Qubadlını tanıyanlara tutub deyirəm ki, kimdə şairin əlyazması varsa, onu bizə göndərsin. Bu böyük bir xeyirxahlıq olardı. Əlimizdə şairin 78 şeiri var. Fazil müəllimin dediyindən belə məlum oldu ki, vaxtilə Eldar Baxış Musa Qubadlının şeirlərini toplayıb hansısa nəşriyyata verib. Belə bir inamımız da var ki, ola bilər ki, kimsə həmin əlyazmalardan xəbər verə. 

P.S. Paylaşımda  şairin “Qubadlıyam” şeirini və kağızların arasından tapdığım uşaqlıq şəklini də (sağdakı Musadır) dəyərli dostlara təqdim edirəm.

QUBADLIYAM

Qubadlıyam!

“Yazı düzü” səxavətim,

“Səlkin” dağı sərtliyimdir.

Həcər xanım məhəbbətim, sədaqətim,

Qaçaq Nəbi igidliyim, mərdliyimdir.

Qubadlıyam!

gen dərələr dərinliyim,

Qarağacın meşələri 

              sərinliyim.

Başı qarlı məğrur dağlar 

                         ucalığım,

Sifətinə qırış düşmüş

qayaları qocalığım.

Qubadlıyam!

cəlalımı hər kim görsə 

                 heyran qalar,

Bığıburma oğlanlarım,

qaragözlü qızlarım var.

Qubadlıyam!

mənim igid övladlarım,

Düşmənlərin qarşısında baş əyməyib,

Əlsizlərə əl uzadıb, əl dəyməyib.

Nigar