Qaynar xətt:

(+99450) 247 90 86

Tamam Cəfərova: Prezidentin Dublin görüşləri Azərbaycanın fəal diplomatik mövqeyinin göstəricisidir  

Tamam Cəfərova: Prezidentin Dublin görüşləri Azərbaycanın fəal diplomatik mövqeyinin göstəricisidir  

SİYASƏT

52

15.11.2026, 12:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müstəqil siyasət yürüdən Azərbaycanın qatıldığı “Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji, nəqliyyat və digər sahələrdə tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.  Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, ilk növbədə regional və qlobal məsələlərin həllində rolunun genişlənməsi ilə bağlıdır. Bu maraq dövlət və hökumət başçılarının, Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, Prezident İlham Əliyevlə görüşlərində və yeni əməkdaşlıq təşəbbüslərində özünü göstərir. Azərbaycanın coğrafi mövqeyi, qovşaq missiyasını həyata keçirməsi, böyük potensialı, getdikcə artan geosiyasi çəkisi, təhlükəsizlik aritektirasına sahiblənməsi, nəqliyyat və logistika dəhlizlərinə malik olması, enerji resursları, nəhəng “yaşıl enerji” imkanları ölkəmizi Avropa üçün daha da cəlbedici edir. Amma paralel şəkildə İlham Əliyev şəxsiyyəti dövlətimizə və dövlət başçımıza olan diqqəti bütün beynəlxalq platformalarda artırır.

Bu fikirləri Oxu24.com-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ASB sammitlərində iştirakı və onların çərçivəsində keçirdiyi çoxsaylı yüksək səviyyəli görüşlər Azərbaycanın Avropa siyasi məkanındakı fəal diplomatik mövqeyini nümayiş etdirir.

Təxminən 50 dövlət və hökumət başçısını bir araya gətirən bu toplantı Avropanın təhlükəsizlik, enerji, iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları ilə bağlı prioritetlərinin müzakirəsi baxımından mühüm siyasi platformadır. Belə bir platformada Prezident İlham Əliyevin iştirakının davamlı xarakter aldığını qeyd edən millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Dublində dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərin siyahısı da kifayət qədər genişdir.

Bu xüsusda Sammit çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüşü xüsusi vurğulayan Tamam Cəfərova bildirib ki, Ermənistan rəhbəri ilə təmas Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, regionda davamlı sülhün təmin olunması və əldə edilmiş razılaşmaların praktiki müstəvidə həyata keçirilməsi baxımından mühüm siyasi əhəmiyyət kəsb edir.

Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaların davamı olaraq keçirilən bu görüş tərəflərin sülh gündəliyinin praktiki müstəvidə irəlilədilməsinə sadiqliyini təsdiqləyir. Müzakirələr zamanı nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi və ticarət münasibətləri, sərhədlərin delimitasiyası, etimad quruculuğu tədbirləri, eləcə də TRIPP layihəsinin dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması məsələləri diqqət mərkəzində olub. Görüşün mühüm məqamlarından biri Azərbaycan ərazisindən Ermənistana və əks istiqamətdə yüklərin tranzitinin müsbət inkişaf kimi qeyd edilməsidir. 2025-ci ilin noyabrından etibarən Azərbaycan ərazisi vasitəsilə Ermənistana ümumilikdə 105 min ton yükün daşınması ölkəmizin regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində nümayiş etdirdiyi konstruktiv mövqeyin real göstəricisidir. 

Millət vəkilinin sözlərinə görə, elektrik şəbəkələrinin gələcək qarşılıqlı bağlantısı, transsərhəd çayların idarə olunması və ekoloji əməkdaşlıq məsələlərinin də müzakirə edilməsi sülh gündəliyinin yalnız siyasi dialoqla məhdudlaşmadığını, geniş iqtisadi və humanitar məzmun daşıdığını göstərir. Əlbəttə, davamlı sülhün təmin olunması üçün əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi, qarşılıqlı öhdəliklərə əməl olunması və regionda etimad mühitinin möhkəmləndirilməsi vacibdir. Azərbaycan bütün mərhələlərdə sülhün alternativsiz olduğunu bəyan etməklə yanaşı, bu məqsədə nail olmaq üçün konkret addımlar atır. Bakı ilə İrəvan arasında dialoqun davam etdirilməsi, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin inkişafı Cənubi Qafqazda yeni reallıqların formalaşmasına, regionun qarşıdurma məkanından əməkdaşlıq məkanına çevrilməsinə xidmət edir.Dublin səfərinin digər mühüm siyasi və diplomatik nəticəsi Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması və tərəflər arasında mübadilə edilməsi oldu. Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhamın görüşü zamanı qəbul edilən bu sənəd iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsinin rəsmi təsdiqidir. 

Deputat əlavə  edib ki, noyabrın 12-də Dublində mübadilə edilmiş sənəd Azərbaycan–Böyük Britaniya münasibətlərində, Bakının xarici siyasət strategiyasında və Qərbin Cənubi Qafqaza yanaşmasında baş verən dəyişikliklər baxımından qiymətləndirilməlidir. O xatırladıb ki, ikitərəfli əlaqələrin möhkəmlənməsində 1994-cü ildə Heydər Əliyevin Londona ilk rəsmi səfəri zamanı imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Bəyannamə və həmin ilin sentyabrında bağlanmış “Əsrin müqaviləsi” xüsusi rol oynayıb. Əslində, Azərbaycan-Böyük Britaniya münasibətləri uzun illərdir strateji tərəfdaşlıq xarakteri daşıyır. Yeni Bəyannamə isə bu əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir, mövcud  potensialın yeni istiqamətlər üzrə reallaşdırılması üçün geniş imkanlar yaradır. Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəm təməli uzun illər ərzində formalaşmış qarşılıqlı etimada, siyasi dialoqa və iqtisadi əməkdaşlığa söykənir. Xüsusilə enerji sahəsində 30 ildən artıq davam edən uğurlu tərəfdaşlıq bu əlaqələrin ən mühüm istiqamətlərindən biridir. Böyük Britaniya Azərbaycanın enerji sektoruna ən böyük Avropa investoru kimi ölkəmizin iqtisadi inkişafında, enerji infrastrukturunun formalaşmasında və beynəlxalq enerji bazarlarına inteqrasiyasında mühüm rol oynayıb. Azərbaycanın zəngin enerji resurslarının dünya bazarlarına çatdırılmasında, enerji təhlükəsizliyinin təmin edilməsində və ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmləndirilməsində Britaniya şirkətlərinin iştirakı xüsusi əhəmiyyət daşıyır. Lakin, bu əməkdaşlığın perspektivləri ənənəvi enerji sektoru ilə məhdudlaşmır. Dünyada enerji keçidinin sürətləndiyi, yaşıl iqtisadiyyatın və innovativ texnologiyaların strateji əhəmiyyətinin artdığı indiki dövrdə Azərbaycan və Böyük Britaniya arasında yeni əməkdaşlıq istiqamətləri üçün əlverişli imkanlar mövcuddur. Azərbaycanın bərpaolunan enerji potensialı, xüsusilə Xəzər dənizinin külək enerjisi imkanları, yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində həyata keçirilən layihələr və ölkəmizin rəqəmsal transformasiya hədəfləri Britaniya investorları və texnologiya şirkətləri üçün perspektivli əməkdaşlıq sahələridir. Ümumilikdə, Prezident İlham Əliyevin Dublin səfəri çərçivəsində Ermənistanın Baş naziri ilə görüşü və Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın xarici siyasətinin iki mühüm istiqamətini – regionda davamlı sülhün təmin olunmasını və beynəlxalq tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsini özündə birləşdirir. 

Tamam Cəfərova vurğulayıb ki, bir tərəfdən, Azərbaycan Cənubi Qafqazda sülhün və iqtisadi inteqrasiyanın təmin olunması üçün konkret təşəbbüslərlə çıxış edir, digər tərəfdən isə dünyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, enerji və texnoloji əməkdaşlığını yeni mərhələyə yüksəldir.Bu diplomatik təmaslar bir daha təsdiqləyir ki, Azərbaycanın xarici siyasəti milli maraqlara, qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və praqmatik əməkdaşlıq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, Azərbaycanın regional sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın mühüm iştirakçısı kimi rolunu daha da artırır. Dublin görüşlərinin nəticələri də bu strateji xəttin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini nümayiş etdirir.

Turan Etibaroğlu