Temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
25 Avqust 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
37
25.08.2026, 16:12
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Rusiya ilə münasibətlərinin iki əsr ərzində yanlış təhlükəsizlik təsəvvürü üzərində qurulması barədə bəyanatı Cənubi Qafqazda yeni geosiyasi reallıqların göstəricisidir. İrəvan rəhbərliyi ermənilərin Rusiyanı təhlükəsizlik zəmanətçisi kimi görmək yanaşmasının etibarsız olduğunu rəsmən etiraf edir. Ermənistanın Moskvadan geosiyasi asılılıqdan uzaqlaşaraq Azərbaycanla sülh və regional əməkdaşlığa yönəlməsi Kremlin regiondakı təsir imkanlarını minimuma endirir. Bu proses Rusiya hərbi bazalarının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təshkilatının (KTMT) çərçivəsindəki təminatların effektiv olmadığını bir daha nümayiş etdirir. Regional sülhün bərqərar olması Cənubi Qafqazda kənar müdaxilələr və münaqişə ocaqları yaratmaq siyasətinə son qoya bilər. Məsələni Oxu24.com-a şərh edən siyasi şərhçi Müşfiq Abdulla Nikol Paşinyanın bu çıxışının arxasında duran əsas məqamları təhlil edib.
Müsahibimiz açıqlaması zamanı Paşinyanın bəyanatını və regiondakı son geosiyasi prosesləri aşağıdakı kimi qiymətləndirib:
"Nikol Paşinyan əslində bu açıqlaması ilə Rusiya ilə Ermənistan arasında mövcud olan təhlükəsizlik sahəsindəki müttəfiqlik münasibətlərinə bir neçə kontekstdə nəzər salır. İlk növbədə Paşinyan buna tarixi ekskursiv nəzər salır. Tarixən — istər XIX əsrdə, istərsə də XX əsrin son 25 ilində — Rusiyanın Ermənistanla təhlükəsizlik sahəsində münasibətləri bundan ibarət olub ki, Rusiya ermənilərdən regionda özünün geosiyasi və hərbi mövqeyini gücləndirmək üçün istifadə edib. Azərbaycan ərazisində vaxtilə süni Ermənistan dövləti yaradılıb, Azərbaycan torpaqları hesabına bu ölkənin ərazisi genişləndirilib və nihayət, SSRİ-nin dağılmasından sonra Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalında Rusiya Ermənistana dəstək verib. Bununla da özünü ermənilərin təhlükəsizliyinin təminatçısı kimi təqdim etməyə çalışıb”.
Onun sözlərinə görə, lakin Nikol Paşinyan məsələyə yeni realist baxış ortaya qoyur. O bildirmək istəyir ki, əslində Rusiya imperiyası burada özünün maraqlarını güdüblər və heç vaxt ermənilərin təhlükəsizliyini təmin etməyib:
“Paşinyanın fikrincə, Rusiyanın bu gün Ermənistanla hüquq-müqavilə bazasında olan hərbi müttəfiqlik müqaviləsi Ermənistanın təhlükəsizliyi üçün təminat yaratmır. Ona görə də Paşinyan özündən əvvəlki dövlət başçılarından, hakimiyyətlərdən fərqli olaraq məsələyə yenidən baxılmasını istəyir və görünür ki, hazırkı baş nazirin fərqli strategiyası var.
Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Köçəryan, Sarkisyan və ya Ter-Petrosyan dövründən fərqli olaraq, Rusiya hərbi bazalarını Ermənistanın təhlükəsizliyinin əsas qarantı kimi görmədiyinə dair mövqe ortaya qoymağa başladı”.
Siyasi şərhçi qeyd edib ki, Rusiya daim belə bir siyasət yürüdüb ki, Ermənistanın təhlükəsizliyinə Türkiyədən və Azərbaycandan böyük təhlükə var və bu təhlükəsizliyin qarantı Rusiya bazalarıdır. Əgər Rusiya bazaları Ermənistandan çıxıb gedərsə, rus əsgəri Ermənistanı tərk edərsə, güya türklər və azərbaycanlılar gəlib ermənilərə qarşı soyqırımı həyata keçirə bilərlər. Lakin Paşinyan artıq bu stereotipləri Ermənistan cəmiyyətində dağıtmağa başlayıb. O, Ermənistanın təhlükəsizliyinin Rusiyadan asılılığının aradan qaldırılmasını istəyir. Bu baxımdan da hazırkı hakimiyyət daha çox təhlükəsizliyin diversifikasiyası konsepsiyasını irəli sürür. Bu diversifikasiyada əslində Qərblə, xüsusilə də Avropa İttifaqı ilə yakınlaşma üstünlük təşkil edir.
Müşfiq Abdulla vurğulayıb ki, Paşinyan Avropa İttifaqı və ABŞ ilə aparılan bütün danışıqlarda Ermənistanın təhlükəsizliyinə təminat verilməsini istəyir:
“Lakin onlar da birmənalı şəkildə bildiriblər ki, necə ki Ermənistanla Rusiya arasında hərbi müttəfiqliyə dair razılaşma var, onlar Ermənistanın təhlükəsizliyini təmin edə bilməzlər. Ona görə də Rusiya hərbi bazaları Ermənistanı tərk etməlidir, Ermənistan Rusiya ilə müttəfiqlik sazişinə xitam verməlidir. Yalnız bundan sonra Qərb Paşinyanın istəyini yerinə yetirə bilər və ölkənin təhlükəsizliyinə təminat verə bilər”.
Bu baxımdan Paşinyanın mesajının digər istiqaməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Ermənistanın çıxmasına yönəldiyini bildirən Müşfiq Abdullanın sözlərinə görə, son vaxtlar Ermənistanın KTMT-dən çıxması məsələsi getdikcə aktuallaşır. Hətta noyabr ayında üzvlük haqqını ödəmədiyinə görə Ermənistana qarşı KTMT-də sanksiyalaşdırıcı qərar qəbul olunacağı və ölkənin səsvermə hüququnun dondurulacağı gözlənilir. Ona görə də böyük ehtimalla Ermənistanın KTMT-dən çıxması getdikcə daha real bir prosesə çevriləcək:
“Bunu əslində Qərb də tələb edir. Qərb ölkələri və Avropa İttifaqı tələb edir ki, Ermənistan KTMT, Avrasiya İqtisadi İttifaqı, Müstəqil Dövlətlər Birliyi kimi qurumlarda — yəni Rusiyanın geosiyasi təsirində — qaldıqca onların təhlükəsizliyinə təminat verə bilməzlər. Ona görə də Ermənistan bu qurumlardan çıxmalıdır ki, Qərb addımlar ata bilsin. Paşinyan açıq işarə edir ki, Rusiya təsir zonasında qaldıqca və KTMT üzvü olduğu təqdirdə heç bir halda təhlükəsizliyə zəmanət olmayacaq”.
“Üçüncü mühüm məqam isə Türkiyə və Azərbaycanla münasibətlərə gəlincə, Paşinyan üçün də bu çox vacib məsələdir. Ermənistanın baş naziri hesab edir ki, əslində Ermənistanın təhlükəsizliyinin əsas təminatı Azərbaycanla imzalanacaq sülh müqaviləsi və Türkiyə ilə münasibətlərin normallaşdırılması, sərhədlərin açılmasından ibarətdir. Çünki Azərbaycanla imzalanacaq sülh müqaviləsi sülhün və təhlükəsizliyin en böyük qarantı olacaq. Bu halda Ermənistan artıq post-münaqişə dövrünə qədəm qoyacaq, bölqədə açıq ticarət bərpa olunacaq, sərhədlər açılacaq, yaxın qonşuluq və mehriban dostluq prinsipi üstünlük təşkil edəcək”,- deyə M.Abdulla qeyd edib.
Nəticədə şərhçi əlavə edib ki, sülhün davamlı xarakter alması Ermənistanın təhlükəsizliyinə şərait yaradacaq:
“Rusiyanın hərbi bazalarının bölgədən çəkilib getməsi Rəsmi Moskvanın Cənubi Qafqazda qarşıdurma və münaqişələr yaratmaq siyasətinə son verəcək. Eyni zamanda Türkiyə ilə sərhədlərin açılması Ermənistanın Avropaya inteqrasiyasını sürətləndirəcək. Bütün bu proseslər nəticədə Ermənistanın təhlükəsizliyinin əsil təminatını yaradan konyukturu formalaşdıracaq".
Çimnaz Telmanqızı
16:25 / 25 Avqust 2026
1
15:53 / 25 Avqust 2026
47
15:40 / 25 Avqust 2026
50
15:34 / 25 Avqust 2026
50
15:30 / 25 Avqust 2026
56
15:15 / 25 Avqust 2026
57
14:59 / 25 Avqust 2026
55
14:40 / 25 Avqust 2026
70
14:32 / 25 Avqust 2026
68
14:25 / 25 Avqust 2026
67
14:16 / 25 Avqust 2026
60
14:10 / 25 Avqust 2026
72
13:55 / 25 Avqust 2026
72
13:47 / 25 Avqust 2026
69
13:30 / 25 Avqust 2026
74
13:15 / 25 Avqust 2026
96
12:59 / 25 Avqust 2026
90
12:40 / 25 Avqust 2026
93
12:30 / 25 Avqust 2026
320
12:25 / 25 Avqust 2026
91
12:24 / 25 Avqust 2026
82
12:15 / 25 Avqust 2026
83
12:07 / 25 Avqust 2026
510
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.