Qaynar xətt:

(+99450) 247 90 86

Yeni təmayül modeli repetitor asılılığını azalda biləcəkmi? — Təhsil ekspertindən TƏHLİL  

Yeni təmayül modeli repetitor asılılığını azalda biləcəkmi? — Təhsil ekspertindən TƏHLİL  

CƏMİYYƏT

73

28.07.2026, 12:59

2026-2027-ci tədris ilindən etibarən Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsində tətbiq olunacaq yeni təmayül tədris modeli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Məktəbin akademik rolunu gücləndirməyi və şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan birbaşa məktəbdə ali təhsilə hazırlaşmasını hədəfləyən bu layihə təhsil sistemində mühüm yenilik hesab olunur. Lakin yeni modelin repetitor asılılığını tamamilə aradan qaldırıb-qaldıramayacağı və bunun üçün hansı əlavə şərtlərin zəruri olduğu sual doğurur. Məsələ ilə bağlı təhsil ekspertlərinin yanaşmaları və layihənin potensial imkanları geniş müzakirə olunur.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev yeni təmayül tədris modelinin müsbət və mənfi tərəflərini qiymətləndirib:

"Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhərində və regionlarda yerləşən xüsusi məktəblərdə təmayül siniflərinin formalaşdırılması planlaşdırılır. Xüsusilə 9-cu sinifdən sonrakı mərhələdə — 10 və 11-ci siniflərdə şagirdlərin birbaşa universitetlərə qəbul istiqamətində hazırlığı nəzərdə tutulur”.

Ekspert təşəbbüsün çox gözəl olduğunu və Türkiyə modelində olduğu kimi texniki və humanitar fənlər üzrə gücləndirilmiş tədris şagirdlərin işini asanlaşdıracağını qeyd edib.

R.Nurəliyev bununla yanaşı mənfi tərəflər və narahatlıqlar da mövcud olduğunu bildirib:

“Layihənin bütün ümumi təhsil məktəblərini deyil, yalnız seçilmiş müəssisələri və şagirdləri əhatə etməsi digər şagirdlərin kənarda qalmasına və valideynlər arasında ciddi narazılığa səbəb ola bilər. Bundan əlavə, övladlarını təmayül siniflərinə yerləşdirmək üçün valideynlərin müxtəlif yollara eləcə də məktəb rəhbərliyi və müəllimlərlə subyektiv mexanizmlərə əl atması riski var ki, bu da təhsilə mənfi təsir göstərə bilər”.

Ekspert sonda əlavə edib ki, ümumilikdə proses müsbətdir və gələcəkdə bu sistem bütün ümumi təhsil məktəblərinə şamil olunaraq repetitor asılılığını real olaraq azaldacaq. 

Çimnaz Telmanqızı