Qaynar xətt:

(+99450) 247 90 86

Vatikanla əlaqələrdə yeni mərhələ

Vatikanla əlaqələrdə yeni mərhələ

CƏMİYYƏT

84

29.06.2026, 10:09

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın bu günlərdə Azərbaycana səfəri mühüm hadisələrdən birinə çevrildi. Kardinal həm Bakıda yüksək səviyyəli rəsmi görüşlər keçirdi, həm də ölkəmizin bəzi rayonlarında maraqlı tədbirlərdə iştirak etdi. Həmin tədbirlərdə, faydalı müzakirlərdə Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında uzun illər ərzində formalaşan və inkişaf edən münasibətlərin pespektivi üçün yeni konturlar cızıldı. 

            Azərbaycan nümunə olmağı bacarır
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin şəxsi dəvəti ilə Azərbaycana gələn Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Kuvakad ölkəmizə Dikasteriyanın İslam Bürosunun rəhbəri Ata Laurent Basanesenin müşaiyəti ilə təşrif buyurmuşdu. 
Qonaqların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi bu səfərə verilən böyük önəmin və Vatikan Dövləti ilə ölkəmiz arasındakı yüksək səviyyəli əlaqələrin davamlı inkişafına marağın göstəricisi sayıla bilər. 
 Rəsmi qəbul zamanı səmimi qarşılanmaya görə dövlətimizin başçısına təşəkkür edən kardinal Kuvakad Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını çatdırıb.
Prezident İlham Əliyev Vatikan Dövlətinə səfərini, mərhum Roma Papası Fransisklə görüşlərini məmnunluqla xatırladığını qeyd edib. 
Səmimi keçən söhbətdə ölkəmizdə səmavi dinlərin nümayəndələrinin tarixən sülh və qarşılıqlı hörmət mühitində, mehriban şəraitdə yaşaması qeyd edilib, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr məmnunluqla xatırlanıb. Bildirilib ki, dünyadakı mürəkkəb siyasi gərginliyə, silahlı münaqişələrə baxmayaraq, ölkəmizdəki sabitlik, tolerantlıq mühiti, multikulturalizm ənənəsi əsl nümunə sayıla bilər. Bu məsələdə Azərbaycan uğurlu bir model ortaya qoymağı bacarıb.
Görüşdə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq yüksək dəyərləndirilib, Fondun Vatikandakı qədim katakombaların, kilsələrin təmiri sahəsində həyata keçirdiyi mühüm layihələr ümumbəşəri dəyərlərə sadiqliyin nümunəsi kimi qiymətləndirilib. Belə uğurlu işlər mədəni irsin qorunması, dinlərarası dialoqun təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır. 
Prezident İlham Əliyevlə kardinal Corc  Kuvakad arasındakı görüşün sonunda dövlətimizin başçısı Roma Papası XIV Leonu Azərbaycanda görmək istədiyini bildirib və bununla bağlı rəsmi dəvət məktubunu Vatikan nümayəndəsinə təqdim edib.  
 “Tolerantlıq evi”ndə mehriban görüş
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizə dəvət etdiyi kardinal Corc Kuvakadla qədim İçəriçəhərdəki “Tolerantlıq evi”ndə görüşüb. Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin də qatıldığı tədbirdə Vatikan rəsmisi əvvəlcə burada nümayiş olunan unikal eksponatlarla tanış olub. Kuvakad həzrətləri dünyada analoqu olmayan bu məkanın dinlərarası dialoqa mühüm töhfə verə biləcəyini qeyd edib, xüsusi qonaqlar üçün nəzərdə tutulan kitaba öz ürək sözlərini və təəssüratlarını yazıb. 
Şeyxülislam həzrətləri dəvəti qəbul edərək Azərbaycana gəldiyi üçün kardinala təşəkkürünü bildirib, bu səfərin Azərbaycanla Vatikan arasında əlaqələrdə yeni yollar açdığını diqqətə çatdırıb. QMİ sədri xatırlardıb ki, mərhum Roma papaları II İohan Pavel və Fransisk müxtəlif vaxtlarda ölkəmizdə olub, yüksək səviyyəli görüşlər keçirib, Azərbaycandakı tolerantlıq və dinlərarası dialoq mühitinin yüksək səviyyəsini əyani görmək imkanı qazanıblar. 
Vatikan Dövlətinə səfərlərini, orada keçirdiyi rəsmi görüşləri məmnunluqla xatırladan Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası XIV Leonun ölkəmizə dəvət etdiyni mühüm hadisə kimi dəyərləndirib, bu səfərin reallaşacağına dərin inamını dilə gətirib. Qafqazın Şeyxi ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə Vatikan arasında bağlanan müqavilələrin, həyata keçirilən müxtəlif layihələrin böyük önəmindən danışıb, bu sahədə görülən işlərin Azərbaycanın bəşəri dəyərlərə sadiqliyinin göstəricisi kimi xarakterizə edib. 
Kardinal Kuvakad Şeyxülislam həzrətləri ilə yenidən görüşməkdən məmnunluğunu ifadə edərək Roma Papası XIV Leonun salamlarını və xeyir-dualarını QMİ sədrinə çatdırıb. Qonaq qeyd edib ki, Şeyxülislam həzrətləri başda olmaqla Azərbaycandakı dini konfessiyaların başçıları daim dünyada sülhü və sabitliyi təşviq edirlər və Azərbaycandakı insan qardaşlığı dünyaya mühüm mesajdır. 
Maraqlı görüşlər, unudulmayan səfər
Yazının əvvəlində qeyd etdiyimiz kimi, kardinal Corc Kuvakadın ölkəmizə səfərinin proqramı zəngin olub. Vatikan rəsmisi, onu müşaiyət edən Ata Laurent Basanese və Azərbaycan Respublikasının Vatikan Dövlətindəki səfiri İlqar Muxtarov bir sıra görüşlər keçiriblər. O cümlədən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tərəfindən qəbul ediliblər. Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olublar. Katolik icmasının üzvləri ilə görüşən qonaqlar dini ayində də iştirak ediblər. 
Vatikan təmsilçilərinin Qəbələ və Şəki rayonlarına da səfəri yaddaqalan olub. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları qəbul edərək onlara xatirə hədiyyələri bağışlayıb. Qədim Şəkinin tarixi memarlıq abidələri ilə tanış olan kardinal Kuvakad Xan Sarayını gəzib, Kiş kəndindəki Alban kilsəsini ziyarət edib. Qəbələnin Nic kəndindəki alban-udi kilsəsindəki görüş də qonaqların yaddaşında iz buraxıb. Vatikan təmsilçiləri İslam ölkəsi Azərbaycanda qədim xristian abidələrinin qorunub saxlanılmasını yüksək qiymətləndiriblər. Kuvakadın sözlərinə görə, bütün bunlar Azərbaycanın dinlər və mədəniyyətlər arasında münasibətlərə, tolerantlığa necə mühüm önəm verdiyinin bir daha əyani göstəricisidir. 
Qonaq səfərinin sonuncu günü Şeyxülilsam Allahşükür Paşazadənin iqamətgahında təşkil olunan ziyafətdə iştirak edib. Milli Məclisin vitse-spikeri Musa Qasımlının, parlament üzvlərinin, ölkəmizdəki dini konfessiya rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin də qatıldığı tədbirdə çıxış edən QMİ sədri xatırladıb ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında  münasibətlərin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub və bu əlaqələr dövlət başçısı İlham Əliyev tərəfindən bu gün də davam edir. Təsadüfi deyil ki, Azərbaycan keçmiş sovet respublikaları arasında iki papanın müxtəlif vaxtlarda səfərə gəldiyi yeganə ölkədir. 
Şeyxülislam həzrətləri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Vatikanla münasibətlərə mühüm önəm verdiyini xüsusi vurğulayıb. Bildirib ki, Fondun kilsələrin təmirini, katakombaların bərpasını Vatikana səfərləri zamanı əyani görmək onda qürur hissi yaradıb. Allahşükür Paşazadənin sözlərinə görə, bu layihələr bir daha sübutdur ki, Azərbaycan qurucu dövlətdir, təkcə məscidləri, İslam dininə aid dini abidələri deyil, digər dinlərin kilsə və sinaqoqlarını da təmir-bərpa edir.      
  Kardinal Corc Kuvakad çıxışında bildirib ki, Vatikanla Azərbaycan arasında uzun illər boyu formalaşan və bu gün də davam edən ortaq inam daha da möhkəmlənir. Qonağın sözlərinə görə, Azərbaycan sübut edir ki, dünyada sülhün, dinlərarası anlaşmasının alternativi yoxdur.  
Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın Azərbaycana səfəri ölkəmizdəki dinlər və mədəniyyətlər arasında yüksək səviyyəli anlaşmanın, tolerantıq mühitinin təşviqi üçün daha bir unikal fürsət oldu. 
Xatırladaq ki, gələn il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyi qeyd ediləcək. Bu səfərin məhz belə mühüm tarixi hadisə ərəfəsində reallaşması qarşılıqlı etimada söykənən ikitərəfli münasibətlərin yüksək səviyyəli inkişafına öz töhfəsini verəcəyinə inamı daha da artırır.                                                       
Etibar Cəbrayıloğlu