Qaynar xətt:

(+99450) 247 90 86

Naxçıvanda Vəkillər Kollegiyası və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə regional konfrans keçirilib 

Naxçıvanda Vəkillər Kollegiyası və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə regional konfrans keçirilib 

CƏMİYYƏT

76

08.06.2026, 20:31

2026-cı il iyunun 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Mediasiya Şurasının birgə təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilib. 

Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, hər iki qurum rəhbərinin başçılıq etdiyi nümayəndə heyətləri, Muxtar Respublikasının rəsmi şəxsləri, hakim və vəkillər, mediatorlar, müəllimlər, tələbələr, eləcə də kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.

Mərasimdən əvvəl nümayəndə heyətləri Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.    

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirakçıları salamlayaraq konfransın əhəmiyyətini vurğulayıb, Kollegiyada son illər görülən işlərdən danışıb. Sədr Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalandığını, Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini dilə gətirib.

Anar Bağırov son dövrlər Azərbaycan vəkilliyinin inkişafında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş Fərman və Sərəncamların tarixi rolundan, insan hüquqlarının qorunmasında vəkillik institutunun məsuliyyətindən, vəkillərin ixtisaslaşmasının zəruriliyindən, bu sahədə aparılan islahatların əhəmiyyətindən, eləcə də mediasiya institutunun mübahisələrin həllindəki mühüm yerindən ətraflı bəhs edib. 

Ölkədə mediasiya institutunun formalaşması və bu sahədə həyata keçirilən islahatlar barədə söz açan sədr bildirib ki, Vəkillər Kollegiyası ilə Mediasiya Şurası arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində mediator olan vəkillər və vəkil olmayan mediatorlar arasında qarşılıqlı hörmətə və peşəkar həmrəyliyə əsaslanan münasibətlər formalaşıb. Bu əməkdaşlıq modeli mediasiya praktikasının daha da zənginləşməsinə, institutun cəmiyyətdə möhkəmlənməsinə və islahatların davamlı xarakter almasına güclü təkan verməkdədir. 

Sədr Mediasiya Şurasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirərək söyləyib ki, Vəkillər Kollegiyası mediasiya islahatlarının ilk günündən Şuranın həmtəsisçisi kimi bu prosesə tam dəstək verib. Anar Bağırov həmin dəstəyin bu gün də davam etdiyini və bundan sonra da Kollegiyanın Şura ilə birgə fəaliyyət göstərəcəyini əminliklə vurğulayıb.

Anar Bağırov vurğulayıb ki, ölkəmizdə vətəndaş cəmiyyətinin, hüquq institutlarının və hüquqi yardım sisteminin inkişafında əldə olunan uğurlar dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir. Eyni zamanda sədr Naxçıvanda gələcəkdə də bu cür regional konfransların keçiriləcəyini ifadə edib.

Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək son illər Şurada görülən işlərə toxunaraq bildirib ki, mediasiya xidmətlərindən istifadə zamanı Vəkillər Kollegiyasının üzvlərinin təmsil etdikləri tərəflərin barışıq sazişlərininin müddəaları və məzmunu üzrə keyfiyyətli hüquqi yardım göstərmələri əsas insan hüquq və azadlıqlarının müdafiəsində çox mütərəqqi addımdır. Sədr Vəkillər Kollegiyasının üzvlərinin mediasiya sahəsində əldə edilən barışıq sazişlərinin hüquqi və keyfiyyətli məzmumunların formalaşmasını insan hüquqları və hüquq mədəniyyətinin inkişafı sahəsində çox mütərəqqi addım olduğunu deyib.

Nadir Adilovun sözlərinə görə, müşahidə və monitorinqlər göstərir ki, vəkillər mediasiya proseslərində mediasiya barışıq sazişinin hüquq və qanuna uyğun məzmun üzrə mediatorlarla çox sıx əməkdaşlıq edirlər. Vəkillərə təşəkkür etdiyini bildirən sədr vurğulayıb ki, Naxçıvan Mediasiya Təşkilatının Vəkillər Kollegiyası üzvləri ilə peşəkar əməkdaşlığı keyfiyyətli mediasiya barışıq sazişlərinin imzalanmasına birbaşa müsbət təsir edən amildir. Diqqətə çatdırılıb ki, Şura Naxçıvan Mediasiya Təşkilatının Vəkillər Kollegiyası üzvləri ilə qurduğu səmərəli əməkdaşlıq və nəticə yönümlü fəaliyyətdən razıdır, bunun müsbət faydaları mövcuddur.

Hazırda isə ölkə üzrə 423 mediator və 75 mediasiya təşkilatı fəaliyyət göstərir. 2026-cı ildə barışıq sazişinin sayı 1 794-dür. Probasiyada isə 6 barışıq sazişi qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov çıxış edərək Naxçıvanda vəkilliyin tarixi, inkişaf yolundan bəs edib. Qeyd olunub ki, vəkillik institutu nə qədər inkişaf etsə, Kollegiya nə qədər savadlı və peşəkar vəkillərlə komplektləşdirilsə, bu, əhalinin hüquqlarının yüksək səviyyədə qorunmasına, hüquqi problemlərin həllində məlumatlandırılmasına xidmət edər, eləcə də lazımsız vaxt itkisindən, bilməyərəkdən lazımsız müraciətlərin qarşısını alar.

Hüseyn Səfərov deyib ki, insan hüquqlarının müdafiəsində dövlət qurumları ilə vəkillik institutunun əməkdaşlığı da mühüm rol oynayır. Bu baxımdan Naxçıvan Muxtar Respublikanın Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi də Kollegiyanın İxtisas Komissiyasının üzvü qismində iştirak edir. Bu iştirak qəbul prosesinin şəffaflığının, obyektivliyinin və qanunauyğunluğunun təmin edilməsinə xidmət edir. Naxçıvan Muxtar Respublikanın Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də penitensiar müəssisədə həyata keçirilən birgə tədbirlərdir.

Sonra konfransda Mediasiya Şurası tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov, nazirliyin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi Səttar Zamanov və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Şuranın fəaliyyətində göstərdikləri dəstəyə görə sertifikatla təltif ediliblər.

Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının son 3 il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən videohesabat nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinin müavini Müşfiq Həsənov “Ədalət mühakiməsində vəkilliyin və mediasiyanın rolu” mövzusunda çıxış edərək vəkilliyin əsas missiyasının insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirmək olduğunu, ədalət mühakiməsinin həyata keçirilməsində vəkillərin mühüm rol oynadığını söyləyib.

Sədr müavininin sözlərinə görə, təcrübə göstərir ki, vəkilin iştirak etdiyi işlərdə məhkəmə araşdırması daha səmərəli və operativ aparılır. Vətəndaş peşəkar hüquqi yardım aldıqda həm öz hüquqlarını daha yaxşı müdafiə edir, həm də məhkəmənin işi asanlaşır. Mediasiya institutu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Mediasiya həm məhkəməyə qədərki mərhələdə mübahisələrin həllinə kömək edir, həm də məhkəmə baxışı zamanı tərəflərin barışmasına şərait yaradır. Bir çox hallarda mediatorun fəaliyyəti nəticəsində mübahisə məhkəməyə çatmadan həll olunur.

Daha sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov “Mediasiya proseslərində baxılan mübahisələrdə insan hüquqlarının qorunmasında vəkilin iştirakı ilə bağlı məsələlər: keyfiyyətli hüquqi yardım, keyfiyyətli mediasiya barışıq sazişinin əsasıdır” mövzusunda çıxış edərək bildirib ki, müasir hüquq sistemində mübahisələrin həllində alternativ mexanizmlərin, xüsusilə mediasiyanın tətbiqi hüquqi dövlət prinsiplərinin, o cümlədən insan və vətəndaş hüquqlarının daha effektiv təmin olunmasına xidmət etməkdədir. Bu baxımdan vəkil və mediator əməkdaşlığı göstərilən xidmətin keyfiyyətinin artırılması və mübahisənin sülh yolu ilə həllinin genişləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etməkdədir. 

Sədr vurğulayıb ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu mediasiyanın məqsədini mübahisələrin tərəflərin qarşılıqlı razılığı əsasında, sülh yolu ilə həll edilməsi kimi müəyyən edib. Qanuna əsasən mediator tərəflər arasında neytral vasitəçi kimi çıxış edir, vəkil isə tərəfin hüquqi mövqeyinin peşəkar təminatçısı kimi çıxış etməkdədir. Bu iki institutun qarşılıqlı fəaliyyəti hüquqi cəhətdən əsaslandırılmış və icrası mümkün barışıq sazişlərinin yaranmasına birmənalı şəkildə zəmin yaradmaqdadır.

Bundan başqa, Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənov çıxışında vəkillərin icraatında olan işlərin vəkil və mediator əməkdaşlığı nəticəsində keyfiyyətli hüquqi yardım əsasında keyfiyyətli barışıq sazişlərinin imzalanması sahəsində görülən işlər və təkliflər barədə danışıb. O qeyd edib ki, hazırda Naxçıvan Mediasiya Təşkilatı sıralarında 5 nəfər mediator fəaliyyət göstərir. Yusif Həsənovun sözlərinə görə, 2021-ci ilin avqust ayından 2026-cı ilin müvafiq dövründə mediatorların icraatında 7 885 iş olub. Hər iki tərəfin iştirak etdiyi 2 413 iş üzrə 1 032 barışıq sazişi imzalanıb. O bildirib ki, Təşkilatın fəaliyyəti dövründə vəkillərin iştirakı ilə baş tutan mediasiya proseslərində 40-a yaxın barışıq sazişləri imzalanıb.

Naxçıvan şəhər “Asan” Vəkil Bürosunun vəkili Şəbnəm Hüseynova “Mülki mübahisələrdə insanların hüquqlarının müdafiəsində mediasiya proseslərinin həyata keçirilməsində vəkilin rolu” mövzusunda çıxışı zamanı qeyd edib ki, müasir dövrdə ailə mübahisələrindən irəli gələn mülki mübahisələrin həlli yalnız məhkəmə vasitəsilə həyata keçirilmir. İnsanlar arasında yaranan ailə, əmək, əmlak xarakterli mübahisələrin həllində alternativ üsullardan biri də mediasiyadır. Mediasiya tərəflər arasında qarşılıqlı razılığın əldə edilməsinə yönəlmiş hüquqi prosesdir. Bu prosesdə mediator neytral şəxs kimi çıxış edir və tərəflərin ortaq nəticəyə gəlməsinə kömək edir.

Sonda müzakirələr aparılıb, iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.

Tədbir çərçivəsində Kollegiyanın nümayəndə heyəti Naxçıvan Mediasiya Təşkilatının inzibati binasında olub. Qonaqlara Təşkilatın fəaliyyəti barədə məlumat verilib.