Qaynar xətt:

(+99450) 247 90 86

Deputat şad xəbəri AÇIQLADI: Azərbaycan üçün qazanc gətirəcək layihə gəlir

Deputat şad xəbəri AÇIQLADI: Azərbaycan üçün qazanc gətirəcək layihə gəlir

CƏMİYYƏT

188

01.06.2026, 15:32

DEPUTAT: “Çinin Orta Dəhlizlə bağlı strateji qərarı beynəlxalq məkanda balansları dəyişir – Azərbaycan böyük dividentlər qazanacaq”

Çinin Rusiya ərazisindən yan keçməklə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Avropa ilə yük dövriyyəsinin həcmini artırmaq planları qlobal geosiyasi məkanda ciddi şəkildə müzakirə olunur. Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən bu strateji marşrutun perspektivləri və ölkəmizə qazandıracağı əlavə gəlirlərlə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Oxu24.com-a açıqlama verib.

Deputatın sözlərinə görə, Çinin bu addımı ilk növbədə qlobal təhlükəsizlik məsələləri ilə bağlıdır. Rəsmi Pekin məhz Orta Dəhliz vasitəsilə Avropaya yük daşımalarının və yük dövriyyəsinin həcmini artırmağı planlaşdırır. Bu marşrut Türküstan dediyimiz Mərkəzi Asiya ölkələrindən keçməklə Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən Türkiyə üstündən Avropaya gedib çıxan bir xətdir.

Tural Gəncəliyev vurğulayıb ki, Çinin bu layihəni dəstəkləməsi və dövriyyəni artırmağı düşünməsi tamamilə normaldır. “Hazırda Rusiya və Ukrayna arasında müharibə günü-gündən qızışır, eskalasiya artır. Artq Rusiya üzərindən hansısa şəkildə daşımaların həyata keçirilməsi əvvəlki kimi mümkün deyil. İstər Rusiyanın quru ərazisi olsun, istərsə də Baltik dənizi ilə aparılan daşımalar demək olar ki, tamamilə dayandırılıb və funksional deyil. Ukrayna Rusiyanın bütün enerji infrastrukturunu və nəqliyyat-dəhliz xətlərini vurduğu üçün artıq heç bir investisiya, daşıma və sığorta şirkəti Rusiya üzərindən daşımaları dəstəkləmir.

Eyni zamanda Cənub marşrutunda da vəziyyət fərqli deyil. Yaxın Şərqdə, İranın Hörmüz boğazı ətrafında da vəziyyət olduqca gərgin olaraq qalır, problemin heç bir irəliləyişi və müsbət həlli görünmür. Belə bir şəraitdə Çin üçün yeganə ağlabatan təklif və variant məhz Orta Dəhlizin, Xəzər dənizi marşrutunun gücləndirilməsidir ki, bunun da dərin bir məntiqi var”.

Deputat keçmiş layihələrə də toxunaraq xatırladıb ki, vaxtilə Xəzər dənizinin üzərindən və ya dibindən keçməklə boru, qaz kəmərləri layihələri (Transxəzər layihələri) gündəmə gələndə İran və Rusiyanın həmişə buna etirazı olub. Onlar öz milli və strateji maraqları baxımından Xəzərdən başqa layihələrin keçməsini dəstəkləmirdilər.

“İndi vəziyyət dəyişib. Çin kimi böyük bir güc, böyük bir ölkə bu layihəyə "əl qoyursa", onun reallaşmasına təşəbbüs göstərirsə, artıq burada Çinin mövqeyini nəzərə almamaq qeyri-mümkündür. Rusiya-Çin münasibətlərindəki müttəfiqlik elementlərini nəzərə alsaq, Çinin bu işə daxil olması Rusiyanı layihəyə qarşı çıxmaqdan çəkindirə bilər”.

Tural Gəncəliyev qeyd edib ki, Orta Dəhliz məsələsində nə qədər paradoksal səslənsə də, Çinin maraqları Avropa İttifaqı və Amerikanın TRIP marşrutu strategiyası ilə üst-üstə düşür:

“Böyük ehtimalla, ABŞ Prezidenti Trampın Çinə son səfəri zamanı bu məsələ də nəzərdən keçirilib. Burada Çin və Amerika arasında "tranzaksional razılaşma" metodu işləyə bilər. Bu o demək deyil ki, onlar müttəfiqdirlər. Hörmüzdə, Yaxın və Uzaq Şərqdə rəqib olsalar da, Orta Dəhliz mövzusunda taktiki və situativ maraqlar kəsişir. Bu marşrut hamının marağına cavab verir”. 

O, bildirib ki, bütövlükdə bu layihə hamı üçün uduş ("win-win") deməkdir. Hətta Rusiya və İran üçün də regional və qlobal əməkdaşlıq platforması kimi, gələcəkdə Zəngəzur dəhlizi açılandan sonra bu xəttin funksional olması onların da maraqlarına xidmət edə bilər. Əgər Rusiya və İran beynəlxalq münasibətlər sistemindəki "sıfır cəmli oyun" nəzəriyyəsi ilə yanaşıb, Çinin uduşunu öz məğlubiyyətləri kimi görsələr, maraqlar toqquşa və problemlər yarana bilər. Lakin Çin amili bu riskləri neytrallaşdırır.

Azərbaycana hansı gəlirləri və siyasi üstünlükləri qazandıracaq?

Deputat layihənin Azərbaycana vəd etdiyi nəhəng dividentləri bu şəkildə qruplaşdırıb:

“Azərbaycan vasitəsilə keçəcək yüklərin və ticarət dövriyyəsinin kəskin artması ölkəmizə birbaşa çox böyük iqtisadi mənfəət və gəlir gətirəcək. Azərbaycan onsuz da Orta Dəhlizin reallaşmasında, xüsusən Qafqaz və Transxəzər hissəsində həmişə 1 nömrəli rol oynayıb, güclü mövqe nümayiş etdirib. Bu layihə rəsmi Bakının beynəlxalq statusunu daha da möhkəmləndirir.

Hazırda layihə Azərbaycan-Gürcüstan-Türkiyə xətti ilə Avropaya çıxış üzərində qurulub. Lakin Zəngəzur dəhlizi açılandan sonra Azərbaycandan keçən qol daha da şaxələnəcək. Zəngəzur dəhlizi öz rolunu oynamağa başlayanda bizim əlimizdə eyni vaxtda iki nəqliyyat marşrutu olacaq: biri Gürcüstan üzərindən, digəri isə Zəngəzur üzərindən”.

Deputat Tural Gəncəliyev fikirlərini yekunlaşdıraraq bildirib ki, bu ikili marşrut imkanı Azərbaycanın həm regional, həm də qlobal məkandakı ümumi gücünü və siyasi kapitalını qat-qat artıracaq, ölkəmizi əvəzolunmaz strateji mərkəzə çevirəcəkdir.

Çimnaz Telmanqızı