Qaynar xətt:

(+99450) 247 90 86

Rüstəmin ÇİNARI – Turan Etibaroğlu yazır...

Rüstəmin ÇİNARI – Turan Etibaroğlu yazır...

REDAKTORUN SEÇİMİ

85

02.06.2026, 12:43

“Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim, özüm qalam,

Tikdim ki, izim qala.”

Bu misralar sadəcə şeir deyil. Bu, hər vicdanlı insanın qəlbinin dərinliklərindən qopub gələn bir etiraf, bir and, bir həyat fəlsəfəsidir. Atalarımızdan bizə miras qalan bu sözlər, istər-istəməz hər insanın ruhuna hopub. Kimisi ev tikərək övladlarına iz qoyur, kimisi ağac əkərək, kimisi isə bir əməli, bir yaxşılığı, bir xidməti ilə... Amma iz qoymaq, bu sadəcə bir arzu deyil, əslində hər şüurlu insanın bu dünyaya gəlişinin əsl məqsədidir. Bəşər tarixi boyunca ən böyük qorxu ölüm deyil, unudulmaq olub. Ölüm gəlir, gedir. Amma iz silinmir. İzi qalan adam isə heç vaxt tam getmir.

Ötən gün Xaçmaz rayonunun Balaqusarqışlaq kəndinə yolum düşdü. Sakit, təmiz havası ilə insanı dinc duymağa vadar edən bu kənd, sadəlövh görünüşünün arxasında böyük tarixlər, böyük insanlar gizlədir. Bu torpaqdan vətənpərvər övladlar yetişib, bu torpaq şərəfli oğullar bəxş edib Azərbaycana. O övladlardan biri, müdafiə sahəsindəki peşəkar fəaliyyəti, dərin strateji düşüncəsi və səmimi insan xarakteri ilə tanınan, lakin ömrü uzun olmayan mərhum polkovnik Rüstəm Mürsəlov idi. Kənddə  Mürsəlovların dədə-baba evlərinin önündə dayandıq. Həyətin girişini sanki qoruyan, əllərini göyə açmış bir nəhəng, qoca, heybətli, əzəmətli bir çinar ağacı var idi. Elə bir çinar ki, baxanda içindən bir şeylər qopub gedir, nə isə köksünə dolur, nə isə boğazına yığılır. Dedilər: “Mərhum polkovnik sağlığında əkib onu. Özü üçün yox, ailə üçün, kənd üçün.”

Çinar əkən adam bilirdi ki, bu ağac onun kölgəsini ona verməyəcək. Çinar böyüyənə qədər illər keçər. Amma o, buna baxmadı. Əkdi. Çünki sevgi, gələcəyə olan sevgi, həmişə özündən öndə gəlir, həmişə başqası üçün olur. İnsan övladının ən böyük fərqi bəlkə də elə budur. Heyvan instinkt ilə yaşayır, bu gün üçün. İnsan isə sabah üçün əkir, sabah üçün tikir, sabah üçün düşünür. polkovnik Mürsəlov də sabah üçün düşünən bir insan idi. Vətən uğrunda xidmət etdi, ailəsi üçün yaşadı, kəndi üçün əkdi. Mərhum polkovnikə bəlkə o çinarın altında oturmaq çox nəsib olmadı. Amma bu gün övladları o kölgədə böyüyür. Kənd camaatı o çinarın altında toplaşır, dərd danışır, xoş günlərini bölüşür. Və hər dəfə o ağaca baxanda, istər-istəməz birinin adı dilə gəlir, Rüstəm MÜRSƏLOVUN . Bu, ölümsüzlüyün ən sadə, ən dürüst, ən həssas tərifidir. Nə mərmər heykəl, nə qızıl lövhə, sadəcə bir çinar. Amma o çinar, onu əkən əlin xatirəsini yaşadır. Hər yarpaq o əlin izi, hər budaq o ömrün davam edən nəfəsidir.

Polkovnikin böyük oğlu Elmin Mürsəlov o gün uzun müddət çinara baxıb dayandı. Susdu. Sonra yenə baxdı. Bəlkə atasın gördü o budaqlarda. Bəlkə uşaqlığını xatırladı. Bəlkə dediyini deyə bilmədi, içindən ağladı. Sonra o duyğuları kağıza töküb, sözün ən güclü silahı ilə, şeirlə ifadə etdi:

“Təbiət möcüzəsindən biridir, Xan Çinarı.

Özünün şahıdır, həm vəziridir, Xan Çinarı.

Ta əzəldən qəbul etdik ki hesabda, qədimi

Yaşayış yerlərinin təsviridir, Xan Çinarı.

Nə qədər qulluq eyləsək ona bir canlı kimi,

Sahibin görməmək ancaq əridir, Xan Çinarı.

Darıxıb-sıxılmağı, bir balaca küsməyi var,

Elə bil yoxluğunun təsiridir, Xan Çinarı.

Dünyasın dəyişən hər adama ölü deməyin,

Görəndə fikirləşin ki, diridir, Xan Çinarı.

Özü əkdi, özü biçdi, sanki yadigar qoyub,

Gələcək nəsillərə öz yeridir, Xan Çinarı.

Yığılanda ağac ətrafına məndən sonra,

Təsəvvür eləyin, Rüstəm piridir, Xan Çinarı...”

 

Bu misraları oxuyanda içim dərindən sıxıldı. “Rüstəm piridir, Xan Çinarı” ifadəsi sadəcə bir şeir obrazı deyil. Bu, oğulun atasına olan sonsuz ehtiramının, itirməyin dərdinin, lakin itirməməyin inamının ifadəsidir. Elmin atasını çinara dönüşdürmürdü, əksinə, çinarı ataya çevirirdi. Sanki deyirdi: “Sən getmədin. Sadəcə kök saldın. Sadəcə budaqlandın. Sadəcə formanı dəyişdin.” 

Əslində Elmin yanılmırdı. Çünki Azərbaycan xalqının köklü inanclarında çinar ağacları həmişə müqəddəs sayılıb. Qocaman çinarların kölgəsi pir yeri, dua yeri, sığınacaq kimi qəbul edilib. İnsanlar çətinlik içindəykən, ümid axtararkən o ağacların yanına gəliblər. Ağaclara diləklər bağlayıblar. Onları sadəcə ağac kimi yox, bir ruh daşıyıcısı kimi görüblər. Belə olduqda, mərhum  polkovnik Mürsəlovun o çinarı adi bir ağac deyil. O, bir inanc, bir işıq, bir sığınacdır. Xan Çinarı Rüstəm Pirisidir, həm mənən, həm də ruhən. Bu dünyada iz qoymaq üçün mütləq tarixlərə ad yazdırmaq lazım deyil. Bəzən bir çinar əkmək kifayətdir. Bəzən bir ailənin həyətinə kölgə vermək, bir kəndin qəlbinə istilik bəxş etmək, bir övladın xatirəsini ağacın gövdəsinə həkk etmək kifayət edir. Rüstəm Mürsəlov bu həqiqəti bilərək yaşadı. Əkdi ki, izi qalsın. Qaldı da. Sadəcə torpaqda deyil, insanların ürəyində, bir oğlun misralarında, bir kəndin yaddaşında, və qol-budaq atmış o nəhəng çinarın hər yarpağında.

Dünyasın dəyişən hər adama ölü deməyin.”  Düz yazıb Elmin. Çünki izi qalanlar heç vaxt ölmür. Onlar sadəcə kök salırlar, daha dərindən, daha möhkəm, daha əbədi