Qaynar xətt:

(+99450) 247 90 86

Bu qərar Bakıdakı kirayə evləri uculaşdıracaqmı?   —   EKSPERT AÇIQLADI

Bu qərar Bakıdakı kirayə evləri uculaşdıracaqmı?   —   EKSPERT AÇIQLADI

CƏMİYYƏT

248

18.03.2026, 21:49

Bakıdan universitetlərin köçürülməsi TƏKLİFİ: Kirayə evlər ucuzlaşacaq?

Paytaxtın daşınmaz əmlak bazarında "fırtına" gözlənilir. Universitetlər Bakıdan çıxarılır, tələbələr üçün xüsusi kampusların tikilməsi gündəmdədir. Bu addım kirayə mənzil bazarını necə alt-üst edəcək?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən dəfələrlə irəli sürülən təklifə əsasən, yataqxanaların tikilməsi və ya universitetlərin kampus tipli şəhərciklər şəklində şəhərdən kənara köçürülməsi məqsədəuyğun hesab olunur. Bildirilir ki, bu addımın həyata keçirilməsi Bakı şəhərində kirayə mənzil bazarına ciddi təsir göstərə və qiymətlərin kəskin şəkildə azalmasına səbəb ola bilər.

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Oxu24.com-un suallarına aydınlıq gətirib.

“Bu təklif zəruri bir təklifdir. Yəni, mövcud vəziyyətin normallaşması, kirayə bazarının tənzimlənməsi, daşınmaz əmlak qiymətlərinin həddən artıq artmasının qarşısının alınması istiqamətində çox təqdirəlayiq və uyğun bir təklifdir. Biz bunu dəfələrlə bildirmişik.

Bəs yaxın illərdə reallaşma ehtimalı nə qədərdir? Bildiyiniz kimi, Nazirlər Kabinetində, Milli Məclisdə artıq bu istiqamətdə müzakirələr gedir. İdeya olaraq qəbul olunmuş ideya olsa da, bunun həyata keçməsi üçün müəyyən müddət lazımdır. Çünki, ciddi büdcə ayırmalarına ehtiyac olacaq ki, şəhər kənarında məhz kampus tipli təhsil müəssisələrinin binalarının tikilməsi reallaşdırılsın. 

Eyni zamanda, yataqxanaların tikilməsi üçün müvafiq qərarlar verilməlidir.

Bundan əlavə, tikinti sektoruna müəyyən təşviq proqramlarına ehtiyac var ki, tikinti sektoru bu istiqamətdə ciddi addımlar atsın. Məsələn, əlavə dəyər vergisi güzəştləri, digər bu istiqamətdə vergi güzəştləri, torpaq sahəsinin ayrılmasında dəstək, müəyyən fondlar hesabına tikinti layihəsinə dəstək və s. Bu istiqamətdə addımlar atılarsa, həmin prosesi tezləşdirmək olar. Amma ideya və ümumiyyətlə proses özü çox böyük və genişmiqyaslı olduğuna görə, düşünürəm ki, bunun üçün müəyyən dövr tələb olunur.

İdeya, təbii ki, uğurlu ideyadır və reallaşdırılması da qeyd olunan problemləri həll etmək imkanlarına malikdir. Yaxın illərdə reallaşma ehtimalı mövcuddur. Yəni söhbət "yaxın illər" deyəndə, yaxın 5 ildə bu cür layihələrin həyata keçirilməsi mümkündür. Layihə böyük olduğundan onun bir ildə reallaşdırılması o qədər də məntiqli görünmür. Amma ortalama götürsək, 5 il müddətində bu prosesi həll etmək və Bakı şəhərinin yükünü azaltmaq, kirayə seqmentini də təzyiqdən xilas etmək mümkün ola bilər.

Kampus və yataqxana problemi həll olunsa, təxminən bazardakı müraciətlərin sayı 30-35 faizə qədər azala bilər. Çünki, regionlardan Bakıya hər il təqribən on minlərlə abituriyent tələbə adı qazanaraq axın edir. Və bu, bazarın təqribən bir 20-25%-i civarındadır. Digərlərini də nəzərə alsaq ki, ötən ildən həm qalan müraciətlərin yenidən kampuslarla və yaxud yataqxanalarla təmin olunması təqribən 30% civarında bunu həll etmək olar.

Çünki ümumi tələbə sayı təqribən 200 min civarındadır. Onların hamısı kirayədə yaşamır. Çünki, Bakıda yaşayanlar var – hansı ki, Bakı və ətraf rayonlarda yaşayırlar, onların ev problemi yoxdur. Sonra, bir qismi Bakıda öz qohumlarının evlərində yaşayırlar, onların kirayə mənzil bazarına müraciəti olmur.

Təqribən bəlli 200 min rəqəmin 25%-i civarında maksimum müraciət ola bilər ki, bu da birbaşa tikililər, kampuslarda və yaxud yataqxanalarda tam ödənilməsə belə, amma bununla belə yenə də kirayə mənzil bazarının yükü azalacaq təqribən 25-30%. Çünki təkcə tələbələr deyil, eyni zamanda istehsalat sahəsində çalışanlardır ki, onların da şəhər kənarına çıxarılması, həmin obyektlərin, çox ciddi nəticələr əldə etməyə imkan verə bilər”.

Yataqxana tikintisi əvəzinə kirayə bazarının tənzimlənməsi daha effektiv ola bilərmi?

"Xeyr, əsla! Təkcə tənzimləmə uğur gətirə bilməz. Ən effektiv model tənzimləmə ilə bərabər yataqxanaların tikintisi, kampusların təşkil olunması, yəni təhsil müəssisələrinin şəhərcik səviyyəsində yenidən tikintisinin təmin edilməsi daha uyğundur. Çünki paralel olaraq hökumətimiz sosial proyektlərə də üstünlük versə, kirayə mənzil bazarına da daha geniş yer ayırsa, bu son nəticədə həm bazarın məhsullarının, təkliflərin artırılması ilə bazara olan təzyiqi azaltmaq, həm yataqxanaların tikintisi ilə, həm də kampusların təşkil olunması ilə, tələbə şəhərciklərinin təşkil olunması ilə bu problemin öhdəsindən gəlmək mümkündür. Birini edib digərini etməmək, bu son nəticədə problemin həllinə gətirib çıxarmayacaq”.

Çimnaz Telmanqızı