Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan əhalisinə mühüm XƏBƏR: Ölkədə bu qərarlar qəbul edildi

Azərbaycan əhalisinə mühüm XƏBƏR: Ölkədə bu qərarlar qəbul edildi

CƏMİYYƏT

316

17.03.2026, 13:32

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək.

Oxu24.com-un  xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 523-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Köçürülən inzibati cərimələrə dövlətin nəzarəti artırılır, "İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin altsistemi olacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, "İCMAL" informasiya sistemi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkibində "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemi, yəni "İCMAL" altsistemi kimi yenidən təşkil ediləcək və buna uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində dəyişikliklər ediləcək. Bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edəcək. "İCMAL" altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edəcək.

Həmçinin layihədə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı müəyyən təkmilləşdirmələr nəzərdə tutulur. Layihəyə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada veriləcək.

Bundan başqa, layihədə təklif olunur ki, qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısı ola bilməsin.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 189-4-cü və 189-5-ci maddələrdə əksini tapıb.

Beləliklə, təklif edilən 189-4-cü maddəyə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.

Təklif olunan 189-5-ci maddəyə görə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.

Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimə ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 528-3-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, xüsusi icra məmurları haqqında" qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə min beş yüz manat məbləğində cərimə ediləcək. Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş geyim forması və xüsusi nişan müsadirə edilməklə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə olunacaq. Xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 (üç) iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə beş yüz manat məbləğində tətbiq ediləcək.

Barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlamasına görə xəbərdarlıq ediləcək və ya beş yüz manat məbləğində cərimə olunacaq. Xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul olmasına, icra hərəkətlərini həyata keçirməsinə görə min beş yüz manat məbləğində cərimə ediləcək.

İcra sənədlərinin icrası ilə bağlı xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə cərimələnəcək.

Xüsusi icra məmurları tərəfindən dövlət və digər informasiya ehtiyatları və sistemlərindən icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olmayan məlumatların əldə edilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Bunlar göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Şəxsin razılığı olmadan onun görüntüsü və səsi ilə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yaymaya görə cəzalar müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni - 148-2.1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma üç min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə və zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.