Qaynar xətt:

(+99450) 247 90 86

Ramazan və “Böyük Oruc” eyni vaxtda: Din birləşdirir, yoxsa ayırır?   —   Araşdırma  

Ramazan və “Böyük Oruc” eyni vaxtda: Din birləşdirir, yoxsa ayırır?   —   Araşdırma  

CƏMİYYƏT

207

19.02.2026, 17:18

Bu gündən müsəlman dünyasında mübarək Ramazan ayı başlayır. “On bir ayın sultanı” adlandırılan bu müqəddəs ay milyonlarla insan  üçün mənəvi təmizlənmə, nəfsin tərbiyəsi və daxili hesabat ayıdır. Oruc insanın özünə qayıdışı, səbrə və mərhəmətə doğru atdığı addımdır.

Maraqlıdır ki, bu il də Ramazan ayı xristian katoliklərinin Pasxa ərəfəsində qeyd etdiyi “Böyük Oruc” dövrü ilə demək olar ki, eyni vaxta təsadüf edir. Fərqli dinlərə mənsub milyonlarla insanın eyni günlərdə nəfsi ilə mübarizə aparması və ibadətə yönəlməsi yalnız təqvim uyğunluğu deyil, bu, insanlığın ortaq mənəvi ehtiyacının ifadəsidir. Oruc aclığın nə olduğunu anlamaq, ehtiyac sahibinə əl uzatmaq, daxili sakitliyə və təmizliyə yönəlməkdir.

Təəssüf ki, “dinlərarası dialoq” anlayışı bəzən yanlış təqdim olunur.Sanki bu, dinlərin qarışdırılması və ya yeni “ortaq din” yaradılması cəhdi kimi başa düşülür. Halbuki dinlərarası dialoq başqasını inkar etmək deyil. Bu, hər kəsin öz inancını qorumaqla başqasının inancına hörmət etməsi, ortaq mənəvi prinsiplər – mərhəmət, ədalət, insan ləyaqəti və sülh ətrafında əməkdaşlıq etməsidir.

Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.

Bu barədə Oxu24.com-a  danışan Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev qeyd edib ki, son bir neçə ildir ki, müsəlmanların Ramazan ayı ilə xristianların Pasxa öncəsi “Böyük Oruc”unun eyni vaxta təsadüf etməsini görürük:

“Əlbəttdə ki, bu təsadüf müsəlman və xristian təqvimlərinin özəlliyindən, Ramazan və Pasxa bayramları tarixlərinin hesablanması qaydalarından irəli gəlir. Lakin, imanlı insanlar bu və ya digər hallara “təsadüf” deyib keçməməlidir, çünki imanımız bizi daha dərindən düşünməyə və həyatımızda, ətrafımızda baş verənlərdə Allahın iradəsini və çağırışını axtarmağa dəvət edir. Xüsusilə bir sıra mürəkkəb münaqişələr və ziddiyətlərlə səciyyələnən çağdaş dövrümüzdə islam və xristian icmaların eyni müddətdə tövbə və oruc dövrünə daxil olması dərin bir mənəvi rəmzi özündə daşıyır. İman baxımından bu paralellik bir daha göstərir ki, insanın ruhani təmizlənməyə ehtiyacı universal bir həqiqətdir. Fərqli dini ənənələr müxtəlif ifadə formalarına malik olsalar da, onların mərkəzində insanın Yaradan qarşısında təvazökarlıqla dayanması, özünü sorğu-suala çəkməsi və mərhəmətə çağırılması dayanır”.

Katolik rəsmisi hesab edir ki, Ramazan və “Böyük Oruc” dövrünün üst-üstə düşməsi eyni zamanda qarşılıqlı hörmət və həmrəylik üçün gözəl bir imkan yaradır:

“İnsanlar bir-birinin dini dəyərlərinə daha həssas yanaşa, orucun və ibadətin mənasını daha dərindən anlaya bilərlər. Bu oxşarlıqlar göstərir ki, insanın daxili dünyası və mənəvi ehtiyacları mədəni və dini sərhədlərdən daha genişdir. Oruc və tövbə yalnız müəyyən bir dinə məxsus praktika deyil, insan təbiətinin dərinliklərindən doğan bir çağırışdır. İnsan bəzən gündəlik həyatın sürəti içində öz mənəvi mərkəzini və həyatının gərçək məqsədini itirir. Oruc isə dayanmaq, düşünmək, vicdanı oyatmaq və Allahla münasibəti yenidən qurmaq üçün bir fürsətdir. Müxtəlif dinlərdə bu anlayışların mövcudluğu onu göstərir ki, insan qəlbi həmişə həqiqətə, saflığa, şəfqətə, başqaların rifahı üçün nələrisə qurban verməyə can atır.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, bu oxşarlıqlar bizi fərqləri aradan qaldırmağa deyil, bir-birimizi daha yaxşı anlamağa dəvət edir. Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin bir arada yaşadığı bir məkandır. Bu torpaqlarda müsəlman, xristian, yəhudi və digər icmalar əsrlər boyu yanaşı mövcud olmuş, qarşılıqlı hörmət mühiti formalaşdırmışdır.

Azərbaycan üçün dinlərarası harmoniya formal şüar deyil, mill-mənəvi dəyərlərin ayrılmaz tərkib hissəsi  və gündəlik həyatın reallığıdır. Dini icmalar arasında qarşılıqlı ziyarətlər, birgə tədbirlər və humanitar təşəbbüslər cəmiyyətin mənəvi sağlamlığını möhkəmləndirir.

Azərbaycanda mövcud olan etiqad azadlığı və dinlərarası münasibət modeli göstərir ki, səmimi dialoq və hörmət üzərində qurulan münasibətlər həm dini kimliyi qoruyur, həm də ümumi vətəndaş həmrəyliyini gücləndirir”.

Toral Ağayev sözünə davam edərək bildirib ki, bu gün dünyada müxtəlif siyasi, dini, etnik qarşıdurmaların artması fonunda dinlərarası əməkdaşlıq artıq seçim deyil, zərurətdir:

“Əgər din insanı sülhə, mərhəmətə və ədalətə çağırırsa, onda din nümayəndələrinin bir araya gələrək bu dəyərləri birgə müdafiə etməsi təbiidir və bizim üçün mənəvi öhdəlik olmalıdır.

Dinlərarası əməkdaşlıq heç bir halda inancın, dini əqidənin zəiflədilməsi demək deyil. Əksinə, bu, öz imanına sadiq qalaraq başqasının da inancına hörmət göstərmək bacarığıdır. Səmimi dialoq radikalizmin və yanlış təfsirlərin qarşısını almaq üçün ən təsirli yollardan biridir. Dindarlar cəmiyyətə göstərməlidir ki, din nifaqın deyil, birliyin mənbəyi ola bilər.

Fərqli dinlərin ibadət evlərinin eyni məkanda yanaşı mövcudluğu çox güclü mesaj verir: müxtəliflik təhlükə mənbəyi deyil, zənginlikdir.

Azərbaycanda fərqli dini icmalar bir-birinin varlığını qəbul edir və hörmətlə yanaşır. Bu, bizim tolerantlıq ənənəmizdən və mədəniyyətimizdən irəli gəlir, eyni zamanda da ortaq vətəndaşlıq məsuliyyətinin ifadəsidir”.

İlahiyyatçı Tural İrfan Oxu24.com-a  deyib ki, oruc təkcə İslamda deyil, digər dinlərdə də var.Onun sözlərinə görə, səmavi dinlərin ibadətləri arasında oruc ortaq dəyərlərdəndir:

“Xristianların Pasxa öncəsi "Böyük Orucu" ilə müsəlmanların Ramazan ayı orucunun üst-üstə düşməsi təsadüf deyil, təvafüqdür. Çünki dində təsadüf yoxdur. Hər şey ilahi iradəyə müvafiq cərəyan edir. Demək burada da bir ilahi hikmət və mesaj var. Yəni, bu dinləri endirən Allah inanclı insanları daha da tolerant, həmrəy olmalarını bir daha tövsiyə edir. Bir çox dinlərdə oruc ibadətinin olması o deməkdir ki, bu dinlərin kökü birdir və eyni Tanrı tərəfindən göndərilib. Azərbaycan tarixən tolerant ölkə olub. Hər zaman xristianlar, yəhudilər və müsəlmanlar yüksək mədəni, mənəvi dəyərləri, dini ənənələri birgə yaşadıb müştərək şəkildə ilahi buyuruqları icra ediblər. Bir - birinin şadlıq və yas mərasimində iştirak edib, birgə bayram keçirib, birgə fəaliyyət göstəriblər. Azərbaycanda dinlər arasında harmoniya və vəhdət ab-havası xalqımızın yüksək mədəni dəyərlərə sahib olması ilə bağlıdır. Eyni zamanda burada əsas rolu dövlət siyasəti oynayır. Dövlət  dövlət- din münasibətlərinin, tolerantlığın, multikultural dəyərlərin inkişafı üçün səmərəli siyasət aparır və bu da öz bəhrəsini verir. Belə ki, bu gün Azərbaycandakı həm milli, həm də dini tolerantlıq bir çox dünya ölkəsində nümunə kimi öyrənilir”.

İlahiyyatçı bu gün dünyada siyasi təlatümlərin davam etdiyini vurğulayıb:

“Bu qütbləşmədə dindən sui-istifadə halları da var. Din vasitəsi ilə siyasi məqsədlərə çatmaq üçün müxtəlif təxribatlar törədilir, mənəvi dəyərlər siyasi alətə çevrilir. Belə bir zamanda Azərbaycan bu nifaqlardan uzaq şəkildə dinlərarası əməkdaşlığı inkişaf etdirir, sağlam mühitin davam etməsi üçün səylər göstərir. Çünki dindən sui-istifadə edilən indiki dövrdə bu çox vacibdir. Ölkəmizdə sinaqoq, kilsə və məscidlərin bərabərhüquqlu fəaliyyəti dövlətin dinə və dini, mədəni, mənəvi dəyərlərə verdiyi azadlıq, dəyərdir. Eyni zamanda dinlərin mənsublarının sərbəst fəaliyyəti üçün münbit şəraitin olması da xalqımızın milli xüsusiyyətidir. Təkcə xristianlar, müsəlman və yəhudilər deyil, Azərbaycanda krişna dini, bəhai dini və digər konfessiyaların nümayəndələri, icmaları var. Çox yüksək münasibətlərin olduğu bir şəraitdə birgə tədbirlər keçirilir, inanclıların, icma mənsublarının görüşləri, müzakirəsi təşkil olunur ki, bu da dinlərarası münasibətləri inkişaf etdirir. Cəmiyyət üçün bu insanlıq qardaşlığı mesajı verir. İnancından asılı olmayaraq insanların eyni Tanrı tərəfindən yaradıldığını və eyni dünyada yaşadığını bir daha xatırladaraq tolerantlığın qorunub saxlanmasını labüdləşdirir. Ortaq dəyərlər, oxşar ibadətlər bu dinlərin kökünün bir olduğunu və mənsublarının da eyni hədəfə doğru yola çıxdığını, eyni Allaha ibadət etdiyini bir daha göstərir”.

Millət vəkili Ceyhun Məmmədov Oxu24.com-a açıqlamasında deyib ki,  bütün səmavi dinlərin mənbəyi birdir:

“Allah tərəfindən bəşəriyyətə göndərilmiş dinlər arasında ciddi oxşarlıqlar var. Bir çox dini ayin və ibadətlər həm İslamda, həm xristianlıqda, həm də yəhudilikdə mövcuddur. Bu baxımdan dinlər arasında dərin mənəvi bağlılıq mövcuddur. 

İnsanların oruc tutması demək olar ki, bütün səmavi dinlərdə mövcuddur. Həm xristianlıqda, həm İslamda, həm də digər dinlərdə oruc insanın nəfsini tərbiyə etməsi, əxlaqi baxımdan saflaşması və kamilləşməsi məqsədi daşıyır. Ümumilikdə, bütün ibadətlərin əsas məramı insanın mənəvi cəhətdən paklaşmasıdır. Azərbaycan xalqı hər il oruc tutur, dini ibadətlərini yerinə yetirir və bu ənənələr cəmiyyətimizdə dərin kök salıb.

Azərbaycanda bu gün dinlər arasında unikal harmoniya və birlik mövcuddur. Müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət, əlaqə və anlaşma var. Bu model təsadüfi deyil, tarixi ənənələrə və dövlət siyasətinə söykənir.

Təəssüf ki, dünyada hazırda mürəkkəb və ağrılı proseslər gedir. Bəzi hallarda dindən siyasi məqsədlər üçün istifadə olunur, dini zəmində qarşıdurmalar və münaqişələr yaradılır. Bu isə ciddi problemlərə səbəb olur. Dini qarşıdurma yaratmaq istəyən qüvvələr anlamalıdırlar ki, dinin əsas məqsədi birləşdirməkdir, ayırmaq deyil. Buna görə də belə hallarda maksimum dərəcədə diqqətli olmaq və qarşıdurma meyillərindən uzaq durmaq lazımdır”.

Deputat əlavə edib ki, Azərbaycanın mədəniyyətində və dəyərlər sistemində hər zaman məscid də, kilsə də, sinaqoq da birgə mövcud olub:

“Dinlər və mədəniyyətlər arasında yüksək dialoq və qarşılıqlı anlaşma formalaşıb. Azərbaycan nadir ölkələrdəndir ki, burada müxtəlif dinlərin ibadət məkanları yanaşı fəaliyyət göstərir və onların arasında heç vaxt ayrı-seçkilik, nifaq və ya qarşıdurma olmayıb. Bu, xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Biz bu dəyəri qorumalı, onu gələcək nəsillərə ötürməliyik. Çünki dinlərarası harmoniya Azərbaycanın malik olduğu ən önəmli mənəvi sərvətlərdən biridir. Bu missiyanı məsuliyyətlə yerinə yetirmək hər birimizin borcudur”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.