Qaynar xətt:

(+99450) 247 90 86

"Niyyət axşamı" dualar necə edilməlidir? — İlahiyyatçıdan AÇIQLAMA   

news/2026_02_18/ramazan_or_1771414532.webp

CƏMİYYƏT

264

18.02.2026, 15:32

Bu gün  Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına əsasən Ramazan ayının ilk günüdür.

Bununla bağlı  Oxu24.com -un suallarını İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov cavablandırıb. 

-Əkrəm müəllim, “niyyət axşamı” nədir? İslamda “niyyət” ifadəsi varmı? 

-Bu gün Ramazan ayının orucunu tutmaq üçün niyyət edəcəyimiz axşamdır. Xalq arasında “niyyət” ifadəsi,  xüsusilə,  Ramazan ərəfəsində işlədilir və insanlar sabah başlayacaq oruca qəlbən hazırlaşmaq üçün bu gecəni mənəvi bir başlanğıc kimi qəbul edirlər. Əslində niyyət anlayışı İslamın ən əsas prinsiplərindən biridir. Peyğəmbərimiz Məhəmməd (s.ə.s) buyurur ki, əməllər niyyətlərə görədir. Bu hədis həm Səhih əl-Buxari, həm də Səhih Muslimin kitablarında nəql olunub və İslam hüququnun təməl qaydalarından sayılır. Yəni,  insanın qəlbində etdiyi qərar onun əməlini dəyərli edir. Etdiyimiz bütün əməlləri niyyətlərimizə görə edirik.Buna görə də savab və günah qazanırıq.

-Quranda bu haqda  niyyətlə bağlı surə varmı?

 -Qurani Kərimdə niyyət və ixlas məsələsi açıq şəkildə vurğulanır. “Halbuki onlara yalnız dini Allaha məxsus edərək, ixlasla ona ibadət etmək əmr olunmuşdur” mənasını verən Beyyinə surəsinin 5-ci ayəsi göstərir ki, ibadətin zahiri forması qədər daxili istiqaməti də önəmlidir. Başqa bir ayədə isə “De: Hər kəs öz niyyətinə görə əməl edər” buyurulur. Bu ayə insanın daxilindəki yönəlişin, əməlin mahiyyətini müəyyən etdiyini göstərir. 

- Müsəlmanlar niyyət axşamında  daha hansı dini ayin və əməlləri yerinə yetirirlər? 

 Niyyət axşamı ilə bağlı xalq arasında müxtəlif dualar oxunur, evlərdə ibadət edilir, Quran tilavət olunur. Müsəlmanlar hamısı məscidlərdə və evlərdə təravih namazları qılırlar. Təravih namazı fərz namazlarından fərqlənən gecə qılınan nafilə namazlar kimidir. Din baxımından xüsusi, yalnız bu gecəyə aid vacib başqa bir ayin yoxdur. Vacib olan qəlblə xeyir əməllərə, Allahı zikr etməyə, şükr etməyə qərar verməkdir.

- Müsəlman oruc tutmaq üçün  qərarı məhz bu gecə  verir? 

 -İnanclı insanlar oruc tutmaq  niyyətində olduğunu hər gün qəlbən istəyə və həmin gün də oruc tuta bilər.   Oruc üçün niyyət dil ilə deyilməsə belə, qəlbdə qərar vermək kifayətdir. Fiqh alimləri, o cümlədən İmam Əbu Hənifə, niyyətin əsas yerinin qəlb olduğunu bildiriblər. Dil ilə ifadə etmək isə qəlbdə olan qərarı möhkəmləndirmək üçündür. Əslində niyyət insan psixologiyasında mühüm rol oynayır. İnsan hər hansı bir işə başlamazdan əvvəl daxilən qərar verdikdə, beyində məqsədə yönəlik fəaliyyət aktivləşir. 

-Amma hər müsəlmanda da oruc tutmaq üçün qərar vermək, o qərarı sona qədər yerinə yetirmək  mümkün olmur…

-Tədqiqatlar göstərir ki, şüurlu şəkildə qoyulan məqsədlər insanın iradəsini gücləndirir və davamlılığını artırır. Oruc kimi iradə tələb edən bir ibadət üçün daxili hazırlıq vacibdir. Niyyət axşamı bu mənada sadəcə dini termin deyil, həm də insanın özünü tənzimləmə prosesidir. Yəni, qərar verirsən ki, sən bu ayı tam olaraq oruc tutacaqsan, sonra hər bir günə görə də, sabahkı orucu tutmağa qərar verirsən. Cəmiyyət baxış bucağından da baxdıqda niyyət axşamı ailələri bir araya gətirən, insanları mənəvi düşüncəyə yönəldən bir fürsətdir. Burada əsas olan qorxu deyil, şüurlu seçimdir. 

- Oruc tutmağın  mənəvi gözəllikləri haqqında  müəyyən bilgilərimiz var, bir də sizdən dinləyək…

-İnsan oruca Allah rizası üçün qərar verir, öz nəfsini tərbiyə etmək, səbrini artırmaq, ehtiyacı olanların halını anlamaq üçün niyyət edir. Quranda buyurulur ki, oruc sizdən əvvəlkilərə fərz olunduğu kimi sizə də fərz olundu ki, təqvalı olasınız. Burada məqsəd sadəcə ac qalmaq deyil, mənəvi yüksəlişdir. Bu gecə oxunan dualara gəlincə, xüsusi mətnə bağlılıq yoxdur. İnsan tövbə edə bilər, bağışlanma istəyə bilər, ailəsi üçün, Vətəni üçün dua edə bilər. Peyğəmbərimiz (s.ə.s) Ramazana daxil olarkən belə dua edərdi: Allahım, bu ayı bizə təhlükəsizlik, iman, sağlamlıq və İslamla yetişdir. Bu hədisi imam Əhməd və Tirmizi rəvayət edib və alimlər tərəfindən  qəbul olunub. Bu dua göstərir ki, əsas məsələ ayın özündən yox, onunla birlikdə gələn mənəvi haldan faydalanmaqdır. 

- Xeyirli bir qərardır, kütləvi şəkildə icra olunması, məsələn 10 nəfər  dost- tanışla bir yerdə  niyyət axşamı keçirmək   düzgün hesab edilərmi? 

-Niyyət axşamını formal bir mərasimə çevirmək düzgün olmaz. Əgər insanın qəlbində qərar yoxdursa, dildə deyilən sözlərin mənası azalır. Amma qəlbdə səmimi bir yönəliş varsa, sadə bir dua belə böyük dəyər qazanır. İslam alimləri həmişə vurğulayıblar ki, Allah qəlblərə baxır. Bu hədis Səhih Muslim kitabında nəql olunub və göstərir ki, zahiri görüntü deyil, daxili istiqamət əsasdır. Bu baxımdan niyyət axşamı insanın öz daxilinə dönməsi, keçən ilin səhvlərini düşünməsi, bağışlanma istəməsi və yeni bir başlanğıc etməsi üçün gözəl fürsətdir. Əsas olan şüurlu niyyətdir, ixlasdır və davamlılıqdır. Niyyət varsa, yol açıqdır. Niyyət yoxdursa, forma insanı xilas etmir. Bu gecə hər birimiz üçün daxili qərar gecəsi olsun. Allahdan istəyək ki, bizi sözlə deyil, həqiqi niyyətlə yaşayan qullarından etsin.

 Amin! Bu ay hamımız üçün xeyirli bərəkətli olsun amin!

- Ətraflı izaha görə sizə dərin təşəkkürümüzü bildiririk, Əkrəm müəllim! Bütün müsəlman dünyasının  xoşməramlı niyyət gecəsi isə xeyirli-uğurlu olsun!

Hazırladı: Əntiqə Rəşid