Qaynar xətt:

(+99450) 247 90 86

İtləri xilas edən fəhlə işdən qovulub? - Özü də şəhidin dayısıdır     — "Preso"dan şikayət var

news/2026_02_10/sahin_c_1770711616.jpg

CƏMİYYƏT

738

10.02.2026, 12:45

Fəhlə hüquqlarının pozulduğunu,tikinti şirkəti tərəfindən qanunsuz hərəkətlərlə üzləşdiyini və rəhbərlik tərəfindən təhqir olunduğunu bildirir.

Bu barədə oxu24.com-a müraciət edən fəhlə Şahin Abdullayev Qarabağda aparılan işlərdə iştirak edən Türkiyə şirkəti "Preso Texnoloji Elektronik Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi" nin Azərbaycan filialının (Red-bundan sonra "Presco) rəhbər işçiləri tərəfindən qanunsuz olaraq işlədildiyini və əmək haqqının düzgün hesablanmadığını bildirib.

"Biz  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundakı tunellərində elektromexanika işlərini görürdük.Mənə işə götürülən zaman 1200 AZN əməkhaqqı alacağımı dedilər. Rəsmiləşmə zamanı həmin maaşın 784 manatı karta,yerdə qalan məbləği isə nağd şəkildə verildi. Buna ilk vaxtlar etiraz edəndə,bizi işdən çıxaracaqları ilə hədələdilər. Məcbur qalıb,bu qaydada işləməyə davam etdik. Daha sonra bizim başqa hüquqlarımızı da pozdular. Əlavə saatlarda işlədirlər,məzuniyyətə çıxmağa şərait yaratmırlar. Bu,təkcə mənə qarşı yox,şirkətdə işləyən bir çox əməkdaşlara qarşı belədir. Şuşada həyata keçirilən işlərə rəhbərlik edən  Abdulkərim Öncül tərəfindən küçə söyüşləri ilə təhqir olunmuşam. Bu barədə faktları baş ofisə də təqdim etmişəm. Amma bir tədbir görülməyib",deyə  şikayətçi olan  fəhlə bildirib.

Şahin Abdullayev işdən çıxarılmasına səbəb kimi,körpə itləri ölümdən xilas etməsi olduğunu bildirir.

"İşlədiyimiz ərazidə it balalamışdı.Hava soyuq və qarlı olduğu üçün onlara yazığım gəldi.Bizim yaşadığımız  ərazinin yaxınlığında  onlara yer düzəltdim və yemək verdim.Bu,AbdulKərim Öncülün xoşuna gəlmədi. Körpə itləri anasından ayırıb, qarın üstünə atdı və əraziyə gətirməyə icazə vermədi. Mən gecə itlərin səsinin gəldiyini eşitdim və ürəyim dözmədi .Onları bizim qaldığımızın yerin arxa tərəfinə gətirib,yemək verdim. Bunu bilən Abdulkərim Öncül mənimlə prinsip aparmağa başladı.Dedi ki,gəl,ərizə yaz,işdən çıx. Mənsə,ərizə yazmayacağımı,hüquqlarımı tələb edəcəyimi bildirdim",-deyə şahin Abdullayev bildirir.

Şəhid dayısı olan Şahin Abdullayev hüquqlarının pozulduğunu gördükdən sonra rəsmi qurumlara və şirkətin baş ofisinə şikayət etdiyini bildirir.

"Mən bu ərazilərə bağlıyam.Şuşa,Qarabağ mənim üçün doğmadır. Bacım oğlu Hikmət İbrahimov 44 günlük Vətən Müharibəsi zamanı bu ərazilərdə şəhid olub.Burada olan hər bir qarış,canlı,cansız mənə doğmadır. Ona görə də,haqsızlığa dözə bilmədim. Bir heyvanın göz görə-görə öldürülməsi hansı insanlığa sığırki?Biz Dövlət səviyyəsində sahibsiz heyvanların necə müdafiə olunduğunu görürürük.Xahiş edirəm ki,"Toplan" sığınacağı həmin itlərə sahib çıxsın.Onların taleyi məni narahat edir.

Mən başıma gələnlərlə bağlı Əmək Müfəttişliyinə rəsmi müraciət etmişəm.Üzərindən xeyli vaxt keçsə də,cavab verən yoxdur.Tələb edirəm ki,Əmək Müfəttişliyi və Vergilər Nazirliyi bu şirkətdə yoxlamalar aparsın.Vergidən yayınma faktları,əmək haqqının düzgün ödənilməməsi qanunun pozulması deyilmi?Bizim əlimizdə faktlar var.Sizə,maaşlarının əlnən,nağd şəkildə verildiyini sübut edən cədvəli təqdim edəcəm.Başqa faktlarım da çoxdur",-deyə şikayətçi bildirib.

İşçilərə pulun nağd şəkildə verildiyini sübut edən yazışmalar.

Şahin Abdullayevin dediyinə görə,onun işdən azad olunacağı barədə rəsmi xəbərdarlıq da olunub.

"Baş ofisə şikayət etdim.Mənə dedilər ki,işlər bitir.Sizi ixtisarla işdən çıxaracağıq.Mənə vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm.Bu vaxta qədər adıma rəsmiləşdirilməli olan 1200 manat əməkhaqqının rəsmi ödənişlərini tələb edirəm.Bu,mənim pensiya kapitalıma da ciddi ziyan vurub".

Oxu24.com iddialarla bağlı şirkətin də mövqeyini öyrənib.

" Şirkətdə struktur dəyişikliklərinin aparılması zərurəti müəyyən edilmiş və ardınca layihənin bağlanması ilə əlaqədar əmək müqaviləsinin müddəti bitmiş bir sıra işçilərin əmək müqavilələrinin müddəti uzadılmamış və ya işçilərin əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. 

Layihənin tamamlanması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulan işçilərdən biri də fəhlə vəzifəsində çalışan Abdullayev Şahin Şirəli oğludur. İşçi 2023-cü ilin yay aylarından Şirkətdə çalışsa da, indiyədək əmək hüquqlarının pozulmasından şikayət etməmişdir. Görünür ki, Layihənin tamamlanması ilə əmək müqaviləsinə xitam veriləcəyi onu narahat etmiş və bu səbəbdən Şirkətə qarşı tələblər irəli sürməyə qalxmışdır.   

Bildiririk ki, Şirkət işçilərin öz mövqelərini ifadə etmək hüququna hörmətlə yanaşır, eyni zamanda öz işgüzar nüfuzunu və hüquqi maraqlarını qanunvericilik çərçivəsində qorumaq hüququnu özündə saxlayır. 

Şirkət vergi və əmək qanunvericiliyinin tələblərinə ciddi şəkildə əməl edir. Bütün əmək haqları əmək müqavilələrində göstərilən məbləğlər əsasında rəsmi qaydada, qanunvericiliklə müəyyən edilmiş üsullarla ödənilir və müvafiq dövlət orqanlarına bəyan edilir.  

Şirkət hər hansı qanunsuz əmək haqqı ödəmə mexanizmlərindən istifadə etmir. İşçilərə edilmiş hər hansı əlavə ödənişlər (mükafatlar və ya kompensasiyalar) qanunvericiliyə, daxili qaydalara və maliyyə uçotu tələblərinə uyğun şəkildə həyata keçirilmişdir.

Vergidən yayınma ilə bağlı səsləndirilən iddialar əsassızdır. Vergi öhdəliklərinə riayət olunması məsələləri aidiyyəti dövlət orqanlarının səlahiyyətinə daxildir və Şirkət bu orqanlarla tam əməkdaşlığa hazırdır. 

Şirkət iş vaxtının normal müddəti, artıq iş vaxtı, istirahət vaxtı və əməyin ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əməl edir.

İş qrafikləri görülən işlərin xarakterindən asılı olaraq müəyyən edilmişdir. Zərurət yarandığı hallarda artıq iş vaxtı qanunvericiliyin tələblərinə uyğun, o cümlədən işçinin razılığı və müvafiq kompensasiya (əlavə ödəniş və ya istirahət vaxtı verilməsi) nəzərə alınmaqla təşkil edilmişdir.

Şirkət iş yerində hörmətsiz və qeyri-etik davranışlara münasibətdə qarşı sıfır tolerantlıq prinsipini rəhbər tutur. 

Qeyd edilməlidir ki, qeyri-etik ifadələrin səsləndirilməsi məsələsi Layihənin tamamlanması ilə əlaqədar Şahin Abdullayevlə işdən ayrılacağı barədə aparılan danışıqlar zamanı layihə meneceri ilə aralarında baş tutmuş söhbətdən qaynaqlanır. Şirkət bu məsələni diqqətdən kənarda qoymamış, mövcud məlumatları daxili prosedurlara uyğun olaraq nəzərdən keçirmiş və aidiyyəti şəxslərdən izahatlar almışdır. Araşdırma nəticəsində təqsirli şəxslər intizam məsuliyyətinə cəlb edilmişlər.

Şirkət peşəkar iş mühitinin qorunmasına və bütün məsələlərin qanunvericiliklə müəyyən edilmiş qaydada həllinə sadiqdir",-deyə açıqlamada qeyd edilir.

Hazırladı: Miri Məcidli