Qaynar xətt:

(+99450) 247 90 86

Regionların sosial-iqtisadi inkişafı GÜNDƏMDƏ  – Millət vəkillərindən ÇIXIŞ YOLLARI  

news/2026_01_26/regionlarn_qtisadi_nkiafnda_yeni_mrhl_1769413310.jpg

CƏMİYYƏT

72

26.01.2026, 12:16

Son illər ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin paytaxta axını müşahidə olunur. Bunun əsas səbəblərindən biri regionlarda dayanıqlı məşğulluq imkanlarının məhdudluğu, istehsal və xidmət sektorlarının yetərincə inkişaf etməməsidir.

Bəs regionların sosial-iqtisadi inkişafını sürətləndirmək, əhalinin paytaxta məcburi miqrasiyasının qarşısını almaq və yerlərdə dayanıqlı iş yerləri yaratmaq üçün hansı təşviqedici addımların atılması vacib hesab olunur?

Oxu24.com-a danışan millət vəkili Azər Badamov deyib ki, son illər ölkə əhalisinin paytaxta axınının sürətlənməsi müşahidə olunmaqdadır. Onun sözlərinə görə, bu da ölkə əhalisinin respublika üzrə yerləşmə balansını pozur və paytaxtın daha çox yüklənməsinə gətirib çıxardır:

“Paytaxtın çox yüklənməsi şəhərin özündə də tıxac, kommunal xidmətlər kimi yeni problemləri ortaya çıxardır. Çünki paytaxtın yolları və infrastrukturu bu qədər əhali üçün nəzərdə tutulmayıb. Sual olunur: əhalinin regionlardan paytaxta axınının qarşısını necə almaq olar və şəhərə köçmüş əhalinin regionlara geri qayıtması üçün nələr edilməlidir?

Təbii ki, bu sual bu gün çox aktualdır və vacibdir. Bu sualın qısa cavabı: paytaxta miqrasiyanın qarşısını almağın ən effektiv yolu regionlarda iş, gəlir və həyat keyfiyyəti üçlüyünü təmin etməkdir. İnsanlar yaşadıqları yerdə sabit iş, perspektiv və layiqli həyat görmədikcə miqrasiyaya davam edəcək. Buna görə də regionların inkişafı yalnız sosial məsələ deyil, həm də uzunmüddətli iqtisadi və milli təhlükəsizlik məsələsidir.

Bunun üçün ilk növbədə regionlarda sənaye müəssisələrinin fəaliyyəti təmin olunmalıdır. Belə ki, rayon tipli şəhərdə yaşayan əhali həmin rayonun iqtisadi profilinə uyğun yaradılmış emal və ya digər sənaye müəssisələrində iş tapmalıdır. Sovetlər vaxtında hər bir rayonda konserv zavodları, pambıq, yun və süd emalı zavodları, toxuculuq və trikotaj fabrikləri və s. fəaliyyət göstərirdi. Rayon əhalisinin böyük bir hissəsi həmin müəssisələrdə işləyib ailələrini dolandırırdılar. Bu gün demək olar ki, bir neçə rayon istisna olmaqla regionlarda belə müəssisələr fəaliyyət göstərmir. Köhnədən fəaliyyət göstərən müəssisələr isə özəlləşdirilib digər məqsədlər üçün istifadə olunur və ya da dağıdılıb işlək vəziyyətdə deyil”.

Millət vəkili hesab edir ki, bu müəssisələrlə bağlı xüsusi bir dövlət proqramı qəbul olunmalıdır:

“Çünki hər bir dövlət müəssisəsi özəlləşdiriləndə həmin müəssisənin profilinin dəyişdirilməməsi və fəaliyyətinin daha müasir şəkildə davam etdirilməsi ilə bağlı öhdəliklər götürülüb. Bu məsələnin bu gün yenidən gündəmə gətirilməsini çox vacib hesab edirəm. Bu olmadıqda, regionlarda yaşayan əhali lazımi gəlir əldə etmədikdə ailəsini dolandırmaq üçün daha çox qazanc dalınca düşərək paytaxta gəlib işləməyə məcbur olur. Bunun qarşısının alınmasının ən düzgün yolu regionlarda sənaye və turizm sektorunun inkişafı istiqamətində atılan addımların genişləndirilməsidir.

Əhalinin regionlardan şəhərlərə axın etməsinin digər səbəbi həyat keyfiyyəti və şəraiti ilə bağlıdır. Biz ekologiyanın qorunması ilə bağlı vacib qanunlar qəbul etmişik. Amma qəbul etdiyimiz qanunların kəndlərdə yaşayan insanların həyat şəraitinə necə təsir göstərdiyini nəzərə almamışıq. Belə ki, vətəndaşlara pay torpaqları verilib, amma pay torpaqlarının onun üzərində bitmiş kol-kosdan təmizlənməsi qadağan edilmişdir. Bu da pay torpağına malik kəndlinin öz torpağından səmərəli istifadə etməsini çətinləşdirir.

Digər bir məsələ, kəndli gəlir və ya tikinti materialları məqsədilə özünün pay torpağında çinar, qovaq və digər ağacları əkir, becərir. Bu ağacları zəhmət və xərc qoyub böyütdükdən sonra onların kəsilməsi qanunla qadağan olunub. Qanunun bu hissəsində də boşluq var. Belə ki, kəndliyə onun mülkiyyətinə verilmiş pay torpağından istifadə olunmasında sərbəstlik verilməlidir”.

Azər Badamov əlavə edib ki, kənddə yaşayan insanlar tarixən həmişə özlərinə yaxın ərazidən bir araba daş-çınqıl gətirərək yolu, həyəti və evi düzəldərdilər:

“Kənddəki insanın çaydan gətirdiyi bir araba çınqılla nə çaylar qurtarır, nə də təpələr balacalaşır. Bu gün kənddə yaşayan insana yaxındakı çaydan və ya hər hansı bir yerdən daş-çınqıl gətirmək qadağan olunub. Və yaxud kənddə yaşayanlar tarixən özünün həyatyanı ərazisində lobya və digər bitkiləri yetişdirmək üçün şax gətirir və ya hasarları bağlamaq üçün kol-kosdan istifadə edirdilər. Bu gün bu işləri görməyi də qanun qadağan edir.

Belə olan halda, kənddə yaşayan əhali öz yaşayışını necə qurmalıdır? Yəni kənddə zavod və ya fabrik yoxdur. Kəndli öz mülkiyyətində olan torpağında yaşayıb-yaratmalıdır. Amma etiraf etməliyik ki, qanunlarda yaranmış məhdudiyyətlər kənddə yaşayan insanların həyatını kifayət qədər çətinləşdirib. Bu da kəndlərin sürətlə boşalmasına yol açır. Bunun baş verməməsi üçün qanunlara yenidən baxılmalı, müəyyən məhdudiyyətlər aradan qaldırılmalı və kəndlərdə həyat şəraitinin yaxşılaşmasına dair addımlar atılmalıdır”.

Millət vəkili Vüqar Bayramov bildirib ki, ölkədə balanslı iqtisadi inkişafın qorunması və regionların iqtisadiyyatda payının artırılması dövlət iqtisadi siyasətinin əsas prioritetlərindəndir:

“Bakı həm biznes fəaliyyəti, həm də məskunlaşma baxımından xüsusi çəkiyə malikdir və paytaxtda əhalinin sıx cəmlənməsi burada biznesin böyük hissəsinin yerləşməsi ilə birbaşa bağlıdır. Lakin regionların inkişafı məqsədilə qəbul edilən dövlət proqramlarının əsas hədəfi məhz regionların sosial-iqtisadi potensialının gücləndirilməsi hesabına balanslı iqtisadi inkişafın təmin olunmasıdır. Prezidentin icra hakimiyyəti başçıları ilə keçirilən görüşlərdə də regionlara investisiyaların cəlb edilməsinin vacibliyi xüsusi vurğulanıb.

Hazırda regionlarda kifayət qədər geniş infrastruktur formalaşıb və əsas prioritet bu infrastrukturun iqtisadi dəyərə çevrilməsi, eləcə də əlavə sərmayələrin cəlb olunmasıdır. Həyata keçirilən struktur, kadr və institusional islahatlar regionlara investisiya axınını sürətləndirəcək. Bu isə növbəti illərdə regionların Azərbaycan iqtisadiyyatındakı payının artmasına və paytaxtla regionlar arasındakı fərqin minimuma endirilməsinə şərait yaradacaq”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda hazırlanıb.