Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid Elvin İsmayılov ömrü – bir ananın ürəyindən Vətən müdafiəsinə uzanan yol 

news/2025_12_25/elvin_6593789052_1766661483.jpg

CƏMİYYƏT

55

25.12.2025, 15:16

Bu gün hazırlığına getdiyim tarix müəlliminin dərsindən bir az erkən çıxdıq. Müəllim dedi ki, qohumumuzda bir qazi toyu var, ora getməliyəm. Düzdür, 44 günlük müharibədə ağır yaralansa da, qəlpə yarası üzünün və qolunun bir hissəsini aparsa da, valideynləri şükür etmişdilər: "…sağlam olmasa da, sağ qayıdıb. Vətən sağ olsun!” Biz uşaqlar da "Allah xoşbəxt eləsin” – deyib sağollaşdıq və avtobus dayanacağına doğru addımladıq.

Cümə günü idi, məktəb və hazırlıq dərslərindən yorulmuşduq, dərhal evə gedib dincəlmək istəyirdim. Amma dərs yoldaşım Leyla təklif etdi ki, gəl bir az gəzişək, tez çıxmışıq, hava da yaxşıdır, sonra səni ötürərəm, gedərsən.

Payız aylarını yaşasaq da, elə soyuq deyildi. Yolumuzun üstündə Sumqayıt Şəhidlər Xiyabanı vardı. Məktəbdən müəllimlərimiz bura çox gətirmişdilər bizi. Amma adəti üzrə bütün məktəb və universitet tələbələri, müəllimlər, idarələrin rəhbər şəxsləri və işçiləri eyni vaxtda gəldiyindən, sıxlıq, tələskənlik olduğundan bu yer məni özünə çəkmirdi. Çünki saatlarla isti və soyuqda, küləkdə öz giriş vaxtımızı gözləyər, nəzarətçi polislər bir-bir buraxar, böyük qələbəliyin arasına girər, müəllimlər bir tərəfdən, məktəb nəzarətçiləri digər tərəfdən cərgəni saxlamağı, dəstədən kənara qalmamağı, tez daxil olub tez çıxmağı tələb edərdilər. Odur ki, rahatca gəzib baxa bilməmişdim. Düzdür, atam uşaq vaxtı məni və qardaşım Turanı bir neçə dəfə gətirmişdi, amma onda da bu yerin "ağırlığını”, mahiyyətini tam dərk etməmişdim. Vətən uğrunda canlarını verən bu igidlərin şücaəti məndə yalnız özümü dərk edəndən böyük hiss və həyəcanlar oyatmağa başlamışdı. Odur ki, daha Xiyabana tək gəlib, tələsmədən, bir-bir məzar daşlarının üzərindən baxan qəhrəman təsvirlərini görmək, adlarını, neçə il yaşayıb, hansı yaşda və ərazilər uğrunda döyüşlərdə şəhid olmaqlarını bilmək istəyirdim. Bir də bilmək istəyirdim ki, hansı şəhidin yanına tez-tez gəlirlər, hansının önündə əklil qoyurlar, hansının güllərini tez-tez dəyişir, hansılar isə uzun aylar quruyub qalır, yenilənmirdi…

 Leylay ilə Xiyabana daxil olduq. Səssizlik vardı. Asta meh başlamışdı, tökülən qırmızılı-sarılı yarpaqları ara-sıra meh "süpürür”, məzarların arasında itirirdi... Bir-bir ağ və qara mərmərlər, boz daşlar üzərindəki adları, təvəllüdləri oxuyub, bizə baxan o məğrur, eyni zamanda saf baxışları izləyirdik... Danışmırdıq... Gəlib məzarların ən sonuna çatdıq. Nəzərim qara mərmər üzərində yazılmış bir adın üstündə qıfıllandı: "Əsgər Manqa komandiri Elvin İsmayılov. Füzuli-Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur”… Ətrafı təzə tər gül-çiçəklə bəzənmişdi. Yanında arxası mənə bir qara paltarlı qadın oturmuş, əlini başdaşına söykəyib uzaqlara baxır, səssizcə dua edirdi... Doğum və şəhid olma tarixləri arasındakı zaman çox qısa idi, cəmi 18 il, amma 18 dəqiqə sonra anladım ki, bu qısa xəttin arxasında bir ömür, bir ananın nəfəsi, yarımçıq qalan arzular varmış. "Tək oğlum, nəfəsim, Elvinim... məni tək qoydun, indi yaşaya bilmirəm sənsiz…” – sakit səslə dedi, sanki kimsə eşitməsin deyə. O an anlamağa çalışdım: bu daşın altında təkcə bir əsgər yox, Vətən üçün böyüdülmüş bir ömür yatırmış.

  "Bu ki Sevil bibidir” –  onu səslədim... Baxmadı. Təkrar adını çəkdim... Qəfil gözləri bərəlmiş halda çevrildi: "Gülsüüm?!” Caan, başına dönərəm, sən burda neylərsən? Kimlə gəlmisən, ata hanı? Ağır-ağır ayağa qalxdı, görüşüb öpüşdük.

  Heç, hazırlıqdan erkən çıxdım, dedim gəlim şəhidlərimizi ziyarət edim, Elvin adını görüb dayandım. Düzdür, mən onu tanımırdım, amma atam az-çox danışmışdı bu barədə. İstədim özüm də gəlib görüb, ən azı məzarının yerini tanıyım...

Deyib fikrə daldım, bu an Sevil bibi çantasını açdı, oradan özü ilə daima gəzdirdiyi Aidə Eyvazlı adlı müəllifin "Qalibiyyət: Şahidlər və şəhidlər” adlı kitabını çıxartdı. 44 günlük II Qarabağ müharibəsində şəhidlərimiz barədə yazılan kitabın səhifəsini açaraq kövrəldi, barmağı ilə göstərərək titrək səslə dedi: "Baxın, balam, haqqında dəyərli jurnalistimiz Aida xanım necə gözəl yazıb. Alın aparın, nəinki Elvin, elə bütün şəhidlər barədə evdə rahat-rahat oxuyub sonra mütləq qaytararsınız, bax, itirməyin, cırmayın, noolar.” Bir daha atamın əmisi nəvəsi Elvin İsmayılov barədə qürur duydum, onu real həyatda tanımasam da, həyatı, döyüş yolu barəsində oxumağa səbirsizləndim. Elə orada skamyada əyləşib açıb ucadan oxudum ki, Leyla da eşitsin...

 Bəzən bir insanın həyatı təkcə onun adı ilə yox, bir ananın ürək döyüntüləri, bir ailənin səssiz fədakarlığı və bir Vətənin qüruru ilə yazılır. Elvin İsmayılov məhz belə bir ömür yaşadı. O, təkcə bir ailənin tək oğlu deyil, Vətənin dar günündə qorxmadan irəli atılan, canı bahasına torpaq qazanan bir qəhrəman idi.

 Elvin İsmayılov 28 mart 2002-ci ildə Sumqayıt şəhərində dünyaya göz açdı. Anası üçün o, yeddi il sonra gələn Allah hədiyyəsi idi — ilk övlad, ailənin ümid yeri, gələcəyin işığı. Sonradan dünyaya gələn iki bacısının həm qardaşı, həm də dayağı oldu. Sakit xasiyyəti, ağırbaşlı davranışı ilə seçilən Elvin heç vaxt ailəsini incitmədi. Maddi çətinliklər içində böyüsə də, uşaq yaşlarından çalışdı, ailəsinə dayaq oldu. Hətta bir dəfə kirayə pulunu ödəmək üçün kompüterini satması onun nə qədər fədakar və məsuliyyətli olduğunu sübut edirdi.

 2008–2019-cu illərdə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbdə təhsil alan Elvin, məktəbi bitirdikdən sonra müxtəlif sahələrdə çalışdı. Subay idi, amma ailəsinə bağlılığı bir ailə başçısı qədər güclü idi. Anasının səhhətində problemlər olduğu üçün evin yükünü öz üzərinə götürmüşdü. Hərbi xidmətə yollananda belə ailəsini düşünür, ona göndərilən pula ehtiyac olmadığını deyirdi: "Evdəki vəziyyəti bilirəm, mənə burada heç nə lazım deyil.”

 8 may 2020-ci ildə Elvin İsmayılov Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. Beyləqan rayonunda yerləşən "N” saylı hərbi hissədə xidmət edirdi. Anası onun yolunu gözləyirdi, günləri sayırdı ki, xidmət bitsin, balasına qovuşsun. Amma tale başqa cür yazılmışdı.

 

 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Elvini adi bir əsgərdən tarix yazan qəhrəmana çevirdi. O, Cəbrayıl və Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak etdi. Qorxmadan, tərəddüd etmədən irəli atıldı. Düşmən işğalı altında olan torpaqların azadlığı uğrunda vuruşdu, Vətənin namusunu öz canından üstün tutdu. 2 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən Elvin İsmayılov şəhidlik zirvəsinə ucaldı. Anası üçün o gün təkcə bir oğulun itkisi deyildi — o gün bir ürək sinədən qopub torpağa düşdü. Elvin Sumqayıt Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olundu. O gün Sumqayıt bir oğlunu Vətənə əmanət verdi.

 Elvin İsmayılovun qəhrəmanlığı dövlət tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra "Vətən uğrunda”, "Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi. Bu medallar onun sinəsində deyil, xalqın qəlbində parlayır.

  Mən oxuduqca Sevil bibi fəxrlə bizə baxır, qəddini düzəldir, ağarmış saçlarına sığal çəkir, arada da baxışlarını övladının məzarına tərəf yönəldirdi. Oxudum, bitirdim və anladım; doğrudan da Elvin İsmayılovun həyatı qısa olsa da, mənası böyük idi. O, sübut etdi ki, Vətən sevgisi yaşla ölçülmür. Bir ananın tək oğlundan bir millətin qəhrəmanı yarandı. Bu gün azad torpaqlarda dalğalanan bayrağımızda Elvinin də payı var. O, ömrünü verdi, amma Vətənə, ailəsinə, nəslimizə başıuca yaşamaq haqqı qoydu.

"Ehh... Toyunu görmək ən böyük arzum idi, bu da qismət olmadı, yandırıb yaxdı məni” – Sevil bibinin səsi məni düşüncələrimdən ayıltdı. Sözünə davam etdi: "Hər şey bir yana, heç olmasa bir yadigarı da qalmadı. Bütün şəhidlərimiz qəhrəmandır, içində Elvin də olmaqla, hamısının ruhu qarşısında baş əyirəm. Elələri olur ki, ailəli olur, özündən sonra heç olmasa bir oğul, qız övladı yadigar saxlayır. Balam nakam getdi... Mən ancaq qalan 2 qızımla, onları xoşbəxt sağlam böyütməklə təsəlli tapacam”.

 Söhbətinə bir az ara verərək davam etdi: "Bilmirəm, atan danışıb sizə, ya yox, Elvin mərkəzi bazardakı dönər-lahmacun kafesində ofisiant kimi işləməyə başlamışdı. Hər günün sonunda mənə 10 manat verib deyirdi ki, "Ana, buyur, işləmişəm, bu da evin kirayə haqqına köməkdir.” Başlanğıcda mən xərclərini hesablamırdım. Bir neçə gün keçəndən sonra qəfil anladım ki, vay, anan ölsün, Elvin, bəs sən özünə yolpulu saxlamırsan axı, 10 manatı tam şəkildə evə qoyursan. Həmin gün səhər, işə gedərkən yeməyini verəndə masanın üstünə 1 manat qoydum və dedim: "Balam, belə eləmə, bəyəm avtobusla pulsuz gedirsən ki, yolpulun nə olur?!” Elvin sakitcə gülümsəyib cavab verdi: "Ana, narahat olma, mən piyada gedib gəlirəm, gənc və enerjiliyəm” — bazardan evə nə uzaq yoldur ki?! Sonra əlavə etdi: "1 manat da puldur, dama-dama göl olar, toplayaq verək.” Əslində isə bazarla kirayə yaşadığımız evimizin arası 5 km idi... Ehh, Elvin üçün hər qəpik, hər yardım dəyərli idi. Hətta 1 manata da qıymazdı. Böyüklər üçün böyük, amma uşaqlar üçün kiçik bir şeyi belə bölüşməkdən çəkinməzdi”.

 Gözlərim yaşarmışdı, bütün içim sızlayırdı, ağlamaqdan özümü güclə saxlayırdım; bu kiçik fədakarlıq onun nə qədər böyük ürəyini, hədsiz mərdliyini göstərirdi. Səsim titrəyə-titrəyə dedim: "Elvin İsmayılov kimi qəhrəmanımız unudulmaz. Biz onu unutmayana qədər o yaşayacaq. O, Vətənin yaddaşında əbədi yaşayan adlardan biridir”, - söylədim və özümün də belə cəsarətli fikirlərimdən tüklərim biz-biz dayandı. Dərhalda Sevil bibinin qulağına pıçıldadım: "Bundan sonra mənim 2 qardaşım var, Turan kiçik qardaşım idi, Elvin də böyük qardaşım oldu”.

"Can”, – deyib məni bərk qucaqlayaraq ağladı. Mən bu dəfə özümü saxlaya bilmədim, hönkürdüm. Bir-birimizə sarılmışdıq. Nə qədər vaxt keçdiyini bilmədim...

-       Allah rəhmət eləsin, Sevil bibi. Sağ olun.

  Ağır addımlarla Leyla ilə bərabər oradan çıxmağa başladıq. Yüngülləşmişdim, sanki həftənin ağırlığı burada olduğum müddətdə içimdən çıxmışdı.

 

 Xiyabanın ortasında, əsgər paltarında, 9-10 yaşlarında sarışın, uzun hörüklü bir qız şeir deyir, ətrafındakılar onu telefonla video çəkirdilər:

 Salam, şəhid anası!

Mən də sənin bir balan.

Olmasam da qəhrəman

Şuşa, Kəlbəcər alan.

Sənin oğlun tapşırıb,

Səni mənə yol aldı.

Məhz onun sayəsində

Ordumuz zəfər çaldı.

 Salam, şəhid atası,

Sən necə qürurlusan.

Dağ boyda oğlun gedib,

Yenə də dik durmusan.

Gülsüm Ağayeva,  

Sumqayıt şəhər 4 saylı tam orta məktəbin 9A sinif şagirdi