Qaynar xətt:

(+99450) 247 90 86

Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb 

Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb 

SİYASƏT

146

27.11.2026, 16:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vyetnam Dövlət Televiziyasının ingilisdilli “Vietnam Today” platformasında “Vyetnam və Azərbaycan əməkdaşlığı gücləndirir” (“Viet Nam and Azerbaijan strengthen cooperation”) adlı material yayımlanıb.

Oxu24.com xəbər verir ki, materialda Vyetnamın Baş naziri Le Minh Hınq və Milli Assambleyasının sədri Çan Tan Manın noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə Hanoyda keçirdikləri ayrı-ayrı görüşlər işıqlandırılıb.

Baş nazir Le Minh Hınq görüş zamanı ölkəsinin Azərbaycanla ənənəvi dostluq münasibətlərinə və strateji tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyib. O, yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrası istiqamətində irəliləyiş olduğunu vurğulayıb.

Tərəflər ticarət və investisiyaların artırılması, sənaye, kənd təsərrüfatı, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də Mərkəzi Asiya və Transxəzər dəhlizi vasitəsilə dəmir yolu əlaqələrinin yaxşılaşdırılması barədə razılığa gəliblər. Həmçinin, qida təhlükəsizliyi və karantin sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev Vyetnamı Cənub-Şərqi Asiyada mühüm tərəfdaş kimi xarakterizə edib və enerji, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.

Süjetdə Vyetnam Milli Assambleyasının sədri Çan Tan Manın Azərbaycan Prezidenti ilə görüşünə də yer verilib. Çan Tan Man iki ölkənin qanunverici orqanları arasında əlaqələrin nümayəndə heyətlərinin mübadiləsi, qanunvericilik təcrübəsinin bölüşülməsi və çoxtərəfli parlament platformalarında koordinasiyanın gücləndirilməsi yolu ilə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

O, Vyetnamın Azərbaycanın ASEAN və ASEAN Parlamentlərarası Assambleyası (AIPA) ilə əlaqələrinin gücləndirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyev parlamentlərarası əməkdaşlığı müsbət qiymətləndirib, turizmin inkişafı məqsədilə viza rejiminin sadələşdirilməsi və iki ölkənin paytaxtları arasında birbaşa uçuşların açılması imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Tərəflər siyasi etimadın möhkəmləndirilməsi, ticarət, investisiya, enerji, neft-qaz və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 19–21-də Vyetnamda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Tərəflər 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunması barədə də razılığa gəliblər.