Qaynar xətt:

(+99450) 247 90 86

Sülh, təhlükəsizlik və Orta Dəhliz: Aİ-nin Cənubi Qafqaz strategiyası nədən ibarətdir?  

Sülh, təhlükəsizlik və Orta Dəhliz: Aİ-nin Cənubi Qafqaz strategiyası nədən ibarətdir?  

SİYASƏT

49

18.11.2026, 18:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. Görüş zamanı Azərbaycan-Aİ tərəfdaşlığının inkişafı, mövcud əməkdaşlıq gündəliyi, eləcə də əsas regional və beynəlxalq proseslər ətrafında müzakirələr aparılıb. Tərəflər enerji təhlükəsizliyi, nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi, regional sabitlik və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi ediblər. Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində beynəlxalq tərəfdaşlarla aparılan dialoq xüsusi əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Avropa İttifaqı Cənubi Qafqazı özünün siyasi coğrafiyasına daxil edib və bölgə ilə uzunmüddətli iqtisadi-siyasi əməkdaşlıq layihələri həyata keçirir:

"Şərq Tərəfdaşlığı və digər proqramların tətbiqi ilə yanaşı, Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi də hazırlanır və bir çox məsələlərdə artıq razılaşmalar mövcuddur. Bölgənin həm iqtisadi, həm də siyasi landşaftının formalaşmasında, xüsusilə təhlükəsizlik və regional sülh məsələlərində Avropa İttifaqının mühüm rolu var”.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sülh danışıqlarının aparılmasında Brüsselin səmərəli format təqdim etdiyini və bu müstəvidə kifayət qədər uğurlu irəliləyişlərin olduğunu xatırlayırıq. Avropa İttifaqı bir xeyli müddət danışıqların aparılmasında moderator oldu və kifayət qədər fayda verdi. Sonradan Azərbaycanın ərazi bütövlüyünün tanınmasında, Ermənistan rəhbərliyinin mövqeyinin formalaşmasında da yəqin ki, Avropa İttifaqının ciddi təsirləri oldu. 

Politoloq qeyd edib ki, Aİ regiondakı proseslərə diplomatik və siyasi təsir göstərməklə yanaşı, bir sıra iqtisadi layihələrin maliyyələşməsində də mühüm rol oynayır:

"Bölgəyə investisiya qoyan, eyni zamanda Orta Dəhlizin çəkilməsində rol alan, hətta bura müəyyən qədər investisiya ayrılmasını nəzərdə tutan bir qurum olaraq Avropa İttifaqı regionun iqtisadi inkişafında da iştirak edir. Təhlükəsizlik məsələsinə gəldikdə isə, hazırda Ermənistan ərazisində onların mülki missiyası fəaliyyət göstərir. Düzdür, Azərbaycanın bu məsələyə mövqeyi birmənalı deyil, amma bütün hallarda bu qurum regionda təhlükəsizlik məsələlərində bu və ya digər formada iştirak edir”.

Bundan başqa, Əli Mustafa vurğulayıb ki, Aİ geosiyasi baxımdan bölgənin və özünün maraqlarını təmin etmək üçün müəyyən işlər aparır:

“Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, region ölkələri ilə iqtisadi, kommunikasiya və logistika əlaqələrinin inkişafında Avropa İttifaqı maraqlıdır. Bu istiqamətdə region dövlətləri ilə həm ümumilikdə, həm də ayrılıqda müəyyən layihələr reallaşdırırlar".

Əli Mustafa əlavə edib ki, bölgədə Rusiya, ABŞ və digər böyük güc mərkəzlərinin maraqları olsa da, Brüssel də regional əməkdaşlığa hər zaman açıqdır:

"Sülh prosesinin irəliləməsində Avropa İttifaqı yenə də müəyyən formada iştirak edir. İqtisadi layihələrdə və siyasi proseslərdə mövcud olmaqla yanaşı, regionun təhlükəsizlik məsələlərində də rol oynamağa çalışır. Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirir, Azərbaycanla da müxtəlif sahələrdə münasibətlərini inkişaf etdirir. Gürcüstanla isə son vaxtlar münasibətlər bir qədər soyumuş kimi görünsə də, uzun müddət İttifaqın Tbilisi ilə ciddi əlaqələri olub, hətta namizədlik statusu belə verilmişdi. Sonradan Gürcüstanda Rusiya təsirlərinin artması əsas götürülərək bu münasibətlər bir qədər sərinlədi. Amma bütün hallarda Cənubi Qafqaz Avropa İttifaqının maraq dairəsində və xüsusi diqqətində olan regionlardan biridir. Onlar da hər fürsətdə regionun logistika və iqtisadi layihələrində yaxından iştirak edirlər".

Çimnaz Telmanqızı