Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Azərbaycandan hansı mesajı verib?  —   Politoloq siyasi mənasını AÇIQLADI

Ərdoğan Azərbaycandan hansı mesajı verib?  —   Politoloq siyasi mənasını AÇIQLADI

SİYASƏT

77

09.11.2026, 13:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik və qardaşlıq münasibətləri bütün Cənubi Qafqaz regionunda güc balansını kökündən dəyişən mühüm amillərdəndir. Xüsusilə son illərdə imzalanan tarixi sənədlər və birgə reallaşdırılan qlobal nəqliyyat-enerji layihələri iki ölkənin mövqeyini daha da gücləndirib. Lakin bu inteqrasiya prosesi və hərbi-siyasi yaxınlaşma bəzi xarici qüvvələrin və regional aktorların maraqları ilə ziddiyyət təşkil edir. Rəsmi Ankaranın və Bakının müstəqil siyasət yürütməsi, həmçinin xarici təsirlərdən asılı olmayan qərarlar qəbul etməsi müəyyən dairələrdə narahatlıq doğurur. Məhz bu səbəbdən müttəfiqliyimizə qarşı müxtəlif diplomatik, iqtisadi və informasiya müstəvisində gizli və ya aşkar təzyiq cəhdləri səngimir. Prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlaması məhz bu cür xarici maneələrə və təsir cəhdlərinə qarşı qətiyyətli cavab xarakteri daşıyır. Türkiyə lideri Şuşa Bəyannaməsi ilə zirvəyə çatan qardaşlığın heç bir xarici qüvvə tərəfindən zəiflədilə bilməyəcəyini birmənalı şəkildə bəyan edib. 

Mövzu ilə bağlı politoloq Elman Telmanoğlu Oxu24.com-a açıqlamasında bildirib ki, 2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır.

Bu çərçivədə politoloq qeyd edib ki, Azərbaycan–Türkiyə müttəfiqliyinin güclənməsi Cənubi Qafqazda geosiyasi güc balansına birbaşa təsir göstərir:

“Şuşa Bəyannaməsi ilə möhkəmlənən hərbi-siyasi əməkdaşlıq, Zəngəzur dəhlizi və regional nəqliyyat layihələri bəzi güclərin regiondakı ənənəvi təsir imkanlarını məhdudlaşdıra bilər. Bu səbəbdən mümkün təzyiqlər diplomatik, iqtisadi və informasiya müstəvisində özünü göstərə bilər”.

Elman Telmanoğlunun sözlərinə görə, bu məsələdə ilk növbədə Rusiya və İranın mövqeyi diqqət çəkir. Rusiya Türkiyənin Cənubi Qafqazda artan rolunu, İran isə Azərbaycan–Türkiyə əməkdaşlığının yaratdığı yeni nəqliyyat və geosiyasi reallıqları öz regional maraqları baxımından həssas məsələ hesab edir. 

O vurğulayıb ki, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı müzakirələr bu narahatlıqları artırır. 

Digər tərəfdən, politoloq əlavə edib ki, ABŞ və Avropa İttifaqının regionda artan fəallığı da diqqətdən kənarda qalmamalıdır. Ermənistanın regional kommunikasiyalar və təhlükəsizlik məsələlərində tutduğu mövqe də prosesə təsir göstərir.

“Hesab edirəm ki, Ərdoğanın mesajı Azərbaycan və Türkiyənin xarici təzyiqlərdən asılı olmayaraq strateji müttəfiqliyi qorumaq və regional proseslərdə müstəqil mövqelərini gücləndirmək iradəsinin ifadəsidir”,- deyə o bildirib. 

Yekun olaraq qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bu bəyanatı Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizamın və Türkiyə-Azərbaycan sarsılmazlığının növbəti nümayişidir. Regional güclərin və xarici aktorların müxtəlif maraqlarına baxmayaraq, Şuşa Bəyannaməsi ilə rəsmiləşən müttəfiqlik həm regional təhlükəsizliyin, həm də Türk dünyasının inteqrasiyasının əsas təminatçısı rolunu oynamaqda davam edir. Bakı və Ankaranın vahid cəbhədən çıxış etməsi turnsiz olaraq bütün xarici təzyiqləri neytrallaşdırır və regionda sülhün şərtlərini məhz bu iki qardaş dövlətin müəyyən etdiyini bir daha sübuta yetirir.

Çimnaz Telmanqızı