Qaynar xətt:

(+99450) 247 90 86

Üçrəngli ucalıq,Bayrağımızın keçdiyi HƏMİN YOL - Turan Etibaroğlu yazır...  

Üçrəngli ucalıq,Bayrağımızın keçdiyi HƏMİN YOL - Turan Etibaroğlu yazır...  

SİYASƏT

62

09.11.2026, 12:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəzi günlər təqvimdə sadəcə rəqəm kimi görünür, amma insanın içində başqa cür səslənir. Noyabrın 9-u da belə günlərdəndir. Səhər pəncərədən baxanda küçənin sanki başqa cür nəfəs aldığını hiss edirsən. Binaların fasadından, avtomobillərin şüşəsindən, məktəblinin köynəyinə sancılmış kiçik nişandan, bir uşağın ovcunda tutduğu parçadan eyni üç rəng boylanır. Mavi, qırmızı, yaşıl. Gözümüz bu rənglərə o qədər öyrəşib ki, bəzən onların nə qədər bahaya başa gəldiyini unuduruq. Halbuki bu üç zolağın arxasında bir xalqın yüz ildən çox davam edən yolu, itkisi, həsrəti, intizarı və nəhayət, qələbəsi dayanır. Bu yolun üstündə də iki ad var ki, onlarsız bayrağın tarixi yarımçıq qalar: Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev.

Hekayə 1918-ci ildə başlayır. Dünya böyük müharibənin tüstüsündən təzəcə çıxırdı, imperiyalar yıxılırdı, xəritələr yenidən çəkilirdi.

Elə bir zamanda Qafqazın cənub qapısında yaşayan bir xalq özünü dövlət kimi elan etməyə cürət etdi.

Şərqdə ilk parlamentli respublika, qadınlara seçmək və seçilmək hüququ verən ilk müsəlman dövləti yarandı. Və bu yeni dövlət ilk işlərindən birini özünün üzünü göstərəcək rəmzi seçməkdə gördü.

1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin iclasında üçrəngli, aypara və səkkizguşəli ulduzlu bayraq dövlət bayrağı kimi qəbul edildi.

Bu, sadəcə rəsmi qərar deyildi. Bu, xalqın dünyaya “mən buradayam” deməsi idi. Üç rəngin təsadüfən seçilmədiyini də deməliyəm. Bu ideyanın kökündə Əli bəy Hüseynzadənin türkləşmək, islamlaşmaq, avropalaşmaq düsturu dayanırdı. Mavi türk kimliyini, yaşıl İslam mədəniyyətini, qırmızı isə müasirliyi və tərəqqini ifadə etdi. Aypara və ulduz həm qədim türk-islam dünyasının simvolu, həm də xalqın göyə baxan, gələcəyə inanan gözü kimi qaldı.

Bu üç rəng bir-birini inkar etmir. Onlar yan-yana durur, tarixlə müasirliyi, inancla dünyaya açıqlığı, kimliklə tərəqqini bir bayrağın altında barışdırır. Cümhuriyyətin ömrü isə az oldu. İyirmi üç ay.

Bir xalqın tarixində bu, bir nəfəs qədər qısa idi. 1920-ci il aprelin 28-də bayraq dövlət statusunu itirdi və onilliklər boyu bu rənglər meydanlardan, dərsliklərdən, rəsmi binalardan silindi. Amma yaddaşı silmək olmur. Mühacirətdə yaşayan azərbaycanlılar İstanbulda, Parisdə, Varşavada bayrağı sinələrində gəzdirdilər. Vətəndə qalanlar onu ürəklərinin dərinliyində gizlətdilər. Rəsmi olaraq yox idi, amma hər nəfəsdə var idi. Görünür, bir rəmzin ən böyük gücü ona qadağa qoyulanda üzə çıxır.

Və elə bir an gəldi ki, bu gizli yaddaşın üzə çıxması üçün cəsarətli bir əl lazım idi. Sovet imperiyasının əsasları sarsılırdı, amma qorxu hələ keçməmişdi. Dəmir pərdə çatlamışdı, amma çatdan hələ də soyuq külək əsirdi. Elə bir zamanda Naxçıvanda tarixi addım atıldı.

1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu.

Moskvanın hakimiyyəti hələ qüvvədə ikən milli rəmzi dövlət səviyyəsində bərpa etmək böyük siyasi cəsarət tələb edirdi. Bu qərarı yalnız vəzifə sahibi yox, tarixi məsuliyyəti dərk edən dövlət xadimi verə bilərdi. Heydər Əliyev həmin gün bayrağı təkcə bir muxtar respublikanın rəmzi kimi yox, gələcək müstəqil Azərbaycanın nişanəsi kimi qaldırırdı. Elə bil bir xalq uzun yuxudan sonra gözlərini açıb ilk işdə öz rənglərini axtarırdı və onları tapdı.

Üç ay sonra, 1991-ci il fevralın 5-də Ali Sovet həmin üçrəngli, ay-ulduzlu bayrağı müstəqil Azərbaycan Respublikasının Dövlət Bayrağı elan etdi. Cümhuriyyətin doğurduğu, sovet illərinin susdurduğu, mühacirətin qoruduğu, Naxçıvanın ucaltdığı bayraq nəhayət müstəqil dövlətin rəmzinə çevrildi. Heydər Əliyevin bu bayraq haqqında dediyi sözlər isə bu gün də xalqın yaddaşındadır: Azərbaycan bayrağı sadəcə bayraq deyil, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Hər sözü ölçülü, hər kəlməsi çəkili olan bu cümlədə bir dövlət fəlsəfəsi gizlənib. Bayraq yalnız parça deyil, xalqın dövlət olmaq iradəsinin mətni, rəngə çevrilmiş konstitusiyasıdır.

Müstəqilliyin ilk illəri isə asan keçmədi. Müharibə, torpaq itkisi, didərgin düşmüş yüz minlərlə insan, qarşıdurma, iqtisadi çətinliklər. Dövlətin taleyi qıl üstündə dayanırdı. Elə bir məqamda, 1993-cü ildə xalqın çağırışı ilə Heydər Əliyev Bakıya qayıtdı və ölkənin idarəçiliyini üzərinə götürdü.

Bu qayıdış tarix kitablarında xilaskarlıq adı ilə qalıb. Çünki sonrakı illərdə dövlətçilik bərpa olundu, atəşkəs əldə edildi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Onun sayəsində bayraq yalnız xatirə rəmzi olmaqdan çıxdı, möhkəm, sabit, özünü qoruyan dövlətin üzərində dalğalandı. Ulu Öndər dövlətin bünövrəsini elə qoydu ki, sonrakı nəsillər bu bünövrənin üstündə ucalıq qura bildi.

Heydər Əliyevin ən böyük vəsiyyətlərindən biri müstəqilliyi qorumaq, Azərbaycançılıq ideologiyasını yaşatmaq, torpaqlarımızın azad olunması üçün hazırlıq görmək idi.

Bu vəsiyyət 2003-cü ildən sonra dövlətin rəhbərliyini üzərinə götürən İlham Əliyevin siyasətinin əsasını təşkil etdi.

Prezident İlham Əliyev bu yolu yalnız davam etdirmədi, onu yeni müstəvilərə qaldırdı. İqtisadiyyat gücləndi, Bakı müasir şəhərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanı regionun enerji mərkəzlərindən birinə çevirdi. Ordu quruculuğuna ayrıca diqqət ayrıldı. Bütün bunlar birlikdə bir məqsədə xidmət edirdi: bayrağın işğal altında qalan torpaqlarda yenidən ucaldılması.

Bu yolda bayrağa dövlət münasibəti də yeni səviyyəyə qalxdı.

2007-ci il noyabrın 17-də İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzaladı.

2009-cu il noyabrın 17-də isə noyabrın 9-nu Dövlət Bayrağı Günü elan edən sərəncamı verdi. Həmin ilin dekabrında Milli Məclis bu tarixi rəsmiləşdirdi və o, qeyri-iş günü statusu aldı. Beləliklə, bayrağın doğum günü xalqın ortaq bayramına çevrildi. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı oldu.

Dənizin kənarında, küləklərin əsdiyi bir hündürlükdə 162 metrlik dirəyin başında 72 metr uzunluğunda, 36 metr enində bayraq qalxdı. Bakıya yaxınlaşan hər qonaq uzaqdan göy üzündə bu rəngləri görür və bu şəhərin kimin şəhəri olduğunu anlayır. Həmin açılış mərasimində Prezident bayrağın bir gün işğaldan azad olunmuş torpaqlardan Azadlıq meydanına gətirilib hərbi paradda nümayiş etdiriləcəyini deyəndə çox adam bunu arzu kimi qəbul etdi. On il sonra bu söz həqiqətə çevrildi.

Bayraq təkcə tarixdə yaşamır, o, hər gün bizimlədir. İdman meydanlarında, məsələn. Hər dəfə podiumun ən yüksək pilləsində Azərbaycan himni səslənəndə və bayraq yuxarı qalxanda təkcə idmançı yox, bütün ölkə ayağa qalxır. Evlərdə televizorun qarşısında oturan kişilər susur, qadınların gözləri dolur, uşaqlar nə baş verdiyini tam anlamasa da ciddiləşir.

Güləşçinin, cüdoçunun, boksçunun, ağır atletin, gimnastın, atıcının qələbəsi üçün illərlə tər tökülüb, saysız-hesabsız səhərlər erkən qalxılıb, ağrılar dözülüb. Amma bir an gəlir və bütün bu zəhmət boynuna asılan medalda, çiyinlərini dolayan bayraqda birləşir.

Elə idmançı var ki, qələbə anında yalnız bayrağa sarılıb ağlayır. Çünki o anda təkcə öz adı ilə yox, bütün bir xalqın adı ilə orada dayanır. Bu qələbələrin arxasında Heydər Əliyevin əsasını qoyduğu, İlham Əliyevin davam etdirdiyi idman siyasəti dayanır: stadionlar, olimpiya komplekslərı, gənclərə göstərilən diqqət, beynəlxalq yarışlara yaradılan şərait.

Azərbaycan zamanla yalnız yarışlara qatılan ölkə deyil, beynəlxalq yarışlara ev sahibliyi edən ölkəyə çevrildi. 2015-ci ildə Bakıda ilk Avropa Oyunları keçirildi, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, sonra Formula 1 yarışları, şahmat tədbirləri, Avro-2020-nin oyunları. Şəhərin küçələrində müxtəlif ölkələrin bayraqları yan-yana asılırdı, amma ən çox gözə dəyən yenə də üçrəngli bayraq idi. Çünki orada o, yalnız bir rəmz yox, ev sahibliyinin imzası idi.

Mədəniyyət isə bayrağın daha incə, daha səssiz, amma daha dərin yaşadığı məkandır. Şairlərimiz bu rəmzi misralara köçürüb.

Bəxtiyar Vahabzadənin “Bayrağım” şeiri nəsillər boyu oxunub. Aşıq poeziyasında, el havalarında, müasir şeirdə bayraq obrazı sevgi, həsrət və qürur anlayışı ilə yanaşı gəlir. Muğam məclisinə də, xalçaçılıq sərgisinə də, təzə açılan sənət festivalına da bu bayrağın altında gedirik. Heydər Əliyevin milli mədəniyyətə, ədəbiyyata, musiqiyə göstərdiyi diqqət, bu sahədə yaratdığı ənənə bu gün də yaşayır. Bakıda ucalan Heydər Əliyev Mərkəzi isə Azərbaycanın müasir üzünü dünyaya göstərən memarlıq nümunəsinə çevrilib. Ulu Öndərin adını daşıyan bu mərkəz həm də mədəniyyətə dövlət diqqətinin rəmzidir. 2011-ci ildə Düsseldorfda Eurovision səhnəsində Azərbaycan qalib gələndə milyonlarla tamaşaçı bizim bayrağı ilk dəfə belə yaxından, belə parlaq gördü. Növbəti il Bakı Eurovision-a ev sahibliyi etdi və şəhər bütün Avropanın diqqət mərkəzinə düşdü. 2024-cü ilin noyabrında isə Bakı COP29 iqlim konfransına ev sahibliyi etdi və dünya liderləri Azərbaycan bayrağının fonunda bir araya gəldilər. Bu fakt Prezident İlham Əliyevin xarici siyasətinin, Azərbaycanı dünyanın ciddi söz sahibi olan dövlətlərindən birinə çevirmək xəttinin nəticəsi kimi qiymətləndirilir.

Amma bayrağın ən ağır, ən şərəfli, ən qanlı imtahanı 2020-ci ilin payızına düşdü. Sentyabrın sonunda başlayan 44 günlük Vətən müharibəsi otuz ilə yaxın gözlənilən bir anın gəlişi idi. Bu müharibənin başında Ali Baş Komandan İlham Əliyev dayanırdı. Onun qətiyyəti, siyasi iradəsi, hərbi və diplomatik cəbhədə apardığı xətt Azərbaycan Ordusunun qələbəsinin əsas amillərindən sayılır. Dəmir yumruq ifadəsi o günlərdə xalqın dilində rəmzə çevrildi. Gənc oğlanlar, çoxları müstəqilliyin ilk illərində doğulmuş, işğal altındakı torpaqları yalnız nağıllardan və atalarının xatirələrindən tanıyan gənclər cəbhəyə yollandı. Onlarla bərabər bayraq da getdi. Hər azad olunan kənddə, hər geri alınan hündürlükdə, hər dağın zirvəsində üçrəngli bayraq ucaldıldı. Və hər ucalan bayrağın arxasında bir ana, bir ata, bir yetim uşaq, bir gözləyən qadın var idi. Çünki bu bayrağı yalnız meydanlarda yox, həm də şəhidlərimizin qanı ilə yuyulmuş torpaq üzərində ucaltmışıq.

Noyabrın 8-də Şuşanın azad olunması bu müharibənin ən simvolik anı kimi yaddaşlara həkk olundu.

Şuşa təkcə şəhər deyil, Azərbaycan mədəniyyətinin beşiyi, muğamın, şairlərin, bəstəkarların, xanəndələrin vətəni idi. Orada bayrağın yenidən qalxması həm hərbi, həm də mənəvi qələbə kimi qarşılandı. Bir gün sonra, noyabrın 9-da isə Bayraq Günü gəldi. İki tarix yan-yana düşdü.

Biri bayrağın azad torpaqda yenidən qalxdığı gün, digəri bayrağın doğulduğu gün. Elə bil tarix özü iki halqanı birləşdirdi: 1918-də doğulan, 1990-da Heydər Əliyevin cəsarəti ilə yenidən ucalan bayraq 2020-də İlham Əliyevin rəhbərliyi ilə öz torpağında nəfəs aldı.

Bu, nəsillərin estafeti idi. Birinci nəsil bayrağı qaldırdı, ikinci nəsil onu qoruyub saxladı, üçüncü nəsil isə onu öz ərazisinin hər qarışında dalğalandırdı. Sonrakı illərdə, xüsusilə 2023-cü ilin payızında Xankəndidə bayrağın ucaldılması rəsmi təqdimatda ərazi bütövlüyünün tam bərpası kimi qiymətləndirildi. Dövlət başçısının illər boyu təkrar etdiyi, işğaldan azad edilən torpaqlarda bayraq qaldırılacaq sözü yerinə yetdi.

Bu gün Qarabağda, Şərqi Zəngəzurda, Kəlbəcərdə, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda bu bayraq dalğalanır. Hər bayrağın altında yenidən qurulan yollar, evlər, məktəblər var. Hər bayrağın altında yurduna qayıdan insanın gözyaşı, doğma qapıdan keçərkən titrəyən əli var. Bəlkə də ən böyük qələbə məhz budur: bayrağın sadəcə qalxması deyil, onun altında yenidən həyatın başlamasıdır. Bu il Bayraq Günü dövlətimizin yaddaşına yenidən ucalan bir məkanda qarşılanır. 2024-cü il noyabrın 8-də yenidənqurmadan sonra Dövlət Bayrağı Meydanı yeni görkəmdə istifadəyə verildi və Prezident İlham Əliyev ailəsi ilə birlikdə orada bayrağı ucaltdı. Bu mərasim bir daha göstərdi ki, bayraq mövzusu dövlətin gündəliyində təkcə bayram günü deyil, davamlı diqqət obyektidir.

Amma Bayraq Günü yalnız keçmişi xatırlamaq günü olmamalıdır.

Bu gün bizə üç sual verir və biz bu suallara özümüz cavab verməliyik. Birinci sual: biz bu bayrağı nəyin bahasına əldə etmişik? Cümhuriyyət qurucularının cəsarəti, mühacirətdə qalan həsrət, Naxçıvanda Heydər Əliyevin atdığı tarixi addım, qaçqınlıq illərinin ağrısı, şəhidlərin qanı. Bunların hamısı bu üç rəngin içində gizlənib. İkinci sual: biz bu bayrağı necə yaşadırıq? Rəmzə hörmət yalnız tədbirlərdə, çıxışlarda, paylaşımlarda deyil. O, işimizə münasibətimizdə, dürüstlüyümüzdə, bilik və peşəkarlığımızda, öz vəzifəsini vicdanla yerinə yetirən müəllimdə, həkimdə, mühəndisdə, jurnalistdə, fəhlədə, kəndlidə özünü göstərməlidir. Üçüncü sual: biz bu bayrağı gələn nəslə necə təhvil verəcəyik? Bu gün məktəbə gedən uşaq üçün 1918, 1990, 2020 tarixdir. Ona bu tarixi yalnız dərslikdəki rəqəmlər kimi yox, yaşanmış, bahası ödənilmiş, qorunmalı bir əmanət kimi çatdırmaq lazımdır.

Yazının əvvəlində dedim ki, bayraq gözümüzə adət olub. Bəlkə də elə bu adətdə həm xoşbəxtlik, həm də təhlükə var. Xoşbəxtlik ondadır ki, biz artıq bayrağı gizlətmirik, ona qadağa qoymağa heç kim cəsarət etmir, o, hər yerdə azad dalğalanır. Təhlükə isə ondadır ki, biz bu azadlığı adi hal kimi qəbul edə bilərik. Halbuki hər nəfəsimizdə bir şəhidin, bir qazinin, bir mühacirin, bir qaçqının payı var. Bayrağı qorumaq onu göyə qaldırmaqdan çox çətindir. Çünki göyə qaldırmaq bir an çəkir, qorumaq isə ömür tələb edir.

1918-də doğulan, sovet illərində rəsmi səhnədən silinən, Heydər Əliyevin təşəbbüsü ilə 1990-da Naxçıvanda yenidən ucalan, 1991-də müstəqil dövlətin rəmzinə çevrilən, İlham Əliyevin rəhbərliyi ilə 2020-də azad torpaqlarda qürurla dalğalanan bu bayraq təkcə tarix deyil. O, keçmişin şahidi, bu günün qürur mənbəyi, sabahın əmanətidir. Ulu Öndərin əsasını qoyduğu dövlətçilik, Prezidentin zəfərlə tamamladığı tarixi missiya bu üç rəngin altında birləşib. Bu gün bayrağın önündə baş əyirik. Çünki bu bayraq bizə yalnız qürur yox, məsuliyyət də verir.

Mavi göyümüz, qırmızı qanımız, yaşıl torpağımız bir-birindən ayrılmasın. Ruhun şad olsun, Ulu Öndər! Sağ ol, Ali Baş Komandan! Bayrağımız uca olsun, Azərbaycan var olsun!

Turan Etibaroğlu

Xüsusi olaraq Oxu24.com üçün