Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
151
02.11.2026, 12:20
Azərbaycan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və taleyi illərdir qeyri-müəyyən qalan minlərlə vətəndaşının hüquqlarının təmin olunması istiqamətində növbəti mühüm diplomatik addımını atıb. BMT yanında Daimi Nümayəndəliyimizin müşaviri Nahidə Bağırovanın "Növbəti dörddəbir əsrdə Qadınlar, Sülh və Təhlükəsizlik: İcra vasitəsilə vədin yerinə yetirilməsi" mövzusundakı açıq debatda səsləndirdiyi bəyanat beynəlxalq birliyin diqqətini yenidən bu humanitar böhrana cəlb edib. Məsələnin məhz yüksəksəviyyəli BMT platformasında qaldırılması yalnız tarixi həqiqətlərin çatdırılması deyil, həm də itkin ailələrinin pozulmuş hüquqlarının bərpası baxımından strateji əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, Ermənistanın otuz ilə yaxın davam etmiş işğalının ölkəmizə ümumilikdə və müxtəlif sahələr üzrə vurduğu ağır zərərin ən təhlükəli və uzunmüddətli nəticələrindən biri ərazilərimizin mina və partlamamış hərbi sursatlarla geniş miqyasda çirkləndirilməsidir:
“İşğala son qoyulmasına baxmayaraq, bu təhlükə bu gün də insanların həyatına, ölkəmizin təhlükəsizliyinə, iqtisadi inkişafına və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə ciddi təsir göstərməkdədir.
Mövcud hesablamalara əsasən, Azərbaycan ərazisinin təxminən 12–13 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmişdir. Təqribən 1,5 milyondan artıq mina və partlamamış hərbi sursatın mövcudluğu barədə qiymətləndirmələr təhlükənin miqyasını aydın göstərir. Bu rəqəmlər təkcə hərbi münaqişənin ağır mirasını deyil, həm də müharibədən sonrakı dövrdə Azərbaycanın qarşılaşdığı mürəkkəb humanitar və sosial-iqtisadi çağırışları əks etdirir”.
Deputatın sözlərinə görə, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətini ardıcıl şəkildə davam etdirir. İndiyədək 298 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənmiş, ümumilikdə 260 147 təhlükəli partlayıcı vasitə aşkarlanaraq zərərsizləşdirilmişdir:
“Bu göstəricilər həyata keçirilən işlərin miqyasını nümayiş etdirsə də, qarşıda hələ böyük vəzifələrin dayandığını göstərir. Mütəxəssis hesablamalarına görə, geniş ərazilərin tam təmizlənməsi milyardlarla ABŞ dolları həcmində maliyyə vəsaiti və uzun illər tələb edəcək. Hazırda Azərbaycan bu ağır vəzifəni əsasən öz daxili maliyyə resursları hesabına həyata keçirir. Bu isə dövlətimizin həm vətəndaşlarının təhlükəsizliyinə, həm də azad edilmiş ərazilərin bərpasına münasibətdə məsuliyyətli və ardıcıl siyasətinin göstəricisidir”.
Rizvan Nəbiyev qeyd edib ki, mina təhlükəsinin ən ağır və faciəvi nəticəsi insan itkiləridir. Xarici İşlər Nazirliyinin 8 oktyabr 2026-cı il tarixli məlumatına əsasən, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra mina və partlayıcı sursat hadisələrindən zərər çəkmiş Azərbaycan vətəndaşlarının sayı 443 nəfərə çatmışdır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin 23 sentyabr 2026-cı il tarixli statistikasına görə, həmin tarixədək qeydə alınmış 275 mina hadisəsi nəticəsində 73 nəfər həyatını itirmiş, 367 nəfər isə müxtəlif dərəcəli xəsarət almışdır. Daha geniş tarixi dövrə nəzər saldıqda isə 1991-ci ildən bəri Azərbaycanda mina hadisələrindən zərər çəkmiş şəxslərin ümumi sayının 4000 nəfəri ötdüyü məlum olur. Bu göstəricilər mina təhlükəsinin müharibədən sonra da insan həyatı və sağlamlığı üçün ciddi təhlükə olaraq qaldığını, onun uzunmüddətli humanitar nəticələrinin aradan qaldırılmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir:
“Bu rəqəmlərin arxasında insan taleləri, dağılan ailələr, sağlamlığını itirən vətəndaşlar və uzunmüddətli sosial-psixoloji fəsadlar dayanır. Mina təhlükəsi yaşından və peşəsindən asılı olmayaraq insanların həyatını risk altına salır. Eyni zamanda kənd təsərrüfatı fəaliyyətini məhdudlaşdırır, yaşayış məntəqələrinə və nəqliyyat infrastrukturuna çıxışı çətinləşdirir, torpaqlardan səmərəli istifadəyə mane olur və iqtisadi inkişaf imkanlarını zəiflədir”.
Deputat həmçinin vurğulayıb ki, buna görə də humanitar minatəmizləməyə yalnız təhlükəsizlik tədbiri kimi yanaşmaq kifayət deyil. Bu fəaliyyət insan həyatının qorunması ilə yanaşı, sosial rifahın yüksəldilməsi, iqtisadi potensialın bərpası və davamlı inkişaf üçün zəruri şərtdir:
“Prezident İlham Əliyev 2 sentyabr 2026-cı ildə IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində məhz bu məqama xüsusi diqqət yetirmişdir. Dövlət başçısı humanitar minatəmizləmənin şəhər və kəndlərin bərpası, insanların təhlükəsiz qayıdışı və dayanıqlı inkişaf üçün əsas şərtlərdən biri olduğunu vurğulamışdır.
Bu yanaşma Azərbaycanın münaqişədən sonrakı bərpa siyasətinin mahiyyətini əks etdirir. Ölkəmizdə minatəmizləmə ayrıca və təcrid olunmuş fəaliyyət kimi deyil, təhlükəsizliyin təmin edilməsi, müasir şəhərsalma, infrastrukturun qurulması, ətraf mühitin bərpası, sosial reinteqrasiya və iqtisadi inkişafı birləşdirən vahid dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir”.
“Böyük Qayıdış proqramının uğurla icrası da bilavasitə minatəmizləmə işlərinin nəticələrindən asılıdır. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələrinin salınması, avtomobil və dəmir yollarının çəkilməsi, enerji və kommunikasiya infrastrukturunun qurulması, kənd təsərrüfatının inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı bu fəaliyyətlə paralel aparılır.
Artıq Böyük Qayıdış real nəticələr verir. Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların ümumi sayı isə 90 min nəfəri ötmüşdür. Bu göstəricilər dövlətimizin bərpa və məskunlaşma siyasətinin praktiki nəticələrini nümayiş etdirir.
Bununla yanaşı, hər bir yeni yaşayış məntəqəsinin istifadəyə verilməsi, hər bir infrastruktur layihəsinin həyata keçirilməsi və hər bir ailənin təhlükəsiz qayıdışı minatəmizləmə fəaliyyətinin davamlılığını tələb edir. Başqa sözlə, mina təhlükəsinin aradan qaldırılması Böyük Qayıdışın həm təhlükəsizlik təminatı, həm də iqtisadi və sosial inkişafın əsas şərtlərindən biridir”,- deyə deputat əlavə edib.
Rizvan Nəbiyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyev problemin dərinliyinə və əhatə dairəsinə görə beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi artırmağa çağırmışdır. Maliyyə resurslarının səfərbər edilməsi, müasir texnologiyaların tətbiqi, xüsusi avadanlıqların təmin olunması, mütəxəssis hazırlığı, texniki bilik və təcrübə mübadiləsi, eləcə də uzunmüddətli beynəlxalq tərəfdaşlıqlar bu prosesin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Azərbaycanın mina probleminə yanaşmasının mühüm xüsusiyyətlərindən biri də onun beynəlxalq gündəliyə çıxarılması istiqamətində irəli sürdüyü təşəbbüslərdir. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2030-cu ilədək qlobal inkişafın əsas istiqamətlərini müəyyən edən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilmişdir. Azərbaycan da bu məqsədləri milli inkişaf prioritetləri ilə əlaqələndirərək onların həyata keçirilməsində fəal iştirak edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə humanitar minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi ideyası irəli sürülmüş və ölkəmiz tərəfindən milli səviyyədə qəbul edilmişdir.”.
Bu təşəbbüsün əsas mahiyyətindən danışan müsahibimiz bildirib ki, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükənin yalnız ayrı-ayrı ölkələrin və ya regionların problemi deyil, qlobal humanitar çağırış kimi qəbul olunmasına nail olmaqdır. Hazırda Azərbaycan diplomatiyası dövlət başçısının müəyyən etdiyi siyasi xəttə uyğun olaraq beynəlxalq platformalarda humanitar minatəmizləmənin qlobal səviyyədə 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi tanınması istiqamətində fəal iş aparır:
“Bu təşəbbüsün əhəmiyyəti ondadır ki, mina təhlükəsi yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyi, insanların sağlamlığı, dayanıqlı şəhər və yaşayış məntəqələrinin inkişafı, ətraf mühitin qorunması və iqtisadi imkanların genişləndirilməsi kimi bir sıra mövcud Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa əlaqəlidir. Minalarla çirklənmiş torpaqlarda kənd təsərrüfatını inkişaf etdirmək, yaşayış məntəqələrini bərpa etmək, müasir infrastruktur qurmaq və insanların təhlükəsiz həyatını təmin etmək mümkün deyil. Bu baxımdan humanitar minatəmizləmənin qlobal inkişaf gündəliyində ayrıca prioritet kimi müəyyənləşdirilməsi həm beynəlxalq diqqətin artırılmasına, həm də resursların daha səmərəli səfərbər olunmasına xidmət edə bilər”.
Mina təhlükəsinin digər mühüm aspektinin onun ətraf mühitə, mədəni irsə və canlı aləmə vurduğu ziyan olduğunu hesab edən deputatın sözlərinə görə, minalər yalnız insanların həyatına təhlükə yaratmır, eyni zamanda torpaqların istifadəsini məhdudlaşdırır, təbii ekosistemlərə mənfi təsir göstərir, tarixi və mədəni abidələrə çıxışı çətinləşdirir, onların qorunması və bərpası işlərinə mane olur. Bu səbəbdən mina problemi yalnız hərbi və humanitar deyil, həm də ekoloji, mədəni və beynəlxalq hüquqi ölçüləri olan kompleks təhlükə kimi qiymətləndirilməlidir:
“Azərbaycan bu reallığı nəzərə alaraq mina təhlükəsinin müxtəlif istiqamətlər üzrə nəticələrinin beynəlxalq səviyyədə tanınması və sənədləşdirilməsi üçün sistemli fəaliyyət göstərir. Bu fəaliyyətin mühüm istiqamətlərindən biri minaların mədəni irsə təsirinin beynəlxalq hüquqi müstəvidə gündəmə gətirilməsidir. Məlum olduğu kimi, 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyası silahlı münaqişələr dövründə mədəni irsin müdafiəsi sahəsində əsas beynəlxalq hüquqi sənədlərdən biridir.
2023-cü ildə Haaqa Konvensiyasına Tərəf Dövlətlərin 15-ci toplantısında Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq aparılan məqsədyönlü diplomatik fəaliyyət nəticəsində “Minaların mədəni irsə təsiri” ilə bağlı xüsusi qətnamə qəbul edilmişdir. Bu sənədin əhəmiyyəti ondadır ki, mina təhlükəsinin mədəni irsə təsiri beynəlxalq səviyyədə ayrıca diqqət mərkəzinə gətirilmişdir. Beləliklə, Azərbaycan özünün üzləşdiyi ağır humanitar və təhlükəsizlik problemini beynəlxalq hüquq və mədəni irsin qorunması gündəliyi ilə əlaqələndirərək yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə vermişdir. Bu təşəbbüs həm də Azərbaycanın mina probleminə yalnız öz milli təhlükəsizliyi baxımından deyil, beynəlxalq humanitar məsuliyyət prizmasından yanaşdığını göstərir”.
Əlavə olaraq, R.Nəbiyev qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə fəaliyyəti nəticəsində mühüm praktiki və institusional təcrübə qazanmışdır. Ölkəmiz bu təcrübəni münaqişələrdən və mina çirklənməsindən əziyyət çəkən digər dövlətlərlə bölüşməyə, mütəxəssis hazırlığı, texnologiya və metodologiya mübadiləsi, eləcə də birgə layihələr vasitəsilə beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır.
Nəticə etibarilə, Azərbaycanın mina təhlükəsi ilə mübarizəsi yalnız işğalın ağır nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən milli fəaliyyət deyil. Bu, insan həyatının qorunmasını, ərazilərin bərpasını, iqtisadi və sosial inkişafı, ekoloji təhlükəsizliyi, mədəni irsin mühafizəsini və beynəlxalq humanitar əməkdaşlığı birləşdirən çoxşaxəli dövlət siyasətidir. Azərbaycanın təcrübəsi göstərir ki, müharibənin başa çatması hələ onun bütün təhlükəli nəticələrinin aradan qalxması demək deyil. Dayanıqlı sülhün və təhlükəsiz gələcəyin təmin edilməsi üçün müharibədən qalan mina təhlükəsinin aradan qaldırılması da zəruridir. Humanitar minatəmizləmə, əslində, insanların yaşamaq hüququnun qorunması, doğma torpaqlarına təhlükəsiz qayıdışı və gələcək nəsillər üçün təhlükəsiz mühitin yaradılması deməkdir. Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət və irəli sürdüyü beynəlxalq təşəbbüslər də məhz bu məqsədlərə xidmət edir.
Çimnaz Telmanqızı
00:15 / 03 Noyabr 2026
1
00:15 / 03 Noyabr 2026
8
00:06 / 03 Noyabr 2026
39
23:44 / 02 Noyabr 2026
54
23:39 / 02 Noyabr 2026
63
23:38 / 02 Noyabr 2026
37
23:37 / 02 Noyabr 2026
82
23:32 / 02 Noyabr 2026
75
23:28 / 02 Noyabr 2026
75
23:24 / 02 Noyabr 2026
73
23:19 / 02 Noyabr 2026
110
23:12 / 02 Noyabr 2026
82
23:05 / 02 Noyabr 2026
98
23:05 / 02 Noyabr 2026
95
22:55 / 02 Noyabr 2026
236
22:48 / 02 Noyabr 2026
191
22:44 / 02 Noyabr 2026
84
22:27 / 02 Noyabr 2026
105
22:25 / 02 Noyabr 2026
100
22:22 / 02 Noyabr 2026
86
22:18 / 02 Noyabr 2026
101
22:09 / 02 Noyabr 2026
84
22:08 / 02 Noyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.