Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan–Türkiyə münasibətlərinə kimlər kölgə salmaq istəyir? —  AÇIQLAMA  

Azərbaycan–Türkiyə münasibətlərinə kimlər kölgə salmaq istəyir? —  AÇIQLAMA  

SİYASƏT

67

19.10.2026, 18:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, son zamanlar Azərbaycanda məktəblərdə vahid geyim qaydaları və hicablı şagirdlərin təhsilə buraxılması məsələsi ilə bağlı etirazlar və müzakirələr yaranıb. Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və AKP-dən olan bəzi deputatlar bu qaydalara qarşı çıxış edərək Azərbaycanın təhsil siyasətini tənqid ediblər. Məsələ yalnız məktəbli geyimi ilə məhdudlaşmayıb; Azərbaycan–Türkiyə münasibətləri, Azərbaycanın İsraillə əlaqələri və dini-siyasi yanaşmalar barədə də qarşılıqlı tənqidlər səsləndirilib. Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupu da Türkiyədəki bəzi siyasi dairələrin açıqlamalarından narahatlığını bildirib. Baş verən bu hadisələr fonunda Türkiyədəki hakim partiya nümayəndələrinin bəyanatlarının hansı siyasi məqsədlərə xidmət etdiyi və iki ölkə arasındakı gərginliyin qarşısını almaq üçün dövlətlə konkret siyasi qüvvələrin mövqeyini fərqləndirməyin vacibliyi müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı Oxu24.com-a ətraflı açıqlama verən politoloq Elşad Həsənov səsləndirilən tənqidlər və baş verən siyasi proseslər haqqında fikirlərini tam şəkildə bölüşüb.

Politoloq bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına qarşı Azərbaycanın özündə İran təfəkkürlü, İranyönümlü adamların övladlarının məktəblərə hicabla buraxılmaması müəyyən yerlərdə səs-küy yaratdı:

“Hesab edirəm ki, onlara da Azərbaycan qanunları başa salındı və artıq vəziyyət stabilləşib. Ancaq bu fonda ən çox Türkiyədən Azərbaycana tənqidlər oldu, Azərbaycan səfirliyi qarşısında, İstanbulda etiraz mitinqləri keçirildi və çıxışlar da əsassız olaraq Azərbaycanın daxili işlərinə müdaxilə etdi”.

Elşad Həsənov qeyd edib ki, bizdə hicab qadağası yoxdur. Bizdə orta məktəblərin təhsil hüquqları, qayda-qanunları var və geyim qaydaları təsbit olunur. Buna da bütün şagirdlər əməl etməlidir:

“Bu gün ətrafımızda hicablı qadınlarımız, bacılarımız, analarımız var. Biz onlara heç bir hörmətsizlik göstərmirik, bu onların öz seçimidir. Ancaq məktəbdə vahid geyim qaydalarını pozanlar, təbii ki, cəzalanmalıdır, dərsə buraxılmamalıdır. Bütün bunlara da müdaxilə etmək heç kimin işi deyil, o cümlədən Türkiyədə olan bizim qardaşlarımızın da”.

Türkiyə ilə Azərbaycanın strateji müttəfiq olduğunu vurğulayan politoloqun sözlərinə görə, Türkiyə ilə dostuq, qardaş olsaqda, biz 70 il Rusiyanın 'böyük qardaşlığı'nın nəticəsini görmüşük:

“Biz bu gün müstəqil dövlətik və biz Türkiyə ilə strateji müttəfiqik. Bir daha deyirəm: Bir xalq, iki dövlətik. Biz bunu dəstəkləyirik. Azərbaycanın bu gün Türkiyəyə yatırımları 20 milyard dollardan artıqdır, Türkiyənin Azərbaycana yatırımı isə hardasa 5 milyarddır. Yəni biz hər tərəfli qarşılıqlı münasibətləri daha da inkişaf etdiririk. Heç vaxt biz Türkiyənin daxili işlərinə qarışmırıq və qarışmalı da deyilik, çünki Türkiyənin Konstitusiyası ayrıdır, bizim Konstitusiyamız ayrı. Biz də heç kəsə icazə vermirik ki, bizim daxili işlərimizə qarışsın. O cümlədən Türkiyənin baş müşaviri Oktay Saral və AKP-dən olan digər deputatların bu məsələlərə, bizim təhsil siyasətimizə qarşı çıxmaları hesab edirəm ki, yanlış addımdır və onlar öz daxili işləri ilə məşğul olsalar daha yaxşıdır”.

Elşad Həsənov Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü hakimiyyətin nümayəndələrinin deyil, bu xalqların münasibətləri olduğunu bildirib:

“Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı gedib canını orada qurban verdi, biz bunu unutmuruq. Mustafa Kamal Atatürkə ilk yardım edən Azərbaycan hökuməti, Sovet Azərbaycanı oldu. Nəriman Nərimanov ora qızıl, yanacaq göndərdi və 'borcumuzu nə vaxt qaytaracağıq' sözünə isə həmişə belə cavab verdi ki, qardaş qardaşa borc verməz, o bizim sizə köməyimiz idi. Elə də 44 günlük müharibədə Türkiyə bizim yanımızda oldu, siyasi dəstək göstərdi. Ancaq verdiyi hər bir silahın da pulunu biz geri qaytardıq. Ona görə də hesab edirəm ki, heç kəsin də bizim daxili işlərimizə müdaxilə etməsi düzgün deyil və biz bunu bu cür də qiymətləndiririk”.

Politoloq hesab edir ki, Türkiyə ilə Azərbaycanın dostluğuna, qardaşlığına kölgə salmaq, aranı qarışdırmaq istəyən qüvvələr var:

“Bunu da hamı bilir, Azərbaycanda yaşayanların hər biri bilir ki – bu birinci növbədə İrandır, Rusiyadır və İsraildir. Çünki Türkiyənin nüfuzunun artması, Türkiyənin güclənməsi region ölkələrinin bəzilərində narahatlıq yaradır. Həm də Azərbaycanla Türkiyənin birlikdə Türk Dövlətləri Təşkilatını yaratması və gələcəkdə böyük bir siyasi qüvvəyə çevrilməsi həmin ölkələri daha ciddi narahat edir və onlar qorxuya düşürlər”.

Elşad Həsənov bu məsələlərin hamısının qaydasına düşəcəyini qeyd edib. Artıq səhv olaraq Azərbaycanı tənqid edənlərin bir çoxu üzr istəyiblər, etdikləri hərəkətlərdən peşman olduqlarını bildiriblər. 

“Azərbaycanın müstəqilliyinin 35 illiyi münasibətilə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik etdi. Ayın sonunda Türk Dövlətləri Təşkilatının görüşü olacaq, orada ikitərəfli görüşlər keçiriləcək. Hesab edirəm ki, bu məsələ də artıq öz həllini tapıb. Azərbaycan dünyəvi dövlət olaraq qəbul etdiyi qanunu geri götürəsi deyil və əhali arasında da artıq təşviqat işləri aparılır, onlar başa düşürlər ki, XXI əsrdə hicabla təhsil alıb irəli getmək olmaz. Bizim ən əsas məqsədimiz savadlı, qabiliyyətli gənclərimizi XXI əsrin müasir elmi-texniki nailiyyətlərinə yiyələndirməkdir. Onların süni intellektlə yaşanan bir dövrdə daha yüksək təhsil almalarını arzu edirəm”, - deyə politoloq əlavə edib. 

Çimnaz Telmanqızı