Prezident İlham Əliyevin sosial media hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
18 Oktyabr 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
65
18.10.2026, 22:03
Azərbaycan-Türkiyə münasibətlərinin son həftələrdə üzləşdiyi gərginlik təkcə iki ölkənin siyasi dairələri və media məkanı üçün deyil, illərdir bu qardaşlığın təbliği ilə məşğul olan ziyalılar, ictimai təşkilatlar və diaspor nümayəndələri üçün də ciddi sınağa çevrilib.
Bu proses bir həqiqəti yenidən gündəmə gətirir: Azərbaycanı sevdiyini söyləmək başqa, onun maraqları mübahisə predmetinə çevriləndə açıq mövqe ortaya qoymaq tamam başqa məsələdir.
Bu baxımdan Türkiyədə nüfuz sahibi olan azərbaycanlılardan, o cümlədən Azərbaycanı yaxşı tanıyan, azərbaycanlıların düşüncə tərzinə və xarakterinə bələd olan türk qardaşlarımızdan gözləntilər daha çoxdur. Bu, həm də hər iki ölkə ziyalılarının tarixi missiyasının “sınaq testi”dir.
Qardaşlığı müdafiə üçün əvvəlcə həqiqəti söyləmək lazımdır..
Kampaniyanın ilk dalğasında təhrif edilmiş faktlar və yaxud tamamilə uydurma məlumatlar sürətlə dövriyyəyə buraxılır, sosial şəbəkələrin Azərbaycan seqmentində hansısa profildən “ictimailəşir” və ən qısa müddətdə Türkiyə seqmentində böyük qruplara necəsə yol tapır və yayılırdı. Məsələn, bir “profil” anası və bacısının hicablı olduğu üçün Bakıda avtobusdan düşürüldüyü və yolda qaldıqlarını yazır, bir neçə saniyədən sonra bu statusun skrini Türkiyə seqmentində ildırım sürəti ilə paylaşılır. Nəticədə Türkiyədə inanclı kəsimin aqressiyası düşünülmüş şəkildə Azərbaycana qarşı manipulyasiya edilir..
Və yaxud: Türkiyədə elə təqdim edilir ki, guya, Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edərkən müsəlman və türk ölkələrindən yalnız və yalnız Azərbaycanın nümayəndə heyəti zalda qalır; üstəlik, “zalda oturmaq” Netanyahunun bütün dediklərini dəstəkləmək kimi “izah” edilir.
İsrail baş nazirinin çıxışı zamanı Fələstinin ərəb qardaşları - BƏƏ, Bəhreyn və Mərakeşin nümayəndə heyətinin zalda olması, bu ölkələrin İbrahim Sazişinə qoşulmaları nədənsə “yaddan çıxır”...
Bu kampaniya qarşısında reallığı kimsə dilə gətirmir, demir ki:
1) “Papadan daha artıq katolik olmaq” yaxşı heç nə vəd etmir; 2) Fələstin həmişə Ermənistanı müdafiə edib, Azərbaycan ərazilərinin işğalına haqq qazandırıb; 3) Fələstində təlim keçən erməni terror qrupları Bakıda metronu partladıb, Xocalıda qətliam həyata keçirib; 4) Buna baxmayaraq, Azərbaycan Fələstin məsələsində İƏT üzvü kimi davranır; 5) İki ərəb ölkəsi qondarma “erməni soyqırımı”nı tanıyır, ancaq cəmi 3 ay əvvəl İsrail Knessetinə təqdim edilən “tanınma layihəsi” məhz Azərbaycanın müdaxiləsi ilə gündəmdən çıxarıldı..
Bu və digər həqiqətlər, faktlar, Azərbaycanın xarici siyasətinin Türk dünyası və elə Türkiyənin özü üçün müsbət çalarlarını anlamaq və anlatmaq əvəzinə yalan və böhtan o qədər sürətlə yayılırdı ki, təkzibləri vaxtında çatdırmaq belə mümkün deyildi.
Bu prosesdə “güdükdə dayanan”, məqam və fürsət gözləyən şəxslərin necə təşkilatlanmış formada hərəkətə keçməsi də bir ayrı araşdırmanın mövzusudur. Ən ciddi tədqiq edilməli məqam isə Azərbaycanı və Türkiyəni sevənlərin əksəriyyətinin belə manipulyasiya edilməsi, hisslərinə təslim olması və bütün sərhədləri aşa bilməyə qədər özlərinə nəzarəti itirmələri idi.
Proses yalnız əndazəni aşandan sonra əks-təsir işə düşdü: Azərbaycan dövlətinin daxili və xarici siyasətinə müdaxilənin yolverilməzliyi və qardaş ölkənin suverenliyinə vurğu, nəhayət, tanınmış türk blogerlərin də əsas ritorikasına çevrildi. MHP başqanı Dövlət Baxçalının 14 oktyabrdakı məşhur açıqlamasından sonra isə millətçi kəsimin bütün platformalarda qeyri-adi dərəcədə aktivləşdiyi müşahidə olundu.
Türkiyədə yaşayan azərbaycanlı alim, professor, "Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu"nun (TADİV) rəhbəri olan Aygün Attarın oktyabrın 15-də və 17-də yayımlanan məqalələri də diqqətəlayiqdir. O, həmçinin iki ölkənin ziyalılarının iştirakı ilə ortaq "Qardaşlıq Bəyannaməsi"nin hazırlanmasını təklif edib ki, bu istiqamətdə ilk bəyanat da Kayseri şəhərində Türk Dünyası Şair və Yazarlarının II TALAŞ Toplantısında qəbul edildi. Xalq şairi Sabir Rüstəmxanlının təşəbbüsü ilə türk yazarlar Türkiyə və Azərbaycan qardaşlığına yaraşmayan qarayaxmaların dərhal dayanmasını tələb etdilər.
İctimai şəkildə yüksək səslə elan edilə biləcək bizə və diaspora aid başqa nümunə yoxdur. Olan nümunələr isə Baxçalını izləyir.
Türkiyədə illərdir Azərbaycan adına tədbirlər keçirən, müxtəlif platformalarda qardaşlıq mesajları verən, dövlətlərarası dostluq münasibətlərinin təbliğində iştirak edən çoxsaylı ictimai xadim, təşkilat və ziyalı var. Onlar bu görginlik vaxtı hansı mövqedə idilər?
Heç kimdən Azərbaycan hökumətinin bütün qərarlarını müdafiə etmək tələb oluna bilməz. Lakin Azərbaycan dövlətinə və xalqına yönəlmiş təhqirlər qarşısında prinsipial mövqe ortaya qoymaqla hansısa siyasi qərarı dəstəkləmək tamamilə fərqli məsələlərdir.
Əgər bir ictimai xadim illər boyu Azərbaycan və Türkiyə qardaşlığının təbliğini öz fəaliyyətinin əsas istiqaməti kimi təqdim edirsə, münasibətlərdə böhran yarananda onun üzərinə əlavə mənəvi məsuliyyət düşür.
Qardaşlıq yalnız bayramlarda səsləndirilən sağlıq, təbrik, konfranslarda söylənilən nitq, sosial şəbəkələrdə paylaşılan iki bayraq şəkli ola bilməz. Qardaşlığın əsl mahiyyəti münasibətlər çətin sınaqdan keçəndə üzə çıxır.
Bu mənada indiyədək ictimai mövqe ortaya qoymayan şəxslərə ünvanlanmalı suallar var:
Niyə Azərbaycanla bağlı əsassız iddialar, yalanlar, böhtanlar yayılanda onları faktlarla təkzib etməyə çalışmırsınız?
Niyə iki ölkə ictimaiyyəti arasında qarşılıqlı etimadın zəifləməsinə səbəb olan ritorikanın önünü almırsınız?
Niyə uzun illər ərzində formalaşdırdığınız əlaqələrdən gərginliyi azaltmaq, düzgün məlumat yaymaq və ictimai dialoqu qorumaq üçün istifadə etmirsiniz?
Əlbəttə, bəzi şəxslərin səssiz diplomatiya apardığı, qapalı görüşlərdə və ya şəxsi əlaqələr vasitəsilə məsələnin həllinə çalışdığı istisna edilmir. Ona görə də ictimai susqunluğu avtomatik olaraq fəaliyyətsizlik və ya günah kimi təqdim etmək doğru olmaz. Ancaq ictimai nüfuzdan istifadə etmək imkanı olan şəxslərin böhran dövründə nə etdiklərini cəmiyyətə izah etmələri tamamilə legitim gözləntidir.
Susqunluğun da siyasi və mənəvi nəticələri var
İnformasiya müharibələrinin və sosial şəbəkələrin ictimai rəyi sürətlə formalaşdırdığı müasir dövrdə susmaq, necə deyirlər, artıq “qızıl” deyil.
Bir tərəfdə davamlı ittihamlar, emosional çıxışlar və təhqirlər səsləndirilirsə, digər tərəfdə isə əsaslandırılmış mövqe və faktlara söykənən cavablar kifayət qədər görünmürsə, informasiya mühitində birtərəfli təsəvvür formalaşa bilər.
Bu, təkcə dövlət qurumlarının problemi deyil.
Xüsusilə Türkiyədə yaşayan, bu ölkənin akademik, siyasi və media mühitini yaxından tanıyan azərbaycanlı ziyalıların imkanları fərqlidir. Onlar Türkiyə auditoriyasına Azərbaycan dövlətinin həssaslıqlarını, suverenlik anlayışını, regional siyasətinin məntiqini daha anlaşıqlı şəkildə çatdıra bilərlər.
Bu missiya yalnız vətənpərvərlik məsələsi deyil, həm də ictimai məsuliyyətdir.
Azərbaycanın dövlət qurumları sentyabrın sonundan etibarən Türkiyə media məkanındakı bəzi paylaşımlarla bağlı narahatlıqlarını açıq ifadə ediblər. Sonrakı həftələrdə Türkiyədəki ayrı-ayrı siyasətçilərin bəyanatları da müzakirələri genişləndirib. Belə bir şəraitdə illərdir iki ölkə arasında ictimai əlaqələr qurmaqla məşğul olan təsisatların daha fəal görünməsi gözləniləndir.
Azərbaycanı sevmək onun müstəqil iradəsinə hörmət etməkdir..
Bu müzakirədə unudulmamalı fundamental bir prinsip var: Azərbaycan müstəqil dövlətdir.
Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi onun bütün xarici və daxili siyasi qərarlarının Ankara ilə eyniləşdirilməsi demək deyil. Eyni şəkildə, Türkiyənin də öz milli maraqları, siyasi prioritetləri və cəmiyyətinin həssaslıqları mövcuddur.
Strateji müttəfiqlik bu fərqliliklərin yox olması deyil, onların qarşılıqlı hörmət əsasında uzlaşdırılmasıdır.
Məhz buna görə Azərbaycanı müdafiə etmək Türkiyəyə qarşı çıxmaq anlamına gəlməməlidir. Türkiyəni sevmək də Azərbaycanın suveren qərarlarını şübhə altına almaq hüququ vermir.
Əsl qardaşlıq münasibətlərində tənqid mümkündür, hətta bəzən zəruridir. Ancaq tənqidlə təhqir, fikir ayrılığı ilə siyasi təzyiq, ictimai narazılıqla bütöv bir xalqın hədəfə alınması arasında aydın sərhəd olmalıdır. Bu sərhədi qorumaq həm siyasətçilərin, həm medianın, həm də ziyalıların vəzifəsidir.
İndi söz yox, mövqe və təşəbbüs zamanıdır
İki ölkənin akademik dairələri, jurnalist təşkilatları, diaspor strukturları və ictimai institutları arasında davamlı dialoq mexanizmlərinin yaradılması, dezinformasiyaya qarşı birgə faktoloji iş aparılması və həssas mövzularda qarşılıqlı izah imkanlarının genişləndirilməsi daha praktik nəticələr verə bilər.
Ən əsası, Azərbaycan–Türkiyə münasibətlərinin müdafiəsi yalnız dövlət başçılarının və diplomatik qurumların üzərinə qoyulmamalıdır. İllərdir bu münasibətlər sayəsində ictimai nüfuz qazanan, dostluq və qardaşlıq platformalarında təmsil olunan şəxslərin də konkret məsuliyyəti var.
Bu məsuliyyətin ölçüsü onların nə qədər gurultulu bəyanat səsləndirməsi deyil, münasibətlərin qorunmasına nə dərəcədə real töhfə verməsidir.
21:52 / 18 Oktyabr 2026
57
21:31 / 18 Oktyabr 2026
70
21:26 / 18 Oktyabr 2026
80
21:20 / 18 Oktyabr 2026
63
21:13 / 18 Oktyabr 2026
123
21:08 / 18 Oktyabr 2026
84
20:58 / 18 Oktyabr 2026
65
20:39 / 18 Oktyabr 2026
86
20:25 / 18 Oktyabr 2026
91
20:09 / 18 Oktyabr 2026
120
19:56 / 18 Oktyabr 2026
145
19:42 / 18 Oktyabr 2026
178
19:30 / 18 Oktyabr 2026
829
19:19 / 18 Oktyabr 2026
102
19:09 / 18 Oktyabr 2026
81
18:55 / 18 Oktyabr 2026
557
18:50 / 18 Oktyabr 2026
85
18:47 / 18 Oktyabr 2026
110
18:37 / 18 Oktyabr 2026
144
18:32 / 18 Oktyabr 2026
1290
18:30 / 18 Oktyabr 2026
115
18:25 / 18 Oktyabr 2026
134
18:20 / 18 Oktyabr 2026
4270
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.