Qaynar xətt:

(+99450) 247 90 86

Mən öz birinciliyimi “ermənilərə” verirəm..

Mən öz birinciliyimi “ermənilərə” verirəm..

SİYASƏT

87

13.10.2026, 15:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünən təqdim olunan “44”ün rəngarəng görüntüləri, parlaq səhnələri və möhtəşəm prezentasiyasından sonra ortaya çıxıb fərqli nəsə qeydlər eləmək müşkül məsələdir. Xüsusilə, “Filmin sonu” yazılandan sonra pərdənin arxasından çıxan şəhid anaları film içində möhtəşəm bir film ikən. Məncə, o analara bu şəkildə təşəkkür alqışı yaratmaq ayrı heç cür mümkün deyildi. Alqışdan söz düşmüşkən, Heydər Əliyev Mərkəzinin divarları yəqin ki, bu qədər sürəkli alqışa şahidlik etməyib..

Qayıdaq filmə. 

Əlbəttə ki, yaxın günlərdə nümayişinə başlanılacaq “44” bədii filmi haqqında əsas sözü kino tənqidçiləri, mütəxəssislər deyəcək. Mənim isə filmə baxa-baxa apardığım şəxsi qeydlər oxucuya maraqlı gələr deyə düşünürəm. 

“44” bədii film kimi təqdim olunsa da, əslində hər detal həm də sənədli görünür. Sanki Vətən Müharibəsi bu filmlə sənədləşdirilib. Gələcəkdə kim bu müharibə haqqında kino çəkəcəksə, mütləq “44”ə baxmalı olacaq. Ən diqqətçəkən məqamlardan biri Ali Baş Komandanın əvvəldən sona kimi ya əzmkar görüntüsü, ya da bütün otaqlara yansıyan səsi ilə filmdə iştirak etməsidir. 

Müharibədə iştirak edənlərdən başqa heç kim döyüşçülərin necə şəhid olduqlarını, bu prosesin necə baş verdiyini görməyib. Filmdə ən təsirli məqamlardan biri şəhidlik zirvəsinə ucalma prosesinin fiziki olaraq necə baş verdiyini çatdırmaqdır. Şuşa ətrafındakı döyüşlərdə qan içində çabalayan komandirin “məni Cıdır Düzünə qaldırın” deməsi, məhz arzuladığı yerə, hətta şəhid kimi çatmaq arzusu çox dəqiqliklə ifadə olunub. Mən yüz faiz inanıram ki, ssenaridə yer alan “Şuşanı görməyən sonuncu nəsil biz olacağıq” ifadəsi bu şəhər uğrunda döyüşə hazırlaşan neçə şəhidimizin dilində səslənib… Və bu o deməkdir ki, bundan sonra gələcək bütün nəsillər Şuşasız olmayacaq.

“Şuşa öz övladlarının tərəfində döyüşəcək” kəlməsi də kadrlarda gözəl əks olunub. Adama elə gəlir ki, ekranda “3 noyabr”, “6 noyabr”, “8 noyabr” yazılan film görüntüləri məhz elə həmin tarixlərdə də çəkilib... Daha bir həssas detal isə Azərbaycan əsgərinə məxsus davranışı, yaralı döyüş yoldaşının qaynar nöqtədən uzaqlaşdırılması səhnəsidir. Əsgərlər Şuşada yaralanan yoldaşlarına “sən qal, məscidi süpür. Tək ayaqla da məscid süpürmək olar”, - deyib zarafatlaşır, özləri irəli atılırlar. 

Aktyor oyunlarına gəlincə, həm baş, həm də epizodik rolların əksərinin ifasının öhdəsindən məharətlə gəlindiyini düşünürəm. Xüsusilə, türkiyəli aktrisa Özgə Gürel öz roluna çox yaraşıb. Amma mən öz birinciliyimi filmdəki “ermənilərə” verirəm... Orada ermənilərlə bağlı verilən mesajlar, “Sarkisyan”ın arxadan açdığı atəş, əsgərimizin şəhid olduğu son anda “Sarkisyan mifi”ni dağıdaraq onu öldürməsi tamaşaçıya ötürülən əsas mesajlardan biridir. Filmdə belə Azərbaycan əsgərinin düşmənin mülki şəxsinə atəş açmaması müharibədə nə qədər humanist davrandığımızın təcəssümüdür. 

Xüsusilə, “erməni snayper” rolunu canlandıran yeni nəsil aktyorumuz Hikmət Rəhimovun istedadlı oyununa baxıb sadəcə bunu deyə bilərəm: Məlik Dadaşovun “Fəryad”da yaratdığından sonra ən möhtəşəm erməni obrazını canlandıra bilmişik. Doğrudan da düşməni canlandırmağı bacarmaq lazımdır, yoxsa ona qalib gəlmək çətin olar..

Bir də hələ treylerlərini izləyəndə düşündüyüm incə detal var. “44”ün sonuna atəş açılaraq qoyulan nöqtə. Nöqtəni qoyanda da, belə qoyarlar..

Elbrus Ərud