Qaynar xətt:

(+99450) 247 90 86

Ali Baş Komandan,polis,hərbçi və Xalqın birgə yazdığı tarix — 20 sentyabr 2023-cü ilin tarixçəsi  

Ali Baş Komandan,polis,hərbçi və Xalqın birgə yazdığı tarix  —   20 sentyabr 2023-cü ilin tarixçəsi  

SİYASƏT

160

20.09.2026, 13:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın 30 ildən artıq davam edən işğalın ağır nəticələrini aradan qaldıraraq ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi ölkənin müasir tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Bu tarixi nəticənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünün artırılması, güclü ordu quruculuğunun həyata keçirilməsi, beynəlxalq müstəvidə ölkənin mövqelərinin möhkəmləndirilməsi və milli birliyin təmin olunması ərazi bütövlüyünün bərpası üçün mühüm zəmin yaradıb.

Uzun illər ərzində Ermənistanın işğal siyasətinin davam etməsinə və beynəlxalq hüququn tələblərinin icra olunmamasına baxmayaraq, Azərbaycan öz ərazilərinin azad olunması məsələsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qoruyub.

Prezident İlham Əliyev müxtəlif çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını dəfələrlə bəyan edib. 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Zəfər bu siyasi iradənin və illər ərzində formalaşdırılan hərbi potensialın mühüm nəticəsi oldu.

44 günlük müharibə nəticəsində ərazilərin böyük hissəsi işğaldan azad edildi, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə işğalın əsas mərhələsinə son qoyuldu.Lakin 2020-ci il Zəfərindən sonra da Azərbaycanın qarşısında dövlət suverenliyinin bütün ərazidə tam təmin edilməsi vəzifəsi qalırdı. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu Qarabağda separatçı silahlı birləşmələrin fəaliyyətinə son qoydu. Sentyabrın 20-də separatçı rejimin özünü buraxması ilə Azərbaycanın bütün ərazisi üzərində dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, 30 ildən artıq davam edən işğal və separatizm dövrünün son mərhələsi də başa çatdı.20 Sentyabr bu baxımdan yalnız bir hərbi əməliyyatın nəticəsini ifadə edən tarix deyil. Bu gün Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması istiqamətində uzun illər aparılan siyasətin tarixi nəticəsini simvolizə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfər Azərbaycanın öz gələcəyini, ərazisini və dövlətçilik yolunu müstəqil şəkildə müəyyən etmək imkanını daha da möhkəmləndirib. Bu tarixi proses 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsinə də əsas yaradıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Oxu24.com-a açıqlamasında bildirib ki, 20 sentyabr 2023-cü il Azərbaycanın müasir tarixində xüsusi yer tutur.

Deputatın sözlərinə görə, Vətən müharibəsi ilə başlayan ərazi bütövlüyünün təmin edilməsi prosesi məhz həmin tarixdə yekunlaşıb. O qeyd edib ki, Azərbaycan öz torpaqlarına və müstəqilliyinə sahib çıxdığını, qarşısında duran ağır məsələləri təkbaşına həll etməyin mümkün olduğunu göstərib.

Aydın Mirzəzadənin fikrincə, Azərbaycan xalqı öz liderinə inanıb və onun apardığı daxili və xarici siyasətin xalqın mənafeyinə cavab verdiyini real işlərdə görüb.

“Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə bir gün ərzində ərazimizi separatçılardan xilas etdi. Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmağa məcbur oldu. Eyni zamanda, xalqımıza qarşı terror həyata keçirən insanlar məsuliyyətə cəlb edildilər və onlar üzərində ikinci Nürnberq prosesi adlanan bir məhkəmə qurularaq indi öz cəzalarını həbsxanada çəkirlər”, – deyə deputat vurğulayıb.

Aydın Mirzəzadə hesab edir ki, bütün bunlar Azərbaycan xalqının böyük uğurlar qazanmağa layiq olduğunu bir daha sübut edib.

Milli Məclisin deputatı,YAP İdarə Heyətinin üzvü,Filologiya elmləri doktoru Elnarə Akimovanın sözlərinə görə,hər bir xalqın tarixində elə günlər var ki, bütöv bir milli mübarizənin, böyük itkilərin, tarixi iradənin və dövlətçilik əzminin rəmzinə çevrilir. Azərbaycan üçün 20 Sentyabr məhz belə tarixlərdəndir. Bu gün artıq yalnız 2023-cü ilin sentyabrında baş verən hadisələrin təqvimdəki ifadəsi deyil, Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının simvoludur. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təsadüfi qərar deyildi. Bu tarix Azərbaycan xalqının müstəqillik və dövlətçilik uğrunda uzun illər apardığı mübarizənin məntiqi nəticəsini özündə ehtiva edir. Sərəncamda deyildiyi kimi: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir.” Bu fikir 20 Sentyabrın mahiyyətini dəqiq ifadə edir. Çünki suverenlik sadəcə dövlət sərhədlərinin mövcudluğu deyil, xalqın öz taleyini müəyyən etmək, öz ərazisində ali hakimiyyəti həyata keçirmək və gələcəyini özü qurmaq haqqıdır.

Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı bu haqq uğrunda ağır sınaqlardan keçib. Müstəqilliyin bərpasından sonra ölkəmizin qarşılaşdığı ən böyük faciə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin uzun illər işğal altında saxlanılması oldu. Beynəlxalq hüququn fundamental prinsiplərinə, BMT Nizamnaməsinin tələblərinə və Təhlükəsizlik Şurasının məlum qətnamələrinə baxmayaraq, Azərbaycan torpaqları otuz ildən artıq müddətdə işğal altında qaldı. Yüz minlərlə insan doğma yurdlarından didərgin salındı, şəhər və kəndlər dağıdıldı, tarixi və dini abidələrə ağır ziyan vuruldu, Xocalıda xalqımıza qarşı dəhşətli cinayət törədildi.Bütün bunların fonunda ən mühüm həqiqət dəyişmədi: işğal altında olan ərazilər beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsi olaraq qalırdı. Azərbaycan bu reallığı yalnız diplomatik bəyanatlarla deyil, dövlət siyasətinin bütün imkanları ilə müdafiə etdi. Lakin təxminən otuz il davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz qaldı. Zaman keçdikcə aydın oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün daha qətiyyətli addımlar atmalı olacaq.

Deputat xatırladıb ki, 2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təxribatı ilə başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələ açdı. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun hərbi qüdrətini, xalqın dövlət ətrafında sıx birliyini və Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Qarabağın və ətraf rayonların böyük hissəsi işğaldan azad edildi, Ermənistan ordusu məğlubiyyət aktına imza atdı. Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə otuz illik işğalın son mərhələsi başa çatdı.Azərbaycan öz torpaqlarını azad etməklə beynəlxalq hüququn pozulmuş normalarının bərpasına nail oldu. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrini özü icra etdi. Bununla da diplomatik müstəvidə uzun illər nəticə verməyən prosesin yerini real siyasi və hərbi nəticələr aldı.Lakin 2020-ci ilin Zəfərindən sonra da Azərbaycanın qarşısında mühüm vəzifə qalırdı: ölkənin bütün ərazisində dövlət hakimiyyətinin və suverenliyinin tam bərpası.

O qeyd edib ki,bu istiqamətdə atılan mühüm addımlardan biri 2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addım Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət nəzarətini həyata keçirmək hüququnun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Artıq Azərbaycan yalnız azad etdiyi ərazilərdə deyil, bütün sərhədləri boyunca suveren hüquqlarının təmin edilməsi istiqamətində ardıcıl addımlar atırdı.Nəhayət, 2023-cü ilin 19 sentyabrında Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması və konstitusiya quruluşunun bərpası məqsədilə antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat 23 saat 43 dəqiqə davam etdi. Sentyabrın 20-də separatçı rejimin özünü buraxdığını elan etməsi ilə Azərbaycan öz ərazisi üzərində suverenliyini tam bərpa etdi.

Elnarə Akimovanın sözlərinə görə, Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə bu tarixi hadisənin mahiyyətini belə ifadə etmişdi: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Onun sözlərinə görə, bu cümlələr 20 Sentyabrın siyasi və tarixi mahiyyətini özündə cəmləşdirir. Çünki dövlət suverenliyinin tam bərpası Azərbaycanın müstəqillik tarixində yeni səhifə açdı. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan 2023-cü ilin sentyabrında həmin müstəqilliyin ərazi və siyasi bütövlüyünü tam təmin edən mərhələyə çatdı.Məhz buna görə 20 Sentyabrı yalnız hərbi əməliyyatın nəticəsi kimi qiymətləndirmək doğru olmaz. Bu tarix Azərbaycan dövlətçiliyinin institusional və siyasi davamlılığının möhkəmləndirilməsinin, ölkənin bütün ərazisində Konstitusiyanın və dövlət hakimiyyətinin aliliyinin təmin edilməsinin rəmzidir. Suveren dövlət olmaq o deməkdir ki, dövlət öz ərazisində ali hakimiyyətə malikdir, daxili və xarici siyasətini müstəqil müəyyənləşdirir və başqa dövlətin iradəsindən asılı olmadan öz milli maraqlarını həyata keçirir.Azərbaycanın əldə etdiyi tam suverenlik həm də gələcəyə yeni məsuliyyət qoyur. Torpaqların azad edilməsi tarixi missiyanın yalnız bir hissəsi idi. İndi qarşıda Qarabağın və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, iqtisadi potensialın dövriyyəyə cəlb olunması və azad edilmiş ərazilərin Azərbaycanın ümumi inkişaf məkanına tam inteqrasiyası kimi böyük vəzifələr dayanır.2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi məna daşıyırdı. Çünki Konstitusiya və suverenlik bir-birindən ayrı təsəvvür edilə bilməz. Dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi Konstitusion quruluşun əsas dayaqlarıdır. Suverenlik möhkəm olmadıqda dövlətin hüquqi sistemi də tam gücü ilə fəaliyyət göstərə bilmir. Bu gün Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin təmin olunması isə müstəqil dövlətçiliyimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Millət vəkili əlavə edib ki, 20 Sentyabrın Azərbaycan həyatında xüsusi rəmzi məna qazanmasının başqa bir göstəricisi Bakı Metropoliteninin yeni stansiyasına bu adın verilməsidir. Dövlət suverenliyinin tam bərpa edildiyi tarixin paytaxtın nəqliyyat infrastrukturunda yaşadılması həmin günün milli yaddaşda qalıcı yer tutmasının daha bir ifadəsidir. Tarix yalnız kitablarda yazılmır; bəzən şəhərlərin küçələrində, meydanlarında, abidələrində və gündəlik həyatın yaddaş məkanlarında da yaşayır.Bu gün Azərbaycanın qarşısında yeni imkanlar açılıb. Tam suverenlik daxili sabitliyin daha da möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, regionların bərabər inkişafının təmin edilməsi və ölkənin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi üçün mühüm siyasi zəmin yaradır. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan artıq öz gələcəyini daha böyük inamla planlaşdırır.Amma bu tarixin ən böyük dərsi başqa yerdədir: dövlətçilik yalnız sərhədləri qorumaqdan ibarət deyil. Dövlətçilik həm də milli iradəni qorumaq, qanunun aliliyini təmin etmək, xalqın birliyini yaşatmaq, əldə edilmiş Zəfəri davamlı inkişafa çevirməkdir. Şəhidlərin qanı ilə qazanılmış suverenlik gələcək nəsillərə yalnız qürur kimi deyil, böyük məsuliyyət kimi də ötürülməlidir. Prezident İlham Əliyevin Dövlət Suverenliyi Günü ilə bağlı fikrində vurğuladığı kimi, “ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. Milli sərvət isə qorunur, yaşadılır və gələcək nəsillərə ötürülür.

Elnarə Akimova vurğulayıb ki, 20 Sentyabr məhz buna görə Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Bu tarix bizə xatırladır ki, müstəqillik yalnız elan edilmir, qorunur; suverenlik yalnız bəyan edilmir, təmin olunur; Zəfər yalnız qazanılmır, onun nəticələri quruculuqla möhkəmləndirilir.Bu gün Azərbaycan öz taleyinin sahibidir. Qarabağ Azərbaycandır, Şərqi Zəngəzur Azərbaycandır və Azərbaycanın bütün ərazisində dövlət bayrağı dalğalanır. Dünən xəritədə bütövlüyümüzə həsrət qaldığımız torpaqlarda bu gün həyat yenidən qurulur. Bu, bir xalqın uzun və ağrılı mübarizəsinin ən böyük nəticəsidir.20 Sentyabr Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gündür. Bu tarix həm Zəfərimizin qüruru, həm şəhidlərimizin əmanəti, həm də gələcəyə ünvanlanan dövlətçilik məsuliyyətimizdir.

 “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib ki,2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarix yazıb. Onun sözlərinə görə, bu tarixi Zəfər dövlət başçısının siyasi iradəsinin, xalqın birliyinin və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsi olmaqla yanaşı, regionda yeni reallıqların formalaşmasına da yol açıb.

Nadir Azəri qeyd edib ki, Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində Ermənistan silahlı qüvvələrinin ayrı-ayrı silahlı dəstələri hələ də qalmaqda idi. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin təxribatlarına və terror aktlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı lokal xarakterli antiterror tədbirləri nəticəsində həmin silahlı birləşmələr zərərsizləşdirilib və Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olunub: “Nadir Azəri bildirib ki, 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan hadisədir. Azərbaycan bununla müstəqilliyini bərpa etdikdən sonra bütün ərazisi üzərində dövlət suverenliyini tam təmin etdi. Bu baxımdan, Azərbaycanın tarixi Zəfəri dövlət suverenliyinin tam bərpası ilə tamamlandı”.

Onun sözlərinə görə, bu tarixi nəticə uzun illər separatçı rejimin nəzarətində saxlanılan Xankəndinin də Azərbaycanın nəzarətinə qaytarılması ilə nəticələndi. Bununla yanaşı, Qarabağda uzun illər xarici havadarların dəstəyi və Ermənistanın birbaşa yardımı ilə mövcud olmuş separatçı rejimin fəaliyyətinə son qoyuldu.28 sentyabr 2023-cü ildə separatçıların başçısı Samvel Şahramanyanın qondarma rejimin ləğvi barədə sənəd imzalaması da bu prosesin mühüm nəticələrindən biri oldu. Beləliklə, Azərbaycan ərazisində qanunsuz separatçı idarəçilik iddiasına son qoyuldu.

Nadir Azəri 2023-cü ildə Qarabağdan gedərək Ermənistanda məskunlaşan separatçıların bir qismi tərəfindən son vaxtlar Azərbaycana qarşı müxtəlif iddiaların və hədələrin səsləndirilməsinə də münasibət bildirib. O qeyd edib ki, separatçıların bir qismi Azərbaycanda həbsdədir və törətdikləri cinayətlərə görə qanun qarşısında cavab verirlər. Digər qismi isə 2023-cü ildə Azərbaycan ərazisini tərk edərək Ermənistana gedib.

“İndi həmin şəxslərin yenidən Azərbaycana qarşı müxtəlif iddialar səsləndirməsi nə onlara, nə bu sözləri onlara dedirən xarici qüvvələrə, nə də Ermənistan cəmiyyətinə müsbət heç nə vəd etmir. Azərbaycan dövləti və xalqı öz ərazisində dövlət suverenliyini tam bərpa edib. Bu ərazidə hansı addımların atılacağını Azərbaycan dövləti və xalqı müəyyənləşdirir. Kənardan heç kim Azərbaycana nəyisə diktə edə bilməz”, - deyə Nadir Azəri bildirib.

Nadir Azəri sonda qeyd edib ki, dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan bundan sonra da öz milli maraqları əsasında inkişafını davam etdirəcək və regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

Keçmiş polis polkovniki, “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın milli ordusu hələ formalaşmamışdı və döyüşmək qabiliyyəti, bacarığı, texniki və digər manevr baxımından zəifliklər var idi.Buna baxmayaraq, həmin dövrdə ruh yüksəkliyi və mənəvi ruh çox yüksək idi.

Şəmsəddin Əliyevin sözlərinə görə, həmin dövrdə Azərbaycan polisi də Birinci Qarabağ müharibəsində döyüşürdü və o, özü də həmin müharibənin iştirakçılarından və komandirlərindən biri olub. O qeyd edib ki, həmin döyüşlər böyük canlı itkilərlə nəticələnsə də, Azərbaycan polisinin göstərdiyi fədakarlıq, cəsarət və şücaət, Vətən yolunda işinə və andına sədaqəti, öz canını hər an qurban verə bilmək istəyi xüsusi əhəmiyyət daşıyıb.

“Bizim Birinci Qarabağ müharibəsində 67 Milli Qəhrəmanımız var. Həmçinin çox sayda Azərbaycan Bayrağı ordeni ilə təltif olunanlar var. Zaman keçdikcə, təbii ki, Azərbaycan polisi həm daxili düşmənlərə, yəni cinayətkarlığa qarşı mübarizə aparırdı, həm də lazım gələndə Daxili İşlər nazirinin əmri ilə döyüş bölgələrinə ezam olunurdu və doğrudan da orada cəsarət, şücaət tam özünü göstərə bilirdi”, – deyə Şəmsəddin Əliyev vurğulayıb.

Onun fikrincə, 2020-ci ildə əldə olunan qələbədən sonra, 19-dan 20-yə keçən gecə 23 saat ərzində həyata keçirilən lokal antiterror əməliyyatı zamanı da Azərbaycan polisinin peşəkarlığı, prinsipiallığı, işinə və andına sədaqəti, həmçinin vətənpərvərlik ruhu özünü bariz şəkildə göstərib.

Şəmsəddin Əliyev qeyd edib ki, həmin əməliyyat zamanı da, əgər yanılmırsa, dörd Vətən müharibəsi qəhrəmanı yüksək dövlət mükafatları ilə təltif olunub. Onun sözlərinə görə, bu prosesdə Azərbaycan polisinin işinə və andına sədaqəti, peşəkarlığı, dövlət və dövlətçilik naminə hər şeyi qorumaq, bütövlükdə Azərbaycan ərazisində suverenliyin tam bərpa olunması üçün canından keçmək əzmi özünü göstərib.

Şəmsəddin Əliyevin fikrincə, Azərbaycan polisi hər zaman bu cür fəaliyyət göstərib. O bildirib ki, Azərbaycan polisinin cinayətkarlığa qarşı mübarizədə, eləcə də müxtəlif antiterror əməliyyatlarında göstərdiyi peşəkarlıq və fədakarlıq lokal antiterror əməliyyatı zamanı da özünü nümayiş etdirib.

“Bu, bir daha deyirəm, qanunvericilik qüvvəsi olan, Daxili İşlər Nazirliyinin qanunvericilik qüvvəsi olan qərarlarına və normativ-hüquqi bazasına olan hörmətin, həm də işinə, andına sədaqətin bariz nümunəsidir”, – deyə Şəmsəddin Əliyev əlavə edib.

Turan Etibaroğlu