“Euronews”: Azərbaycan və Özbəkistan müttəfiqliklərini dərinləşdirir
24 Avqust 2026, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
63
24.08.2026, 12:26
Azərbaycan-Özbəkistan münasibətləri tarixdən gələcəyə uzanan qardaşlıq yoludur. Məhz buna görə də Azərbaycanla Özbəkistan arasındakı münasibətləri yalnız iki müstəqil dövlətin diplomatik əlaqələri çərçivəsində izah etmək mümkün deyil. Bu münasibətlərin arxasında əsrlərlə formalaşmış ortaq tarix, dil və mədəniyyət, ədəbi yaddaş, mənəvi dəyərlər, Şərq sivilizasiyasının ümumi irsi və ən başlıcası, bir-birini özünə yaxın bilən iki türk xalqının tarixi yaddaşı dayanır.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri adi diplomatik səfərdən daha geniş məna daşıyır. Səfərin proqramında Prezident Şavkat Mirziyoyevlə yüksək səviyyəli danışıqlar, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası, iqtisadi və nəqliyyat məsələləri, mədəni-humanitar əməkdaşlıq və beynəlxalq gündəmin müzakirəsi nəzərdə tutulub. Özbəkistan tərəfi səfər çərçivəsində geniş sənədlər paketinin imzalanacağını və bir sıra iqtisadi-humanitar layihələrin başlanacağını da açıqlayıb.
Bu səfəri düzgün qiymətləndirmək üçün əvvəlcə bir həqiqəti qəbul etmək lazımdır: Azərbaycanla Özbəkistanın bugünkü yaxınlaşması yeni yaradılmış münasibət deyil; müasir dövlətçilik müstəvisində yenidən siyasi məzmun qazanan qədim tarixi yaxınlığın davamıdır.
Azərbaycan və Özbəkistan coğrafi baxımdan bir-birindən məsafəli görünsələr də, tarixi baxımdan onları ayıran məsafələr çox şərtidir. Orta Asiyadan Xəzər hövzəsinə, oradan Anadoluya və Yaxın Şərqə uzanan böyük tarixi məkan əsrlər boyu ticarət, elm, ədəbiyyat və mədəniyyət mübadiləsinin başlıca yollarından biri olub.
İpək yolu yalnız mal və sərvət daşımırdı. Onunla ideyalar, dillər, kitablar, dini-fəlsəfi düşüncələr, musiqi və sənət ənənələri də hərəkət edirdi. Bu böyük sivilizasiya məkanında Azərbaycan və Mərkəzi Asiya şəhərləri bir-birindən təcrid olunmuş dünyalar deyil, vahid Şərq mədəniyyət sisteminin müxtəlif mərkəzləri idi.
Səmərqənd, Buxara, Xivə, Daşkənd kimi şəhərlər elm və mədəniyyətin mühüm ocaqları olduğu kimi, Təbriz, Gəncə, Şamaxı, Naxçıvan, Bakı, Şuşa və digər Azərbaycan şəhərləri də Şərq intellektual və ədəbi xəritəsində xüsusi yer tuturdu.
Bu mənada Azərbaycanla Özbəkistan arasındakı münasibətlərə yalnız etnik yaxınlıq prizmasından baxmaq kifayət deyil. Burada ortaq sivilizasiya yaddaşı da mövcuddur. Özbəkistanın elmi fondlarında Azərbaycan klassiklərinin əsərlərinin və əlyazmalarının qorunması bu bağlılığın mühüm göstəricilərindəndir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2022-ci ildə qeyd etmişdi ki, Özbəkistanın Şərqşünaslıq İnstitutunda Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və digər Azərbaycan mütəfəkkirlərinin əsərlərinə aid nadir əlyazmalar saxlanılır.q Deməli, Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi yalnız siyasi salnamələrdə deyil, kitabxanalarda və əlyazma fondlarında da yaşayır.
Nizami ilə Nəvainin görüşdüyü mənəvi məkan:
Azərbaycan və Özbəkistan xalqlarının yaxınlığını ədəbiyyat qədər aydın göstərən başqa bir sahə tapmaq çətindir.
Əlişir Nəvai özbək ədəbiyyatının zirvələrindən biri olduğu kimi, Nizami Gəncəvi Azərbaycan və ümumən Şərq ədəbi-fəlsəfi düşüncəsinin ən böyük simalarından biridir. Füzuli, Xətai, Nəsimi, Xaqani kimi Azərbaycan klassikləri ilə Nəvai kimi türk dünyasının böyük sənətkarları arasında yalnız zaman və coğrafiya əlaqəsi deyil, poetik və fəlsəfi düşüncə yaxınlığı da vardır.
Bu baxımdan Azərbaycan və Özbəkistan ədəbiyyatlarını iki ayrı milli ədəbiyyat kimi öyrənməklə yanaşı, onların ümumtürk və ümumşərq ədəbi sistemindəki qarşılıqlı əlaqələrini də araşdırmaq zəruridir.
Nəvai Azərbaycan ədəbi mühitinə yad deyil; Nizami, Füzuli və digər Azərbaycan klassikləri də özbək ədəbi-mədəni yaddaşından kənarda deyil. Son illərdə bu əlaqələr daha praktik xarakter alıb. Özbəkistanda Azərbaycan ədəbiyyatının klassik və müasir nümunələri nəşr edilir, Azərbaycanda isə Əlişir Nəvainin əsərləri Azərbaycan oxucusuna təqdim olunur. 2022-ci ildə Özbəkistan Prezidenti Azərbaycan tərəfinin Nəvai əsərlərinin Bakıda nəşrinə verdiyi əhəmiyyətə xüsusi toxunmuşdu.
Azərbaycan-Özbəkistan mədəni yaxınlığının ən maraqlı nümunələrindən biri də musiqidir. Azərbaycan muğamı ilə özbək məqam ənənəsi müxtəlif tarixi inkişaf yollarından keçsə də, onların arxasında Şərqin böyük musiqi düşüncə sistemi dayanır. Hər iki musiqi ənənəsində improvizasiya, melodik inkişaf, poetik mətn və fəlsəfi məzmun mühüm yer tutur.
Şavkat Mirziyoyev də Azərbaycan-Özbəkistan münasibətlərindən danışarkən Özbəkistanda Azərbaycan muğamının dinlənildiyini, Azərbaycanda isə özbək məqamlarına maraq olduğunu vurğulamışdı. Bu, diplomatik sənədlərdən daha güclü bir yaxınlıqdır. Çünki siyasət hökumətlər arasında, mədəniyyət isə xalqlar arasında münasibət yaradır.
Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə qurulub. Azərbaycan-Özbəkistan münasibətləri son illərdə strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Bu yüksəlişin mühüm mərhələlərindən biri 2022-ci ildə imzalanmış strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə oldu. Daha mühüm mərhələ isə 23 avqust 2024-cü ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması idi. Beləliklə, münasibətlər üç mərhələdən keçdi: tarixi dostluq, strateji tərəfdaşlıq, müttəfiqlik. Bu, sadəcə terminlərin dəyişməsi deyil. Bu, dövlətlərarası münasibətlərin institusional və siyasi baxımdan dərinləşməsidir.
Ali Dövlətlərarası Şuranın yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2023-cü ildə yaradılan bu mexanizm iki ölkənin uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə və müxtəlif sahələr üzrə koordinasiyanı gücləndirməyə xidmət edir. 2025-ci ilin iyulunda Bakıda Şuranın ikinci iclası keçirilib.
İlham Əliyev-Şavkat Mirziyoyev münasibətləri şəxsi siyasi etimadın rolu kimi qiymətləndirilməlidir. Dövlətlərarası münasibətlərdə sənədlər mühümdür, lakin sənədlərin arxasında siyasi iradə dayanmasa, onların real nəticəsi məhdud ola bilər. Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı yüksəlişində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimadın mühüm rolu var. Prezident İlham Əliyev 21 avqust 2026-cı ildə Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində münasibətlərin artıq ən yüksək səviyyəyə - müttəfiqlik mərhələsinə çatdığını bildirib. O, bu əlaqələrin ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərlə yanaşı, xalqların nəsildən-nəslə ötürdüyü qarşılıqlı rəğbət üzərində qurulduğunu vurğulayıb. Burada mühüm bir məqam var: liderlər arasındakı münasibətlər yalnız şəxsi diplomatik ünsiyyət deyil, dövlətlərarası siyasi etimadın formalaşmasına xidmət edir.
Qarabağ məsələsində Özbəkistanın qardaş dəstəyi:
Azərbaycan-Özbəkistan münasibətlərinin müasir tarixində Qarabağ amili də xüsusi yer tutur. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması prosesində Özbəkistanın iştirakı iki ölkə arasındakı münasibətlərin söz səviyyəsindən əməli əməkdaşlığa keçdiyini göstərən mühüm nümunədir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi bu qardaşlığın simvolik və praktiki ifadələrindən biridir. Azərbaycan Xarici İşlər Nazirliyi də Özbəkistanın Qarabağdakı yenidənqurma prosesinə töhfəsini xüsusi qiymətləndirib. Bu faktın mənəvi əhəmiyyəti də böyükdür: Özbəkistan Azərbaycanın yalnız çətin günlərində siyasi dəstək göstərən ölkə deyil, sülh və quruculuq mərhələsində də Azərbaycanın yanında olan qardaş dövlətdir.
Azərbaycan və Özbəkistan birliyi ikitərəfli dostluqdan türk dünyasının strateji əməkdaşlığına çevrilibdir. Eyni zamanda Azərbaycan-Özbəkistan münasibətlərinin başqa mühüm ölçüsü Türk Dövlətləri Təşkilatıdır. Bu gün Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğızıstan TDT-nin üzv dövlətləridir. Təşkilatın əməkdaşlıq sahələri siyasi münasibətlərdən iqtisadiyyata, nəqliyyatdan enerjiyə, təhsildən mədəniyyətə, rəqəmsal texnologiyalardan turizmə qədər geniş spektri əhatə edir. Azərbaycan və Özbəkistanın TDT daxilində yaxın əməkdaşlığı bu təşkilatın gələcəyi baxımından da xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan Xəzər hövzəsi ilə Qafqazı, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm geosiyasi və iqtisadi məkanını birləşdirir. Bu iki ölkənin əməkdaşlığı türk dünyasının şərq-qərb bağlantısının möhkəmləndirilməsi üçün strateji imkan yaradır. 2025-ci ildə TDT-nin Qəbələdə keçirilmiş XII Zirvə görüşünün Azərbaycanın təşkilat daxilindəki fəal rolunu bir daha göstərməsi də təsadüfi deyil. 2026-cı ildə isə TDT çərçivəsində rəqəmsallaşma, süni intellekt, nəqliyyat, ticarət, enerji və bağlantı məsələləri ön plana çıxır. May ayında Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə də bu istiqamətlər xüsusi diqqət mərkəzində olub.
Bu mənada Azərbaycan-Özbəkistan müttəfiqliyi TDT-nin ümumi inteqrasiya prosesinin də mühüm dayaqlarından birinə çevrilir. Zaman bizi daha sıx əməkdaşlığa məcbur edir. Bugünkü dünya 20 il əvvəlki dünya deyil. Qlobal iqtisadi və siyasi mərkəzlərin dəyişməsi, yeni nəqliyyat dəhlizlərinin yaranması, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, regional təhlükəsizlik və yeni geosiyasi rəqabət türk dövlətlərini daha sıx əməkdaşlığa sövq edir. Bu baxımdan Azərbaycanla Özbəkistanın yaxınlaşması emosional və tarixi zərurət olmaqla yanaşı, geosiyasi və iqtisadi zərurətdir. Azərbaycan Xəzər dənizinə çıxışı, Bakı limanı, Orta Dəhliz imkanları və Cənubi Qafqazdakı mövqeyi ilə Mərkəzi Asiya üçün mühüm bağlantı qapılarından biridir. Özbəkistan isə Mərkəzi Asiyanın əhali, iqtisadi potensial və regional təsir baxımından ən mühüm dövlətlərindən biridir. Bu iki imkanın birləşdirilməsi yalnız Bakı və Daşkənd üçün deyil, bütövlükdə türk dünyası üçün yeni iqtisadi coğrafiya yarada bilər. Bu baxımdan qarşıdakı əsas məqsəd sadəcə ticarət dövriyyəsini artırmaq deyil. Məqsəd ortaq istehsal, ortaq investisiya, ortaq logistika, ortaq texnologiya və ortaq bazar imkanlarını genişləndirməkdir.
İlham Əliyevin 2026-cı il səfəri: yeni mərhələnin başlanğıcı
23-24 avqust 2026-cı il dövlət səfərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu səfər artıq dostluq münasibətlərini təsdiqləmək üçün deyil, müttəfiqliyin məzmununu doldurmaq üçün keçirilir. Özbəkistan tərəfinin açıqladığı proqramda ticarətin artırılması, biznes və regionlararası əlaqələrin genişləndirilməsi, nəqliyyat-tranzit imkanlarından daha səmərəli istifadə, mədəni-humanitar mübadilənin davam etdirilməsi, beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi əsas istiqamətlər kimi göstərilir. Həmçinin yeni sənədlər paketinin imzalanması və iqtisadi-humanitar layihələrin başlanması gözlənilir. Bu, çox mühüm dəyişiklikdir. Çünki münasibətlərin ilk mərhələsində əsas sual: "Biz nə qədər yaxınıq?" idi. İndi isə əsas sual: "Bu yaxınlığı hansı real layihələrə çevirəcəyik?" olmalıdır. Qarşıdakı əsas istiqamətlər Azərbaycan-Özbəkistan müttəfiqliyinin gələcək uğuru üçün bir neçə istiqamət xüsusilə vacib görünür.
Birincisi - nəqliyyat və Orta Dəhliz:
Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropa arasında yaratdığı bağlantı Özbəkistan üçün strateji imkanlar açır. Azərbaycan-Özbəkistan əməkdaşlığının nəqliyyat sahəsində dərinləşdirilməsi Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarını genişləndirə bilər.
İkincisi - iqtisadi inteqrasiya:
Ticarətin həcmi iki ölkənin potensialını tam əks etdirmir. Ona görə də qarşıdakı mərhələdə sadəcə mal mübadiləsi deyil, birgə müəssisələrin yaradılması daha vacibdir. Azərbaycan və Özbəkistanın sənaye, kənd təsərrüfatı, tekstil, qida sənayesi, kimya, energetika, rəqəmsal texnologiyalar və turizm sahələrində birgə layihələri genişləndirmək üçün ciddi potensialı var.
Üçüncüsü - elm və texnologiya:
Türk dünyasının gələcək gücü yalnız tarixi yaddaşdan asılı ola bilməz. Nizami və Nəvai ilə fəxr etmək vacibdir, lakin onların yaratdığı intellektual ənənəni XXI əsrin elmi və texnoloji gücünə çevirmək daha vacibdir. Azərbaycan və Özbəkistan universitetləri, elmi mərkəzləri, texnoparkları və innovasiya qurumları arasında birgə proqramların yaradılması strateji prioritetə çevrilməlidir.
Dördüncüsü - ortaq ədəbi-mədəni platforma:
Mənim fikrimcə, iki ölkənin münasibətlərində hələ tam istifadə olunmayan ən böyük potensiallardan biri məhz ədəbi-mədəni sahədir. Nizami-Nəvai, Füzuli-Nəvai, Nəsimi-türk dünyası, Şuşa-Səmərqənd, Bakı-Daşkənd kimi mədəni körpülər yalnız konfransların mövzusu olmamalıdır. Azərbaycan və Özbəkistanın ortaq klassiklərinin əsərləri qarşılıqlı şəkildə yeni nəşrlərdə, rəqəmsal kitabxanalarda, məktəb və universitet proqramlarında, televiziya və kino layihələrində daha geniş təqdim edilməlidir.
İki ölkənin yazıçıları, şairləri, alimləri və tərcüməçiləri üçün davamlı Azərbaycan-Özbəkistan Ədəbiyyat və Mədəniyyət Platforması yaratmaq belə bir strategiyanın mühüm elementi ola bilər.
Bəs gənclər?
Bu gün Azərbaycanla Özbəkistan arasında dostluq hissi çox güclüdür. Lakin bu dostluğun gələcək nəsillərə ötürülməsi avtomatik proses deyil. Bunun üçün gənclər bir-birini tanımalıdır.Azərbaycanlı tələbə Səmərqəndi, Buxaranı, Xivəni yalnız turizm məkanı kimi deyil, öz mədəni tarixinin bir parçası kimi görməlidir. Özbək gənci də Bakını, Şuşanı, Gəncəni, Naxçıvanı yalnız başqa ölkənin şəhərləri kimi deyil, ümumtürk mədəniyyət coğrafiyasının mühüm mərkəzləri kimi tanımalıdır. TDT çərçivəsində gənclər, universitetlər, media, yaradıcı sənayelər və rəqəmsal platformalar üzrə əməkdaşlığın genişləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət diplomatiyadan daha uzunömürlüdür. Azərbaycan və Özbəkistan arasında son illərdə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, şəhərlərarası qardaşlaşma əlaqələri və birgə mədəni layihələr diqqətəlayiqdir. Azərbaycan Prezidentinin 2025-ci ildə verdiyi müsahibədə də bu sahədə keçirilən çoxsaylı tədbirlər, o cümlədən Özbəkistanın Mədəniyyət və Elm Günləri, Azərbaycan Mədəniyyəti Günləri və Xivədə Şuşa Günləri qeyd olunub. Şuşa ilə Xivə, Bakı ilə Daşkənd, Gəncə ilə Səmərqənd kimi mədəni xəritələr gələcəkdə daha geniş məzmun qazana bilər. Çünki diplomatik münasibətlər hökumətlərin, mədəni münasibətlər isə xalqların münasibətidir. Yəni ki, tarix bizi yaxınlaşdırıb, gələcək bizi birləşdirməlidir. Azərbaycan və Özbəkistan münasibətlərinə nəzər salanda aydın görünür ki, burada üç ayrı zaman bir-biri ilə qovuşur: keçmişin ortaq tarixi, bu günün siyasi müttəfiqliyi, gələcəyin strateji birliyi. Keçmiş bizə Nizamini və Nəvaini, Füzulini və Şərq ədəbi düşüncəsini, İpək yolunu və böyük türk-müsəlman sivilizasiyasının zəngin irsini xatırladır.
Bu gün Azərbaycan və Özbəkistanı Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi, qarşılıqlı etimadı və müttəfiqlik münasibətləri birləşdirir.
Ona görə də gələcək isə daha böyük məsuliyyət tələb edir. Bu məsuliyyət tarixi qardaşlığı iqtisadi gücə, mədəni yaxınlığı intellektual əməkdaşlığa, siyasi müttəfiqliyi regional sabitliyə, TDT daxilindəki həmrəyliyi isə real inteqrasiya layihələrinə çevirməkdir. Bu baxımdan İlham Əliyevin 23-24 avqust 2026-cı il Özbəkistan səfərini yalnız Azərbaycan-Özbəkistan münasibətlərinin növbəti mərhələsi kimi qiymətləndirmək doğru olmaz.
Bu səfər daha geniş bir prosesin - Qafqazla Mərkəzi Asiyanın, Xəzərlə Türküstanın, Azərbaycanın və Özbəkistanın timsalında türk dünyasının yeni strateji coğrafiyasının formalaşması prosesinin mühüm hadisəsidir. Bu gün Bakı ilə Daşkənd arasında qurulan körpü əslində yalnız iki paytaxtı birləşdirmir. O körpü Xəzəri Türküstanla, Türküstanı Qafqazla, keçmişi gələcəklə birləşdirir. Və bu körpünün ən möhkəm dayaqları nə yalnız siyasi sənədlərdir, nə də iqtisadi maraqlar. Onun əsas dayaqları ortaq tarix, ortaq mədəni yaddaş, ortaq mənəvi dəyərlər və qarşılıqlı etimaddır. Müasir dövrün əsas vəzifəsi isə bu tarixi və mənəvi yaxınlığı XXI əsrin siyasi, iqtisadi, elmi və texnoloji gücünə çevirməkdir. Azərbaycan-Özbəkistan müttəfiqliyinin həqiqi tarixi əhəmiyyəti də məhz burada başlayır.
Müəllif:Sayman Aruz
13:21 / 24 Avqust 2026
1
12:58 / 24 Avqust 2026
42
12:44 / 24 Avqust 2026
49
12:38 / 24 Avqust 2026
68
12:37 / 24 Avqust 2026
98
12:35 / 24 Avqust 2026
50
12:15 / 24 Avqust 2026
66
12:01 / 24 Avqust 2026
289
11:55 / 24 Avqust 2026
70
11:38 / 24 Avqust 2026
83
11:24 / 24 Avqust 2026
74
11:12 / 24 Avqust 2026
74
11:09 / 24 Avqust 2026
79
11:05 / 24 Avqust 2026
71
10:59 / 24 Avqust 2026
63
10:56 / 24 Avqust 2026
79
10:52 / 24 Avqust 2026
84
10:47 / 24 Avqust 2026
66
10:40 / 24 Avqust 2026
89
10:33 / 24 Avqust 2026
79
10:23 / 24 Avqust 2026
101
10:04 / 24 Avqust 2026
81
09:43 / 24 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.