Pəri Həsənova həyatını itirdi
24 May 2026, 09:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
170
24.05.2026, 09:55
Özünü təşkilatın rəis müavini kimi təqdim edərək vətəndaşların pulunu mənimsədiyi iddia edilən Aylin kimdir?
Oxu24.com-a vətəndaşlar tərəfindən daxil olan şikayətə görə, bölgələrdə özünü "Azərbaycan Qızıl Aypara Cəmiyyəti"nin rəis müavini kimi təqdim edən bir qadın, imkansız və fiziki məhdudiyyətli ailələrin etibarından sui-istifadə edərək onlara "ömürlük sosial yardım kartı düzəldəcəyəm" vədi verib.
Aldatdığı insanlardan "kartın rəsmiləşdirilməsi rüsumu" adı altında nağd pul qoparan bu şəxs, vəsaiti əldə etdikdən dərhal sonra zərərçəkmişləri "WhatsApp"da blok edərək aradan çıxıb. Ən rüsvayçı məqam isə budur ki, fırıldaqçı qadın öz çirkin əməli üçün ulu öndər Heydər Əliyevin ad gününü və şəhid ailələri, qazilər, əlillər kimi həssas qrupları bəhanə gətirib.
Oxu24.com-a müraciət edən zərərçəkmiş vətəndaş, anasının və qonşuluqdakı imkansız bir ailənin bu şəbəkənin qurbanına çevrildiyini bildirib və hadisənin təfərrüatlarını sübut edən faktları təqdim edib.
Şikayətçinin redaksiyamıza verdiyi məlumata görə, naməlum bir qadın rayonlarda fərdi şəkildə insanlarla əlaqə yaradaraq özünü "Beynəlxalq Xarici Humanitar Təşkilat"ın və "Azərbaycan Qızıl Aypara Cəmiyyəti"nin nümayəndəsi kimi qələmə verir. İnsanların etibarını qazanmaq üçün isə rəsmi dövlət tədbirlərinin və xüsusi günlərin adından istifadə edir.
Dələduzluq məqsədilə vətəndaşlar arasında yayılan saxta bildirişdə deyilir:
“Hörmətli Qızıl Aypara Cəmiyyətində üzv olan şəxslər! Bu gün Qızıl Aypara Cəmiyyətində xarici vətəndaşlar tərəfindən Heydər Əliyevin ad günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün cəmiyyətlə əlaqə saxlamağınız xahiş olunur. Tədbirdə torpaqları geriyə qaytarılan şəxslər, yaşlılar, əlillər, öhdəsində xəstəsi olan valideynlər üçün 185 nəfərə 400 AZN-dən 1000 AZN-ə qədər ömürlük təqaüd kartları təqdim olunacaq. Ətraflı məlumat almaq üçün Qızıl Aypara Cəmiyyətində rəis müavini Aylin Ömər qızı Həsənova ilə əlaqə saxlamağınız xahiş olunur.
Telefon: 050 653 10 36".
“Yalan izi qoymamaq üçün yalnızca səsli zənglərlə danışır"
Zərərçəkmiş vətəndaş fırıldaqçılıq qurbanı olan qonşularına kömək etmək istəyərkən hadisənin böyüdüyünü vurğulayıb. Onun sözlərinə görə, qarşı tərəf hüquq-mühafizə orqanları tərəfindən izlənməmək üçün xüsusi taktikadan istifadə edir, yazılı mesajlara cavab vermir, adi mobil zəngləri qəbul etmir, yalnız "WhatsApp" səs yazısı və səsli zənglərlə ünsiyyət qurur:
“Anam qonşuluqda maddi vəziyyəti çox ağır olan, özünü müdafiə edə bilməyən saf bir ailəyə kömək etmək istəyib. Bu məqsədlə qeyd olunan nömrəyə zəng vurub və ailənin vəziyyətini anladıb. Özünü rəis müavini kimi təqdim edən qadın isə bildirib ki, həmin ailənin əlilliyi olan üzvünə dövlət xətti ilə böyük məbləğdə müavinət və təqaüd düşür. Lakin bu kartın təcili rəsmiləşdirilməsi və növbənin dolmaması üçün dövlət rüsumu adı altında 300 AZN ödənilməlidir”.
İmkansız ailə son ümid olaraq borc-xərc tapıb həmin pulu qadının dediyi hesaba köçürüb. Məlumata görə, dələduz şəxs pulun köçürülməsi üçün vətəndaşlara "4169 7388 0951 742*" nömrəli bank kartını təqdim edib.
Pul daxil olduqdan sonra fırıldaqçının real üzü ortaya çıxıb. Şikayətçi məsələni araşdırarkən rəsmi qurumla əlaqə saxladığını bildirir:
“Mən vəziyyətdən şübhələnib şəxsən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mərkəzi ofisi və rəsmi saytı ilə əlaqə saxladım. Mən bu faktı həmin qadının üzünə dedikdə isə o, çox soyuqqanlı və arsız şəkildə “Bilirəm, dərdiniz puldur. Söndür telefonu, get hara istəyirsən, polisə şikayət et” deyərək hamımızı blok siyahısına saldı".
Şikayətçi əlavə edib ki, hazırda məqsədləri pulu geri almaqdan daha çox, bu şəxsin şəbəkəsinin ifşa olunması və digər insanların, xüsusən də kasıb ailələrin son qəpiyinin mənimsənilməsinin qarşısını almaqdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Oxu24.com-a RƏSMİ CAVAB:
Sorğumuza cavab olaraq qurumdan rəsmi şəkildə bildirildi:
“Suallarınıza cavab olaraq bildiririk ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətində Aylin Ömər qızı Həsənova adlı əməkdaş çalışmır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti rayonlarda adıçəkilən formatda yardım aksiyası keçirmir. Bütün bunlar yanlış məlumatlardır".
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas rəqəmsal platformalar üzərindən törədilən cinayətlərin hüquqi tərəflərini və vətəndaşların necə qorunmalı olduğunu izah edib.
Hüquqşünas bildirir ki, Azərbaycanda son illər rəqəmsal platformalar üzərindən törədilən dələduzluq halları xüsusilə artmaqdadır. Sosial şəbəkələr, “Telegram”, “Facebook”, “TikTok” və əsasən də “WhatsApp” üzərindən özünü müxtəlif fondların, xeyriyyə təşkilatlarının, humanitar qurumların, dövlət proqramlarının və ya sosial layihələrin nümayəndəsi kimi təqdim edən şəxslər vətəndaşların etibarından sui-istifadə etməyə çalışırlar:
“Belə şəxslər daha çox sosial həssas təbəqəni, yəni, aztəminatlı ailələri, xəstə şəxsləri, işsiz və ya yardıma ehtiyacı olan insanları hədəf seçirlər. Ən təhlükəli məqam isə odur ki, bu hallar artıq sadəcə etik problem deyil, birbaşa cinayət hüququ müstəvisində qiymətləndirilən əməllər hesab olunur.
Ən çox rast gəlinən sxem belə olur: vətəndaşa sosial yardım, təqaüd, birdəfəlik maddi dəstək, humanitar paket və ya xarici fond tərəfindən maliyyə ayrıldığı bildirilir. Daha sonra “kart açılması”, “sistem qeydiyyatı”, “rüsum” , “bank əməliyyatı”, “sığorta”, “aktivləşdirmə” və digər uydurma bəhanələrlə müəyyən məbləğdə pul tələb edilir. Pul göndərildikdən sonra isə əlaqə tam kəsilir, şəxs bloklanır və ya müxtəlif saxta hesablarla iz itirilməyə çalışılır. Ən diqqətçəkən xüsusiyyətlərdən biri də odur ki, belə şəxslər adi mobil zənglərdən deyil, əsasən “WhatsApp” zəngləri, səs yazıları və internet üzərindən ünsiyyətdən istifadə edirlər ki, onların şəxsiyyətinin müəyyən edilməsi çətinləşsin".
Azərbaycan qanunvericiliyi nə deyir?
Ekspert qeyd edir ki, Azərbaycan qanunvericiliyinə görə belə hərəkətlər ilk növbədə dələduzluq əməlinin əlamətlərini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin dələduzluqla bağlı müddəalarına əsasən, özgənin əmlakını və ya əmlaka olan hüququ aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək cinayət məsuliyyəti yaradır:
“Burada əsas hüquqi element məhz “aldatma” faktorudur. Şəxs bilərəkdən özünü başqa bir qurumun əməkdaşı, nümayəndəsi və ya vəzifəli şəxsi kimi təqdim edir, yalan məlumat verir və qarşı tərəfdə inam yaradaraq pul əldə edir. Bu halda cinayət artıq yalnız etik pozuntu deyil, konkret maddi zərərin vurulmasına yönəlmiş hüquqazidd əməl hesab edilir.
Əgər həmin şəxslər özlərini dövlət qurumunun nümayəndəsi, sosial müdafiə əməkdaşı, beynəlxalq təşkilat təmsilçisi və ya humanitar fond əməkdaşı kimi təqdim edirlərsə, bu zaman əlavə hüquqi məsuliyyət məsələləri də yarana bilər. Çünki burada saxta statusdan istifadə etmə, rəsmi qurum adına nüfuzdan sui-istifadə və bəzi hallarda elektron informasiya resurslarından qanunsuz istifadə elementləri də ortaya çıxır. Xüsusilə bir neçə şəxsin əvvəlcədən əlbir olaraq sistemli şəkildə belə fəaliyyət göstərməsi artıq mütəşəkkil formada törədilən kiberdələduzluq kimi qiymətləndirilə bilər".
Bəs, “WhatsApp" səs yazıları və mesajlar hüquqi sübutdurmu?
Bu cür hallarla bağlı ən çox verilən suallardan birinə aydınlıq gətirən hüquqşünas bildirib ki, müasir hüquq və məhkəmə təcrübəsində cavab birmənalı şəkildə “bəli”dir. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə görə elektron məlumat daşıyıcıları, rəqəmsal yazışmalar, audioyazılar, ekran görüntüləri, bank köçürmələri, IP məlumatları və digər elektron izlər sübut növü kimi qəbul edilə bilər.
Xüsusilə vətəndaşın əlində olan aşağıdakı materiallar mühüm sübut əhəmiyyəti daşıyır:
-WhatsApp” yazışmaları;
-Səs mesajları və audiofayllar;
-Profil şəkilləri və nömrələr;
-Bank kartına köçürülən vəsait barədə qəbzlər (çeklər);
-Ekran görüntüləri (skrinşotlar);
-Zəng tarixçələri;
-Sosial şəbəkə hesablarının linkləri;
-Pul tələb edilən mesajlar və vədlər.
Bu sübutlar təkbaşına yekun hökm üçün kifayət etməsə belə, istintaqın başlanması və şəxsin müəyyən edilməsi üçün ciddi əsas yaradır. Hüquq-mühafizə orqanları zərurət olduqda mobil operatorlardan, banklardan və platformalardan əlavə texniki məlumatlar tələb edə bilirlər. Müasir rəqəmsal ekspertiza vasitələri ilə silinmiş yazışmaların, IP ünvanlarının və maliyyə əməliyyatlarının müəyyən hissəsinin bərpası da mümkündür.
Hüquqşünas Elllada Bayramova qeyd edib ki, burada mühüm hüquqi nüans var: vətəndaş əldə etdiyi materialları dəyişdirməməli, montaj etməməli və manipulyasiya etməməlidir. Əks halda sübutun etibarlılığı şübhə altına düşə bilər. Ən düzgün yanaşma məlumatların ilkin vəziyyətdə saxlanılması, ehtiyat nüsxələrinin çıxarılması və rəsmi qaydada hüquq-mühafizə orqanına təqdim edilməsidir.
Vətəndaşlar nə etməlidir? "Məbləğ azdır" deyib susmayın!
Hüquqşünas qurbanların səssiz qalmasının cinayətkarları daha da cəsarətləndirdiyini vurğulayır:
“Belə hallarda vətəndaşlar ilk növbədə Daxili İşlər Nazirliyinə, kibercinayətkarlıqla mübarizə bölmələrinə və ya prokurorluq orqanlarına müraciət etməlidirlər. Ərizədə hadisənin necə baş verdiyi, hansı nömrədən əlaqə saxlanıldığı, hansı məbləğin tələb edildiyi və hansı platformadan istifadə olunduğu detallı şəkildə göstərilməlidir. Təcrübə göstərir ki, insanlar utandıqları və ya “məbləğ azdır” düşündükləri üçün çox zaman şikayət etmirlər. Halbuki məhz bu susqunluq həmin şəxslərin daha çox insanı aldatmasına şərait yaradır".
Bu problemin digər təhlükəli tərəfi isə cəmiyyətin həqiqi xeyriyyə institutlarına olan etimadının zədələnməsidir. Bir neçə dələduzun fəaliyyəti nəticəsində insanlar artıq real humanitar təşəbbüslərə belə şübhə ilə yanaşmağa başlayırlar. Bu isə sosial həmrəylik və ictimai etibar baxımından ciddi risk yaradır.
Rəqəmsal dövrdə dələduzluq artıq klassik üsullarla deyil, texnologiyanın imkanlarından istifadə etməklə həyata keçirilir. Lakin hüquq sistemi də paralel şəkildə rəqəmsal sübut anlayışını genişləndirərək bu cür cinayətlərlə mübarizə imkanlarını artırır. Əsas məsələ vətəndaşların hüquqi savadlılığının yüksəldilməsi, hər hansı “yardım”, “təqaüd” və ya “humanitar dəstək” adı ilə əvvəlcədən pul tələb edilən hallara tənqidi yanaşması və belə faktların gizlədilmədən aidiyyəti qurumlara bildirilməsidir.
Oxu24.com xəbər portalı olaraq, imkansız ailələrin və cəmiyyətin həssas təbəqələrinin inamından sui-istifadə edən bu şəxsin (və ya şəbəkənin) əməllərini diqqətdə saxlayacağıq. Mövzu ilə bağlı hüquq-mühafizə orqanlarının atacağı addımları, araşdırmanın gedişatını və rəsmi qurumların reaksiyasını mütəmadi olaraq izləyib, oxucularımıza təqdim edəcəyik.
Çimnaz Telmanqızı
11:00 / 24 May 2026
1
10:32 / 24 May 2026
217
10:25 / 24 May 2026
69
09:38 / 24 May 2026
81
09:35 / 24 May 2026
214
09:27 / 24 May 2026
84
09:14 / 24 May 2026
235
09:08 / 24 May 2026
68
09:04 / 24 May 2026
85
09:03 / 24 May 2026
127
08:55 / 24 May 2026
294
08:52 / 24 May 2026
147
08:47 / 24 May 2026
74
02:00 / 24 May 2026
235
01:23 / 24 May 2026
337
01:14 / 24 May 2026
1285
01:01 / 24 May 2026
301
00:58 / 24 May 2026
128
00:54 / 24 May 2026
653
00:51 / 24 May 2026
376
00:43 / 24 May 2026
541
00:41 / 24 May 2026
366
00:17 / 24 May 2026
1093
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.