Qaynar xətt:

(+99450) 247 90 86

Metroda "yayxanaraq" oturanlar neçə gün həbs OLUNACAQ?  —  MÜZAKİRƏ

Metroda \"yayxanaraq\" oturanlar neçə gün həbs OLUNACAQ?  —  MÜZAKİRƏ

HÜQUQ

165

07.05.2026, 12:01

Metroda oturuş qaydasına görə cərimə və həbs? – Sosioloqdan ETİRAZ

Son günlər ictimai nəqliyyatda sərnişinlərin davranışları, xüsusilə də "yayxanaraq" oturanların İnzibati Xətalar Məcəlləsinin "xırda xuliqanlıq" maddəsi ilə cərimələnməsi və ya 15 günədək həbs olunması təklifi cəmiyyətdə ciddi müzakirələrə yol açıb.

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev öz mövqeyini bildirib.

Sosioloq Oxu24.com-a açıqlamasında qeyd edir ki, insanların davranış normaları ilə bağlı bu ayrılan diqqət, yəni bunun xüsusi bir tənzimləmə qaydalarının müəyyənləşdirilməsi əlbəttə ki, yaxşıdır. Lakin o, vurğulayır ki, həddən artıq kütləvi qaydada cərimələr tətbiq etmək və insanların həyatına görə onları cəzalandırmaq məsələsi böyük bir polemika mövzusudur.

İnzibati Xətalar Məcəlləsinə müxtəlif cərimələrin əlavə edildiyini deyən müsahibimiz bildirir ki, bu cərimələrin sırasına baxsaq, belə görünür ki, insan təsadüfən hansısa bir hərəkət eləsə, hətta özünü pis hiss edib davranışını itirdiyi bir təqdirdə belə, obyektiv və subyektiv səbəbdən bu şərtlərlə cəzalandırıla bilər. Naib Niftəliyev əlavə edir ki, hər şeyi inzibati xəta kimi qiymətləndirmək və ya insanların avtobusda, yaxud hansısa məkanda necə davranacağını müzakirə mövzusuna çevirib cərimələr fikirləşmək absurddur.

Sosioloq həmçinin qeyd edir ki, elə hərəkətlər var ki, bəli, hansısa insana toxunma və ya qeyri-etik rəftar xuliqanlıq və hətta cinayət məsuliyyəti yaradan bir fakt kimi qiymətləndirilə bilər. Lakin o, ictimai nəqliyyatda davranışın bu qədər diqqət mərkəzinə gətirilməsinin fonunda digər problemlərin həll olunmalı olduğunu vurğulayır. Məsələn, nəqliyyat sıxlığının artırılması və tıxacların aradan qaldırılmasının etik davranışı daha çox tənzimləyə biləcək addımlar olduğunu qeyd edir.

Müsahibimiz bildirir ki, etika o zaman pozulur ki, insanlar nəyin bahasına olursa olsun mənzil başına çatmağa çalışırlar:

“Belə məqamlarda bir çox insanlar üçün etika, sosial məsafənin gözlənilməsi və ya yad insana toxunmamaq tələbi arxa plana keçir”.

O əlavə edir ki, bu şərtlər daxilində istənilən adamı rahat bir şəkildə cərimələmək olar, amma bu təsbitin özü bir yanlışdır. Çünki öncə adekvat şərait formalaşdırılmalı, sonra qayda pozuntusu qeydə alınmalıdır.

Naib Niftəliyev vurğulayır ki, indiyə qədər metroda və ictimai yerlərdə əksəriyyətin etikadan kənar və qeyri-ciddi bir davranışını görməyib. Təbii ki, müəyyən münaqişələrin olduğunu deyən sosioloq, bütün bunları cərimə üçün səbəbə çevirməyin yanlış yanaşma olduğunu bildirir. Hətta o, bir ifadə işlədərək qeyd edir ki, bu gedişlə Milli Məclis sonunda "cərimələr məclisinə" çevriləcək.

İnsanları cərimə etməklə tərbiyələndirməyin və ya etika formalaşdırmağın mümkün olmadığını deyən müsahibimiz əlavə edir ki, bu cür yanaşma Azərbaycan cəmiyyətində daxili inamsızlığı və "yuxarıdan aşağı" münasibətin göstəricisidir. O, sual edir: "Siz kimsiniz ki, insanların necə oturuşunu, necə duruşunu müəyyən edirsiniz?" Metrodan və avtobusdan istifadə etməyənlərin bu cür qərarlar qəbul etməsini qeyri-ciddi və qeyri-real bir münasibət kimi qiymətləndirir.

Sosioloq sonda vurğulayır ki, insan davranışına bu dərəcədə kobud müdaxilə ciddi yanlışlıqdır və bu cərimələrin sonu yəqin ki, həmin qərarları verənlərin özlərinə qarşı tətbiq olunacaq. O, qeyd edir ki, kim nə yaradırsa, onun da nəticəsini yaşayacaq; nə zamansa bu qərarı qəbul edən şəxslər avtobusda çətinlik çəkəndə və ya nəfəs darlığı yaşayıb sərbəst davrananda həmin maddələr onların özlərinə tətbiq olunacaq. Naib Niftəliyev buna inandığını deyərək fikrini tamamlayıb.

Çimnaz Telmanqızı